“...deyib ki, məni hakimiyyətə gətirsinlər, Qarabağı verim ermənilərə” - LAYİHƏ
QƏZAN MÜBARƏK
Əli Əliyev: “Nadürüstlər müxalifətin üst qatında kifayət qədər çoxdur”
(əvvəli bu linkdə)
- Heç şübhəsiz ki, bu, hər kəsin təbii haqqıdır və bu haqqa görə heç kimi heç kimi nə ittiham edə bilər, nə də hansısa sapındırıcı mövqedə günahlandıra bilməz. Amma məsələ burasındadır ki, bizim cəmiyyətimizdə “iqtidarla qohumluq” məqamına bu və ya digər maraqlar daxilində hansısa don geyindirilir, bir növ qarşı tərəf hədəf qismində cəmiyyətə təqdim edilir. İndi də sizi deyirlər...
- Azərbaycan xalqı çox kiçik bir xalqdır. Mənim keçmiş partiya sədrimlə də qohumluq əlaqələrim var.
Qoy mən sizə bir məsəli deyim. Ötən əsrin 90-cı illərində bir dəfə Çin rəhbərinə şikayət edirlər ki, bəs Azərbaycan adında belə bir respublika var, bizə atom bombasıyla barmaq silkələyir...
- Cəbhə hakimiyyəti dönəmini nəzərdə tutursunuz?
“Özümün yox, ailəmin hakimiyyətlə qohumluq əlaqələrim...”
- İndi mən bilmirəm və dəqiqləşdirmirəm bunu..
O da soruşur ki, haradadır bu ölkə? Deyirlər ki, Qafqazda. Deyir, nə qədər əhalisi var? Cavab verirlər ki, 10 milyon. Soruşub ki, hansı mehmanxanada yaşayırlar? Yəni, bu 10 milyon xalqın bir-birilə o qədər qohumluq əlaqələri təbiidir. Yəni, mənim Azərbaycanda demək olar ki, bir çox siyasətçilərlə əlaqəm var. Və istisna deyil ki, özümün yox, ailəmin hakimiyyətlə qohumluq əlaqələrim olmuş olsun. Amma mən həyat yoldaşı almışam, qaydaları mən müəyyən edirəm. Biz hesab edirik ki, kişi ailə quranda onun əqidəsi dəyişməməlidir. Mənim əqidəmdə 90-cı ildən üzü bu yana heç bir dəyişiklik olmayıb. Ona görə də bu məsələlərdən spekulyasiya etmək istəyən adamlar yanılırlar. Mən bu hakimiyyətdən bir dənə də olsun çör almamışam. Bunu deyənlər, bunu yayanlar siyasətdə, siyasi rəqabətdə mənə uduzan və tab gətirməyən adamlardır. Və bunlar o adamlardır ki, uzun müddət hakimiyyətin ağuşunda isti şəraitdə bu xalqın maraqlarını bu hakimiyyətə qurban veriblər. Ya mandat alıblar, ya obyekt alıblar, ayba-ay pul alıblar, hakimiyyət onlara hər cür şərait yaradıb. Həmin adamlar uzun müddət hakimiyyətin tapşırıqlarını yerinə yetirərək bu xalqın dizinin yerə qoyulmasında rol alıblar. Kimin mənim siyasi mövqeyim və siyasi davranışımla bağlı narazılığı varsa, açıq surətdə jurnalistlər vasitəsilə deyin...
- Vasitəyə çevrilmə jurnalist etikasıyla uyuşmur, Əli bəy...
