“Rəsul Quliyev, Lalə Şövkət, Etibar Məmmədov, Mirmahmud Mirəlioğlu olmasa…”
“2018-ci il tarixi fürsət qaçırılsa, 2019-cu ildə bunların nəinki “ana müxalifət”, heç “cırtdan müxalifət” olmağa da şansları qalmayacaq”
Gələcək Azərbaycan Partiyasının sədri, Rəsul Quliyevin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Ağasif Şakiroğlunun Versus.Az-a müsahibəsi.
– Ağasif bəy, seçki ilə əlaqədar olaraq, partiyanızda yenidən təşkilatlanma ilə paralel hansı planlar üzərində işlər gedir?
– Bu ayın 27-i partiyamızın üzvləri ilə partiyanın lideri Rəsul Quliyev arasında canlı “skayp” vasitəsilə birbaşa əlaqə yaratmaq üçün böyük bir görüş-toplantısı keçirməyi planlaşdırırıq. Bu görüşdə cənab Rəsul Quliyevin tərəfdarları da iştirak edəcək və onlara da “skayp” vasitəsilə sual ünvanlamaq imkanları yaradılacaq. Yəni günümüzə qədər Rəsul bəylə nümayəndəsi vasitəsilə əlaqə saxlaya bilirdilərsə, toplantıda imkan yaradılacaq ki, suallarını birbaşa ünvanlasınlar. Rəsul bəy də yəqin ki, toplantı iştirakçılarının qarşısında 2018-ci illə bağlı öz mövqeyini, planlarını daha geniş şəkildə açıqlıyacaqdır. Eyni zmanda, həmin toplantıda 2018-ci il prezident seçkisiylə bağlı müəyyən planların açıqlanması nəzərdə tutulur.
– Partiyanız gəncdir, 4 yaşı olacaq, bu baxımdan qeyd etdiyiniz Rəsul Quliyev tərəfdarları görüşünüzü qəbul edəcəklərmi?
“Rəsul Quliyev hansı partiyanın liderliyini qəbul etsə, o partiya brend olacaq”
– Özümüzü heç də zəif partiyalardan hesab etmirik. Elə nəzərdə tutduğumuz həmin toplantı eyni zamanda bizi zəif görənlərə, bizi anlamaq istəmiyənlərə partiya olaraq potensialımızı göstərəcəkdir.
Digər tərəfdən, Rəsul Quliyev adı özü brenddir və o, hansı partiyanın liderliyi statusunu qəbul etsə, o partiya da brend olacaq. Bunun zamanla şahidi də olmuşuq.
– Rəsul bəyin adına görə partiyanıza kimlərsə yaxınlaşırmı?
– Hər ay təqribən yüzlərlə vətəndaş sosial şəbəkə vasitəsilə, 10-larla vətəndaş şəxsi vasitələrlə əlaqə saxlamaqla, qərargahımızı tanıyanlar partiyaya gələrək üzvlüklə bağlı müraciət edirlər. Yəni hər ay partiyamıza bir xeyli insan daxil olur, beş-on nəfər də çıxır ki, bu da normal haldır. Kimlərsə “bal” iyinə gəlir, görür ki, “bal” yoxdur və gedir.
– Rəsul bəy bizə müsahibəsində belə bir fikir də bildirib ki, Azərbaycana gəlişi həm də hakimiyyətdən asılıdır. Təbii ki, bu da müxtəlif aspektlərdə müzakirə olunur, bununla bağlı nə deyə bilərsiniz?
– Bilirsiniz, bəzi yoldaşlar bilmədən, bəziləri isə bilərəkdən bu açıqlamaya qərəzli yön verməyə çalışırlar. Rəsul bəyin bu fikrini düzgün şərh etmirlər. Əslində bilirsiniz Rəsul bəy gəlişiylə bağlı bəzi məsələlərin iqtidardan asılı olduğunu deyəndə nəyi nəzərdə tutur? Rəsul bəy bildirir ki, hakimiyyət daxilində Azərbaycanın demokratik reforma getməsini istiyən bir yox, bir neçə qrup mövcuddur. Eyni zamanda hakimiyyətin daxilində reformistlərlə yanaşı mühafizəkarlığı qoruyub saxlayaraq ölkədə mövcud olan quldurluq siyasətinin davam edilməsində maraqlı olan qruplarda mövcuddur. Rəsul bəy əslində reformist qüvvələrə müraciət edir ki, Azərbaycanı bataqlıqdan çıxarmaq istəyirsinizsə səylərinizi artırmalısınız. Təbii ki, hakimiyyətdəki reformist qüvvələr bu gün Rəsul bəyi Azərbaycana gətirmək iqtidaırında deyil. Rəsul bəy bildirir ki, “gələcəkdə baş verə biləcək və məsuliyyətini heç kəsin daşıya bilməyəcəyi xoşa gəlməz hadisələrin baş verməməsindən ötrü demokrtik reformaların vaxtıdır. Və əgər hakimiyyət daxilində demokratik reforma tərəfdarları müəyyən uğurlar əldə edərlərsə, ölkədəki mövcud siyasi düzən dəyişə bilər ki, bu da bir çox problemlərin həllinə, lap dəqiq desək milli barışığa nail oluna bilinər”. Bəzi yoldaşlar ağılsızlıqları səbəbindən və ya “həddindən artıq ağıllı olmaları səbəbindən” onun bu fikrini hakimiyyətə xidməti kimi nəzərdə tutur. Ümumiyyətlə bu yöndə müxtəlif şərhlər var, amma bu qətiyyən belə deyil. Rəsul bəy gələcək, prezidentliyə namizədliyini verəcək və istəsələr də, istəməsələr də Azərbaycanın prezidenti seçiləcək. Biz buna əminik!
