“Hörmətli baş nazir, baş nazirin müavinləri, vəzifədə mənim hesabıma oturmusunuz”
“Hər siyasətçi bunları deyə bilmir, qorxur”
Müasi Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Etatist.com-a müsahibəsi.
– Hafiz müəllim, bilirsiniz ki, ölkəmizdə prezident seçkiləri yaxınlaşır. 2018-ci ilin prezident seçkilərindən gözləntiləriniz nədir?
– Açığı, mən deyim ki, hal-hazırda Azərbaycanda başlanan bu proseslər bizi çox məyus edir. Azərbaycana dünya dövlətləri, Avropa Şurası, ABŞ tərəfindən olan təzyiqlər bizi narahat edir, dövlətçiliyi müdafiə edən bir partiya kimi üzür. Növbəti prezident seçkilərində iştirak edən namizəd kimi, gələcək prezident kimi şəxsən məni narahat edir. Avropanın, Qərbin bu basqılarını Azərbaycanda canla-başla yerinə yetirən xüsusi qruplar var. O qruplar Azərbaycana çox böyük zərbələr vururlar. İkinci narahat edən məsələ odur ki, Azərbaycan hakimiyyəti daxilində dövlət başçısına Qərbdən, Avropadan daha çox zərbə vuran məmur təbəqəsi yetişib. Bu, ən qorxulu, ən böyük prosesdir. Mən əminəm ki, mənim bu fikirlərimə, bugünkü prezident, mənim əziz qardaşım İlham Əliyev də şərik olar. Azərbayacan hakimiyyəti daxilindəki həmin hökumətdən – qocalar evindən söhbət gedir. Onlar dövlət başcısına heç bir kömək etmirlər, edə bilmirlər. Başları kiflənib, qocalıb, ağıllarını itiriblər. Məsəl var, deyirlər ki, insan qocalanda ağlını itirir. Bunlar Azərbaycan dövlətçiliyinə ciddi zərbə vururlar. Dövlət başçısını təkləyib dalana dirəyiblər. Hər siyasətçi bunları deyə bilmir, qorxur. Amma biz dövləti sevən insan kimi, dövlətçiliyi qoruyan insan kimi müstəqilliyin Azərbaycanda bərpa olmasında xidmətləri olan partiya sədri kimi bunları deməyə borcluyam. Düzdür, bu mənim üçün ağrıdıcıdır, üzücüdür, mənə həmişə baş ağrıları gətirir.
Məni sıxırlar ki, sən niyə bu nöqsanları deyirsən. “Milət necə tarac olur olsun” prinsipi ilə işləyirlər. İndi bilirsiniz, Avropa Şurası Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsini qaldırıb. ABŞ Azərbaycanı insan haqlarının, demokratiyanın dırnaqarası pozulmasında gunahlandırıb Azərbaycan hökumətinə, bəzi məmurlara, ölkə başçısına sanksiyalar tətbiq etmək istəyir. Azərbaycanı müəyyən layihələrdən uzaqlaşdırırlar. İstəyirlər ki, həmin layihələrin dondurulmasını təmin etsinlər.
Bunları kim edir, niyə edir, maraqlıdır. Bunları Azərbaycan hökuməti içindəki “qocalar evi” edir. Bunlar Azərbaycanı talayıblar, dağıdıblar, talan ediblər. Prezidentin xəbəri olmadan milyardları xaricə köçürüblər. Siz gördünüz, bu günlərdə 3 milyard məsələsi açıldı, həmin 3 milyard məsələsində kimlərin adı çəkildi, Yaqub Eyyubovun adı çəkildi, onun övladlarının adı çəkildi, Aztelekom şirkətinin adı çəkildi. Sual olunur bəs niyə prezidenti hədəfə alırlar? Axı prezidentin adı yoxdur burada. Ölkə baş prokuroru zəiflik göstərir bu məsələlərdə. Sən Yaqqub Eyyubov haqda cinayət işi qaldır, qoy dünya da bilsin ki, o, canidir, rüşvətxordur. Nəyə görə prezidentin adı hallanmalıdır burada? Ona görə də bütün məmurlar milyardlar yığıblar, xaricə köçürüblər. Hamsının övladı xaricdədir, əksəriyyəti arvadından boşanıb ki, sabah boşananda var-dövləti əlindən alınanda bir qismi qalsın bu tərəfdə. Ona görə də bu gün, Azərbaycanda prezident seçkisi ilində ağır fəsadlar yaranıb.
