Azərbaycan-Türkiyə əlaqələri HEYDƏR ƏLİYEV İŞIĞINDA
Bu liderlər sayəsində qardaşlığımz daim inkişaf edib, edir və edəcəkdir
Azərbaycan və Türkiyə Turana gedən yolun başlanğıcında uzun ayrılıq, həsrətdən sonra yeni mərhələdə yenidən bir-birini tanıyaraq dostlaşmış, qardaşlaşmış iki qardaş türk ölkəsidir. Bu iki dövlətin qardaşlıq tarixi dastanlara, kitablara sığmayacaq qədər zəngin və tarixidir. Dədə-babalarımız türk dövlətləri qurduğu, Asiyada, Avropada yurd saldığı vaxtlardan etibarən bizim bu qardaşlığımız başlamış, tarixlər boyu davam etmiş və get-gedə daha da möhkəmlənmişdir. Təbii ki, bu dostluq, qardaşlıq körpülərinin zaman-zaman bəzi bədxah, düşmənlərə çalışan şər qüvvələr tərəfindən dağılmağa üz tutduğunun da şahidi olmuşuq. Lakin nə olursa olsun, bütün çətinliklərə, əngəllərə baxmayaraq bu iki dövlət tək millət olaraq yaşamış və bu ənənəni nəsillərdən nəsillərə ərməğan edərək yaşatmışdır. Azərbaycan-Türkiyə qardaşlığı bütün dövrlərdə olduğu kimi XXI əsrdə də dünya həqiqətlərinin içində ən gerçək bir faktdır və bu belə olmağa da davam edəcəkdir.
Tarixən böyük Azərbaycan və türk liderlərinin sayəsində bu iki qardaş dövlət arasında olan qardaşlıq münasibətləri daha da irəliləmişdir. Çünki eyni dindən və dildən olmasından asılı olmayaraq, hər hansı bir ölkə arasında olan münasibətləri inkişaf etdirən o ölkənin liderləridir. Hər iki ölkənin türk əsilli liderləri zaman-zaman birlikdə hər çətinliyə sinə gərmiş, qardaşlığın nəyə deyildiyini və necə bir məfhum olduğunu bütün dünyaya göstərmişlər. Bunun ən böyük örnəyi Dəmirqapı Dərbənddən Urmiyaya qədər irəliləyərək türk və müsəlman qardaşlarını darda qoymayan Osmanlı imperiyasının sabiq müdafiə naziri şəhid Ənvər Paşa və onun qardaşı, Qafqaz İslam Ordusunun komandanı şəhid Nuru Paşadır. Onlarla birlikdə fəaliyyət göstərən Azərbaycan ziyalıları, liderləri – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digərləri sübut etdilər ki, dövr qardaşlıq dövrüdür, bu çıxılmaz vəziyyətdən Azərbaycanı ancaq qardaş köməyi çıxara bilər. Azərbaycanımız, dədə-babadan miras qalan respublikamız qardaş birliyi, qardaş köməyi ilə bax beləcə quruldu və möhkəmləndi.
1918-1920-ci illəri əhatə edən zəfər tariximizdən, qardaşlıq dastanımızdan hamıdan çox Ulu Öndərimiz Heydər Əliyev xəbərdar idi. Uzaqgörən olduğu qədər də hər mövzunun, hər sənətin kamil bilicisi olan öndərimizlə tarix mövzusunda, xüsusilə də ölkəmizin tarixi mövzusunda heç kəs yarışa bilməzdi. Türkiyə ilə Azərbaycanı qovuşduran tək torpağımız olan ulu Naxçıvanımızda dünyaya göz açan Heydər Əliyev hakimiyyətə gəlməzdən əvvəl və hakimiyyətə gəldiyi illərdə də Türkiyə ilə bağlı önəmli məlumatlara sahib idi. Lakin “qırmızı terror”un təzyiqləri və bu terrorun özü kimi qaniçən siyasəti səbəbi ilə Ulu Öndərimizin o dövrlərdə istədiyi bir çox məsələlər arzu kimi qalmış, o, qardaş Türkiyə ilə istədiyi qədər yaxınlaşa bilməmişdi. Heydər Əliyevin Türkiyə dastanı SSRİ dövründə başlayır və o dövrdən üzü bəri gəlir. Lakin özünün kuliminasiya nöqtəsinə 1991-1992-ci illərdə çatır. Həmin dövrdə Bakı və onun timsalında bütün Azərbaycanın qan ağladığı, qardaş qırğını ilə ölüm çuxuruna düşdüyü bir zamanda Ulu Öndər Naxçıvanda Türkiyə ilə əlaqələr qurulmasını bu vəziyyətdən çıxmağın əsas həll yollarından biri kimi görmüşdü. Təbii ki, qardaş qırğınından həmişə uzaq olan öndərimiz üçün ən böyük nicat yolu düşmən yox, dost qazanmaq və dostlarla, qardaşlarla körpü qurmaq idi. Heydər Əliyevin Naxçıvanı dirçəltdiyi o illərdə Iğdırla Sədərək arasında qurulan və ümidin, həsrətin, qardaş könüllərin simvoluna çevrilən “Ümid körpüsü” beləcə quruldu! Ölkənin qardaş qanından olan bir dərya halına gəldiyi o çətin zamanlarda bu böyük işi ancaq Heydər Əliyev dühası görə bilərdi. Onun sayəsində Azərbaycan-Türkiyə qardaşlığı özünün ən çətin zamanında yenidən təsdiqini tapmış və yeni tarix yazmaq üçün başladığı yollarda əmin addımlarla irəliləmişdi. Müstəqillik dövründə yeni bir əhəmiyyət qazanan, yenidən bütün zülm zəncirlərini qırıb baş qaldıran bu sarsılmaz qardaşlığı dirildən, dirçəldən və bu prosesdə əsas rol oynayan bir şəxsiyyət var idisə, o da Heydər Əliyevdən başqası ola bilməzdi. Məhz buna görədir ki, Heydər Əliyevin və o vaxt Türkiyə Respublikasının Prezidenti olmuş Süleyman Dəmirəlin əsas rolu və təşəbbüsü nəticəsində torpağa bəxş edilən qardaşlıq fidanının meyvələrindən 30 ildir ki, nəsibimizi alırıq, almaqdayıq və alacağıq.
Ümumiyyətlə, Ulu Öndərimiz Naxçıvana və Azərbaycana rəhbərlik etdiyi ilk illərdə - xalqımızın çətinliklərdən xilas yolu axtardığı və tapdığı vaxtlarda həmişə olduğu kimi yenə də Türkiyə Azərbaycana dəstəyini, qardaş köməyini əsirgəmədi. Türkiyənin mənfur qonşumuz olan Ermənistanla bütün sərhədlərinin məhz elə Türkiyə tərəfindən bağlanması da bununla bağlı ən böyük jest idi. Təbii ki, bu böyük və edilməli olan təşəbbüsü bəyənməyənlər, həzm edə bilməyənlər və buna qarşı çıxanlar da oldu. Onlar hətta Türkiyənin bu məsələdə tərəfsiz qalmasını və ya tərəfini dəyişdirib erməniləri dəstəkləməsi kimi sərsəm bir fikiri ortaya qoydular. Həmin pis xislətlilər bu 30 ildə hələ də həmin mövqelərindən dönməyiblər. Lakin Türkiyə də, Azərbaycan da Uluların çıxdığı müqəddəs qardaşlıq yolundan bu 30 ildə dönməyib və dönməyəcək də! Qardaşlıq dastanımızın Heydər Əliyev tərəfindən yazılan yeni fəsli illər keçdikcə səhifə-səhifə artdı, gücləndi, möhkəmləndi, dildən-dilə dolaşdı.
Ümummilli Liderimiz Heydər Əliyevin qardaş Türkiyə ilə olan əlaqələrimizi inkişaf etdirmək mərhələsi “Ümid körpüsü” ilə yekunlaşmadı, yekunlaşa da bilməzdi. Çünki qabaqda hələ 11 il var idi.