– Rəsul bəyin gəlişi ilə bağlı 2005-ci il təcrübəsi var artıq. Maraqlıdır, o zaman onun qayıdışını dəstəkləyən o partiyalar bu gün nə fikirləşirlər və sizə bu məsələdə hansı münasibəti sərgiləyirlər?
– Əgər arxiv materillara qayıtsaq, hakimiyyət fiziki olaraq Rəsul Quliyevin Azərbaycana gəlişinə maneə yaratdısa, 2005-ci ildə həmin özünü “ana”, “dədə” müxalifət adlandıranlar da Rəsul Quliyevi qarşılamaq istəyən tərəfdarların hava limanına getməsinin belə, qarşısını aldılar. Tərəfdarların bir qrupunu ADP-yə, bir qrupunu AXCP-yə yığdılar. Beləcə, qarşılama prosesində kütləviliyin yaranmamasına nail oldular.
Heç şübhəsiz ki, bu dəfə də dediyimiz müxalifətdən olan həmin o qüvvələr Rəsul bəyin gəlişi məsələsinə qısqanclıq edəcəklər, hətda hakimiyyətin rusiyayönümlü 5-ci kalonu ilə əməkdaşlıq edib bunun qarşısını almağa çalışacaqlar.
Bir nüansa diqqət verin, Azərbaycan prezidenti Avropa ittifaqına üzv olan dövlətlərin sədrləriylə görüşdə dedi ki, ölkəmizdə insanların sərbəst toplaşma hüquqları var, müxalifət mütəmadi olaraq icazəli mitinqlər keçirir. Burdan da aydın başa düşülür ki, özlərini “ana müxalifət” adlandıran qüvvələr hakimiyyətin əlinə oynayırlar. Yəni təsəvvür edin, 2013-cü il prezident seçkilərindən sonra 2014-cü ildən etibarən bu tarixədək 10-dan artıq icazəli mitinq keçirilib. Bu mitinqlər nəyi dəyişdi? Heç nəyi! Budur, hələ də mitinqlər davam etdirilir, hər dəfə də 500 aşağı, 500 yuxarı eyni adamlar çıxır. Eyni tələblər, eyni şüarlar və nəticəsizlik…
Yəni bu mitinqlər nəyisə dəyişməyə təkan verməyə hesablanmayıb, bu mitinqlər hakimiyyətin “Azərbaycanda söz azadlığı var” deməsi üçün “kozr”du. Özünü “ata”-“ana” müxalifət adlandıran qüvvələr bu hakimiyyətə xidmətdə sanki maraqlıdırlar, biz isə hakimiyyəti dəyişməkdə maraqlıyıq. Anlamaq lazımdır ki, 2018-ci il Azərbaycanın demokratik qüvvələri üçün mühim və həlledici zamandır. 2018-ci il prezident seçkilərində də şans qaçırılacaqsa, 2019-cu ilə ölkədə nə “ana” müxalifət nə “ata” müxalifət qalası deyil. Bütün demokratik təsisatlar tamamilə sıradan çıxarılacaq! Bunun qarşısını almağın yeganə yolu isə hakimiyyətlə əməkdaşlıq edən siyasi partiyaların bütün bu əməkdaşlıqları dayandırmasından, bölücülük siyasətini dayandıraraq birlikdə hərəkət etməkdən keçir.
“Onların iştirak etmədiyi birlik müxalifətin ümumi birliyi ola bilməz”
Ümumiyyətlə, Milli Şura bu gün ancaq AXCP-dən ibarətdir. Milli Şurada 7 partiya təsis olunsa da 6-sı hazırda bu tərkibdə yoxdur. 2013-cü ildə müxalifət partiyalarının birləşib yaratdığı bu qurumu beynəlxalq aləm müxalifətin vahid birliyi kimi qəbul edib. İndi də Əli Kərimli müxalifətin “favoriti” obrazında Milli Şura adı altında manipulyasiyalar etməklə məşğuldur. Yəni bilmiyənlərə mesaj edir ki, müxalifətin lideri mənəm, Mili Şuranı yaradan 7 partiya da mənim ətrafımdadır.
