Əli Əliyev: “Keçmiş “kələz"lər başlarını qaldırıb…”
“Bu, hakimiyyətdəki bir qrupun İlham Əliyevə qarşı təşkil etdiyi təzyiqin kənar görüntüsüdür”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Versus.Az-a müsahibəsi.
– Əli bəy, seçkilərə hazırlıq necə gedir?
– Seçkilər haqqında danışmaq hələ tezdr. Çünki dünyanın bu seçkilərə münasibətinin necə olacağı bəlli deyil. Vəziyyət kifayət qədər gərgindir. Belə bir mənzərənin fonunda seçkilərin necə olacağını söyləmək bir qədər tezdir. Bir qədər əvvəl Avropa Şurasında qəbul olunan iki qətnamə Azərbaycanın dünya qarşısında götürdüyü öhdəliklərə sahib çıxmamasının əlaməti və göstəricisi kimi önə çəkildi. Hakimiyyət təbliğatçıları nə qədər desələr də, Avropa Şurası ermənipərəst mövqe tutan beynəlxalq təşkilat deyil. Unutmayaq ki, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyan Sərsəng su anbarı haqqında ədalətli qərarlar qəbul edən beynəlxalq təşkilatdır. Bu təşkilatı ermənipərəst adlandırmaq ziyanımızadır. Ona görə də Azərbaycan hakimiyyəti birinci növbədə özünü təftiş etməlidir.
Mən bu barədə sosial şəbəkədə də yazmışam. Bir İlqar Məmmədovun azad olunmaması bahasına Azərbaycanın Avropa Şurası ilə üzbəüz qoyulması hakimiyyət üçün bağışlanmaz səhvdir.
– Amma bir İlqar Məmmədova görə Avropa Şurası kimi bir qurumun Azərbaycan kimi bir dövlətlə əlaqələrini bu qədər sarsıtması da başadüşülən deyil. Siz necə hesab edirsiniz?
– Onun başa düşülməsi çox sadədir. İlqar Məmmədov “İsmayıllı hadisələri”nə görə Tofiq Yaqublu ilə bir yerdə həbs edilmişdi. İki eyni məsələdə inkriminasiya olunan şəxsin birinin azadlıqda olub, digərinin içəridə saxlanması subyektiv münasibətdən xəbər verir. Görünən odur ki, Tofiq Yaqublu ölkə başçısına əfvlə bağlı müraciət eləmişdi, İlqar Məmmədov isə bu xahişi yazmır. Mən bunun başqa izahını görmürəm. Eyni hadisəyə görə həbs olunmuş iki şəxsə qarşı davranışda bir müraciət məsələsi əngəldirsə və bu müraciətin Azərbaycanla Avropa Şurasının arasında münasibətləri bu səviyyədə gərginləşdirəcəksə, hakimiyyət buna öz qiymətini verməlidir.
“İlqar Məmmədovu yaxşı tanıyıram, onun…”
– Burda İlqar Məmmədov məsələsi Azərbaycana qarşı təzyiq üçün bir bəhanə deyilmi?
– Təzyiqin altyapısı yanlışdırsa onda bunu təzyiq, ədalətsiz mövqe kimi qiymətləndirmək olar. Axı, Avropa Şurasının dedikləri nədən ibarətdir ki, biz onu təzyiq kimi qəbul edək. Avropa Şurası ölkədə seçki mühitinin saxtalaşdırılması, insan haqlarının pozulması, sərbəst toplaşma azadlığının olmaması, siyasi məhbusun olmasını bəyan edir və bunların içərisindən yalnız bir nəfərin azad olunmasını tələb edir. Hansı ki, bu barədə Avropa Şurasının qətnaməsi də var. Ona görə də yaxşı olar ki, Azərbaycan hökuməti ölkənin maraqlarından çıxış edib, İlqar Məmmədov məsələsinə yenidən baxsın. Mən bu barədə yazmışam. Mən İlqar Məmmədovu yaxşı tanıyıram. İlqar Məmmədov azadlığa çıxarsa, ölkədə heç bir dəyişiklik olmayacaq. Bundan hakimiyyət qorxmamalıdır və mən bunun məsuliyyətini çəkməyə hazıram. İltizam da yazmağa hazıram ki, onun nə fiziki, nə ictimai, nə də elə bir siyasi gücü yoxdur ki, Azərbaycanda hakimiyyəti devirsin və yaxud dəyişsin.
– İstər istəməz ictimaiyyətdə belə bir məntiqi sual yarana bilər. Avropa Şurası tək İlqar Məmmədovun müdafiəçisi kimi çıxış edirsə, nəyə görə torpaqları işğal olunan, deportasiyaya məruz qalan milyonlarla azərbaycanlının hüquqlarının bərpasına görə bu dərəcədə diqqətli deyil və beynəlxalq aləmdə müdafiəsinə qalxmır?
– Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyan azsaylı beynəlxalq təşkilatdan biridir ki, bunu öz sənədlərində təsbit eləyib. Avropa Şurası nə etməlidir, gəlib bizim yerimizə müharibə aparıb torpaqları işğaldan azad etməlidir? Azərbaycan hökuməti işğal faktı ilə bağlı ciddi bir hərəkət eləmirsə, əgər başlatdığı hərbi əməliyyatı başqa dövlətin təhdidi ilə dayandırırsa, Avropa Şurasının burda nə günahı var? Avropa Şurası üzərinə düşən missiyanı yerinə yetirib. “Sərsəng” su anbarı haqqında qəbul olunan qətnamədən 2 il keçib. Daha nə etməlidir? Azərbaycan hökumətinin öz üzərinə düşən öhdəlikləri icra etməməsinin Avropa Şurasına nə dəxli var. Məsələ bu qədər sadədir.
“Həmin çıxışların öz sifarişçiləri var”
– Əli bəy, qarşıdan seçkilər gəlir və əvvəl hakimiyyətdə olan, eləcə də müxalifətdə liderlik edən bəzi siyasi fiqurların yenidən ortaya çıxmasının mahiyyəti nədir. Artıq uzun vaxtdan bəri mətbutda görünməyən Etibar Məmmədovun yenidən aktivləşməsi, üstəlik mühacirətdə olan keçmiş spiker Rəsul Quliyevi dəstəkləməsi ilə bağlı fikirləri də maraqla izləndi. Nə baş verir?
– Azərbaycan siyasətində “dinazavrlar” var. Siz bu dinazavrları boş verin. Ölkədaxili vəziyyətlə bağlı ayrı-ayrı keçmiş “kələzlərin” baş qaldırıb səslərini çıxarması hakimiyyətin daxilində baş verənlərin inkiasıdır. Hakimiyyətin daxilində vəziyyət çox gərgindir. Kənarda uzun illər susmuş insanların danışmağa başlaması həmin hadisələr haqqında ictimai rəyə təsir göstərmək üçündür. Həmin çıxışların da öz sifarişçiləri var. Vaxtı çatanda onlar haqqında daha detallı danışaram. Bu gün Azərbaycana gələ bilməyən, prosesləri kənardan müşahidəçi, politoloq kimi qiymətləndirən adamların 10-20 il susduqdan sonra belə bir dəyişiklik məqamında ortaya çıxması yumşaq desəm, ən azı ədalətsizlikdir.
"“Sən daxildə dəyişiklik etmə”, “mənim səlahiyyətlərimi məhdudlaşdrma” mesajları kimi...”
– Gəlmək istəyənlərlə onları səsləyənlər arasında bərabərlik işarəsi qoymaq olarmı?
– Yox. Bu, hakimiyyətdaxili qrupun İlham Əliyevə qarşı təşkil etdiyi təzyiqin kənar görüntüsüdür. Bu, müxalifətin vasitəsilə verilən “sən daxildə dəyişiklik etmə”, “mənim səlahiyyətlərimi məhdudlaşdrma, əmlakımı alma” mesajları kimi qavranılmalıdır.
Düşünürəm ki, sonda bu adamlar neytrallaşdırılacaq. Mənə elə gəlir ki, ölkə başçısı 2013-cü ildə etdiyi səhvi etməməlidir.
– Əli bəy, ilk sualımızda partiyada seçki hazırlıqlarının yaxşı keçdiyini dediniz. Deyəsən namizədliyinizi verməkdə israrlısınız.
– Azərbaycan müxalifətinin bu hakimiyyəti yola salmaq üçün normal bir formatı formalaşacaqsa və o istiqamətdə ciddi bir layihə ortaya çıxacaqsa, təbii ki, o zaman öz namizədliyimdən imtina edə bilərəm. Ancaq kimlərsə hər hansı bir məqsəd üçün Azərbaycanın maraqlarından kənar oyun oynasalar, təbii ki, mən öz namizədliyimdə israrlı olacam və seçkilərə gedəcəm.
“Seçkidəki namizədimin “portretini” cızmışam”
– Uğrunda namizədliyinizi geri götürəcəyiniz kimdir?
– Mən bunun portretini cızmışam. O, qeyri-siyasi adam olmalıdır, Azərbaycanın ictimai rəyində nüfuza malik olmalıdır, bu hakimiyyətlə barışmaz mövqedə olmalıdır. Bu adamın bu hakimiyyətin formalaşmasında heç bir günahı və iştirakı olmamalıdır. Bu şərtlər daxilində o şəxsin də məqsədi bu hakimiyyəti dəyişmək olmalıdır.
– O adam realdır, yoxsa sadəcə görmək istədiyinizdir?
– Azərbaycan daxilində bu hakimiyyətdən kifayət qədər asılı olmayan xeyli sayda insan var.
– Deyəcəksiniz ki, “o mən özüməm”.
– Xeyir, mən özümü nəzərdə tutmurdum. Başqa adamlar da var. Amma özüm də ola bilərəm, niyə də yox?
TAHİRƏ
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...