Ulu Öndər xalq tərəfindən Azərbaycana rəhbər seçildiyi zaman onu ən səmimi, ən ülvi hisslərlə təbrik edən dövlətlərdən elə birincisi Türkiyə idi. Türkiyə Ulu Öndəri çox yaxşı anlayır, qavrayır və başa düşürdü. Çünki həmin il qardaş ölkə də təhlükələr burulğanında çabalayırdı. Ölkədə baş verən iğtişaşlar, gizli sui-qəsdlər və terror hücumları səngimək bilmirdi. Xüsusilə, Azərbaycana yaxın türk kəndləri və bölgələrində baş verən terror aktları o dövrün Türkiyəsi üçün nə qədər kədərli və dəhşətli olsa da, adi hala çevrilmişdi. Ancaq o vaxtkı Türkiyə başçıları və Ulu Öndərimiz yaxşı bilirdi ki, hər iki qardaş ölkənin də bu burulğanlardan, qan dəryasından çıxış yolu qardaş kimi bir-birlərinə sarılmaq və bir yerdə bu çətinliklərin öhdəsindən gəlməkdir. Ulu Öndərimiz Türkiyədə baş verən iğtişaşlardan sanki öz torpağında olubmuş kimi kədərlənir və bu məsələdə Türkiyəyə sona qədər dəstək olduğunu bildirirdi. Təbii ki, Türkiyə rəhbərlərinin tez-tez dəyişməsinə baxmayaraq Heydər Əliyev Türkiyədə xalqın da, iqtidarın da ən səmimi dostuna, qardaşına çevrilmişdi. Ona görə də Türkiyə də eyni zamanda daxili işlərə qarışmamaq şərtilə Azərbaycanın problemləri ilə maraqlanır və çətin anlar üçün məyusluğunu ifadə edirdi. 1994-cü ilin 4 iyununda və habelə 1995-ci ilin 17 martında baş verən qardaş qırğınları zamanında dövrün hökumət başçıları Süleyman Dəmirəl və Tansu Çillər Azərbaycanın vəziyyəti ilə ən çox maraqlananlardan idilər. Onlar bu zamanlarda vəziyyəti Heydər Əliyevdən xəbər alır və ona sonsuz dəstəklərini bildirirdilər. Azərbaycan 1995-ci ildə baş verən bu çevrilişdən də üzüağ çıxdısa, bunun birinci səbəbi Ulu Öndərin uzaqgörənliyi, ikinci səbəbi xalq-iqtidar birliyi, üçüncü səbəbi isə Türkiyənin Azərbaycana mənəvi dəstəyi idi.
Ulu Öndərimiz tez-tez Türkiyədə rəsmi səfərdə olar və qardaş ölkə başçılarını da Azərbaycana dəvət edər, onları qəbul etməkdən məmnunluq duyardı. 1993-cü ildən üzü bəri Heydər Əliyev Süleyman Dəmirəlin səmimi dəvəti ilə bir neçə dəfə Türkiyədə rəsmi səfərdə olmuşdur. 1994-cü ilin fevral ayında Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərini etmiş, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dəfn edildiyi Anıtqəbiri ziyarət etmiş və orada xatirə dəftərinə ürək sözlərini yazmışdır. Sonra isə ona Süleyman Dəmirəlin adından rəsmi ziyafət verilmişdir. Səfərini davam etdirən Heydər Əliyev o vaxt Türkiyə Böyük Millət Məclisində də olmuş və qardaş türk millət vəkillərinə müraciətlə çıxış etmişdi. Bilkənd Universitetinin İdarə Heyətinin sədri İhsan Doğramacı ilə görüşən Ulu Öndərə Hacettepe Universitetinin fəxri doktoru diplomu da həmin səfər zamanı verilmişdi.
Süleyman Dəmirəl isə 1995-ci ildə Azərbaycana rəsmi səfər etmiş, Ulu Öndərimiz onun şərəfinə “Gülüstan” sarayında rəsmi ziyafət vermişdi. Həmin il Türkiyə Respublikasının tarixində yeganə xanım baş nazir olan Tansu Çillər də ölkəmizə səfər etmişdi. Ulu Öndərlə keçirilən mətbuat konfransında Çillər neft və ticarət sahələrində Azərbaycanla bir qardaş kimi işbirliyinin olmasından məmnun qaldığından, bunun davam etdiriləcəyindən söhbət açmışdı.
14 aprel 1996-cı ildə Türkiyədə Ana Vətən Partiyası adından hakimiyyətə gələn baş nazir Məsud Yılmazın ölkəmizə səfəri baş tutmuşdu. Əvvəlcə, Yılmaz Azərbaycan ictimaiyyət nümayəndələri ilə görüşmüş, sonra isə onunla Ulu Öndər arasında mətbuat konfransı baş tutmuşdu. Yılmaz burada qonaq kimi yox, əsl qardaş kimi qarşılanmışdı və özü də qardaş hisslərlə ölkəmizə səfərini davam etdirmişdi. Mətbuat konfransında Məsud Yılmazın ona ünvanlanan suallara verdiyi cavablar çox diqqətəlayiq idi və onun iki qardaş dövlət arasındakı münasibətlərə necə qardaş təəssübkeşliyi ilə yanaşdığını aydınlaşdırırdı: “Ermənistan Azərbaycanla razılığa gəlmədikcə, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi ilə bağlı öhdəliklər götürmədikcə və prinsiplər bəyannaməsi imzalamadıqca Türkiyənin Ermənistanla sərhəd qapılarını açmasından bəhs edilə bilməz. Türkiyə bu addımı atarkən qardaş Azərbaycanın mənafeyini öz mənafeyi hesab edir, bunu Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsinə bir töhfə kimi qiymətləndirir. Türkiyədən bunun əksi olan başqa bir hərəkət gözləmək olmaz və bu günə kimi Azərbaycanla birlikdə göstərdiyimiz nümunəvi həmrəylik bizə başqa cür hərəkət etməyə izn verməz”.
Sonra isə Məsud Yılmaz daha bir nümunəvi hərəkətə imza atdı. Azərbaycana səfər etdiyi vaxt Sabunçu rayonundakı 6 saylı peşə məktəbinin yataqxanasında yaşayan Füzuli, Cəbrayıl və Zəngilan qaçqınları ilə görüşməyi özünə borc bildi, onların yaşadığı yerə gəlib onlarla görüşdü, dərd-sərini bölüşdü və onlara ümid verərək oradan ayrıldı. Məsud Yılmazla birlikdə qaçqınlarla görüşən Ulu Öndərimiz “ağır günün, çətin günün ömrü gödək olur” deyərək qaçqınlara təsəlli verdi və qaçqınları əmin etdi ki, onlar Türkiyə-Azərbaycan qardaşlığının mənəvi dəstəyi ilə yaşadıqları torpaqlara bir gün mütləq qayıdacaqlar.
Azərbaycana olan səfərin sonuna yaxın Ulu Öndərimiz Türkiyənin hökümət başçısı Məsud Yılmaza Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunu təqdim etdi. Yılmazın Bakı səfəri beləcə sonlandı.
Heydər Əliyev böyük azərbaycançı və milliyyətçi türkçü olduğunu zaman-zaman əməlləri ilə, qardaşlıq səmimiyyəti ilə sübut edir və bu amil qardaşların sevinci ilə sevinib kədəri ilə kədərləndikləri vaxtlarda da onunla birgə yol yeriyirdi. 1997-ci ilin aprelində bu bir daha təsdiq olundu. Həmin ayın dördündə Milliyyətçi Hərəkat Partiyasının təsisçisi və uzun illər lideri olan böyük türk siyasətçisi və şəxsiyyəti, 5 dəfə Türkiyə millət vəkili, iki dəfə Türkiyə Respublikasının Baş nazirinin müavini olmuş Alparslan Türkeş 79 yaşında əbədiyyətə qovuşdu. Bu xəbər Azərbaycanda hamıdan çox Heydər Əliyevi kədərləndirdi. Səhərisi gün Ulu Öndər Türkiyə prezidenti Süleyman Dəmirələ və Alparslan Türkeşin oğluna, Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan Toğrul Türkeşə rəsmi başsağlığı mesajı ünvanladı. Ulu Öndərin Toğrul Türkeşə olan mesajı çox səmimi və kədərli idi: “Türkiyə xalqının görkəmli oğlu, atanız Alparslan Türkeş cənablarının vəfatı məni ürəkdən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, Milliyyətçi Hərəkat Partiyasının üzvlərinə, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm”.