- Kişi kimi çıxsınlar ortaya və desinlər ki, bu hakimiyyətin filankəslə qohumluğu var və bu qohumluq əlaqələrinə görə bu işləri görür. Qoy barmaqlarını qatdalayıb desinlər. Mənim alnım da, vicdanım da, əllərim də bu millət qarşısında tər-təmizdir. Zamanı gələndə bu məsələləri çox çılpaqlığıyla açıqlayacağam. Amma hələlik mənim qarşıma çıxıb bu məsələləri bir siyasi faktor kimi, bir siyasi amil kimi ortaya qoya biləcək bir nəfər kişiyə rast gəlməmişəm. Çıxsınlar, cavablarını alsınlar, otuzdurum onları yerlərinə. Necə ki, bu hakimiyyətlə vuruşuram, onları da əzmək mənim üçün problem deyil. Bu hakimiyyətdən qorxmayan yəqin ki, müxalifətdəkilərdən də qorxmaz. Belə şeyləri də bir çox hallarda müxalifətdə olanlar yayırlar...
- Bayaq iqtidar-müxalifət münasibətlərinə toxundunuz. Azərbaycanda 50-dən yuxarı siyasi partiya mövcuddur...
- 52-ci partiya bizik..
- Bu 52 partiyanın mövcudluğu münasibətlərin loyallığına, asta-asta demokratiyanın oturuşmasına dəlalət etmirmi?
- Yox, demokratiyanın göstəricisi bunlar deyil ki.. 252 partiya da ola bilər Azərbaycanda. Hər müraciət edəni də qeydə ala bilərlər. Burada problem yoxdur. Demokratiyanın göstəricisi qanunların icrasıdır, demokratiyanın bərqərar olmasıdır. Əhalinin iradəsilə, əhalinin siyasi simpatiyasıyla parlamentin, bələdiyyələrin formalaşmasıdır. Demokratiyanın göstəricisi Azərbaycanda müstəqil məhkəmələrin olmasıdır, demokratiyanın göstəricisi partiyalara bərabər şəraitin yaradılmasıdır. Demokratik təşkilatlar qarşısında götürülmüş öhdəliyə müvafiq olaraq ictimai televiziyada partiyalara şərait yaradılmasıdır...
- Və bir də, dəyərli Əli bəy, Əhməd Ağağoğlu da deyir ki, demokratiyanın ən ilkin şərti hər kəsin öz cavabdehlik və öz məsuliyyət hissini yetərincə anlamasındadır. Anlayırmı hər kəs bu məsuliyyət hissini?
- Hər kəs ilk olaraq özünə cavabdehdir...
“Andreas Qrossa “demokratiyanın dostu” deyən bəzi müxalifətçi nadürüstlər...”
- Bax elə bu konuda mənə maraqlıdır. Demokratiyanın ən ilkin şərti həm də məsuliyyət hissidirsə, necə olur ki, “Azərbaycanda Xocalı soyqırımı olmayıb” deyən Andreas Qrossu Azərbaycandakı “ana müxalifət”in nümayəndələri, onlara məxsus mətbu şəbəkə “Kişi Adam”, “demokratiyanın dostu” kimi dəyərləndirirdi? Budurmu demokratiyanın mənimsənilməsi!?
- Bunu kim kimə deyib ki? Azərbaycan müxalifəti çox geniş bir məvhumdur...
- Vaxtilə Əli Əliyevlə eyni blokda təmsil olunanlar bu ifadəni işlədirdilər, bəy.... AXCP, Müsavat...
- Bir dəqiqə, bir dəqiqə....Dediyim kimi, Azərbaycan müxalifəti çox geniş bir məvhumdur. Bu müxalifətin içərisində xarici qüvvələrdən, bu hakimiyyətdən axşamlar pul alıb, səhər müxalifətçilikdən danışan adamlar da var. Nadürüstlər müxalifət deyil ki? Sıxlığına görə nadürüstlərin sayları Azərbaycan müxalifətinin üst qatında kifayət qədər çoxdur...
- Bəs aşağı qat necə görünür?
- Mən hesab edirəm ki, cəmiyyətimizin aşağı qatı çox təmizdir. Müxalifətçilik eləmək istəyən, bu hakimiyyətin siyasətini bəyənmsəyən insanlarımız çox təmizdir. Ancaq təəssüf olsun ki, onun üst qatlarında kifayət qədər nadürüst adamlar var və onların bu cür sərsəm bəyanatlar səsləndirmələri də təbiidir. Başqa misalı da mən deyim sizə...