Burada nə olur? Azərbaycanın müxalif qüvvələri (mən də müxalifətəm – konstitusion müxalifət) Azərbaycanın digər qüvvələrinə pas veriblər və bu qüvvələr meydanlarda ancaq bir nəfərin adını çəkirlər. Niyə məhz bir nəfərin? Məgər bir adamın adı keçməlidir? Xeyr. Prezidentin adı bu 3 milyard hadisəsində keçmir, adları çəkilməli olanlar qalıb qıraqda, ancaq prezidentin adı çəkilir. Bunu edən kimlərdir? Azərbaycan hökumətinin içində olan qocalmış, başı kiflənmiş, ailələrinin ermənilərlə qohumluğu olan insanlardır. Bunlar nə etmək istəyirlər? Bunlar deyirlər ki, necə edək ki, baş qarışsın, ara qarışsın, dəftər itsin, bunların oğurladığı pullar, xaricdəki malikanələri, övladlarının Azərbaycandan oğurladığı milyardlıq sərvət yaddan çıxsın, prezidentin başı Azərbaycanda sabitliyi qorumağa qarışsın. Ona görə də mən çox narahatam – dövlətimi sevən, prezidentimi sevən bir insan kimi.
Nə olar müxalifətçi olanda. Adamın vicdanı olar, millətə, dövlətə bağlılığı olar. Mən istərdim ki, millətini, dövlətinin müstəqilliyini sevən insanlar bu məsələdə birlikdə olsunlar. Bunlara da imkan vermirlər.
“Şəhid ailəsinə deyir ki, “siz nə qədər həyasız adamsınız, iti qapıdan bir dəfə qovarlar””
Xarici dövlətlərin böyük maliyyəsi Azərcaycanda dövlət çevrilişini artıq hazırlayıb. Məsələn, Aslan İsmayılov deyir ki, Soros məni Azərbaycanda prezident etmək istəyir və Azərbaycan məmurlarını vurub darmadağın edir. Azərbaycan hökumətinin üzvlərini korrupsiyada, rüşvətdə, digər məsələlərin hamsında biabır edir. Niyə? – Qoy millətin gözündə bu hökumət, bu dövlət düşsün və sabah çağırış edəndə yüzminlərlə insan meydanlara axışsın. Məsələn, götürün Milli Şuranın bu yaxınlarda keçirilən mitinqini. Və yaxud da ki, bu ayın 7-də keçiriləcək mitinqi. Məsələn, bu gün hakimiyyətdə olan bəzi adamlar müxalifətdə olan qüvvələrə deyirlər ki, siz başlayın, nə edirsiniz edin, elə edək ki, prezidentdən canımız qurtarsın. Məslən bu gün Nizami rayonunda Arif Qasımov şəhid ailəsinə deyir ki, “siz nə qədər həyasız adamsınız, iti qapıdan bir dəfə qovarlar”. Görün bu adam nə qədər mənəviyyatsız adamdır. Amma prezident nə edir, şəhid ailəsinin ayağına gedir, ona ailəsinə qucaq açır. Mehriban xanım nə edir? Şəhid ailəsinin evinə gedir ona yardım edir, kömək edir.
Bunlar prezidentə olan xəyanətlərdir və seçki ilində xalqı narazı salmaq, dövlət başçısından incik salmaq, Azərbaycanda özbaşınalıq olduğunu göstərməyə çalışmaqdır. Bax, bu çox narahatedici məqamdır. Ona görə də mən çox narahatam. Kaş iki il sonra olaydı seçkilər. Amma qapımızı kəsdirib artıq. Nə qalıb ki, bir ildən az vaxt qalıb…
– Başa düşdüyüm qədəriylə 2018-ci ildə prezidentliyə namizədliyinizi verəcəksiniz…
– Bəli, heç şübhəsiz. Hafiz Hacıyev Azərbaycanda növbəti prezident seçkilərində iştirak edəcək. Mən əminəm ki, ya mən, ya da qardaşım – ikimizdən birimiz qalib gələcəyik.