Həmin ilin may ayında Ulu Öndərimizin Türkiyəyə rəsmi səfəri baş tutdu. Bu zaman Türkiyə Prezidenti Süleyman Dəmirəl Ulu Öndərimizi Türkiyə Respublikasının ən ali mükafatlarından olan “Dövlət nişanı” ordeni ilə təltif etdi və həmin ordeni təntənəli surətdə özü demişkən dostu-qardaşı Heydər Əliyevə təqdim etdi. Bu səfər həm Türkiyə-Azərbaycan əlaqələrində, həm də Süleyman Dəmirəl ilə Ulu Öndərimiz arasında olan əlaqələrdə böyük əhəmiyyətə sahib oldu. Ulu Öndərimizin bu dəfə də Türkiyə parlamentində çıxışı oldu. Ankaranın mərkəzi küçələrindən birinə ölkəmizin adı verildi. Heydər Əliyev Bilkənd Universitetində çıxış etdi, həmçinin ölkəmizin Türkiyədəki səfirliyinin yeni binasının təməlqoyma mərasimində də iştirak etdi. Səfərini İzmirdə davam etdirən Ulu Öndərimiz “Bakı Parkı”nın açılışında hərarətli nitq söylədi. Səfərin sonunda ona “9 Eylül” Universitetinin fəxri doktoru adı verildi.
Mütəmadi olaraq Ulu Öndərimizlə Türkiyəyə rəhbərlik edən şəxsiyyətlər arasında görüşlər keçirilirdi. Ulu Öndərimiz Ədirnədə tarixi Qırxpınar ağası ilə görüşmüş və Heydər Əliyevə Qırxpınarın “baş ağası” fəxri adı verilmişdi. Həmçinin Türkiyənin məşhur “Nərgiz TV” kanalının Bakı studiyasının açılışı zamanı Ulu Öndərimiz çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdiyini söyləmişdi. Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qurulmasının 75 illik yubileyi münasibətilə keçirilən ziyafətdə də çox gözəl bir çıxış etmişdi. 1999-cu ildə Türkiyədə hakimiyyət dəyişikliyi baş verdiyi zaman Ulu Öndərimiz yeni hökumət və parlament başçılarına ən səmimi təbriklərini çatdırdı. Türkiyəyə növbəti səfərində Ana Vətən Partiyasının sədri Məsud Yılmazla, Türkiyə parlamentinin sədri Yıldırım Akbulutla, eləcə də Türkiyə Respublikasının Baş naziri Bülənd Ecevitlə görüşmüşdü. Ulu Öndərimiz bu görüşdə çox inamlı fikirlər səsləndirirdi, yeni hökumətlə çox gözəl işbirliyinin olacağını bildirərək bundan şübhələrinin olmadığını ifadə edirdi. Yeni hökumətə uğurlar arzulayır, Türkiyənin bundan sonra daha da güclənməsini arzu edirdi.
Lakin həqiqətən də həyat hər bir insan üçün gözlənilməz hadisələrlə dolu olur. Həmin hadisələrdən ən şiddətlisi 1999-cu ilin 17 avqust tarixində baş verdi. Həmin vaxt İstanbul yaxınlığında şiddətli bir zəlzələ baş verdi. Zəlzələ nəticəsində 19 minə qədər insan həlak olmuş, 49 minə qədər insan yaralanmışdır. Hadisə baş verən andan etibarən Türkiyənin yardımına ilk çatmış ölkələrdən, demək olar ki, birincisi Azərbaycan oldu. Ulu Öndərimiz zəlzələnin baş verdiyi gün qardaş ölkəyə müraciət etdi. Onun müraciəti səhərisi gün “Azərbaycan” qəzetində yayımlandı. Müraciətdə Ulu Öndərimiz deyirdi: “Ötən gecə Türkiyədə, İstanbul ilə Ankara arasında baş vermiş zəlzələ bizi sarsıtdı və çox kədərləndirdi. Bütün Azərbaycan xalqını kədərləndirdi, sarsıtdı. Böyük fəlakətdir, böyük faciədir. Bu faciə Türkiyənin faciəsidir, eyni zamanda Azərbaycanın faciəsidir”.
Ulu Öndərimiz həmçinin bildirirdi ki, Azərbaycan həmişə olduğu kimi bu dəfə də qardaş ölkə olan Türkiyənin yanındadır və həmişə də bu belə olacaqdır.
Həqiqətən də 17 avqust zəlzələsinin yaralarının sağalmasında ən böyük rol Azərbaycanın və onun öndəri Heydər Əliyevin üzərinə düşmüşdü. Biz sona qədər Türkiyəmizin yanında olduq və əlimizdən gələn heç bir köməyi qardaşlarımızdan əsirgəmədik. Ulu Öndərimiz bu mövzuya çox həssaslıqla, əsl qardaş təəssübkeşliyi ilə yanaşdı, bu böyük fəlakətin izlərinin aradan qalxması üçün çox çalışdı və bunu bacardı.
Elə məhz bu qardaşlıq yardımlarının səbəbi ilə həmin ilin 1 noyabr tarixində zəlzələnin baş verdiyi yer olan Kocaeli Universitetində yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirə Ulu Öndərimiz əsl qardaş istəyi, arzusu və təkidi ilə dəvət olundu. Ulu Öndərimiz bu dəvəti məmnunluqla qəbul etdi və Bakıdan Kocaelinə getdi. Əvvəlcə, Kocaeli Universitetindəki tədbirdə Ulu Öndərimiz çox müfəssəl bir çıxış etdi. Çıxışında hər sahənin bilicisi olduğunu bir daha göstərən Heydər Əliyev Kocaeli Universiteti ilə bağlı dolğun məlumatlı olduğunu da bildirdi. Zəlzələ fəlakətinin Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını daha da möhkəmləndirdiyindən söhbət açdı. Kocaelidə türk qardaşlar ilə görüşündən məmnunluğunu ifadə edərkən zəlzələdən əziyyət çəkən bölgələrin tez bir zamanda əvvəlki gözəlliyinə qayıdacağından şübhə duymadığını da bildirdi. Ulu Öndərimiz Türkiyəyə olan səfərində Saraybaxça qəsəbəsində olan və zəlzələdən əziyyət çəkənlərin məskunlaşdığı çadır şəhərciyində də oldu. Zəlzələdən əziyyət çəkənlərlə görüşdü, söhbət etdi və onların dərdləri ilə maraqlandı. Hər dəfə olduğu kimi bu dəfə də zəlzələdən əziyyət çəkənlərə Azərbaycanın sonuna qədər dəstək olacağını, onların yanında olacağını və kömək edəcəyini vurğuladı. Ulu Öndərimizin Türkiyəyə növbəti səfəri bununla yekunlaşmadı. Bu səfər xoş bir qismətlə taclanmışdı. Çünki 1 noyabr 1999-cu il Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin 75 illik yubileyi qeyd olunurdu. Heydər Əliyev Süleyman Dəmirəllə təkbətək görüşdü və ona ən səmimi, qardaşyana təbriklərini çatdırdı. Onun yubileyi münasibətilə çox gözəl bir nitq söylədi. Həmin gün Ulu Öndərə şəxsən Süleyman Dəmirəl tərəfindən “Atatürk Sülh mükafatı” təqdim edildi və bununla bağlı çox böyük bir tədbir keçirildi. Süleyman Dəmirəl bu mükafatın öz əsl sahibini tapdığını bilirdi. Süleyman Dəmirəl həm dövlət başçısı, həm də türk oğlu türk kimi Ulu Öndərimizi bir qardaş təəssübkeşliyi və səmimiyyəti ilə sevirdi. O, tədbirdə bildirdi ki, bu mükafat elə ən çox Heydər Əliyevin haqqıdır. Ulu Öndərimiz tədbirdə mükafata layiq görülməsi ilə bağlı çıxışında belə gözəl mükafata layiq görülməkdən şərəf duyduğunu, sevindiyini və qürurlandığını bildirmiş, səbəbkarların adlarını xüsusi qeyd edərək onlara dərin təşəkkürünü bildirmişdi.