- Buyurun.
- Mən adam tanıyıram, deyir ki, mən bu gün Azərbaycan müxalifətinin aparıcı simalarından biriyəm....(bir az susur)
- Hə, nə olsun..
- Nə nə olsun? O adam şəxsən mənim yanımda deyib ki, “məni gətirsinlər hakimiyyətə, “Madrid prinsipləri”ylə Dağlıq Qarabağı verim ermənilərə”....
- Kim idi bunu deyən, niyə o adamın kimliyini xalqdan gizləməyə çalışırsınız?
- Zamanı çatanda deyərəm..
- Mən belə baxıram ki, bu gedişlə sizin deməyə zamanınız çatanda o adamı hakimiyyətə gətirməkdə maraqlı olan qüvvələr Colan təpələrini İsrailə verdikləri kimi Qarabağı da erməniyə təhvil verəcəklər...
- Xeyir. Biz torpaqlarımızın bizdə qalması üçün hər şeyi edirik...
- Bunu dövlət edir, bunu mövcud hakimiyyət və sağlam qüvvələr edir. Amma hakmiyyətə can atan qüvvələrdən dediyiniz kimi, maraqlarının müqabilində Qarabağı verməyə hazır olanları var axı!!
“Casus şəbəkəsi” olan QHT-lər və hakimiyyət uğrunda separat danışıqlar
- Belə adamların sarsaqlamasıyla torpaq verilmir. Siz də narahat olmayın. İkinci bir misal deyim sizə..
Bu gün başqa birisi 2000-ci ilin əvvəllərində QHT-lərdən ibarət başına bir dəstə yığaraq beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmüşdü ki, mən hakimiyyətə gələrəmsə Dağlıq Qarabağ məsələsini heç vaxt qaldırmayacağam. Həmin adam Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparır...
- O kim idi belə?
- Araşdırın baxın. O sənədi üzə çıxarın, sizin vəzifəniz bundan ibarətdir..
- Siz deyin də bildiklərinizi, niyə həm mətbuatı, həm də cəmiyyəti dağa-daşa salırsınız? Siyasətçilər mümkün olmayanları hər cür yoldan istifadə etməklə qazanmağa çalışacaqlar, mətbuat da işini gücünü buraxıb elə siyasətçilərin tapmacalarının açmasıyla məşğul olacaq? Və beləcə torpaq itirən məmləkət zaman faktorunu bada verməklə günün birində sizin də dediyiniz reallıqla barışmaq məcburiyyətilə üz-üzə qoyulacaq, eləmi?
- Araşdırın tapın...
- Özünü “aparıcı partiya” adlandıran qurumlar da buna oxşar bir öhdəlik götürmüşdülər....
- O başqa şey idi. Onda həmin partiyalar Dağlıq Qarabağ probleminin ancaq sülh yoluyla həll edilməsi məsələsilə bağlı öhdəlik götürmüşdülər. Mənim partiyamın adı Vətəndaş və İnkişaf Partiyasıdır. Mən heç bir qurum qarşısında hansısa bir öhdəlik də götürməmişəm. Və bu gün də Azərbaycan xalqına bir mesaj verirəm ki, mən hakimiyyətə gələrəmsə, Dağlıq Qarabağı lazım olan, gərəkən üsullarla geri qaytaracam.
- Siz niyə faktları, adları sadalamaq istəmirsiniz ki? Bütün bunlar içinizdəki hansısa qorxunun, yoxsa hansısa sevginin göstəricisidir?
- Mənim sevgim öz dövlətimə, millətimə yönəlidir və bu konuda da heç kimdən heç bir qorxum da yoxdur. Siz jurnalistsiniz, özünüz araşdırın...