– Prezident seçkilərində özünüzə əsas rəqib olaraq kimi görürsünüz?
– Görə bilmirəm, mən istərdim ki, Azərbaycanda mənə qarşı güclü rəqib olsun, ədalətli, demokratik seçki keçirilsin. TV-də bizə geniş yer verilsin, xalqla təmas imkanları yaradılsın. Onda Azərbaycan xalqı kimə səs verməli olduğunu gözəl biləcək. Məsələn mənə “facebook” səhifəmə gündə yüzlərlə, minlərlə müraciət gəlir ki, biz səni müdafiə edirik. Amma şərait varmı ki, onlar çıxıb məni müdafiə etsinlər. Ona görə də mən istərdim ki, güclü rəqibim olsun. Həmişə güclü insanlar özünə güclü rəqib axtarır. Mən zəif rəqib istəmirəm. Rəqibim güclü olanda mən də güclü oluram.
“Hafiz Hacıyevin apardığı mübarizə, dövlətçilik, millət mübarizəsidir”
– Prezident İlham Əliyevi özünüzə rəqib görürsünüz?
– Yox, o məni qardaşımdır. Biz iki qardaşıq. İki qardaşın biri olmalıdır hakimiyyətdə. İndi hər halda qardaşım yorulubsa, 5-7 il dincələ bilər. Onun qardaşı Hafiz Hacıyev hakimiyyətə gələr. Və bizim dədəmiz Heydər Əliyevə xəyanət edənləri asdırardım, oğurladıqları miyardları qusdurardım. 5 ildən sonra deyərdim ki, qardaş indi mən yorulmuşam, sən gəl. Burada nə var ki? Dövlətçilik naminə bunları etmək olar. Dünya praktikasında belə hallar var. İndi neyləmək olar ki, ətrafda olan naxələf qüvvələr yalandan özlərini prezidentə sadiq kimi göstərirlər. Dəfələrlə sübut etmişik. Bu gün də Arif Qaraşovun, indiki baş nazirin müavini Əli Həsənovun simasında görürük ki, prezidentə xəyanət edirlər. YAP-ın Yasamal üzrə sədri 200 milyon pul mənimsəyib. Yaxud YAP-ın Nəzarət Təftiş Komissiyasının sədrinə cinayət işi açıldı. Nəzarət Təftiş Kommisiyası partiyada ali orqandır. Partiyada Qurultay, Siyasi Şura, NTK ali orqanlardır. NTK xəyanət edirsə, partiya tam tərkibdə istefaya getməlidir. Bunun başında duran insanlar hakimiyyəti asta-asta, xımır-xımır sümürürlər. Xalq bunu görür, deyir dəvə başını pambığa soxub arxasından xəbəri yoxdur.
Hafiz Hacıyevin apardığı mübarizə, dövlətçilik, millət mübarizəsidir. Ona görə də YAP-dan bir neçə görkəmli insan Müasir Müsavat Partiyasına ərizə yazıb daxil oldular, rəsmi şəkildə YAP-dan imtina etdilər ki, biz o partiyada öz prezidentimizi qoruya bilmirik.
“Bizim prezidentimiz xalqımızın prezidentidir, YAP-ın 5-6 quldurunun nümayəndəsi deyil”
– Növbəti illərdə Müasir Müsavat Partiyası ilə YAP-ın birlikdə hər hansı seçkidə iştirakı gözlənilir?
– Xeyr. Biz müxalif partiyayıq. Biz YAP-ın bu cinayətlərinə şərik ola bilmərik. Bizim prezidentimiz YAP-ın 5-6 quldurunun nümayəndəsi deyil, Azərbaycan xalqının nümayəndəsidir. Mən Əli Əhmədovun Yasamal rayonunda YAP-a sədr təyin etdiyi Tağı Əhmədovla gora gedə bilmərəm. Səhər siz gənclər məni söyərsiniz, qəbrimi odlayarsınız. Yaxud digər rüşvətxor məmurlarla – məsələn, baş nazirin müavini Əli Həsənovun cinayətlərinə şərik ola bilmərəm. 15 ildir hakimiyyətin qorunması üçün canımı, gəncliyimi vermişəm, həyatımı vermişəm, həyat nədir bilməmişəm. Bu gün ac-yalavac, pis vəziyyətdə yaşayırıq. Niyə mən dövlətçiliyi müdafiə etdiyim, dədəmiz Heydər Əliyevin Moskvadan Azərbaycana gəlməsində birinci dərəcəli rol oynadığım halda Heydər Əliyevə qaniçən deyən Əli Həsənov bu gün baş nazirin müavini olmalıdır, mənsə ac qalmalıyam?.. Bunu kim bağışlayar mənə? Biz mübarizəmizi axıra qədər davam etdirəcəyik. Bir neçə gün öncə qərarlar qəbul etmişik. Biz mitinqlərdə videolar çəkəcəyik, gənclərin beyninə axıdacağıq bu fikirləri.
İndi Gədəbəy kartofu ucuzdur. Müavinlərim göstərər, bir kisə alıb qoymuşuq qərargaha. Çətinlikdir, dözərik. Biz xoş yaşamamağa öyrəşmişik.
– Sizcə ölkədə gənclər sektorunun vəziyyəti necədir?
– Çox pis. Məndə olan məlumata görə 4 min gənc təhsil haqqı ödəyə bilməyib. Gənclər təhsil haqqı ödəyib təhsil ala bilmirsə bu, gəncliyin məhvidir. Azərbaycan gəncliyi də öz taleyinə biganədir. İnsan öz taleyinə sahib olmalıdır. Siz öz taleyinizə, öz gələcəyinizə sahib çıxmırsınızsa biz nə edə bilərik? Biz bütün günü mübarizə aparırıq.
“Məni də nə qədər öldürməyiblər, nə qədər terror etməyiblər, xalqım naminə həqiqəti deyəcəm”
Gəncliyimizi məhv ediblər, gənclik indi-indi milli ruha qayıdır. Gənclik görür ki, xalqa, dövlətə xəyanət edənlərin övladları milyardlıq maşınlar sürürlər, xaricdə eyş-işrət içində yaşayır, xüsusi katerlərdə xanımlarla dincəlirlər. Axı gənclik qısqanır. Gəlin, mən sizdən soruşdum. Hansı məmurun gənc balası hərbi xidmətə gedib? Niyə mənim iki əmim oğlu milli qəhrəmandır, şəhid olub? Gənclik deyir ki, necə olur ki, Əli Həsənovun nəvəsinin 5 milyonluq maşın kolleksiyası var? 21 yaşlı gənc 5 milyonu hardan tapır? Sənin niyə yoxdur 5 milyonun, heç 5 manatın yoxdur, metro ilə gedib-gəlirsən.
Gənclərin arasında böyük ruh yüksəkliyi var, bu gün bir qrup gənclə görüş keçirmişəm. Deyirlər ki, Hafiz müəllim, biz sizin yanınızdayıq, çünki siz həqiqəti deyirsiniz. Məni də nə qədər öldürməyiblər, nə qədər terror etməyiblər, xalqım naminə həqiqəti deyəcəm. Mən gəncliklə işləmişəm, Komsomol dövründə katib işləmişəm. Millət də bizim qədrimizi bilməlidir.
“Mitinqlər təşkil edəcəyik”
– Sizə qarşı təzyiq göstərirlər?
– Bəli, teror edirlər mənə qarşı. Məsələn “Kanal 13″də müsahibəm yayımlanmışdı. Orda da demişəm, indiki hakimiyyətdə olan bir qrup adam istəyir ki, mənim ağzımı yumsun. Soruşurlar ki, sən niyə qardaşın İlham Əliyevi müdafiə edirsən? Yaxşı, onlar oturub orda milyardlar yığır, Hafiz Hacıyev acqarına bütün günü ideoloji mübarizə aparır. Bu mübarizəni Müasir Müsavat Partiyası aparır.
Azərbaycanda iki fikir yaranıb: xalqı meydana, üsyana səsləyən və xalqı meydanlardan geri çağıran. O mənada deyirəm ki, Azərbaycan gəncliyi öz atasına, anasına, gələcək balasına sahib çıxmalıdır. Çəkinməyin, qorxmayın, haqq nazilər, üzülməz. Bu vətən, bu dövlət sizindir. Azərbaycan gəncliyinə tövsiyəm budur ki, bizim qədrimizi bilsinlər. Bizim arxamızca gəlsin. Hafiz Hacıyev təkbaşına nəsə edə bilməz. Amma Hafiz Hacıyevin ətrafında 97 min partiya üzvü var, onun 18 mini gəncdir. O gənclərlə biz hər gün mütəmadi olaraq əlaqə saxlayırıq.
Azərbaycan gəncliyi öz torpağına, öz millətinə sahib olmalıdır. Mənim sizdən xahişim budur. Hamımız qonağıq bu dünyada, gəldi-gedərik. Amma torpaq, vətən bizim üçün müqəddəsdir. Torpaqlarımızın 20 faizi işğal olunub. Bir məmurun balası gedib vuruşubmu? Abid Şərifovun uşaqları vuruşbmu, Artur Rasi-zadənin övladları vuruşubmu, baş nazirin müavinlərinin uşaqları vuruşubmu? Bəlkə Eyyub Yaqubovun uşaqları vuruşub? Xaricdə səfərdədir, niyə, hansı xidmətinə görə? Rüşvət çox aldığına görəmi, Azərbaycanı dağıtdığına görəmi?
Digər nazir Səlim Müslümovu götürək. Azərbaycanın qocalarının pulunu oğurlayıb özünə 5 mərtəbəli villa tikib. Gedin baxın, jurnalistsiniz. Mehman Hüseynovu oranı çəkdiyinə görə tutdular. Bəs Səlim Müslümovu niyə tutmurlar? Niyə soruşmurlar ki, 1707 manat maaşla 5 mərtəbəli villanı necə tikirsən? 150 minlik lifti hardan alırsan? Onun Ağsuda olan milyardlıq malikanələri, villaları?.. Bunu gənclik tələb etməlidir. Biz bunu tələb etməsək, Azərbaycan xalqı, Azərbaycan gəncliyi, övladlarımız gələcəkdə bizi söyəcək, təhqir edəcək, gorumuza tüpürəcək.
Heç bir şeydən çəkinmədən, xalqın önündə getmək lazımdır. Bu səbəbə görə də biz mitinqlər təşkil edəcəyik. Artıq mitinq komitəsi yaradılıb.
Azərbaycan xalqının yiyəsi var, onlardan biri də Hafiz Hacıyevdir. Onu da terrorla, ölümlə hədələyirlər. Əgər qeyrətləri, kişilikləri çatırsa, mən meydanlardayam, gəlsinlər, öldürsünlər. Mənim məqsədim milləti ağ günə çıxartmaqdır. Mənim məqsədim dövlətçiliyi qorumaqdır, əziz qardaşım prezidenti hökumət üzvlərinin xəyanətindən qorumaqdır.
– Partiyada seçkilərdən əvvəl, ya seçkilərdən sonra qurultay olacaqmı? Partiyadaxili seçkilər olacaqmı?
– Bilirsiz necədir? Bir neçə gün əvvəl bizim Siyasi Şuranın böyük bir iclası olub. Mediaya açıq iclas oldu, canlı yayımda göstərdik. Heç nə qapalı olmadı, orada jurnalistlər iştirak etdi. Bizim nizamnamədə qurultaylararası dövrdə qərarverici orqan Siyasi Şuradır. Siyasi Şura da öz qərarını verdi, mitinq komissiyasi yaradıldı, artıq onun üzvləri də məlumdur. Partiyamıza güclü axın var. Özünüz baxın mənim facebook səhifəmə, görün gün ərzində neçə adam bizə müraciət edir.
