Eldar Namazov: “İctimai-siyasi xadimlərdə kompleks formalaşıb” – MÜSAHİBƏ
“Şəxsi maraqlar son məqamda ümumi maraqları üstələyirdi”
Politoloq Eldar Namazovun Versus.Az-a müsahibəsi.
– Eldar müəllim, bu gün Azərbaycanın ictimai-siyasi mənzərəsində ilk baxışdan sakitlikdir. Dünyada və ölkə daxilində hakimiyyət və müxalifət düşərgəsində cərəyan edən bir-birini ittihamlamaları nəzərə alsaq, mövcud siyasi səssizliyin alt qatında nələrin baş verdiyini söyləyə bilərsiniz?
“Bu, dünyada neft bazarını tamamilə məhv edəcək”
– Azərbaycanda uzun illərdir ki, dərin və etibarlı sosioloji sorğular keçirilmir. Hər kəs öz subyektiv baxışlarını ortaya qoyur. Mənim gəldiyim nəticə ondan ibarətdir ki, aprel döyüşlərindən sonra Qarabağ münaqişəsi, işğal olunmuş torpaqların azad olunması ilə bağlı yeni bir mərhələ başlayib. İstər diplomatik cəbhədə, istərsə də ordunun güclənməsində. Bu proses ağır getsə də, artıq beynəlxalq ekspertlər aprel döyüşlərini bir fakt kimi qəbul edir.
Bununla yanaşı Azərbaycana yaxın bölgələrdə silahlı münaqişələr baş verir. Suriyada münaqişələr başa çatsa da, ABŞ və Qərb ekspertlərinin rəylərinə görə növbəti hədəf İran olacaq. Bu təhlükəli qarşıdurmaların sərhəddimizə qədər gəlməsi Azərbayan üçün böyük bir təhlükədir. Bu gün Ukraynada vəziyyət gərgindir, qərb və rus ekspertləri orada müharibənin qaçılmaz olduğunu tez-tez önə çəkirlər.
Göründüyü kimi, ətrafımızda kifayət qədər mürəkkəb bir vəziyyət höküm sürür. Həm Azərbaycan torpaqlarının işğaldan azad olunması, həm sərhədə yaxın ölkələr arasında silahlı toqquşmaların baş alıb getməsi və sair. Bu durum təbii olaraq Azərbaycan üçün yeni bir gündəlik formalaşdırır. Bu gündəlikdə ölkənin təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqların azad olunması prioritetdir. Cəmiyyətin özündə daha çox narahatlıqla qarşılanan məsələlər isə sosial-iqtisadi durumla bağlıdır. Beynəlxalq Bankın başına gələn son əhvalatdan sonra Azərbaycanın maliyyə sektoru çox ciddi zərbələr aldı. Ölkə neftinin qiymətinin aşağı düşməsi buna öz təsirini göstərir. Dünyada neft bazarına təsir edən aparıcı ölkələr yaxın gələcəkdə – 2030-cu illərdə artıq benzin yox, elektrik enerjisinin üzərində qurulan avtomobillərin istehsalını düşünürlər. Əgər bu proses baş versə bu, dünyada neft bazarını tamamilə məhv edəcək. Bu baxımdan sizin də dediyiniz o sabit görünən mənzərənin arxasında təhlükəsizlik məsələləri, konfliktlər, işğal olunmuş ərazilərin azad olunması, o cümlədən cəmiyyəti narahat edən sosial-iqtisadi durum dayanıb. Cəmiyyətin böyük kəsimini sosial-iqtisadi durumdan necə çıxacağı daha çox düşündürür.
Son illər siyasi düşərgədə müəyyən durğunluq hiss olunur. Güman edirəm ki, hələlik cəmiyyətin diqqəti bu məsələlərə yox, təhlükəsizlik, Qarabağ, sosial-iqtisadi məsələlərə yönəlib.
“3-4 adamın birliyinin həlledici rol oynayacağını güman etmirəm”
– Eldar Müəllim, son vaxtlar tez-tez rast gəlinən bir məqam var. Artıq Azərbaycanı xarici əks təsirlərdən, daxili gərginlikdən yalnız vaxtilə hakimiyyətdə olan siyasilərin bir araya gələrək vahid birlik yaradıb xalqı arxasınca aparmaqla xilas olmağın mümkünlüyü söylənir. Bu sırada sizin, Lalə Şövkət, Rəsul Quliyev, Ayaz Mütəllibov, Etibar Məmmədov və Mirmahmud Mirəlioğlunun adı çəkilir.
– Bu gün danışdığımız problemlər – silahlı toqquşmalar, sərhədlərimizə doğru gələn gepolitik konfliktlər, işğal altında olan torpaqların azad olunması, eləcə də neftdən asılı olmayan yeni bir iqtisadi modelin qurulması və sair bu kimi məsələlər – o qədər böyük və çətindir ki, 3-4 adamın birliyinin həlledici rol oynayacağını güman etmirəm. Bütövlükdə mən bizim cəmiyyətin potensialını yüksək qiymətləndirirəm. Azərbaycan xalqı həmişə daxili potensilına görə heç bir ölkə və xalqdan geri qalmayıb. O cümlədən də dövlət işində təcrübəsi olan kifayət qədər insanlarımız var. Eyni zamanda hakimiyyətin və vətəndaş cəmiyyətlərinin birgə səyləri lazımdır ki, bu ağır vəziyyətdən çıxış yolunu tapaq və reallaşdıraq. Bu problemlər hamının səylərinin birləşdirilməsini tələb edir. Yeni bir siyasi model yaradılmalı və təcrübələrdən istifadə olunmalıdır.
– Ümumiyyətlə siyasi təcrübəsi, ziyalılığı, potensialı olan şəxslərin bir araya gələrək yeni bir “xilas modeli” hazırlanması ilə bağlı sizin də bir təşəbbüslə çıxış etmək istəyiniz oldumu?
– Mən sizə səmimi deyim ki, bu haqda düşünməmişəm. Əvvəlki illərdə bir çox birliklərin yaranması ilə bağlı təşəbbüsləri müdafiə edib, köməklik göstərmişəm. Amma sonradan həmin təşəbbüslər tənəzzülə uğrayıb. Ona görə də cəmiyyətdə hansısa bir birliyin, vətəndaş cəmiyyətləri ilə hakimiyyət arasında dialoqun yaranma arzusu həmişə olub və hamı bunu çıxışlarında ifadə edib. Bunu reallaşdırmaq üçün çoxlu sayda insanlar çalışıblar. O cümlədən mən də hansısa bir mərhələdə bu prosesə dəstək vermişəm. Ancaq təəssüflər olsun ki, bu günə kimi belə gözəl ideyaların reallaşması mümkün olmayıb. Ona görə ki, bu, təkcə 5-6 adamın istəyindən asılı deyil. Bunun üçün bir tərəfdə cəmiyyətin sosial sifarişi, digər tərəfdə hakimiyyətin vətəndaş cəmiyyətinin birgə addımları olmalıdır. Mən çox istədim ki, belə bir birlik olsun. Çünki bayaq da sadaladığımız problemlər hamımız üçün – dövlət, cəmiyyət üçün təhlükədir. Sizin qaldırdığınız məsələlər həqiqətən də çox vacibdir.
– Bu gün sizin də qeyd etdiyiniz “qüvvələrin bir araya gələ bilməməsi bəlkə də ölkənin ən qlobal problemidir” desək yəqin ki, yanılmarıq. Nəyə görə mümkün deyil?
– Təbii ki, müxtəlif mərhələlərdə bu ideyaları irəl sürənlər olub. Çünki sadaladığımız problemləri hər bir Azərbaycan vətəndaşı hiss edir, görür. Ona görə də bu, hər zaman aktuallığını saxlayır. Amma siz dediyiniz bu amili nəzərə alaraq bir çoxları bu təşəbbüsdə bulunmaqdan vaz keçiblər. Ona görə ki, əvvəlki dövrlərdə ideyaları reallaşdırmaq üçün çoxlu sayda təşəbbüslər olmuşdu. Müəyyən bir uğurlu addımlar da atılmışdı. Ancaq onların hamısının aqbəti eyni oldu. Şəxsi maraqlar və hansısa qrup maraqları son məqamda ümumi maraqları üstələyirdi. Bu səbəbdən də bu ideyaları axıra çatdırmaq mümkün olmurdu. Bu təcrübəni nəzərə alaraq artıq belə təşəbbüslər son dövrlərdə görünmür.
“Bu haqda danışan adamlar da bunun nə qədər real olduğuna inanmırlar”
– Bu gün kifayət qədər təcrübəsi olan siyasilərin aktiv siyasi proseslərə qoşulması onlara mənasız və yorucu görünür deyə bilərikmi?
– Ona görə ki, insanlarda, daha çox ictimai-siyasi xadimlərdə bir kompleks formalaşıb. Düşünürlər ki, əgər bu münasibətlər 1-2 il yox, 15-20 il davam edirsə, xoşagəlməz nəticələrə gətirib çıxarırsa, artıq burada nəyisə dəyişmək çətindir. İctimai-siyasi xadimlərdə bu kompleksi hiss edirəm. Düzdür, müəyyən bir fikirlər, müzakirələr olur. Ancaq hiss olunur ki, bu haqda danışan adamlar da bunun nə qədər real olduğuna inanmırlar. Yaxud bunu hansı yollarla reallığa çevirmək haqqında dəqiq plan və strategiyaları yoxdur.
Mən o fikrə qayıdıram ki, bütün bu problemlərin bütün Azərbaycan vətəndaşlarına aidiyyatı var. Çıxış yolu 5-6 adamın birləşmək təşəbbüsündə yox, hakimiyətlə vətəndaş cəmiyyətləri arasında dialoqun və ciddi əməkdaşlığın başlanmasındadır. Burda fərdlərin üzərində qurulacaq bir prosesi uğurlu hesab eləmirəm. Yanaşma dəyişməlidir və hakimiyyətlə vətəndaş cəmiyətləri arasında ümummilli məsələlər ətrafında real əməkdaşlıq qurulmalıdır. Bu yolda uğurlar olacaq.
“Vəziyyət kifayət qədər təhlükəlidir”
– Yəqin ki, siz də müşahidə etmisiniz, son vaxtlar vaxtilə siyasi aktivliyi, liderliyi ilə gündəmdə olan, sonradan kənarda qalan siyasilər bu və ya digər şəkildə aktivləşdirilərək, müəyyən məsələlərlə bağlı təhlillərini irəli sürdülər. Ayaz Mütəllibovun, Rəhim Qazıyevin, Surət Hüseynovun, Etibar Məmmədovun adı yenə də müəyyən məsələlərlə bağlı hallandı. Sizcə yenidən baş verən “cücərmə”lər nə ilə bağlıdır, nə baş verir?
– Açığı son dövrdə daxildə gedən çəkişmələrlə o qədər də maraqlanmamışam. Ona görə də mənm üçün buna qiymət vermək çətindir. Mən gepolitik durum, Qarabağla bağlı müzakirələrdə iştirak edirəm. İştirak elədiyim beynəlxalq müzakirələrdə qoyulan məsələlər mətbuat üçün deyil. Yəni hər kəs öz təcrübəsinə uyğun olaraq fəaliyyət göstərir. Bundan çıxış edərək bildirirəm ki, vəziyyət kifayət qədər təhlükəlidir. Sadaladığım problemlər təcili kompleks tədbirlərin keçirilməsini tələb edir. Azərbaycanın gələcəyi bütün bu problemlərin həllindən asılıdır. Bunu həll etmək üçün isə dediyim kimi, bütün cəmiyyətin potensialını səfərbər etmək lazımdır.
“Azərbaycanın gələcəyi hansısa şəxsin seçkilərə qoşulub qoşulmayacağından asılı deyil”
– Bir çox siyasilər 2018-ci il seçkiləri ilə bağlı öz namizədlərinin adını çəkir və artıq bu istiqamətdə müəyyən işlərə başlanıb. Buna baxmayarq prezident seçkiləri nəyə görəsə müəmma ilə qarşılanır. Sizcə niyə?
– Tənqidi fikirlərə baxmayaraq, mənim əksər siyasi partiyaların rəhbərləri ilə yaxşı münasibətlərim var. Hamısına uğurlar arzu edirəm.
Mənim aləmimdə Azərbaycanın gələcəyi hansısa şəxsin seçkilərə qoşulub qoşulmayacağından asılı deyil. Azərbaycanın gələcəyi hakimiyyətlə cəmiyyət arasında yeni bir bəndlərin qurulmasından asılıdır. Əgər yeni bir münasibətlər qurularsa, Azərbaycanın potensialı səfərbər olunacaqsa, sizin dediyiniz məsələlər də onun içində öz həllini tapacaq. Bundan sonra kim istəsə seçkilərə qatılacaq və seçkilərin nəticəsi də şübhə altına alınmayacaq.
“…Dedim ki, cənab prezident, mənim vaxtım var?”
– Sizin seçkilərlə bağlı düşüncələriniz nədir, namizədiniz kimdir?
Bu sualınız bir əhvalatı yadıma saldı və bəlkə də dolayısı ilə suala aidiyyatı var. Söhbət hardasa 1995-ci ilin əvvəllərindən gedir.
… Artıq parlament seçkilərinə hazırlıqlar təzə-təzə başlayırdı. Bir dəfə rəhmətlik Heydər Əliyev məni yanına çağırdı. Mən köməkçi kimi daim onunla hansısa məsələlərlə bağlı görüşürdüm. Söhbətin sonunda Heydər Əliyev qəfil soruşdu ki, sən bu seçkilərlə bağlı nə fikirləşirsən. Mən dedim ki, cənab prezident, güman edirəm ki, seçkilər yaxşı keçməlidir. Ona görə ki, neft müqavilələri imzalandı, atəşkəs rejimi başlandı, stabillik yaranıb, cəmiyyət bunu görür, qiymətləndirir və 1995-ci il parlament seçkilərində mən hansısa bir problem gözləmirəm. Dedi yox, mən deyirəm sən özün nə fikirləşirsən. Yenə də başa düşmədim, dedim ki, cənab prezident, mən öz fikirlərimi söyləyirəm. Gördü ki, başa düşmürəm, dedi ki, əşşi mən bilmək istəyirəm ki, sən özün deputat olmaq istəyirsən? Açığı duruxdum. Bu fikir mənim ağlıma gəlməmişdi. Həqiqətən də prezidentin köməkçisi vəzifəsi fiziki baxımdan da çox ağır idi. Ona görə ki, Heydər Əliyevin iş rejimi çox mürəkkəb idi. Köməkçi ondan bir neçə saat əvvəl işə gələrdi və bir neçə saat sonra işdən gedərdi. Mən dedim ki, cənab prezident, mənim vaxtım var? Dedi ki, istəyirəm sən bu hada düşünəsən. İndi sözümü nəyə gətirdim, açığı seçkilərlə bağlı düçünməyə vaxtım yoxdur.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...