- Jurnalist sizdən soruşur, siz də susursunuz.
- O bəyanatları Sərdar bəy Cəlaloğlu mətbuatda açıqlayıb...
- Biz bunu həm də Əli bəy Əliyevin təqdimatında cəmiyyətə təqdim etmək istərdik ki, qoy millət də görsün ki, xalqın seçilmişlərinin çoxu o adamların siz demişkən, “sərsəmləmələri”nin umurunda belə deyillər...
- Sərdar bəy bu məsələ haqqında danışıb. O danışdığını araşdırın. O deyib ki, 2000-ci illərin əvvəllərində konkret şəxs, o vaxt siyasi fəaliyyətlə məşğul olmayan, indisə özünü cəmiyyətə siyasətçi kimi sırımaq istəyən birisi Avropa Birliyi qarşısında öhdəlik götürüb ki, mən hakimiyyətə gələrəmsə, Dağlıq Qarabağ məsələsini heç vaxt qaldırmayacağam.. Gedin araşdırın, belə bir adamın Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparmağa mənəvi haqqı var, ya yox?
- Əlbəttə ki, yoxdur.
- Təbii ki, beynəlxalq təşkilatlar bu cür adamların hakimiyyətə gətirilməsində maraqlı olacaqlar və milli qüvvələri sıxışdıracaqlar da. Bizim də vəzifəmiz o cür adamların hakimiyyətə gəlməsinin qarşısını almaqdır. Belə nadürüstlərlə yanaşı Azərbaycan müxalifətində kifayət qədər dürüst adamlar da var ki, onlar milli maraqlardan bir addım belə geri çəkilməyəcəklər və sonadək öz mübarizələrini aparacaqlar.
“Lalə xanım Azərbaycanda o adamlardan olub ki...”
- Vaxtilə sizinlə eyni blokda təmsil olunan Azərbaycan Liberal Partiyasının lideri xanım Lalə-Şövkət Hacıyevanın bir sözü var idi. Lalə xanım deyirdi ki, “Azərbaycandakı siyasi partiyaların iki maliyyə mənbəyi mövcuddur - 1. Azərbaycan iqtidarı: 2. Xarici kəşfiyyat.
Məsələyə məntiqlə yanaşanda Azərbaycan iqtidarının əleyhinə danışanları xarici kəşfiyyat, xarici kəşfiyyatın əleyhinə danışanları Azərbaycan iqtidarı maliyyələşdirir. Bu məsələdə sizin yeriniz hardadır?
- Lalə xanım bunu çox gözəl deyib. Mən sizə bir şeyi də deyim. Mən Azərbaycan elitasında olan çox adamları tanıyıram, demək olar ki, hamıyla təmasda olmuşam. Lalə xanım Azərbaycanda o adamlardan olub ki, o Azərbaycanda siyasətdə olanda öz şəxsi pulunu xərcləyib. Çox azsaylı adamlardan olub Lalə xanım bu məsələdə, nadir nüsxədir. Mənə gəldikdə, əgər kimsə mənim xarici qüvvələrdən bir sent aldığımı fakt olaraq ortaya qoysa, mən dərhal siyasətdən getməyə hazıram...
- Deməli, pulu Azərbaycan iqtidarından, Azərbaycan dövlətindən alırsınız?
- Azərbaycan iqtidarından pul almaq məsələsinə gələndə...
- Dövlətin puludur da...
“Xaricdən maliyyə yardımı alanlar o dövlətlərin casusudurlar”
- Xeyir, xeyir.. Dövlətin puluyla iqtidarın pulu başqa-başqa şeylərdir. Dövlət ona görə partiyaları büdcədən maliyyələşdirmir ki, kimdənsə qapı dalında pul alıb, sussunlar. Dövlətdən pul almaq məsələsinə gəldikdə isə, dövlətdən pul alan adam mənim kimi danışmır. Dövlətdən pul alan adama deyirlər ki, kimi tənqid edirsənsə et, bircə İlham Əliyevi tənqid eləmə...