Ulu Öndərimiz Türkiyəyə olan bu dəfəki səfərini yenə Anıtqəbiri ziyarət edərək oradakı xatirə dəftərinə ürək sözlərini yazmaqla sonlandırmışdı.
Türkiyə universitetlərinin bu günə qədər Ulu Öndərə verdiyi dəyər, təbii ki, həmişə bitməz və tükənməz olmuşdur. Bu, Ulu Öndərin sağlığında da belə idi, indi də belədir. Elə noyabr ayının sonlarında yolunu yenidən qardaş ölkədən salan Ulu Öndərimizə İsparta Universitetinin rəhbərliyi sözü gedən təhsil ocağının fəxri doktoru adını vermişdi. Ulu Öndər fəxri adın verildiyi tədbirdə etdiyi çıxışında Azərbaycan xalqının böyük dostu bildiyi Süleyman Dəmirəli və Şimali Kipr Türk Respublikasının Prezidenti Rauf Denktaşı ürəkdən salamlayaraq çıxışında bir daha bildirirdi ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daimidir, əbədidir. Türkiyə və Azərbaycan universitetlərinin iş birliyindən söhbət açan Ulu Öndər bu iş birliyinin gələcək illərdə daha da inkişaf edib güclənəcəyindən şübhə etmədiyini də söyləyirdi.
Heydər Əliyev Türkiyədə baş verən önəmli hadisələrə son dərəcə həssaslıqla yanaşır və bununla bağlı ilk məlumatı olanlardan biri olurdu. Elə bunun sübutu yenə də 1999-cu ildə baş vermişdir. Belə ki, 12 dekabr 1999-cu ildə Türkiyənin Avropa Birliyi üzvlüyünə namizəd olması münasibətilə Ulu Öndərimiz Heydər Əliyev Süleyman Dəmirələ və baş nazir Bülənd Ecevitə ən səmimi təbriklərini məktubları vasitəsi ilə çatdırmışdı.
Ulu Öndərin yaşadığı və Azərbaycana rəhbərlik etdiyi son illərdə Türkiyəyə etdiyi önəmli səfərlərdən biri də 2000-ci ilin yanvar ayında baş vermişdir. Belə ki, Azərbaycanımızın qəhrəman oğlu həmin səfərində adəti üzrə səmimi dostu, qardaşı Süleyman Dəmirəllə təkbətək söhbət etmişdir. Ulu Öndərin Türkiyə Respublikasının Baş naziri Bülənd Ecevitlə olan görüşü və söhbəti də səfərdə ən diqqət çəkən məqamlardan biri olmuşdur. Qeyd edim ki, səfər Ramazan bayramında baş tutduğundan Bülənd Ecevit ilk olaraq bu bayram günündə Ulu Öndərimizlə görüşündən böyük məmnunluq duyduğunu bildirmişdi. Ulu Öndər Türkiyə xalqını və baş nazir Bülənd Eceviti bu bayram münasibətilə təbrik etmişdi. Ulu Öndər Ecevitlə görüşündə Azərbaycanda Ramazan bayramının tarixindən söhbət açmışdı. Söhbətdə Ulu Öndər Ecevitə demişdi: “Hesab etdim ki, bayram günü Türkiyədə olmaq mənim üçün fövqəladə gözəl bir işdir. Çünki biz də Ramazan bayramını qeyd edirik, amma biz bunu sovet dövləti dağılandan sonra edirik. O vaxta qədər bizdə din yasaq idi. Ramazan bayramını keçirmək olmazdı. Amma mənim anam, atam Ramazan ayında daim bütün ibadətləri keçirərdilər... Ramazan və Qurban bayramları dini bayramlar olduğuna görə 70 il Azərbaycanda yasaq edilmişdi. Mənim anam Ramazan bayramında yeməklər, şirin çörəklər bişirərdi...”
12 yanvar 2000-ci ildə “Azərbaycan” qəzetində xəbər şəklində dərc olunan bu görüşün sonunda Ulu Öndər bir daha Ramazan bayramı və 2000-ci ilin gəlişi münasibətilə təbriklərini çatdırmış, Türkiyənin Ramazan bayramının məkanı olduğunu bildirmiş və Ecevit hökuməti sayəsində Türkiyənin daha da yüksəklərə qalxacağını söyləmişdi.
Heydər Əliyevin Türkiyəyə növbəti səfəri zamanı ən diqqət çəkən məqamlardan biri də növbəti danışacağım məqamdır. Ümumiyyətlə, əvvəl də qeyd etdiyim kimi Ulu Öndərimiz hər zaman öz uzaqgörənliyi ilə diqqət çəkmişdir. O, böyük azərbaycançı və böyük türkçü olduğunu hər zaman sübut etmiş, onunla eyni amalda, eyni niyyətdə olan qardaş türk siyasətçiləri və hökumət başçıları ilə ən səmimi görüşlərini keçirmişdir. Bu görüşlər gələcəkdə Türkiyəni dəyişdirəcək və daha da inkişaf etdirəcək həmin başçıların qəlbində, fikrində böyük bir iz qoymuşdur. Həmin izi isə başlıca olaraq Heydər Əliyev fenomeni qoymuşdur. 10 yanvar 2000-ci ildə Ulu Öndərimiz Çankaya köşkündə o vaxt Türkiyə Respublikasının Baş nazirinin müavini, Milliyyətçi Hərəkat Partiyasının sədri, böyük türk milliyyətçisi və siyasətçisi olan cənab Dövlət Baxçalı ilə görüşmüşdür. Dövlət Baxçalı Ulu Öndərimizi həddən ziyadə qardaş sevgisi və səmimiyyəti ilə qarşılamışdır. Ulu Öndərimiz giriş sözünə başlayanda ilk olaraq Ramazan bayramı və 2000-ci ilin gəlişi münasibətilə təbriklərini, xoş arzularını bildirmiş, nitqində bu sözləri qeyd etmişdir; “Azərbaycan Türkiyəni həmişə sevir və sevəcəkdir. Mən bu xoş arzularımı sizə bildirmək istəyirdim”.
Dövlət Baxçalı Heydər Əliyevlə görüşündən böyük məmnunluq duyduğunu bildirərək eyni qaydada Ulu Öndərimizə təbriklərini çatdırmış, xalqımıza səadət, firavanlıq arzulamışdır. Dövlət Baxçalının Ulu Öndərlə görüşündə söylədiyi sözlər xüsusilə dəyərləndirilməlidir. Belə ki, o, çıxışında demişdir; “Zati-aliləri, mən onu da deməliyəm ki, bizim qəlbimizdə Azərbaycanın xüsusi yeri vardır. Azərbaycan müstəqil bir dövlət olduqdan sonra respublikanızda gedən demokratik prosesləri və sizin rəhbərliyinizlə hüquqi demokratik dövlət quruculuğu sahəsində görülən işləri biz yüksək qiymətləndiririk. Türkiyə hər zaman Azarbaycanla bərabər olmağı arzulamışdır və bundan sonra da həmişə olacaqdır”.
Baxçalı-Əliyev görüşündə hər iki siyasətçi Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafından söhbət açmış, Bakı-Ceyhan əsas ixrac neft boru kəməri ilə bağlı sazişi yüksək qiymətləndirmiş və Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəslədiklərini bildirmişlər. Sonda Ulu Öndərimiz Dövlət Baxçalını Azərbaycana dəvət etmiş, Dövlət Baxçalı isə bu səmimi dəvəti qəbul edərək dəvətə görə Ulu Öndərimizə minnətdarlığını bildirmişdir.
Bu gözəl və son dərəcə səmimi görüşdən sonra Ulu Öndərimiz 8 aprel 2000-ci ildə Bakıda Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşünə ev sahibliyi etmiş və Turana gedən yolda ümid körpüsü qurmağa çalışan türk dövlət başçılarını qəbul etmişdir. Çox müsbət və uğurlu keçən Zirvə görüşündə iştirak edənlərdən biri və birincisi Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl idi. Görüş gedişatında Ulu Öndərimizlə Süleyman Dəmirəl bir daha görüşdü. Səhərisi gün “Kitabi-Dədə Qorqud”un yaranmasının 1300 illik yubileyində də Süleyman Dəmirəl iştirak etdi. Tədbir gedişatında Ulu Öndərimiz Süleyman Dəmirələ əziz dost, qardaş münasibəti və qayğısı ilə yanaşırdı. Belə ki, Süleyman Dəmirəl tərəfindən “Dövlət nişanı” ordeni və “Atatürk Sülh Mükafatı”na layiq görülən Ulu Öndərimiz Süleyman Dəmirələ “Azərbaycan Respublikasının fəxri vətəndaşı” adını verdi. Bu fəxri adı təqdim etməklə bərabər çıxışında Ulu Öndərimiz bir daha Türkiyə-Azərbaycan əlaqələrinin Süleyman Dəmirəl dönəmində güclü bir şəkildə inkişaf etdiyini bildirir, Süleyman Dəmirəlin 50 illik siyasi fəaliyyətini yüksək qiymətləndirirdi. Çıxışında indiyədək bu fəxri adın Süleyman Dəmirəldən başqa heç kəsə verilmədiyini də bəyan edən Heydər Əliyev bu adın Süleyman Dəmirələ — Azərbaycan xalqının böyük dostuna verildiyini xüsusi vurğulamışdır.
Həmin gün çağdaş Türkiyə-Azərbaycan qardaşlıq tarixində silinməz iz qoyan bir hadisə də yaşandı. Ulu Öndər Heydər Əliyev Süleyman Dəmirəllə birlikdə uzun müddət bundan qabaq tikilmiş, and yerimiz olan abidənin – Bakı Türk Şəhidliyinin açılış mərasimində iştirak etdi. Abidə ziyarətçilərin görüşünə təqdim olunarkən Ulu Öndərimiz bir daha çıxış etdi. Çıxışında “Kitabi-Dədə Qorqud”dan misal çəkən Heydər Əliyev bildirdi ki, Dədə Qorqud türk oğullarını birliyə, birləşməyə səsləyirdi. Dədə Qorqud deyirdi ki, nə qədər bir olsanız, əl-ələ versəniz, o qədər də uğurlu, o qədər də qalib olacaqsınız. Ulu Öndər Bakı Türk Şəhidliyinin tarixindən danışaraq Osmanlı imperiyasının yardımı ilə Bakının düşmən işğalından azad edilməsindən də söhbət açdı. Bildirdi ki, indiyədək Nuru Paşanı, Xəlil Paşanı Azərbaycanda tanımayan yoxdur. Onlar qəhrəman türk oğullarıdır. Sovet hakimiyyəti illərində burada yatan qəhrəman şəhidlərin adı, izi pozulsa belə onların adları, izləri Azərbaycanın qəlbindən silinməmişdir.
Ulu Öndər Sovet hakimiyyəti illərində bir zamanlar məzarlıq olan bu yerlərin zamanla necə park halına salındığı, insanların burada necə əyləndiyi və buranın ən əzəmətli yerində Rusiyadan gəlmiş işğalçı Kirovun heykəlinin ucaldılmasından da heyfsilənərək danışmışdı. Qarabağ müharibəsindən və 20 Yanvar faciəsindən də söhbət açan Ulu Öndər sonda bildirmişdi ki, burada indi həm türk əsgərləri, həm də Azərbaycan əsgərləri bir yerdə uyuyurlar. Biz bu gün bir daha türklərin birliyini bütün dünyaya nümayiş etdirdik.
Bu təntənəli açılışdan təqribən 1 ay sonra – 16 may 2000-ci ildə Süleyman Dəmirəl 7 il icra etdiyi Türkiyə Respublikası Prezidenti vəzifəsindən ayrılmalı və bu vəzifəni Əhməd Necdət Sezərə verməli oldu. Ulu Öndərimiz 13 may 2000-ci ildə Süleyman Dəmirələ bununla bağlı məktub yazmışdı. Məktubda Süleyman Dəmirəlin dövründə Türkiyənin necə çiçəkləndiyi, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı sahəsində görülən işlər və s. məsələlərdən söhbət açan Ulu Öndər məktubunu bu sözlərlə bitirmişdi: “Xalqımız Sizin xidmətlərinizi heç vaxt unutmayacaqdır, Azərbaycana hər gəlişiniz zamanı Sizi öz oğlu kimi təkrar-təkrar bağrına basmağa şad olacaqdır. Mən isə şəxsən Sizinlə dostluğumuzdan qürur duyuram və bu dostluğa daim sadiq qalacağam”.
Ulu Öndərimiz Heydər Əliyev Süleyman Dəmirələ təşəkkür dolu məktub yazdığı kimi Əhməd Necdət Sezərə də ünvanladığı məktubda yeni prezidenti təbrik etmiş və ona uğurlar arzulamışdı.
Heydər Əliyev vəfat etdiyi günə qədər bir neçə dəfə Əhməd Necdət Sezərin dəvəti ilə Türkiyədə olmuş, bir neçə dəfə də Sezəri və heyətini Bakıda qəbul etmiş, onun şərəfinə rəsmi ziyafət vermişdir.
Ulu Öndərin ömrünün son illərində Türkiyəyə və onun PKK terrorçularına qarşı mübarizəsinə verdiyi dəstəyin bir sübutu da 15 avqust 2000-ci ildə olmuşdur. Həmin tarixdə Ulu Öndər Türkiyə qazilərini çox səmimi şəkildə qəbul etmiş və onlarla görüşmüş, söhbət etmişdir. Bu söhbətdə Ulu Öndərin nitqi “Azərbaycan” qəzetinin 16 avqust 2000-ci il tarixli nömrəsində dərc edilmişdir. Ulu Öndərin dilindən səslənən bu cümlələrin hər biri necə də böyük kəlamdır; “Siz qazilər və qardaş türk xalqının öz dövlətinin bütövlüyünü qorumaq uğrunda, terrorizmə qarşı mübarizədə, PKK terrorizminə qarşı mübarizədə şəhid olmuş bizim qardaşlarımız, övladlarımız - hamınız birlikdə həm Türkiyə Cümhuriyyətinin, türk xalqının fəxrisiniz, iftixarısınız, eyni zamanda Azərbaycan xalqının iftixarısınız, fəxrisiniz”.
Ulu Öndər çıxışında bir daha hamımızın bir kökdən olduğumuzu vurğulayaraq demişdi; “İndi burada oturmusunuz, baxırsınız. Kim deyə bilər ki, bu, Anadolu türküdür, yaxud Azərbaycan türküdür? Fərqi yoxdur. Yəni biz bir kökdənik... Bizi bir-birimizdən seçmək mümkün deyildir”.
Ulu Öndər bir daha qazilərlə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixindən, torpaqlarımızın zaman-zaman ermənilərə verilməsindən və ermənilər tərəfindən işğal edilməsindən söhbət açdı. Çıxışının sonunda bildirdi ki, Azərbaycan qardaş ölkə Türkiyə ilə dostluğu, qardaşlığı ən əziz nemət hesab edir.