“Rəhmətlik Elçibəy, Rəsulzadə, Heydər Əliyev bizə nə tövsiyə edib?”
– Daha çox hansı yaş kateqoriyasında olan insanlar sizə müraciət edirlər?
– Gənc nəsil də var, orta yaşlı da var, yaşlı nəsil də var. Millət bu gün mənə inanır. Mən haqqı, ədaləti, həqiqəti dediyimə görə… Mən özüm üçün mübarizə aparmıram, özüm üçün mübarizə aparsaydım, mənim də başqaları kimi villalarım olardı, başqa partiya sədrləri kimi qərargahlarım olardı. Biz kirayədə qalırıq, qərargahımız da yoxdur. Amma mən prezidentin qardaşıyam. Ölkə prezidentinin qardaşı görün nə vəziyyətdə yaşayır. Görürsünüz də mənim yaşayışım budur. Amma biz bunlara göz yummuşuq ki, dövlətçiliyimiz yaşasın, prezidentimiz bu işlərdə xalqı ilə birlikdə olsun. Eybi yox, mən ac-suzuz olsam da, müavinlərim əziyyət çəksə də biz bu millətin önündə gedək. Bizim yüksək nüfuzumuz var, bu nüfuzdan istifadə edərək Azərbaycanda dövlətçiliyin qorunmasında müstəsna rolumuz olsun. Rəhmətlik Elçibəy, Rəsulzadə, Heydər Əliyev bizə nə tövsiyə edib? Dövlətçiliyi qorumaq, fərdlər müvəqqətidir. Azərbaycanın müstəqilliyini qoruyub saxlasaq bu, bizim üçün böyük qənimətdir. Amma bu müstəqilliyi qorumaq bizim üçün müşkül məsələyə çevrilib.
– Hafiz müəllim, özünüzü Məhəmməd Əmin Rəsulzadə yolunun davamçısı kimi görürsünüzmü?
– Ömrümün ən gənc çağlarında da siyasi mübarizəmi aparmışam. Mən Komsomol katibi olanda bir dəfə Elçibəylə görüşdən sonra komsomol biletlərini aparıb Kəlbəcərdə, Tərtər çayına tökdürdüm. Komsomolun mərkəzi komitəsində çox ciddi tənqidlərə məruz qaldım. Mən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmasını, Azərbaycan gəncliyinin müstəqil dünyaya çıxışının olmasını həmişə arzulamışam. Əlbəttə ki, Rəsulzadə də, Elçibəy də, Heydər Əliyev də bizə bu yolu məsləhət görüb. Biz bu yolu getməliyik. Gəlin bu yolu, sağlam şəkildə, əqidəylə gedək, qabiliyyətimizi ortaya qoyaq. Yoxsa bir-birimizə lağ etməklə, biri-birimizi incitməklə nəyəsə nail olmaq olmaz.
Bizdə bir fikir formalaşır, kim səhv edir, deyirik ki, ermənilərə xidmət edir. 15-20 gün sonra Azərbaycanda vəziyyət daha çox qarışıq olacaq. Bu, bizim səhvimizdir. Həmin “qocalar evidir” günahkar. Kommunist Partiyası, Sovet İttifaqı niyə dağıldı? Rüşvətə, yalana, ədalətsizliyə, bərabərsizliyə görə. İndi Azərbaycan hökumətini niyə dağıdırlar? Bu gün rüşvət alan kimdir? Yeni Azərbaycan Partiyasının üzvü. Vəzifədə olan kimdir, YAP-ın üzvü. Bunlar kommunist dövründə yaşayan insanlardır. Artur Rasi-zadə Sovet dövründə də baş nazirin müavini idi. İndi də baş nazirdir. Əvvəllər Kommunist Partiyasıın üzvü idi. Yaqqub Eyyubov, Abid Şərifov, Elçin Əfəndiyev də – hamısı Sovet dönəmindən qalma, başı kiflənmiş adamlardır. Bunlarda yenilik yoxdur.