- Aha, bəs belə təqdimatı siz haradan bilirsiniz?
- Bu məsələdə üçüncü bir xətt də var. Nə hakimiyyətdən, nə də xarici qüvvələrdən maliyyə almayan qüvvələr var. Mən hesab edirəm ki, xaricdən pul alan qüvvələr həmin xarici dövlətlərin casusudurlar. Mən bunu “Yeni Müsavat”da Azər Həsrətlə debat-layihəsində də demişəm. Xarici dövlətdən pul alan adam istənilən halda məqamı gələn zaman o dövlətin iradəsini ifadə edəcək. Xarici dövlət Azərbaycandakı siyasi partiyaya, QHT-yə, jurnalistə niyə vəsait verməlidir?
- Bunu onlardan soruşmaq lazım. Amma yəqin ki, o dövlətlərin iradəsini ortaya qoymaq üçün...
- Təbii. Deyirlər pulsuz pendir yalnız tələdə olur. Məqsədsiz pendir olmur. Əgər bunlara “pendir” yedizdirirlərsə, demək ki, onlar tələdədilər. Xarici dövlətlər Azərbaycan iqtidarından güzəştlər qoparmaq üçün özünə meyilli olan daxili mexanizmlər yaradır ki, bunların da ən bariz nümunəsi siyasi partiyalar, QHT-lər və mətbuatdır. İqtidarsa cəmiyyəti aldatmaq, dolaşdırmaq üçün adı müxalifət, mahiyyətindəsə hakimiyyətyönümlü adamları yetişdirib bəsləyir ki, cəmiyyət vəziyyətdən xəbər tuta bilməsin. Yaxud, hamını bulaşmış kimi tanısın..
- Əli Əliyev 52 siyasi qurumdan neçəsini müxalifət partiyası olaraq qəbul edir?
- Onu xalq müəyyən edə bilər..
- Xalqın bir nümayəndəsi də siz.
- Mənim dediklərim subyektiv olacaq. Mən özüm partiya sədriyəm. Heç kim haqqında danışa bilmərəm. Bunu siz deyə bilərsiniz. Jurnalistlərin niyə belə qeyri-rəsmi statusu var? Sizə niyə dördüncü hakimiyyət deyirlər? Çünki sizlər cəmiyyətdə baş verən hadisələrə işıq salaraq təqdim edirsiniz. Bütün nadürüstlükləri, bütün əyrilikləri zamanında faş edirsiniz. Və bütün dünyada hüquq-mühafizə orqanlarıyla yanaşı təhqiqatları aparan həm də jurnalistlərdir. Jurnalistlər cinayətləri aşkar edib üzə çıxarıb, onu ictimailəşdirirlər. Bu, sizin vəzifənizdir. 52 partiya hamısı deyir ki, mən safam. Sizin vəzifəniz odur ki, cəmiyyəti maarifləndirəsiniz ki, insanları ya gərək əlində cinayətlə tutasan, yəni, hökumət zərf verəndə əlindən yapışasan..
“Azərbaycan parlamentində müxalifət yoxdur”
- Siz haradan bilirsiniz ki, hökumət pulu zərflə verir?
- Mən bilmirəm, bəlkə kartla verir, bəlkə zərflə verir. Mən bunu şərti olaraq söylədim... Müxtəlif üsulları var. Ola bilsin hesaba otuzdururlar...
- Bayaq siz ötəri şəkildə parlament məsələsinə toxundunuz. Azərbaycanın parlament tarixinə nəzər salanda bu müddət ərzində qanunverici orqanda təmsil olunmuş müxalifət partiyalarının yürütdükləri siyasi kursu necə dəyərləndirirsiniz?
- Azərbaycan parlamentində hal-hazırda müxalifət yoxdur.
- Amma həmin partiyaların özləri və iqtidar iddia edir ki, parlamentdə müxalifət də təmsil olunur. İqbal Ağazadəni siz müxalifətçi hesab etmirsiniz?
- Hal-hazırda İqbal bəy təmsil olunmur ki?
- Axı mən dedim ki, parlamentin tarixində....
- Orada Müsavat da olub, orada AXCP də olub, orada VHP də olub, indi də olmaqdadır, orada Ümid də olub, orada VAMBP da olub, orada Milli Dirçəliş var, orada BAXCP var, orada ASDP var, orada Ana Vətən var və başqaları. Bunlardan heç birini müxalifətçi hesab etmirsiniz?
- Var idi, zamanında olub.. Olublar, mübarizə də aparıblar...
- Nəyə nail olunub? Nəticəsi hanı?
- Parlamentdə normal siyasi mübarizə aparmaq üçün fraksiya yaratmaq imkanları olmalıdır, parlamentin içində müxalifətin statusu olmalıdır. Parlament spikerindən, ya da müavinlərindən, komissiya sədrlərindən biri müxalifətçi olmalıdır. Əliyevlər dönəmində parlamentdə müxalifətin ciddi fəaliyyəti ola bilməzdi və ola da bilməz. Çünki onlar o sayda, o çeşiddə içəri buraxılırdılar ki, onlar hakimiyyətin qərarına təsir edə bilməsinlər. Heç zaman müxalifətin səsvermədə üçdə ikini pozmağa imkanları olmayıb.
- Parlamentdə nəyəsə nail olmağı dediniz ki, hakimiyyət əngəlləyib. Bəs müxalifət düşərgəsinin özündə nədən əsaslı bir şeyə nail olunmayıb. Bura da hakimiyyətin kurasiyasındadır?
- Niyə əldə olunmayıb?
- Nəyi əldə eləmisiniz?
- Mən sizə kifayət qədər misallar çəkə bilərəm...
“Hakimiyyət yekun protokolun imzalanmasıyla bağlı əməliyyat keçirmişdi”
- Onda bu suala bir azdan toxunarıq. Başqa sual çıxdı ortalığa. 2005-ci ildə AMİP sədri olan Əli Əliyev üstündən bir il ötməmiş bu postdan getdi...
- Əli Əliyev postdan getməyib, imkan verin mən sizə o illəri xatırladım...
- Buyurun..
- 2005-ci ilin 5 noyabr tarixindən sonra mən öz fəaliyyətimi “Azadlıq” seçki blokuyla davam etdirmişəm. Noyabr ayının 5-də seçki bitdi, mən dərhal partiyanın sədri olaraq öz fəaliyyətimi “Azadlıq” seçki blokuyla birgə davam etdirmək qərarına gəldim. Birgə mitinqlərdə iştirak etdim. 30 noyabrda “Azadlıq” seçki bloku üstəgəl ALP və AMİP sədrləri toplantı keçirilən zaman biz xəbər tutduq ki, noyabr ayının 29-dan 30-na keçən gecə parlament seçkisiylə bağlı yekun protokolun imzalanmasıyla bağlı hakimiyyət bir əməliyyat keçirib. MSK-da olan nümayəndələrə pul və mandat təklif olunub. Mən partiyanın sədri kimi xəbər tutanda ki, bizim partiyanın MSK-dakı təmsilçisi həmin yekun protokola məndən xəbərsiz imza atıb....
- Onda sizin MSK-dakı nümayəndəniz Arzuxan Əlizadə idi də?
- Bəli, Arzuxan Əlizadə idi. Mənə də deyilər ki, onun yekun protokola imza atması nəyinsə müqabilində olub...
- Nə təklif edilmişdi Arzuxan Əlizadəyə?
- Bilmirəm nə təklif edilmişdi...
- Maraq xatirinə olsa belə, heç özünüz üçün araşdırmadınız bunu?
- Bu, çox incə məsələdir. Bunu ancaq iki nəfər bilir. Əgər bir adamın ağlı başındadırsa və yol verilən saxtakarlığa imza atırsa, təbii ki, bu, nəyinsə qarşılığında olur.. Bütün bunların sonucu olaraq mən 5 dekabrda mətbuat konfransı keçirdim, həmin hadisəni lənətlədim, yekun protokola imza atılmasını dövlət çevrilişi kimi qiymətləndirdim, hakimiyyətin qollarından birinin qanunsuz yolla ələ keçirilməsini bəyan etdim. Və partiya sədri olaraq həmin hadisədən məsafələndim. Ondan sonra partiya rəsmən iki yerə bölündü. Yanvar ayının 8-i və 22-də AMİP-in iki Mərkəzi Şurasının iclası və sonradan iki qurultayı keçirildi. Mən partiyanın rəsmisi kimi Ədliyyə Nazirliyinə müraciət etdim. Ədliyyə Nazirliyi aprel ayında qarşı tərəfi AMİP kimi tanıdı. Bu qərar bilinəndən sonra biz öz tərəfdarlarımızla rəsmi AMİP olaraq belə qərar verdik: AMİP-in nə neqativi, nə pozitivi bizə lazım deyil. Ona görə də həmin ilin may ayının 28-də Respublika günündə qurultay keçirdik, Vətəndaş və İnkişaf Partiyasını təsis etdik. Qurultaya AMİP sədri kimi gəlib, VİP sədri kimi qurultaydan çıxdım.
“Mən demişdim ki, gedin pul alın?”
- Amma iddia edirlər ki, həmin dövrdə Əli Kərimli tərəfindən sizə “Azadlıq” blokuna gəlməklə bağlı yaxşı vədlər verilib...
- Hansı vədlər verilibmiş?..
- Siz bilərsiniz o hansı vədlər olub. Axı özünüz də bayaq dediniz ki, belə məsələləri ancaq iki nəfər bilir... Mən fərd olaraq Azərbaycan siyasətində sizin də öz yerinizin, öz rolunuzun olduğu qənaətindəyəm. Amma başqa cür düşünənlər iddia edirlər ki, o zaman Əli Əliyev təşkilatçılıq baxımından zəif idi, Əli Kərimli də məhz bundan istifadə etməklə guya həm sizə dayaq durub, həm də gücünə güc qatıb.
- Ortada parlament seçkisinin saxtalaşdırılması var idi. Mənim bugünkü mövqeyimlə dünənki mövqeyim arasında hansısa bir fərq yoxdursa və mən öz mübarizəmi hakimiyyətin saxtakarlığına qarşı davam etdirirəmsə, burada hansı vədlərdən, hansı şirnikləndirmələrdən danışmaq olar. Mən demişdim ki, gedin yekun protokola imza atın, pul alın?..
- Baş verən proseslərdə zaman etibarilə üst-üstə düşmə halları bəlkə də belə yanaşmaların ortaya çıxmasına rəvac verir.
- Çox şeylər deyilə bilər. Seçkilər keçirilib qurtarıb. Müxalifət fiaskoya uğrayıb. 26 noyabrda da polis bizi meydandan dağıdıb. 30 noyabrda bunlar da nəyinsə müqabilində yekun protokola imza atırlar. Hakimiyyətə dəstəkçi olurlar, mən də onların yanında olmalıydım? Bunun Əli Kərimliyə nə aidiyyatı var? Bu, mənim şəxsi mövqeyimdir. O adamlara sual etmək lazımdır ki, siz niyə yekun protokola imza atmısınız. Siz niyə 60-a yaxın deputatlığa namizədinizin biri də, o cümlədən heç partiya liderinizin parlamentə düşmədiyi halda, o prosesə şəriklik etmisiniz. Nədəndi bu? Biz hakimiyyət üçün sərf eləməyən olduğumuz üçün qeydə də alınmamışıq...
- Qeydə alınmadığınıza görə də necə deyərlər antitəbliğatla məşğul olmusunuz. Amma mətbuatda antitəbliğatın özü elə ən güclü təbliğat formalarından biri sayılır. Yəni, ən azından siz zaman-zaman kimisə tənqid etməklə həm də onun ayaqda durmasına münbit şərait yaradırsınız, gündəmdə saxlayırsınız..
- Birincisi, antitəbliğat ən güclü ola bilməz...
- Güclülərdən biri..
- İndi deyirsiniz ki, mən hökuməti təbliğ edirəm?..
- Mən sizi nəzərdə tutmuram ki, söhbət formatdan gedir.
- Fikirdə adekvatlıq yoxdur. Mən sizə deyirəm ki, iki nəfər 2 adla hakimiyyətə müraciət edir ki, məni AMİP kimi qeydə al. Hakimiyyət qərar verir. Biri seçkini tanımır, o birisi də imza atır. Hakimiyyət bunun hansını tanıyacaq? Əlbəttə ki, imza atanı. Bunun Əli Kərimliyə nə dəxli var?
Müsavat hansı səbəbdən blokdan getdi?
- Əli Kərimliyə dəxli olan sizin “Azadlıq” seçki blokuna qoşulmağınız olub. Həm sizin, həm də Əli Kərimlinin bu birlikdə mənfəətiniz olub deyirlər. Sizsə elə hey AMİP-lə bağlı məqamın ətrafına fikirləri yönləndirməyə çalışırsınız... Müsavatla ADP nədən “Azadlıq” blokundan getdi?
- Müsavat o vaxtı parlament seçkilərinə şirniklənərək hakimiyyətin onlara verdiyi mandatı qəbul etdi, öz vədlərinə, imzaladıqları sənədə xilaf çıxdılar, parlamentin rəcmiləşməsində iştirak etdilər, təkrar seçkilərə qatıldılar. Bu da onların öz qərarları idi..
“ADP sədri deyirdi ki, hakimiyyətlə dialoqa getmək lazımdır”
- Bəs ADP?
- ADP bir qədər sonra getdi. ADP-nin özünün taktikası var idi. ADP sədri deyirdi ki, hakimiyyətlə dialoq qurmaq lazımdır. O bir qədər başqa yol seçmək istəyirdi. Ona görə də “Azadlıq” blokunun sərt siyasi xəttindən imtina etdi.
- Sonradan həmin blokda üç siyasi qurum qaldı da: AXCP, ALP və VİP. Qərarların qəbul edilməsində yekdil rəy var idi, yoxsa hansısa təzyiq rıçağı işə salınırdı?
- Yekdil qərar var idi. Hər tərəf öz mövqeyini ifadə edirdi..
- Amma Əli Əliyev özü mətbuata vurğulayıb ki, Əli Kərimli bizləri Müsavatla əməkdaşlığa sövq edirdi. Olubmu belə şey?
- O, 2010-cu ildə olub.
- Niyə Əli Kərimli sizləri məhz Müsavatla əməkadaşlığa sövq edirdi, ADP ilə yox?
- Onu Əli Kərimliyə sual verərsiniz. Bu, mənim üçün indiyə qədər də müəmmadır.
- Nə deyirdi Əli Kərimli sizə?
- Heç nə. Deyirdi ki, Müsavatla münasibətləri yenidən bərpa eləmək lazımdır...
- Tibb Universitetini bitirmisiniz və səhv etmirəmsə indi də həmin ali məktəbin müəllimisiniz. Digər siyasətçilərlə müqayisədə sizin öz opponentlərinizi həm də fizioqnomik baxımdan qiymətlındirmə bacarığınız və təcrübəniz daha böyük olmalıdır. Məhz bu baxımdan da opponentiniz olan o zamankı Əli Kərimlinin fizioqnomik cizgilərini təqdim edə bilərsinizmi?
(ardı var)
İgid Teymurlu
Versus.Az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