“Rusiya Cənubi Qafqazda tonqal qalamaq üçün fürsət axtarır” – MÜSAHİBƏ
“Erməninin din xadimi də, ziyalısı da eyni “millətçilik zəhəri” ilə zəhərlənib”
Bu gün regionun geosiayasi mənzərəsi öz dinamikliyi ilə diqqət çəkir. Azərbaycan, Gürcüstan və Türkiyə dövlət rəsmilərinin üçtərəfli Bakı görüşü, Rusiya, Azərbaycan, Ermənistan dini liderlərinin Moskvada bir araya gətirilməsi, ardınca İƏT dövlətlərinin Astana sammiti beynəlxaq ictimaiyyətin diqqətini regiona – Qarabağ münaqişəsi ətrafında cərəyan edən müzakirələrə yönəldib. Astana sammitində çıxış edən Azərbaycan dövlət başçısı İƏT dövlətlərinə üz tutaraq, “heç bir müsəlman dövləti məscidləri dağıdan işğalçı Ermənistanla dost ola bilməz”-, deyə bəyan edib.
Tanınmış politoloq Qabil Hüseynlinin Versus.Az-a müsahibəsi.
– Qabil müəllim, sizcə regionda cərəyan edən bu proseslər hansı xəttlə davam edir və nədən xəbər verir?
– Regionda aktiv proseslər gedir. Bu proseslərin aparıcı istiqaməti Türkiyə və Azərbaycan ətrafında müəyyən siyasi oxların yaranması ilə özünü göstərir. Bu gün hələ ki, Türkiyə-Azərbaycan-Gürcüstan “siyasi ox”unun formalaşması prosesi gedir. Gündəmdə həmçinin Türkyə-Azərbaycan-Türkmənistan “siyasi ox”unun formalaşması da durur. Belə görünür ki, Rusiya hansısa formada Qarabağ problemini həll etməyə niyyətlənib. Bu, ABŞ-ın Dağlıq Qarabağa dair iç planının açıqlamasından sonra baş verib. Rusiya hələ ki, din xadimlərini görüşdürməklə bu məsələyə müəyyən bir istiqamət verməyə çalışırlar. Amma zənnimcə din xadimlərinin görüşü uğurlu alınmadı. Çünki orada erməni katalikosu Sarkisyandan da sərt danışdı və Dağlıq Qarabağda güllə atmağı Allaha güllə atmaq kimi qiymətləndirdi. Əslində bizə güllə atan bunlardır və indi də güllə atmaqda davam edirlər, 1 milyondan artıq yerli sakini yerlərinidən didərgin salanda, ərazilərimizin 20 faizini işğal edəndə, dinc əhalini qıranda bunu “Allaha güllə atmaq” kimi dəyərləndirmirdilər. Belə görünür ki, erməninin din xadimi də, ziyalısı da, alimi də eyni millətçilik zəhəri ilə zəhərləniblər, elədikləri qeyri-qanunu əməllərdən zərrə qədər də utanmırlar. Amma hər halda burada Rusiyanın da erməniyə göstərdiyi qayğıları hiss etmək mümküdür. Çünki Rusiya proseslərə amiranə mövqedən yanaşır və beynəlxalq hüquq normalarını nəzərə almadan bütün məsələləri həyata keçirməyə çalışır. Öndə duran əsas məsələ isə sülhməramlı qüvvələr adı altında rus qoşunlarını Dağlıq Qarabağa yerləşdirməkdir. Bir sözlə, regionda bəzi inteqrasiya prosesləri ilə yanaşı, dezinteqrasiya proseslərinin getdiyinin şahidi oluruq. Dezintaqrasiya prosesləri inteqrasiya proseslərini üstəliyir.
“Rusiya Türkiyə ilə o məqama qədər dost olacaq ki…”
– Nəzərə alınsa ki, Türkiyə Qafqazda Gürcüstan, eləcə də Azərbaycanla bir sıra strateji layihələrdə iştirak edir, o zaman Rusiya bundan istifadə edib, dost münasibətlərdə olduğu Türkiyəni vasitəçi kimi region münaqişələrinin həllinə cəlb edə bilərmi?
– Zənn etmirəm. Rusiya o ana qədər dostdur ki, onun strateji, qlobal maraqlarına zidd gələn addımlar atılmır. Rusiya Türkiyə ilə o məqama qədər dost olacaq ki, orada Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi olmayacaq. Burada əsas tərəf Rusiyadır və Rusiya yalnız ABŞ-ın qarşısında müəyyən güzəştə gedə bilər. Türkiyənin regionda mövcudluğu bizim üçün böyük əhəmiyyətə malikdir və Türkiyə Rusiyaya qarşı durmaqda bizə kömək edə bilər. Məsələ burasındadır ki, Rusiya-Türkiyə işbirliyi yalnız iqtisadi sahələri əhatə edir və bundan o tərəfə heç nə nəzərdə tutulmur.
“Riyakarlığın dərəcəsi həddən artıq çoxdur”
– Regionun təhlükəsizliyini kifayət qədər qorumağa qadir olduğunu bəyanlayan Rusiya Qərbi regiondakı münaqişələri həll edə bilməməkdə ittiham edir. Sanki Qərb regionda Rusiyadan çəkinir. Sizcə Qarabağ münaqişəsi məsələsində mövqesiz qalan Qərbi geridə dayanmağa məcbur edən nədir?
– Mən inanmıram ki, Qərb Rusiyadan çəkinsin. Sadəcə olaraq Qərb bu məsələlərə çox ehtiyatla yanaşır və hələlik Gürcüstan üzərində işləyir. Rusiyanın qərbi ittiham etməsi isə absurddur. Bu, “qara məni basınca, mən qaranı basım” prinsipinə əsaslanıb. Rusiya başdanayağa yalan və böhtan içində batıb gedib. Rusiyanın Qarabağ problemi və digər məsələlərlə bağlı Qərbi ittiham etməsi ilə bağlı fikirləri tamamilə uydurmadır. Belə bir məsələ var idisə nəyə görə aprel döyüşlərində Azərbaycanın öz torpaqlarını azad etməsinə imkan vermədilər. Yaxud danışıqlar prosesində nəyə görə beynəlxalq hüquq normalarını əsas tutmurlar. Açar onlardadır və qabağa düşüb bağlı qapıları açsınlar. Rusiya siyasətçilərinin danışıqlarında riyakarlığın dərəcəsi həddən artıq çoxdur.
– Belə fikirlər var ki, bu gün Rusiya-ABŞ münasibətlərindəki gərginlikdən istifadə edib öz torpaqlarımızı azad edə bilərik. Bu nə dərəcədə real görünən bir məsələdir?
– Zənnimcə bu proseslər üçün zəruri olan şərtlər yetişməyib. Rusiya əvvəlkindən daha aqressivdir və Ermənistanla hərbi birliyi həmişəkindən daha güclüdür. Rusiya Cənubi Qafqazda tonqal qalamaq üçün fürsət axtarır. Ona görə də situasiyanı gözləməkdən başqa əlacımız yoxdur.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...