“Demokratik bir partiya sədri tapmısınız, Siyasi Şuranın da iclası mətbuata açıq keçirilir”
Ona görə də mənim apardığım mübarizədə ana xəttlər var. Ona görə də mənim xəttimi anlayan mediaya həmişə minnətdar olmuşam. Rəhmətlik Elçibəyin bir sözü vardı: demokratik bir rəhbər tapmısınız, sağdan da döşəyirsiniz, soldan da… İndi də demokratik bir partiya sədri tapmısınız, Siyasi Şuranın da iclası mətbuata açıq keçirilir, idarə heyətinin iclasında jurnalistlər olur. Amma bəzi jurnalistlər bizi söyür, təhqir edir ki, hökumətə xidmət edən adamları tənqid edirsiniz. Nəylə xidmət ediblər hökumətə? Biz geyinməyə corab tapmırıq, ayaqqabımızı corabsız geyirik. Hörmətli baş nazir, baş nazirin müavinləri vəzifədə mənim hesabıma oturmusunuz. 2003-cü ildə meydanlara axışıb hamınızı içəri dolduracaqdılar, Hafiz Hacıyev sizə kömək etdi, bu hökuməti qurdu. Amma bu gün Hafiz Hacıyevin qədrini bilmirsiniz, ona görə ki, pullanmısınız. İndi burnunuzdan tökəcəyik, lap belə ağıllı şəkildə, lazım gəlsə Azərbaycanda hökumətin radikal qüvvələri ilə birlikdə olacağıq. Siyasətdə əbədi dost yoxdur, əbədi maraq var. Maraqlarımız üst-üstə düşəndə birgə olacağıq.
“Səlim Müslümovun 5 mərtəbəli villasını qocalar üçün ayıracağıq”
– Hafiz bəy, onda belə çıxır ki, 2003-cü ildə etirazların yatırılmasında sizin də əməyiniz var?
– Bəli, 2003-cü ildə Hafiz Hacıyev olmasaydı bunlar nə edərdi? 2003-cü ildə Hafiz Hacıyevsiz çörək yeməyən məmurlar indi hardadır? 2003-cü ildə mən olmasaydım, deyirdilər ki, biz gedək, 5-10 ildən sonra gələk. Mənsə dedim ki, mən gedəcəm, siz də arxamca gəlin. Həmin insanlardır indi hökumətdə, onların balaları eyş-işrət içində yaşayır, mənsə aclıq içində yaşayıram. Mən çadır almışam. Dünyaya göstərəcəm ki, mən prezidentin qardaşı ola-ola çadırda yaşayıram. Həmin çadırda jurnalistlərə müsahibə verəcəm. İndiki hökumət üzvləri vaxt var idi, ayağımın suyunu içməyə hazır idilər. Niyə Abid Şərifovun, Elçin Əfəndiyevin milyardları var? Əli Əhmədov Etibar Məmədovun yanında olanda, Heydər Əliyevi söyəndə mən onun qarşısını alırdım, amma indi Gəncənin sol tərəfi onun şadlıq evləri ilə doludur. Hafiz Hacıyev hakimiyyətə gələndə o pullar qaytarılacaq. Azərbaycan xalqının fondu yaradıcılaq. Qəddafiyə, Səddama, Hüsnü Mübarəkə qalmayan Abid Şərifovlara da, Elçin Əfəndiyevlərə də Yaqqub Eyyubovlara da, Səlim Müslümovlara da qalmayacaq. Səlim Müslümovun 5 mərtəbəli villasını qocalar üçün ayıracağıq, heç olmasa gündə bir dəfə orada onlara yemək verəcəyik. Xeyir ola, sən ye, mən də səni müdafiə edim, harda yazılıb bu? Varsa deyin o kitabı, mən də oxuyum. Hafiz Hacıyev mübarizəyə başlayıb, gəlsin dursun qarşımda.
– Son günlər dünyada referendumlar tendensiyası var. Kürdüstan da refendum keçirib öz müstəqilliyini elan etmək istəyir. Bu, Azərbaycan üçün təhlükə hesab oluna bilərmi?
– Təbii, Azərbaycanda bəzi yaltaq məmurlar – məsələn, onlardan biri Laçın icra başçısının müavini dedi ki, mən kürdləri müdafiə edirəm. Kimlərinsə xətrinə müdafiə edir. Mənim kürd dostlarım var, hörmət etdiyim insanlar var, o onların daxili məsələsidir. Amma Kürdüstanın yaranması regionda təhlükədir. Amerikanın Türkiyəyə qarşı qoyduğu bir kartdır. İstəyirlər ki, bu yolla Türkiyəni çökdürsünlər. Bizə canı yanmır onun. Yanırsa gəlsin Qarabağı alıb versin bizə, gedim axşama qədər onun ayağı altında ilan kimi sürünüm. Bu gün kürd dövlətinin yaranması Azərbaycanda parçalanmaya səbəb olacaq. Bizdəki bəzi yaltaqlar bəzi nüfuzlu şəxslərin yanına yüyürüb kürd dövlətinin yaranmasını müdafiə edirlər. Həmin kürd dövləti yaransa bizim qonşu Türkiyəyə qarşı bir silah olacaq. Həmin dövlət yaransa İrana basqılar olacaq, ordakı basqlar da Azərbaycana təsir edəcək. Kifayət qədər dərdimiz var, Qarabağ dərdi. 23 ildir ki, Elmar Məmmədyarova Azərbaycan dilini öyrədə bilmədik. Heç bilmir ki, Qarabağ harada yerləşir. O, Dağlıq Qarabağı azad edəcəkmi? Xeyr! Bunlar hamısı düşündürücü məsələlərdir. Biz yetişmiş siyasətçilərik. Həyatımın 30 ilini siyasətə qurban vermişəm. Mən nəzir qutularından pul yığıb siyasi fəaliyyətlə məşğul olmuram. Mən Sorosdan pul alıb Azərbaycana xəyanət edən siyasətçilərdən deyiləm, gündüz müxalifət gecə iqtidar olan partiya sədrlərindən deyiləm. Mən millətini sevən qatı millətçiyəm. Mən əsl türkəm, dədəm, babam əsl türkdür. Azərbaycanın müstəqilliyi mənim balamdan, həyatımdan əzizdir. O müstəqilliyi qorumaq üçün özümü odun suyun içinə atmışam. Əgər o müstəqilliyə mənim balam zərər vursa, onun da başını kəsməyə hazıram. Biz çox vaxt müstəqilliyimizi itirmişik. Bolşeviklər gəliblər, elə indi də hakimiyyətimiz bolşeviklərdən ibarətdir. Mənim qardaşım bunlarla bacarmır. Mən də deyirəm ki, beşcə il ver mənə, sənin üçün elə gözəl hökumət qurum ki, 5 ildən sonra gəl kef elə.
Ona görə də Hafiz Hacıyev başqa dövlətlərin burada qurum yaratmasını heç vaxt arzu etməyib, etməyəcək də. Ola bilsin ki, vaxtilə bizdə başqa milətin nümayəndələri seçkilərdə iştirak etdilər. Lakin bu seçkilərdə xalis türklər iştirak edəcək. Onlardan biri də mənəm, mən də qalib gəlib Dağlıq Qarabağı azad edib Xankəndini Azərbaycanın paytaxtına çevirəcəm.
Hacıbala kanalizasiya sistemini düzəldə bilmədi Bakıda. Bakı çox pis vəziyyətdədir. Siz kosmetik dəyişikliklərə baxmayın. Amma Xankəndində biz rahat yaşaya bilərik. Bizim indiki məmurlar torpaq satışı ilə məşğuldurlar. Məndə olan məlumata görə Binəqədidə bir sot torpağı 50 minə satırlar. Qarabağ torpaqlarını ermənilərdən alaq. Bizi terrorla hədələsələr də özümüzü qoruyuruq, qoruyacağıq.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...