“Durdurun, vətəndaşlarınızın bu addımlarını!” – ÇAĞIRIŞ
“Dəhşətlisi odur ki, 694 nəfərlik siyahıdakı insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır”.
Versus.Az xəbər verir ki, bunu oktyabrın 2-də Milli Məclisdə millət vəkili Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının açılışında, Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublika Milli Məclisinin qərarının layihəsi barədə müzakirələrdə gündəliyə işğal altında olan ərazilərlə bağlı qanun layihəsinin də salınmasını təklif edib və qəbul edilməsinin vacibliyini vurğulayıb:
“Mən Xarici İşlər Nazirliyimiz tərəfindən arzuolunmaz şəxslər elan edilmiş, yəni Azərbaycan dövlətinin icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qeyri-qanunu səfərlər edən insanların siyahasına baxdım. Dəhşətlisi odur ki 694 nəfərlik siyahıdaki insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır. İlk 5 yerdə Rusiya, Fransa, Amerika, Almaniya və İtaliya dövlətləri gəlir. Bu ölkələr münaqişənin tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalıdırlar, amma vətəndaşları qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına qanunsiz səfərlər edən ölkələr arasında liderlik edirlər. Bu ölkələrin Azərbaycandakı səfirləri bizim buradakı çıxış və müzakirələrimiz barədə məlumatlı olurlar. Biz buradan bu ölkələrə səslənirik ki, vətəndaşlarınızın Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etməsinin qarşısını ciddi şəkildə alın!”
Millət vəkili bildirib ki, digər dəhşətli bir məqam da ondan ibarətdir ki, gedənlərin hamısı sıravi vətəndaşlar, turistlər deyil, əksəriyyəti siyasətçilər, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, jurnalistlər, savadlı insanlardır:
“Yəni onlar hara getdiklərinin fərqində olan və ya fərqində olmalı olan insanlardır. Məsələn, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edənlər içərisində ilk yerdə Rusiya gəlir. 160 nəfərdən çox Rusiya vətəndaşı bu qanunsuz addımı atıb və arzuolunmazlar siyahısındakı insanların təxminən dörddə birinə yaxındır. Amma aralarında ictimai-siyasi, tanınmış insanlar çoxluq təşkil edir. Fransa millət vəkilləri, ABŞ ictimai insanları, keçmiş səfir var. Bu insanlar bilirlər və ya bilməlidirlər ki, Azərbaycanın torpaq bütünlüyünü, sərhəd toxunulmazlığını pozurlar, qeyri-qanuni addım atırlar. Amma onlar nəinki səfər edir, hətta bir çoxları Azərbaycan dövləti əleyhinə və onun maraqlarına, ərazi bütövlüyünə uyğun olmayan bəyanat, açıqlama, müsahibələr verirlər. Bu çox dəhşətli və narahatverici bir məsələdir. Buradan o ölkələrə və vətəndaşları qeyri-qanunu olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edən ölkələrə səslənirik. Bu məsələyə ciddi diqqət yetirin və qarşısını alın. Minsk Qrupu ölkələrinə, həmsədrlərə isə xüsusi çağırış səsləndiririk. Durdurun vətəndaşlarınızın bu addımlarını!
Biz Türkiyəyə səfərimiz zamanı Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə səfər etmiş bir neçə Türkiyə vətəndaşı ilə bağlı məsələni qardaş ölkədə rəsmi şəxslərin də diqqətinə çatdırdıq. Xahiş etdik ki, qardaşlığımıza zərər vuran bu cür addımlara və adamlara qarşı ciddi tədbirlər görülsün.
Arzuolunmaz şəxslər siyahasına baxdıqda görürük ki, son 5 ildə onların sayı artır. Bu bizi ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır”.
Q.Paşayeva qeyd edib ki, Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı ayrıca qanun layihəsi müzakirə olunaraq qəbul edilməli və orada bu cür addım atanlara qarşı sərt məsələlər öz əksini tapmalıdır:
“Hər kəs də görsün və bilsin ki, Azərbaycanda bununla bağlı xüsusi qanun var və onun pozulmasına qarşı ciddi addımlar atılır. Hesab edirəm ki, belə bir qanunun qəbulu vacibdir. Təklif edirəm ki, bu qanun payız sessiyasının gündəliyinə salınsın, sessiya dövründə müzakirə olunaraq qəbul edilsin. Bu qanun işğal edilmiş ərazilərimizlə bağlı məsələlərin vurğuladığım məsələlərdən daha da geniş məsələləri əhatə edə bilər və etməlidir”.
ARZU
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...