Siyasi partiyaların “yay tətili” təəssüratları – SORĞU
Fərz etsək ki, siyasi pariyaların fəaliyyətsizliyi mövsümi olaraq yay istirahəti ilə bağlıdır, o zaman bu tətilin müddətini və keyfiyyətini necə qiymətləndirmək olar. Siyasilər nə vaxt “istirahətdən” qayıdacaq? Versus.Az siyasilərdən sorğu götürüb: “Yay tətili bitmədimi?”
“Azərbycanın işi düzələcəksə “yay istirahətini”, “istirahətdən qayıda bilməməyi” boynumuza götürə bilərik”
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlubildirib ki, nə qədər ki, ən böyük problem həll olunmayıb, bütün sahələrdə faydalı iş əmsalı sıfırdır:
“Yəni Azərbaycanda hər şeyi olan və heç nədən ehtiyacı olmayan siyasi təşkilat Yeni Azərbaycan Partiyasıdırsa və əlində hər şeyi olan iqtidar heç nə edə bilmirsə, digər siyasi partiyalar nə edə bilər”.
M.Mirəlioğlu Azərbaycanda bir psixoz vəziyyətin olduğunu söyləyib:
“Çünki torpaqlar işğal altındadır və onu azad edə bilmir. Udduğu hava belə, ona xoş gəlmir, yeridiyi yol, gördüyü iş belə, ona xoş gəlmir. Ona görə də sizin bu sualınız təbbi olaraq ortaya çıxır. Bütün bunlara görə məsuliyyət siyasi partiyaların üzərindədirsə və bununla Azərbaycanın işi düzələcəksə “yay istirahətini”, “istirahətdən qayıda bilməməyi” boynumuza götürə bilərik. Amma nə iş görmüşük ki, nə də istirahət eliyək. Qoy bu belə olsun, bütün günahlar siyasi partiyalarda olsun və Azərbaycan cəmiyyəti bundan rahatlıq tapsın”.
“Siyasilər nə “yay tətili”nə çıxıblar, nə də oradan qayıda bilməyiblər”
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hesab edir ki, yaranmış durğunluq bütün fəsillərdə özünü göstərdiyi üçün belə demək mümküdür ki, siyasilər nə “yay tətili”nə çıxıblar, nə də oradan qayıda bilməyiblər. Çünki payızda da, yazda da təqribən eyni mənzərə müşahidə olunur:
“Bu, ölkədə partiya demokratiyasının vəziyyəti ilə bağlı olan məsələdir. Ümumiyyətlə, istər hakim partiya, istərsə də müxalifət partiyaları olsun, konkret partiya strukturu olaraq tam fəaliyyət göstərə bilmirlər. Bunun səbəbi ölkədə mojaritar sistemlə bağlıdır. Ölkədə proporsional seçki sistemi olsa, yəni partiyalar öz proqramı, öz kadrları ilə seçkilərdə iştirak etsələr fərqli bir mənzərə yaranar. Partiyaların qeyri-aktivliyinin səbəbini burda axtarmaq lazımdır”.
F.Mustafa partiyaların müəyyən dərəcədə durğunluq yaşamasını beynəlxalq aləmdə yer alan vəziyyətlə də əlaqələndirib:
“Ayrı-ayrı ölkələrdə hadisələr o qədər dramatikdir ki, daha çox təhlükəsizlik məsələlərinə diqqət ayrıldığı üçün demokratiya bir qədər arxa planda qalır. Demokratiya olmayan məhdud şəraitdə partiyaların fəaliyyətsizliyi qabarıq şəkildə ortaya çıxır. Əsas səbəb bununla bağlıdır, yay mövsümü ilə deyil”.
“…Müxalifətin hələ uzun müddət bu vəziyyətdə olacağı gözləniləndir”
Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, müxalifət o vaxt güclənir ki, iqtidar işləmir, səhvlər buraxır, üzərinə düşən vəzifələri yerinə yetirmir, iqtisadiyyatın inkişaf tempi zəifləyir, insanların sosial vəziyyəti pisləşir və cəmiyyət məsələlərin həlli üçün müxalifətə üz tutur:
“İqtidar bütün bu istiqamətlər üzrə üzərinə düşən vəzifələri yerinə yetirir. Bu baxımdan onun sosial bazası böyükdür. İnsanlar seçimdə müxalifətə yox, iqtidar nümayəndələrinə üstünlük verirlər”.
A.Mirzəzadə qeyd edib ki, bu gün müxalifətin zəif olmasının ən əsas səbəbi iqtidarın öz vəzifəsini düzgün yerinə yetirməsi və müxalifətin güclənməsinə ehtiyacın yaranmamasıdır:
“Azərbaycanda müxalifət partiyalarının hamısı hardasa 3-5 faizlik elektoratın səsləri uğrunda mübarizə aparırlar. Həmin elektoratın özü də günü-gündən zəifləyir. Müxalifətin köhnə təfəkkürlə işləyən hissəsi əlbətdə ki, uğursuzluğa düçar olur. Yeni yanaşmaları olanlar isə parlamentdə təmsil olunur, nümayəndələri yerli idarəetmə orqanlarında çalışır, bu və ya digər məsələlər barədə alternativ fikir bildirirlər”.
YAP yetkilisi hesab edir ki, bu gün müxalifətin güclənməsi üçün sosial sifariş yoxdur. Ona görə də müxalifətin hələ uzun müddət bu vəziyyətdə olacağı gözləniləndir. Buna “yay tətili” və ya başqa ad da verə bilərsiz”.
Bütün vətəndaşlar kimi YAP üzvlərinin də məzuniyyətə çıxdığını bildirən millət vəkili ümumilikdə partiyanın heç zaman fəaliyyətini dayandırmadığını qeyd edib:
“YAP nümayəndələri insanlarla ünsiyyəti heç zaman dayandırmır, yerli problemlərin həllində iştirak edir, ümummili problemlərin həllinə dair təkliflərini verirlər. YAP-dan olan 70-dən çox deputat qarşıdan gələn payız sessiyasına öz təkliflərini hazırlayırlar. Bir sözlə, üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə çalışırıq”.
“Əksər partiyalar “tətildən” qayıdıb, “qayıtmayanların” siyahısını bilmirəm”
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, yay fəsli ümumi iş prosesinə təsir etsə də, partiya fəaliyyətsiz qalmayıb:
“Partiyamız yay aylarında yaranan istirahət ovqatlı durumdan da səmərəli istifadə edib. Nümayəndələrimiz yay ərzində bölgələrə səfərlər edib, müxtəlif görüşlər keçirib və təşkilati məsələlərə baxıb, partiyaya yeni üzvlər qəbul olunub”.
F.Əliyev yay mövsümünün sona çatması ilə daha aktiv fəaliyyətə başladıqlarını qeyd edib. Partiya sədri bu aktivləşmənin yaxın günlərdə hiss olunacağını deyib:
“Bu yaxınlarda bir çox ictimai-siyasi təşkilatların da yer aldığı “Mehman Əliyevin Müdafiə Komitəsində” çox aktiv fəaliyyətdəyik. Biz sentyabr ayında bir neçə tədbirlərin keçirilməsini planlaşdırmışıq. Bir sözlə, ALDP bir çox partiyalardan fərqli olaraq yay mövsümünü daha aktiv şəraitdə keçirib:
“Bu yaxınlarda bütün rayon təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüş keçirib, görülən işlər barədə hesabat verəcəyik. Hesab edirəm ki, əksər partiyalar tətildən qayıdıb, “qayıtmayanların” siyahısını bilmirəm”.
“Siyasi partiyaların rəhbərləri də insandır”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, siyasi partiyaların rəhbərləri də insandır. Onların da özlərinin ailə, istirahət maraqlarının olması təbii qarşılanmalıdır. Ə.Əliyev bu baxımdan yayda baş verən durğunluğa da müəyyən qədər izah tapmağın mümkün olduğunu söyləyib:
“Mənə görə mətbuatda olan susqunluqla siyasət nümayəndələrimizin istirahət etməsini eyni ampluadan izah etmək olar. Ümumilikdə kiminsə “istirahət etməsinə” və “yay istirahətindən” qayıtmasına cavab vermək çətindir”.
“Siyasi partiya şəkər istehsal etmir, yaxud mövsümi meyvə satmır ki…”
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, insanların fəaliyyəti hansı tətil dönəmində necə olursa, siyasi partiyaların fəaliyyəti də o cür qiymətləndirilir:
“Çünki siyasətin də xammalı insandır. İnsanların əhval-ruhiyyəsi və prosesdə iştirakı necədirsə, siyasi partiyalar da o cür olur. İnsanlarımız yay dönəmində daha çox istirahətə meyilli olursa, deməli siyasi partiyalar passiv olur. Payız dönəmində həyat daha çevik, daha qaynar olursa, siyasi fəaliyyət də ona nisbətən aktivləşir. Biri tətilini yaxşı keçirir, biri pis, biri orta”.
İ.Ağazada bildirib ki, hamı siyasi partiyaları abstrak, amorf bir şey kimi düşünür, amma belə deyil:
“O cümlədən, siyasi partiya şəkər istehsal etmir, yaxud mövsümi meyvə satmır ki, deyim ki, bu dönəmdə yaxşı alver edib”.
“Əgər siyasi partiyalar ölkənin gündəliyində yer almaq istəyirsə…”
Deputat Jalə Əliyeva bitərəf siyasətçi kimi bildrib ki, siyasi fəaliyyət mövsümə baxmır:
“Əgər siyasətçilər və siyasi partiyalar ölkənin gündəliyində yer almaq istəyirsə, dünyanı maraqlandıran məsələlərin önünə keçmək istəyirlərsə hər bir zaman aktiv olmalıdırlar”.
“…Siyasi qurumların “istirahətini” təkcə fəsillərə bağlamaq mümkün deyil”
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, yay fəslində bütün qurumlar kimi siyasi partiyaların fəaliyyətində də sönüklük olur. Partiyalar ictimai-siyasi hadisələrə bağlı olduğundan yayda proseslərdə ləngimələr baş verir və buna görə də partiyaların fəaliyyəti zəifləyir:
“Amma həm də nəzərə almalıyıq ki, Azərbaycanda siyasi qurumların “istirahətini” təkcə fəsillərə bağlamaq mümkün deyil. Çünki son illər müxalifət düşərgəsində ciddi sarsıntılar baş verdi. Nəticədə iqtidar bir qədər də gücləndi, müxalifət isə təəssüf doğuracaq qədər zəiflədi. Ona görə də yay fəslinin bitməsi ilə müxalifətin daha intensiv görünəcəyini ehtimal etmək olmaz. Bunun üçün tamamilə başqa yanaşmalar tələb olunur. Belə demək mümkünsə, siyasi partiyalar “yay tətilinə çıxmyıb” və “tətildən” nə vaxt dönəcəkləri də bəlli deyil”.
“Hansısa fasilələrdən söhbət gedə bilməz, iş hər zaman davam edir”
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) sədri, millət vəkili Azim Mollazadə bildirib ki, əslində yay tətilində də müvafiq işlər gedir. Sadəcə olaraq yay tətilində bunun forması dəyişir. Yayda daha çox bölgələrə səfərlər edib, rayon təşkilatlarının, gənclərin proseslərdəki fəaliyyəti ilə bağlı məsələlərə baxılır:
“Təbii ki, bu media tərəfindən işıqlandırılmır. Sadəcə olaraq partiyaların fəaliyyəti geniş sosial təbəqələrin dəstəyini qazanmalı və öz siyasi baxışlarını vətəndaşlara çatdırmalıdır”.
A.Mollazadə kimlərinsə özünü “tətildə” hiss edib-etməməyini məqsədlərin fərqli olması ilə izah edib:
“Mənə elə gəlir ki, siyasi partiyaların fəaliyyətində hansısa fasilələrdən söhbət gedə bilməz, iş hər zaman davam edir. Ola bilər ki, kimsə fəaliyyəti kütləvi aksiyalar keçirməkdə, kimsə vətəndaşlarla fərdi işləməkdə görür. Təbii ki, hər kəs öz biliyinə və istəyinə görə yollar seçdiyi üçün yanaşmalar da fərqlidir”.
“YAP bəzi üzvlərinin rüşvət almasını iş bilirsə, çox böyük yanlışlığa yol verir”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onlara istirahətin qismət olmadığını deyib. Bildirib ki, partiya rəhbərliyi başda olmaqla, bütün rayon təşkilatları dinamik şəkildə işləyib. Üzvləri ilə görüşlər keçirib, gələcək planlar ətrafında müzakirələr aparıblar:
“Qapımız hər zaman açıqdır və haqqını axtaran hər bir vətəndaş bizə müraciət edir. MMP hər saat fəaliyyətdə olan partiyadır və bu gün də eyni templə işləyir. Biz prezident seçkilərinə hazırlaşdığımıza görə yay ərzində bölgələrdə vətəndaşlarla, müəyyən partiyaların sədrləri ilə də görüşlər keçirdik. MMP olaraq həmişə dövləti və onun birinci şəxsinin siyasi xəttini müdafiə edmişik. Hakimiyyətin QOCALAR EVİNİ və yaxud hökumətdə korrupsiyaya bulaşmış, dövlət başçısına xəyanət edən məmurları müdafiə etmirik. Əminəm ki, biz bu tendensiyanı davam etdirsək, ən güclü konstruktiv müxalifət partiyası kimi fəaliyyətimizi ortaya qoyacağıq”.
Partiya sədri siyasi düşərgədə qarşıdurmanın əleyhinə olduğunu deyərək, siyasiləri fikir işlədəndə ehtiyatlı olmağa çağırıb:
“Hamımız eyni torpağın insanlarıyıq. Nə olsun ki, biri YAP-ın, biri MMP-nin, biri Xalq Cəbhəsinin və sair partiyanın üzvüdür. YAP-ın sədri prezidentdir və o, tək bir partiyanın deyil, bütün Azərbaycan xalqınındır. Bu gün Azərbaycana qarşı təzyiqlər var və ümumi vəziyyət elə də normal deyil. Ona görə də digər partiyaları qıcıqlandırmaq lazım deyil. YAP müxalifət cəbhəsini fəaliyyətsiz hesab edirsə, müxalifət cəbhəsi də deyə bilər ki, bu səhvdir. Deyə bilər ki, bəzi YAP üzvlərinin korrupsiya ilə məşğul olması fəaliyyət deyil. Yaxud, YAP-ın Yasamal rayon təşkilat sədrinın 200 milyon rüşvət alması fəaliyyət deyil. Baş nazirin müavinin Gəncədə şadlıq evləri tikdirməsi bu partiyann inkişafı deyil. Bu gün insanların narazılığı çoxdur. Bəzi rayon icra hakimiyyətləri rüşvətlə, eyş-işrətlə məşğuldur, milləti incidirlər, milləti prezidentdən narazı salırlar. Biz buna yol verməyəcəyik. YAP bəzi üzvlərinin rüşvət almasını, cinayətlərini iş bilirsə, çox böyük yanlışlığa yol verir”.
Taha
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...