“Qadınlarımız cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər”
Könül İsmayılova: “Hər zaman dəyərli ol, Azərbaycan qadını”
“Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir”.
Versus.Az xəbər verir ki, bunu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Könül İsmayılova ulu öndərin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını qeyd edib:
“Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu yöndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyətini göstərmək olar.
Bir sözlə, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər”.
K.İsmayılova Vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyətinə diqqət çəkib:
“Mehriban xanım Əliyevanın dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir”.
8 Mart Beynəlxalq Qadınlar gününün tarixinə diqqət çəkən K.İsmayılova qeyd edib ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb:
“1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
Azərbaycan qadını olaraq bütün xanımlarımızı bu gün münasibətilə təbrik edirəm. Hər zaman dəyərli ol, Azərbaycan qadını!”
SEVDA
versus.az
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi