“…Çöp götürüb yeri qurtdalamaq lazım deyil”- MÜSAHİBƏ

14:58 20-09-2017 | icon 507 | Siyasət
“…Çöp götürüb yeri qurtdalamaq lazım deyil”- MÜSAHİBƏ

“…Azərbaycanda “Allahu-Əkbər” deyən bir kişi səsi eşidilmiyəcəkdi”

Millət vəkili Fəzail İbrahimlinin Versus.Az-a müsahibəsi.

– Fəzail müəllim, bir neçə millət vəkili Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya Bakıda abidə qoyulması təklifini irəli sürüb. Bu məsələyə münasibətiniz necədi?

– Bakıda Nuru Paşaya abidənin qoyulması mütərəqqi addımdır. Düşünürəm ki, heç bir insan bunun əleyhinə ola bilməz. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaşamasının əsasında Qafqaz İslam Ordusu dayanır. Gəlin bir anlıq may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını və bir gün sonra dünyaya bəyan edilməsini göz önünə gətirək. O vaxt Xalq Komissarları Soveti Bakıda meydan sulayırdı. Cümhuriyyət təhdidlərlə üz-üzə idi. AXC-nin mərkəzi qərərgahı Gəncəyə köçürüləndən sonra onu boğmağa çalışırdılar və yeni yaranan Cümhuriyyətin yalnız kağız üzərində qalacağı qorxusu var idi. Gələcək nəsl belə bir dövlətin elan olunmasını yalnız arxiv materiallarda görə biləcəkdi. Lakin Azərbaycanda xalq kifayət qədər səfərbər olundu. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını Bolşevik, daşnak erməni və ingilis hərbi dəstələrindən azad etdi. Azərbaycanın varlığı, şərəf və ləyaqəti müdafiə edildi, dövlətçiliyi bərpa olundu. O vaxt zaman xalq qarşısında belə bir məsələ qoymuşdu: ya ayağa qalx, dövlətçiliyini, millətini qoru, tarixinə sahib ol, ya da parçalan məhv ol, ayrı-ayrı dövlətlərin arasında bölün… Həmin vaxt Avropa və Rusiya təhsilinə yiyələnmiş bir qrup kişilər bunun məsuliyyətini dərk edib cümhuriyyətin yaranmasını elan etdilər. Amma cümhuriyyətin elan olunması hələ onun icrasının mümkünlüyü demək deyildi. Erməni daşnaqlarının Azərbaycanda törətdiyi qətliamlar yeni yaranan hökuməti çökdürməklə yanaşı qırğın törətmək məqsədi daşıyıdı. Həmin vaxtlar Qafqaz İslam Ordusu Almaniyanın, Avropanın bütün təzyiqlərinə baxmayaraq Bakıya girdi və şəhərin erməni işğalından, daşnaqlardan azad edilməsində Azərbaycana dəstək oldu. Əgər Nuru Paşa 1918-ci il sentyabr ayının 15-də Bakının ermənilərdən azad edilməsində iştirak etməsəydi, Azərbaycanda “Allahu-Əkbər” deyən bir kişi səsi eşidilmiyəcəkdi.

– Bir çox ictimai-siyasi kluarlarda Nuru Paşanın yeniçərlərdən ibarət dəstə ilə Bakıya gəlişi fərqli ampluada təqdim olunur. Nuru Paşanın Bakıda döyüşüb, əvəzində özü ilə qızıl aparması əsas gətirilməklə bu tarixin həddən artıq şişirdildiyi qeyd edilir. Buna fikriniz.

– Mənə elə gəlir ki, o dövrün ictimai-siyasi məsələlərini, o hadisələri bilmyən adamlar ancaq bu cür naşı danışa bilərlər. Bu tarixi həqiqqətləri o tarixi prosesləri öyrənən, ümumiyyətlə Azərbaycan milli hökumətinin tarixi ilə məşğul olan, tədqiqat aparan, o dövrdəki ictimai-siyasi prosesləri bilən insanlar danışa bilər. Hətta bu gün də Xocalı soyqırımını törədən ermənilərə qarşı əks hücuma keçib qisasımızı ala bilməməyimizlə bağlı eyni mübahisəli yanaşmalar var. Bu gün Azərbaycanın hərbi gücü, iqtisadi potensialı ermənilərdən yüksəkdir, əhalinin sayı çoxdur və 1 Aprel hadisələri göstərdi ki, bir zərbə ilə torpağımızı işğaldan azad edə bilərik. İndi sual olunur ki, niyə azad edə bilmirik. Məyər biz bunu istəmirik? Axı beynəlxalq aləm, dünya, hüquq normaları, o dövlətin arxasında duran güclər var, dünyanı qarışdıran qüvvələr var. Biz bu gün dünyayla üz-üzə dayana bilmərik. Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyi bir dövrdə torpaqlarımızı azad etmək üçün diplomatik addımlarla məşğuluq. Bəs yaxşı, o vaxt Cümhuriyyət liderlərinin nəyi var idi? Tutaq ki, Nuru Paşa Azərbaycana gəlməsəydi sənin dövlətini, millətini ermənidən kim xilas edəcəkdi?!. Bunu danışanlar ən azından Mart soyqırımında ölənlərin ruhuna zidd getməsinlər. Elə bir fikir yarana bilər ki, Mart soyqırımı elə mart ayında başladı və martda da bitdi. Xeyir, Qafqaz İslam Ordusu gələnə kimi Azərbaycanda soyqırım davam edirdi. Ona görə də bu gün kim nə deyir, kim nə danışır elə də əhəmiyyət kəsb etmir. Həqiqət budur ki, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın dövlətçiliyinin bərpasına kömək etdi, Azərbaycan xalqını erməni işğalından azad etdi.

“Əgər danışsam...”

– Əslində Atatürk hakimiyyəti dövründə Azərbaycandan Türkiyəyə edilən qızıl yardımı bu gün tarixi bir fakt kimi etiraf olunur və bir dövlətin xilası kimi qiymətləndirilir.

– Hadisələri qarışdırmaq olmaz. Bu, 20-ci ildə baş vermiş hadisədir. Bu barədə deyilir, amma bu başqa bir məsələdir. Kimsə gedib internet səhifəsində nəsə oxuyur və heç nəyin fərqinə varmadan danışır. Nuru Paşa haqqında danışarkən o dövrün xarakterini, ictimai-siyasi prosesləri, hadisələri, dünyada gedən geosiyasi dəyişiklikləri bilmədən çıxarılan hər hansı bir nəticə tamam yanlışdır. Bu məsələdə kiminsə adını hallandırmaq istəmirəm. Amma hər kəs öz işiylə məşğul olsa yaxşıdır, hər kəs öz peşəsinə uyğun danışmalıdır, çöp götürüb yeri qurtdalamaq lazım deyil. Mən tarixçiyəm, mənə tibbdən sual versəniz, nəzəri biliyim olsa da, nə həddim var ki, o suala cavab verim. Əgər danışsam mütəxəsislərin qarşısında çox bəsit və bəstəboy görünərəm. O dövrün tarixini bilməyn, təkcə yorumla danışanlar özləri çox bəstəboy görünürlər.

– Bu gün bəzi siyasilərimiz Türkiyənin İraqda Suriya müsəlmanlarına qarşı aparılan müharibələrə qarşı verdiyi sərt reaksiyanı, hərbi çıxışını qeyd edərək, nəyə görə Qarabağ münaqişəsində eyni addımın atılmaması sualını önə çəkir.

– Eyni mahiyyətsiz yanaşmadır. Hadisələri düzgün təhlil edə bilmirlər, amma fikir bildirirlər. Türkiyə yenidən “qılınc götürüb” Qarabağa gəlməlidir? Türkiyənin özünün içərisində çox böyük qeylü-qal var. Bir tərəfdə fetoçular, kürdlər, bir yandan PKK terroru ilə mübarizə aparılır. Türkiyə bir yandan da Avropanın, Qərbin təzyiqlərinə qarşı dayanmalıdır. Digər tərəfdən, beynəlxalq hüquq normaları var. Azərbaycanın özünün öz torpaqlarını işğaldan azad etməyə gücü çatır. Nəyə görə torpaqlarımızı başqası qorumalıdır? Türkiyənin gücü beynəlxalq hüquq normaları çərçivəsində sərhədləri bağlamağa çatırdı, onu da etdi. Bizim dövlətimiz torpaqlarını işğaldan azad etməyə qadirdir və ölkə başçısı Avropa Şurasında bəyanat verib ki, Azərbaycan öz sərhədləri daxilində ikinci dövlətin yaranmasına rəvac verməyəcək. Sadəcə olaraq hamı bu gün öz ağlı, savadı daxilində məsələyə münasibət bildirir. Həqiqəti isə mütəxəssislər bilir.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?