Oktyabrın 28-nə planladıqları mitinqə gəlincə, 23 sentyabr və 7 oktyabrda keçirilən mitinqlərindən heç də fərqlənməyəcək, əksinə adam sayı bir az da azalacaq. Biz buna sevinmirik. Bəzi yoldaşlar bunu yalnış anlayır. Biz bu aksiyaların kütləvi keçməsində maraqlıyıq. Ölkəni dəyişmək üçün bu aksiyalarda minlər yox, on minlər, yüz minlər iştirak etməlidir. Bu səbəbdən də Milli Şuranın, lap dəqiq desək AXCP-nin bölücülük siyasətini anlamırıq. Biz deyirik müxalifətin ümumi birliyi yaradılsın və kütləvi aksiyalar vahid formada təşkil edilərək uğurlu formatda, artan xətlə davam etsin. Bunlar isə tamamilə başqa şeylər danışırlar.
– Mitinqlərdən sonra ADP üzvlərindən bir neçə nəfər, hətda Rəhim Qazıyevin qardaşı da polis tərəfindən sorğu-suala çəkildi. Nə məsələdi, niyə məhz mitinqin rəhbərləri yox, iştirakçıları? Və icazəli olmasına baxmayaraq, bu polis təzyiqləri hansı oyunlardan xəbər verir?
– Bilirsiz, hakimiyyətdə bir klanın etdiyindən, digər klan xəbərsiz olur. Heç uzağa getməyək, Mehman Əliyevin məsələsini götürək. Bir qrup onun barəsində cinayət açdırıb həbs elətdirir, məsələ prezidentə məruzə edilir prezident dərhal azad etdirir. Bu səbəbdən baş verən hadisələr anlaşılandır.
– Çoxlarının əsas müxalifət hesab etdiyi AXCP-Müsavat arasındakı “birincilik uğrunda gedən savaşdan” dolayı yaranan gərginlik səngimir. Bu gün siyasi sferada gedən proseslər məhz həmin partiyaların bir araya gəlib, üstəlik digər müxalif partiyaları öz arxalarınca aparmasını nə dərəcədə aktuallaşdıra bilər?
– Real hesab etmirəm. Rəsul Quliyevin, Lalə Şövkətin, Etibar Məmmədovun, Mirmahmud Mirəlioğlunun iştirak etmədiyi birlik müxalifətin ümumi birliyi ola bilməz. Müsavat-AXCP müttəfiqliyini isə ümumiyyətlə mən real görmürəm.
– Bu günki siyasi ponoramanın fonunda, torpaqlarımızın da işğalda olduğunu nəzərə alaraq bir gənc siyasətçi kimi necə düşünürsünüz, siyasi partiyaların bu cür ambisiyalı mövqeləri Azərbaycan xalqına xəyanət deyilmi?
“Sən mübarizə aparmırsan, kiməsə “ayı xidməti” göstərirsən”
– Bildiyim qədəriylə Dağlıq Qarabağ mövzusunda bütün partiyaların mövqeyi eynidir. Sadəcə əsasən bu yöndə güc ortaya qoyulmalıdır. Hesab edirik ki, Qarabağın azadlığı Demokratiyanın Azərbaycanda qələbəsindən keçir.
– Əli Kərimlinin adı demək olar ki, bir çox müxalifət partiyalarında dağıdıcı kimi hallanır. O, bu gücü hardan alır ki, bu qədər partiyalar onun qarşısında aciz qalır?
– Əli Kərimliylə mənim düşmənçiliyim yoxdur. Sadəcə onun hakimiyyətlə birgə iş görməsiylə bağlı xeyli sayda faktlar var. Digər tərəfdən, bizim müxlifətdə 6-7 nəfər səmimi adam var. 56 siyasi partiyadan 49-u hakimiyyətə xidmət edir, qalanlarından biri Əli Kərimlinin partiyasıdır, hansı ki, hakimiyyətlə yox, hakimiyyətin bir qanadı ilə əməkdaşlıq edir ki, bu da ümumi prosesə zərər verir. Digər 6 partiyanın da əlində maliyyə imkanı yoxdur. Düşünürəm ki, belə bir vəziyyətdə yalnız hakimiyyətin içərisindən çıxmış insanların bir araya gəlməsinə ehtiyac var. Ona görə ki, onlar pul hərisi deyillər. Məsələn, bu gün müxalifətdə olan bəzi şəxslər kimi maddiyyatsızlıq ucbatından siyasi alverə getməyəcəklər.
Ləman Cəfərli
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...