Bundan bir qədər əvvəl Türkiyənin o dövrdəki Baş nazirinin müavini Dövlət Baxçalının Ulu Öndərimizi necə səmimi şəkildə qəbul etdiyindən bəhs etmişdim. Ulu Öndərimiz də Dövlət Baxçalını Azərbaycana dəvət etmiş və Dövlət Baxçalı da bu dəvəti səmimi şəkildə qəbul etmişdi. Dövlət Baxçalının Azərbaycana Baş nazirin müavini kimi səfəri 2002-ci ildə Ulu Öndərimizin anadan olmasının 79-cu ildönümü ərəfəsinə təsadüf edirdi. 2002-ci ilin 7 may tarixində Prezident sarayında Ulu Öndərimiz Heydər Əliyev Dövlət Baxçalını və onun nümayəndə heyətini qəbul etmiş, onlarla görüş keçirmişdir. Ulu Öndərimiz ilk olaraq Dövlət Baxçalını və onun nümayəndə heyətini salamlamış, Türkiyə kimi Azərbaycanın da onların vətəni olduğunu bildirərək onların öz vətənlərinə gəldiyini söyləmişdir. Öndərimiz dəvəti qəbul edib Bakıya səfər etdiyi üçün Dövlət Baxçalıya təşəkkürünü bildirmiş, Dövlət Baxçalının Bakı səfərini Türkiyə-Azərbaycan əlaqələrinin, dostluğunun və qardaşlığının inkişaf etdirilməsində əlamətdar bir hadisə kimi qiymətləndirmiş, Dağlıq Qarabağ münaqişəsindən də danışaraq bu münaqişənin həll edilməsinin önəmini bir daha vurğulamış, sonra isə sözü Dövlət Baxçalıya vermişdir. Dövlət Baxçalı Azərbaycana ilk dəfə gəldiyini söyləyərək dəvət üçün Ulu Öndərə təşəkkürünü bildirmiş, “Bir millət, iki dövlət” sözünün əhəmiyyətindən söhbət açaraq Türkiyə-Azərbaycan əlaqələrinin yeni dövrdə daha çox inkişaf etdiyini və edəcəyini söyləmişdir. Dağlıq Qarabağ münaqişəsində ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalı olduqlarını deyən Dövlət Baxçalı bu münaqişənin həll olunmasında Türkiyənin bütün gücünü sərf edəcəyini və Azərbaycanın yanında olmağa davam edəcəyini də bildirmişdir.
Ulu Öndərimiz görüşün sonunda Dövlət Baxçalıya ziyarətinə görə bir daha təşəkkürünü bildirmiş, onu bir daha Azərbaycana səfərə dəvət etmişdir.
Yenə də 28 iyun 2002-ci ildə Ulu Öndərin Qars vilayətinə səfəri olmuşdur. Etnik Türkiyə azərbaycanlılarının yaşadığı Qars vilayətinin ali təhsil ocağı olan Qafqaz Universiteti rəhbərliyi bu səfər gedişatında Ulu Öndərə universitetin fəxri doktoru diplomunu təqdim etmişdir.
Ulu Öndərimiz Türkiyəyə hər sahədə dəstək olduğu kimi idman sahəsində də dəstək olmuş və Türkiyənin idman yeniliklərini hər zaman izləmişdir. Bunu 29 iyun 2002-ci il tarixli məktubdan da görmək olar. Çünki həmin ərəfədə 2002 FİFA Dünya Kuboku turniri keçirilirdi və Türkiyə də həmin turnirdə iştirak edirdi. Türkiyənin milli futbol komandası dünya çempionatında Braziliya millisinə uduzsa da, Cənubi Koreyanı məğlub edərək dünya üçüncüsü ola bilmişdi. Bu möhtəşəm qələbəyə Türkiyədə olduğu kimi Azərbaycanda da hamı sevinirdi. Təbii ki, ən çox sevinən Ulu Öndərimiz Heydər Əliyev idi. O, 29 iyun 2002-ci il tarixli məktubunda Türkiyənin Braziliyaya məğlub olmasından Cənubi Koreyanı isə məğlub etməsinə qədər bütün hadisələri təfsilatı ilə, sanki özü o oyunu izləyirmiş kimi yazırdı. Hətta ilk qolu və ya növbəti qolları hansı komandanın vurmasını da dəqiq olaraq bildirmişdir. Heydər Əliyev məktubunda yazırdı ki, Türkiyə futbol komandası oyunlarda qələbə qazananda, xüsusilə Seneqal komandasını məğlub edəndə şəhərdə azərbaycanlılar əllərində bayraqlarla küçələrə çıxır, bunu bayram edir və bir-birlərini qucaqlayıb təbrik edirdilər. Ulu Öndər sonda Türkiyəni bu qələbə münasibətilə təbrik edir, bunun təkcə Türkiyənin yox, həm də Azərbaycanın və türk dünyasının qələbəsi, bayramı olduğunu bildirmiş, hədsiz sevincini vurğulayaraq məktubunu sona çatdırmışdı.
Ulu Öndərimizin Türkiyə dövlət rəhbərləri ilə son görüşlərindən biri də 7 yanvar 2003-cü ildə, yəni vəfatından 11 ay əvvəl olmuşdur. Həmin gün uzaqgörən Öndərimiz strategiyası və siyasəti ilə gələcəkdə bütün Türk və İslam dünyasının fəxrinə, qüruruna çevriləcək lideri – Rəcəb Tayyib Ərdoğanı qəbul etmişdi. Ulu Öndər həmişə Rəcəb Tayyib Ərdoğanın qəlbində, fikrində, sonrakı siyasət illərində və fəaliyyətində böyük iz qoymuşdur. Uzaqgörən Ulu Öndər də hələ yenicə Türkiyə siyasətini idarə etməyə başlayan bu gənc liderin gələcəyinin irəlidə, parlaq olduğunu bilir və ona dəstək verirdi. Təəssüf ki, bu iki lider gələcəkdə bir neçə dəfə məktublaşsalar da, sadəcə bir dəfə rəsmi şəkildə görüşə bilmişdilər. Həmin görüş də yuxarıda qeyd etdiyim kimi 7 yanvar 2003-cü ildə gerçəkləşmişdir. Həmin gün Türk cümhuriyyətlərinə 5 günlük səfərə başlayan Rəcəb Tayyib Ərdoğan ilk olaraq yolunu Bakıdan salmışdı. O vaxt Rəcəb Tayyib Ərdoğan seçkilərdə yenicə qələbə qazansa da, hələ baş nazir olmamışdı və Bakıya sadəcə iqtidara yenicə gələn Ədalət və İnkişaf Partiyasının lideri kimi səfər etmişdi. Ulu Öndər Rəcəb Tayyib Ərdoğanın və nümayəndə heyətinin Bakıya ilk gəlişi münasibətilə “Ulduz” sarayında ziyafət vermişdir. Ziyafətdə Ulu Öndər çıxış etmiş və çıxışında ilk olaraq Rəcəb Tayyib Ərdoğanla nümayəndə heyətini salamlamışdır. Ulu Öndərimizin Rəcəb Tayyib Ərdoğanla bağlı ilk təsəvvürləri bunlardan ibarət olmuşdur; “Cənab Rəcəb Tayyib Ərdoğan, mən sizinlə təkbətək danışıqdan, apardığımız fikir mübadiləsindən çox məmnunam. Bizim fikirlərimiz üst-üstə düşür və indiyə qədər olduğu kimi, bu gün də siz də, mən də Türkiyə-Azərbaycan əlaqələrini ən yüksəkdə tuturuq. Mən sizinlə apardığım danışıqlar nəticəsində belə anladım”.
Ulu Öndər Heydər Əliyev Rəcəb Tayyib Ərdoğanla vaxtilə İstanbulda görüşdüyünü və bir yerdə yemək yediyini də xatırladaraq bu dəfəki görüşün fərqli olduğunu söyləmişdir. O, Ədalət və İnkişaf Partiyasının son seçkilərdə əldə etdiyi qalibiyyətinin önəmindən danışaraq bildirmişdir ki, Rəcəb Tayyib Ərdoğanın liderliyində bu partiya Türkiyədə unudulmayacaq bir qələbə qazanmış və uzun illər sonra Türkiyədə koalisiyasız hökumət qurmağı bacarmışdır. Heydər Əliyev koalisiyasız qurulan hökumətin necə əhəmiyyət daşıdığını bildirərək söyləmişdir ki, başçı tərəfindən təkbaşına, kimləsə birləşmədən qurulan hökumət həmişə ölkəni irəliyə aparır. Bu işdə Ədalət və İnkişaf Partiyasını nümunə çəkən Ulu Öndərimiz Rəcəb Tayyib Ərdoğan hökumətinin Türkiyədə ona olan etimadı doğruldacağından və Türkiyəni inkişaf etdirib daha da irəliyə aparacağından şübhə etmədiyini söyləmişdir. Heydər Əliyev səhərisi gün Şəhidlər Xiyabanında təşkil olunacaq səfərdən öncə Rəcəb Tayyib Ərdoğanı bir daha ermənilərin azərbaycanlılara etdiyi soyqırımla bağlı məlumatlandırmış, Qafqaz İslam Ordusunun Bakını xilas etməsindən danışmış və 2000-ci ildə Süleyman Dəmirəllə birgə “Bakı Türk Şəhidliyi” abidəsinin açılmasından da söhbət açmışdır. Ulu Öndərin bu ziyafətdəki çıxışı müfəssəl olaraq “Azərbaycan” qəzetinin 8 yanvar 2003-cü il tarixli sayında dərc edilmişdir.
Qəzetin həmin sayında Ulu Öndərin bir görüşünə də xüsusi yer verilmişdir. Heydər Əliyev Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verdiyi gün onunla və onun nümayəndə heyəti ilə rəsmi görüş keçirmişdir. Görüşü Ulu Öndər giriş sözü ilə açaraq Rəcəb Tayyib Ərdoğana və onun nümayəndə heyətinə “Xoş gəlmisiniz!” söyləmiş və onların Azərbaycana olan səfərinin qiymətli olduğunu bildirmişdir.
Ulu Öndər 2002-ci ilin noyabrında keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını qazandığı qələbəyə görə ən səmimi duyğularla təbrik etmiş, xoş diləklərini söyləmişdir. Ulu Öndərimiz yeni hökumətin Türkiyə və Azərbaycan üçün uğurlu olacağına yüksək inamının olduğunu xüsusi vurğulamışdır. Heydər Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşündə onun millət vəkili və baş nazir seçiləcəyinə inancının tam olduğunu bildirmiş, bu prosesləri yaxından izlədiyini vurğulamışdır. Ulu Öndər çıxışının sonuna yaxın Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə keçdiyi qısa müddət ərzində Avropa Birliyinə üzvlük barədə, Kipr məsələsi barədə və daha bir çox dünyəvi məsələlərlə bağlı dəyişməz və haqlı mövqeyə sahib olduğunu bildirmişdir. O, demişdir ki, Rəcəb Tayyib Ərdoğan baş nazir mandatına sahib olandan sonra bu işləri daha çox və asanlıqla görəcəkdir.
Rəcəb Tayyib Ərdoğanın isə Türkiyə-Azərbaycan qardaşlığı ilə bağlı dediyi sözlər son dərəcə ürəkaçandır; “Biz, nümayəndə heyətinin bütün üzvləri qardaş Azərbaycanı ziyarət etməkdən və zati-aliləri ilə bir arada olmaqdan böyük məmnunluq və şərəf duyuruq. Təbii, biz bu gün yenə öz evimizdəyik... Türkiyə ilə Azərbaycan arasında, əslində, anlatmağa ehtiyac olmayan çox ciddi qardaşlıq kökləri var. Biz hər şeydən əvvəl qardaşıq”.
Çıxışı zamanı cənab Rəcəb Tayyib Ərdoğan 1993-cü ildə Azərbaycanda olduğunu bildirmiş və o vaxtdan bu vaxta qədər ölkəmizin son dərəcə dəyişdiyinin fərqində olduğunu söyləmişdir. Bunun ən böyük səbəbini isə Heydər Əliyevdə görərək demişdir ki, sizin bu idarəçiliyiniz dünyaya bir nümunədir.
Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin ticarət sahəsində də daha çox inkişaf edəcəyindən əminlik duyduğunu ifadə etmişdir. 2002-ci ilin noyabrında qazanılan zəfərdən və hakimiyyətə başçılıq edəndən sonrakı iş qrafikindən söhbət açan Türkiyə lideri Rusiyaya və Avropa Birliyinin 14 ölkəsinə səfər etdikdən sonra türk cümhuriyyətlərinə səfər etməyi qərara aldıqlarını və bu səfərə ilk olaraq Azərbaycandan başladıqlarını bildirmişdir. Rəcəb Tayyib Ərdoğanın Ulu Öndərə söylədiyi bu sözlər də son dərəcə dəyərlidir: “Bizim aramızda olan qardaşlıq telləri yalnız keçmişimizdən deyil, həm də gələcəyimizdən ilham alır. Çünki qardaşların arasındakı bağlar zaman baxımından sərhədsizdir. Arzumuz, diləyimiz bu həmrəyliyimizi, bu birliyimizi, bu bərabərliyimizi gələcəyə doğru daha şövqlə, sevgi və məhəbbətlə aparmaqdır. Çünki bizə bizdən fayda var. Bunu bacarmağımız lazımdır”.
Rəcəb Tayyib Ərdoğan çıxışında Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsinin 2005-ci ildə yox, daha tez hazır olmasını istədiyini, bunun üçün çalışdıqlarını və çalışacaqlarını da vurğulamışdır. Ulu Öndər də Rəcəb Tayyib Ərdoğanın bu təklifini bəyənmiş və razılaşmışdır.
Rəcəb Tayyib Ərdoğan bu layihənin həyata keçməsində zamanla yarışdıqlarını da əlavə etmişdir. O, təkcə bu sahədə yox, energetika və mədəniyyət sahəsində də əlaqələrin güclənməsinin vacibliyini vurğulamışdır. Sonda o, səmimi qəbula görə Heydər Əliyevə dərin minnətdarlığını bildirmişdir. Beləcə də həmin tarixi görüş sona çatmışdır.
Sonra Heydər Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mətbuat konfransı baş tutmuşdur. Ulu Öndərin mətbuat konfransında olan çıxışı “Azərbaycan” qəzetinin 8 yanvar 2003-cü il tarixli sayında dərc olunmuşdur. Çıxışda Ulu Öndər Rəcəb Tayyib Ərdoğanla görüşdə reqlamenti pozduqlarını və birlikdə protokol qaydalarından kənar müddətdə danışdıqlarını bildirmişdir. Hətta bir neçə dəfə protokol şöbəsindən onlara vaxtın keçdiyi deyilmişdir. Bu qədər uzun söhbəti Ulu Öndər danışığın səmərəliliyi, məna və mövzu baxımından böyük önəm təşkil etməsi ilə əlaqələndirmişdir. Ulu Öndər Rəcəb Tayyib Ərdoğanın baş nazir olacağına böyük ümid bəsləyərək bildirmişdir ki, baş nazir olduqdan sonra ona yenə dəvətim var və o yenə Azərbaycana səfər edəcəkdir. Onda danışmağa və müzakirə aparmağa daha çox vaxtımız olacaq.
Ancaq təəssüflər olsun ki, həyatın yarısından çoxu gözlənilməz hadisələrlə doludur. İnsanın həyatında bəzən ən gözlənilməz, ən arzuolunmaz hadisələr birdən baş verir və insan bu hadisələrlə necə barışacağını bilmir. Ulu Öndər Heydər Əliyev Rəcəb Tayyib Ərdoğanın baş nazir olacağından və bu hadisədən sonra yenidən onu Bakıda qarşılayacağından əmin idi. Lakin təəssüf ki, 2003-cü ilin dekabr ayının 12-də Ulu Öndərimiz vəfat etdi. Həmin vaxt Rəcəb Tayyib Ərdoğan baş nazir olmuşdu, lakin onu Heydər Əliyev bir də heç zaman qarşılaya bilməyəcəkdi...
Ulu Öndərin nəşi onun Ana Vətənində dəfn edildiyi zaman İlham Əliyevin yanında bir qardaş kimi dayanan, ona təsəlli verən və onunla birgə kədərlənən bir lider var idisə, o da Rəcəb Tayyib Ərdoğan idi. O, Ulu Öndərin xatirəsini ən əziz bir insan, bir dahi kimi ömürlük qəlbində saxlamışdı və saxlayacaqdı.
Heydər Əliyevin vaxtsız gedişi qəlbimizə zərbə vursa da, Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurmadı, onu dayandırmadı. Ulu Öndərdən sonra hakimiyyətə gələn qəhrəman atanın layiqli, etibarlı davamçısı cənab Prezidentimiz İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla dəfələrlə görüşdü, onu Bakıda qarşıladı və zaman-zaman Rəcəb Tayyib Ərdoğan tərəfindən qardaş ölkədə qarşılandı. Onlar Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı, Ulu Öndərin mirasını qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək üçün çox çalışdılar. Zaman-zaman daxili və xarici düşmənlərimiz maneə yaratmağa çalışsalar da, onlar əl-ələ verib bu maneələri məharətlə aşdılar. Qarabağ müharibəsində Türkiyənin və xüsusilə də şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana mənəvi dəstəyi isə bu qardaşlıq əlaqələrini böyük bir zirvəyə daşıdı. O zaman iki mənəvi qardaş – Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev öz siyasi həyatlarında ideal saydıqları Ulu Öndərin ən böyük arzusunu, amalını gerçəyə çevirmişdilər. Onlar bunu birlikdə, bütün çətinliklərə sinə gərərək və yenilməyərək etmişdilər.
Bu yazımın sonuna yaxın indiki dövrdə Türkiyə-Azərbaycan əlaqələrini yüksəldən, dirçəldən, zirvəyə çatdıran və vaxtilə Ulu Öndərlə görüşmüş olan iki liderin – Dövlət Baxçalının və Rəcəb Tayyib Ərdoğanın Ulu Öndərə vəfatından sonra verdiyi dəyərdən söhbət açmaq istəyirəm. Bu dəyər indiki dövrdə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin indiki mərhələsində çox önəmli yer tutur. Çünki bu iki lider Türkiyə-Azərbaycan məsələlərinə Ulu Öndəri özlərinə nümunə götürərək və onunla eyni həssaslıqda yanaşırdılar. Dövlət Baxçalı Ulu Öndərin şəxsiyyətinə və onun dahiliyinə həmişə böyük önəm və qiymət vermişdir. Bunun bir çox sübutu var. Ən əsas sübutu isə 29 sentyabr 2020-ci il tarixinə təsadüf edir. Bəli, Vətən müharibəsinin ilk günlərindən birinə. Həmin gün Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyası özünün sosial şəbəkə hesablarından bir video paylaşmışdı. Bu video arxivdə qalmasına, köhnə olmasına baxmayaraq olduqca dəyərlidir. Ona görə ki, Dövlət Baxçalının vaxtilə Bakıya səfərinə aiddir. Həmin videolentdə Dövlət Baxçalı ilə Heydər Əliyevin görüşünə yer verilmişdir. Videoda Dövlət Baxçalı ilə Ulu Öndər Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər. Dövlət Baxçalı isə Türkiyənin və hökumətinin bu münaqişədə Azərbaycana sona qədər dəstək olduğunu bildirmişdir. Bu tarixi əhəmiyyətli görüşün həmin gün sosial şəbəkələrdə paylaşılması Azərbaycana ən böyük dəstəklərdən biri idi.
2004-cü ildə çap olunmuş “Dünyanı heyran qoyan insan” kitabının 130-cu səhifəsində böyük türk lideri Rəcəb Tayyib Ərdoğanın Ulu Öndərlə bağlı fikirlərinə geniş yer verilmişdir. Bu dəyərli fikirləri olduğu kimi oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Rəcəb Tayyib Ərdoğan bildirmişdir; “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.
Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə - Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq. Vəfatı hamımızı sarsıtmış möhtərəm Heydər Əliyev regionun inkişafı üçün çox böyük səy göstərdi. Bu dahi şəxsiyyət Bakı - Tbilisi - Ceyhan neft, Bakı - Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi üçün çox çalışırdı. Biz də çalışmalıyıq ki, bu layihələr mütləq reallığa çevrilsin. Türkiyə - Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur ki, bunu heç bir qüvvə sarsıda bilməz. Əminəm ki, Azərbaycan prezidenti İlham Əliyev hörmətli Heydər Əliyevin yolu ilə gedərək, münasibətlərimizin inkişafına yeni töhfələr verəcəkdir”.
Rəcəb Tayyib Ərdoğan yanılmırdı və yanılmadı da. Bu 20 illik inkişaf yolunu o, cənab Prezidentimiz İlham Əliyevlə birgə addımlayaraq Türkiyə-Azərbaycan əlaqələrində yeni səhifə, yeni dastan yazdı. Əlaqələrimiz qardaşlıqdan da yaxın, qardaşlıqdan da ülvi əlaqələrə çevrildi. Bu deyilənlərdən illər sonra – 28 may 2022-ci ildə, Azərbaycanın müstəqilliyinin 104-cü ildönümündə Bakıya səfər edən Rəcəb Tayyib Ərdoğan “Teknofest” texnoloji festivalında iştirak edərkən çıxışında bu sözləri söylədi; “...Heydər Babamızı da rəhmətlə yad edirəm. Məkanı cənnət olsun. Biz təzyiqlə, təhdidlə qorxudulanlardan olmadıq, əsla olmayacağıq. İşğala və haqsızlığa qarşı hər yerdə doğru olanı söyləməkdən, hüquqi davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq”. Bu sözləri söyləyərkən sanki Rəcəb Tayyib Ərdoğan 19 il əvvələ qayıdır, Ulu Öndərlə rəsmi şəkildə görüşdüyü o günü yenidən yadına salırdı. Böyük lider həm sevinir, həm də kədərlənirdi. Kədərlənsə də, kədərində qürur vardı.
Rəcəb Tayyib Ərdoğan haqlı idi. O və cənab Prezidentimiz İlham Əliyev Ulu Öndərimizin mirasına sahib çıxdı. Türkiyə və Azərbaycan əlaqələrini inkişaf etdirərək bu yüksəkliyə və bu ucalığa çatdırdı. Onların sayəsində bizi daha heç bir düşmən, heç bir qara qüvvə qorxuda, yolumuzdan döndərə bilməz və bilməyəcək də!
Bu gün Rəcəb Tayyib Ərdoğanın, Dövlət Baxçalının və İlham Əliyevin çiyinlərində ucalan və yerə-göyə səs salan Türkiyə-Azərbaycan qardaşlığı, onun inkişafı Ulu Öndərin ən böyük arzusu, amalı idi. Ulu Öndər həyatının son illərini də bu amalla yaşamış və bu amalla başa çatdırmışdı. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki Ulu Öndərin siyasi kursundan bəhrələnən və onu layiqincə davam etdirən bu üç böyük liderin: Rəcəb Tayyib Ərdoğanın, Dövlət Baxçalının və İlham Əliyevin sayəsində Türkiyə-Azərbaycan qardaşlığı daim inkişaf edib, edir və edəcəkdir!
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın türk birliyi, həmrəyliyi!
SEVİNDİK NƏSİBOĞLU
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi