Daha bir ölkədə dördgünlük iş HƏFTƏSİ
Kopenhagen bələdiyyəsi aprelin 1-dən öz əməkdaşları üçün dördgünlük iş həftəsi rejimi tətbiq edir.
Versus.az xəbər verir ki, ilin sonunadək davam edəcək eksperimentdə bələdiyyənin 6 administrasiyasının 14 işçi vəzifəsi üzrə əməkdaşları iştirak edirlər. Eksperiment başa çatdıqdan sonra qısaldılmış iş həftəsi rejimi rəsmi qaydada təsdiq olunacaq.
“Pandemiyadan sonrakı bu vəziyyət Danimarka bələdiyyələri arasında bundan sonra da saxlanılacaq”, - deyə Roskille Universitetinin əmək qanunvericiliyi sahəsi üzrə tədqiqatçısı Yanne Qlerup bildirib.
Sözügedən təşəbbüsə daxil edilən müəssisələrdən biri də Kopenhagenin mərkəzində yerləşən və psixi cəhətdən zəif gənclər üçün nəzərdə tutulan Radiseveydir.
“Keçirilən iclasların birində bütün əməkdaşlarımız bunun çox yaxşı fikir olduğunu və iş həyatı ilə şəxsi həyat arasında daha yaxşı balans yaratmağa xidmət etdiyini bildiriblər”, - deyə bölmə rəhbəri Yonas Ammitsbyöll vurğulayıb.
O, bir neçə gün davam edəcək istirahət günlərində əməkdaşların daha yaxşı istirahət edə biləcəklərinə və qarşıdakı iş həftəsi üçün daha gümrah olacaqlarına inandığını deyib.
Yanne Qlerupun sözlərinə görə, bu qəbildən yeniliklər Danimarkanın biznes həyatında artıq çoxdan tətbiq olunur, indi isə ölkənin dövlət qurumları da bu nümunədən istifadə etmək niyyətindədirlər. Ötən il Kopenhagen bələdiyyəsində dördgünlük iş həftəsi rejiminin tətbiq olunması fikri irəli sürüləndə, bu ideyanı bütün partiyalar dəstəkləyib. Məqsəd əməkdaşlar arasında stresin azaldılması ilə yanaşı, bələdiyyəni həm də işəgötürən kimi daha cəlbedici quruma çevirməkdən ibarətdir.
“Bazar ertəsindən cümə gününədək gündə səkkiz saat işləmək və həftədə cəmi iki gün istirahət etmək ənənəsi artıq keçmişdə qalmalıdır”, - deyə Yonas Ammitsbyöll əlavə edib.
Xəbər lenti
Almaniyada maraqlı hadisə
Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi