“Biz iqtidarlı-müxalifətli bir yerdə olsaq…”

17:18 05-10-2017 | icon 560 | Siyasət
“Biz iqtidarlı-müxalifətli bir yerdə olsaq…”

“Danışıqlar “yolu” nə vaxtsa bitməlidir”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaratdığı “münaqişə ocağı”nın söndürülməsi ilə bağlı aparılan müzakirələrdə daha çox “münaqişə beynəlxalq müstəvidə həll olunur”, “problemin həlli böyük dövlətlərin nəzarətinə keçib” və sair kimi fikirlər öndə dayanır. Sizcə bu səbəblər gözləmə mövqeyində dayanmağımıza əsas verə bilərmi?

– Məlumdur ki, bir sıra beynəlxalq təşkilatar, o cümlədən BMT və Avropa Şurası Dağlıq Qarabağın Azərbaycan əraziləri olması ilə bağlı rəsmi sənədlərlə çıxış edib və işğal altında qalan torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələr qəbul olunub. Azərbaycan bu mənada daha çox beynəlxalq hüquqa güvəndi və münaqişənin sülh yolu ilə həll olunmasına üstünlük verdi. Nəticə etibarilə artıq 20 ildən artıqdır ki, danışıqlar aparılır və torpaqlarımız hələ də işğal altında qalır.

Bu gün vəziyyət daha da qəlizləşib və görünən odur ki, beynlxalq hüquq normalarına riayət edilmir. Əksinə, digər coğrafiyalarda da buna bənzər hallar baş verir və regionda marağı olan dövlətlər münaqişənin həllini deyil, daha da uzadılmasında maraqlı görünürlər.

Vaxtilə Gürcüstanın prezidenti Saakaşvili Cənubi Osetiya və Abxaziyanı azad etmək istəyi ilə çıxış edəndə Rusiya hərbi güclə Tiflisə daxil olaraq, bu niyyətinə görə Gürcüstanı növbəti dəfə “cəzalandırmaq” istəmişdi. Göründüyü kimi, regionda ağalıq etmək istəyən Rusiya özünün hegemonluğunu saxlamaq üçün əlindən gələni edir və “dişini” bizə də “qıcayır”. Bu mənada Azərbaycanın da öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi əməliyyatlara başlanması çətinləşib. Eyni zamanda xatırlayırsınızsa, aprel ayında Dağlıq Qarabağda gedən 3 günlük döyüşlərdə də Rusiya kənarda qalmadı və əməliyyat təzyiqlə dayandırıldı. Deyilən həmin fikirlər bu nöqteyi-nəzərdən tez-tez səslənir.

Hesab edirəm ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin qəbulundan dərhal sonra Azərbaycan bundan istifadə edib hərbi addımlarla torpaqlarını işğaldan azad etməli idi. Bu gün doğrudan da vəziyyət çox ciddidir.

“Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da…”

– Siyasi partiyaların, ictimai qurumların kənarda durub beynəlxalq aləmdən “buyruq” gözləməsi nə dərəcədə doğrudur. Sizcə beynəlxalq aləmi məsələyə ədalətli yanaşmaya cəlb etmək üçün siyasi cəmiyyət hansı addımları atmalıdır?

– Biz siyasi partiya olaraq öz yığıncaqlarımızda, görüşlərimizdə qeyd edirik ki, “danışıqlar yolu” bitməlidir. Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da hərb yolu seçilməlidir. Mən bir siyasətçi və müxalfət partiyasının sədri kimi dəfələrlə bu mövqeyimi açıqlamışam.

Bu gün hərb sahəsində də müəyyən neqativ hallardan söz edilsə də hesab edirəm ki, Azərbaycan ordusu çox güclüdür və torpaqlarını azad etməyə qadirdir. Düşmən bunu hiss edir. Məncə bu günlərdə İspaniyada Kataloniya, Şimali İraqda Kürdüsdan dövlətinin yaradılması ilə bağlı referendumlar bizm üçün də həyacan siqnalı olmalı və bundan nəticə çıxararaq ciddi addımlar atılmalıdır.

“Xarici siyasətimiz axsayır, düzgün qərarlar verilmir”

– Fuad bəy, Rusiya Federasiya Şurası artıq qeyd etdiyiniz coğrafiyalarda baş tutan referendumlardan öz mənfəəti üçün yararlanaraq Dağlıq Qarabağ da daxil olmaqla həmin dövlətlərin tanınması fikrini irəli sürüb. Buna fikriniz nə olacaq?

– Rusiyanın dövlət siyasəti daim beynəlxaql hüquqa zidd olaraq aparılıb. Bu gün Rusiya bu referendumları tanısa belə, artıq Avropa ölkələri bunu qəbul etmir. Azərbaycan Rusiyanın bu mövqeyindən ciddi nəticə çıxarmalıdır. Təəssüf ki, bir çox məsələlərdə Azərbaycan Rusiyanın tərəfində olur və Rusiyanın qaldırdığı məsələlərə dəstək verir. Bu da onu göstərir ki, bizdə xarici siyasət axsayır, düzgün qərarlar verilmir. Bunun nəticəsi olaraq Azərbaycan bu gün antidemokratik düşərgədədir və  heç bir beynəxalq təşkilat bizi demokratik bir ölkə kimi tanımır. Bu gün daxildə vətəndaşlara qarşı olan təzyiqlər Rusiyanın hakimiyyətə verdiyi dəstəyə söykənərək cərəyan edir.

– Siyasi analitiklər dünyada yaranan böhranı dünyanın yeni xəritəsinin cızılması ilə əlaqələndirirlər və bu, addım-addım insanların şüuruna işlədərək aparılır. Artıq internetdə Dağlıq Qarabağın adı tanınmayan ölkələr kimi siyahıda yer alıb. Buna qarşı hansı reaksiyaların verilməsi labüddür?

– Bu bizim üçün böyük bir təhlükədir. Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam. Ermənilər harada olursa-olsunlar, Azərbaycan regionlarının adını özəlləşdirmək üçün nə gəldi edirlər. Hələ mən 2004-cü ildə Moskvada olarkən rastlaşdığım bir mənzərə ilə bağlı narahatlığımı mətbuata da bildirmişdim. Həmin il ermənilər orada kilsənin bünövrəsini qoyub, qarşısına da “Yeni Naxçıvan” lövhəsini asmışdılar. Mən bu barədə mətbuat konfransı keçirib həyəcan təbili çaldım. Amma reaksiya verən olmadı.

Ermənilər neçə illərdir “Qarabağ bizimdir” deyir və o istiqamətdə işlər görürlər. Bu kimi məsələlərə “cəfəngiyat” deyib keçmək doğru deyil, hansı ki, biz belə edirik. “Erməni qələt edir” deyirik, amma o da öz bildiyini edir. Torpaqların işğalı buna sübutdur.

Əgər internet üzərində Dağlıq Qarabağ “tanınmayan dövlət” kimi göstərilirsə, buna narahat olmaq lazımdır. Ümumiyyətlə, Dağlıq Qarabağın adı Azərbaycanın sərhədləri daxilində, Azərbaycan bölgəsi olaraq göstərilmirsə, bu artıq təhlükədir. Çünki bu, bir neçə ildən sonra dünyada, beynəlxalq aləmdə təbliğ olunacaq və bizim kiməsə nəsə sübut etməyimiz çətin olacaq. Əgər Qarabağın dövlətlər siyahısında adı çəkilirsə, onun nə vaxtsa tanınması məsələsi qaldırıla bilər. Aidiyyatı qurumlar bununla bağı öz sözlərini deməlidir.

Amma arzu edək ki, güclü dövlətlər özlərində iradə tapıb bu məsələdə bizi dəstəkləyəcəklər. Digər tərəfdən, burda müsəlman-xristian məsələsi var. Artıq bizim üçün çox böyük problem yaranıb.

“İqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və…”

– Bütün hallarda müxalifət siyasi düşərgə bütün problemləri kənara qoyub, məhz Dağlıq Qarabağın işğalı ilə bağlı beynəlxalq münasibətə təsir etmək amacı ilə bir araya gələ bilməzdimi?

– Biz müxalifət olaraq il ərzində Qarabağla bağlı Forumlar keçiririk. Amma bu gün bu məsələdə təkcə müxalifət yox, hər kəs aktiv olmalıdır. Düşünürəm ki, iqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və Qarabağın işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara ciddi mesajlar verməli, dünyanı silkələyən tədbirlər keçirməlidir. Bu məsələdə artıq iqtidarla müxalifət partiya mövqelərini kənara qoyub bir araya gəməli, fikirlər bir nöqtəyə cəmlənməli, güc bir nöqtəyə yığılmalıdır. Xalq, millət olaraq bu məsələni həll edə bilərik. Səhv etmirəmsə Heydər Əliyev 2002-ci ildə bütün müxalifət partiyalarını bir araya gətirmişdi. Bu çox yaxşı göstərici idi. Amma təəsüf ki, sonra bu görüşlər davam etdirilmədi. Biz iqtidarlı-müxalifətli bir yerdə olsaq beynəlxalq aləm gücümüzü anlayar.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?