“Müxalifət birləşəcək və bu, bir dalğa kimi cəmiyyətə siyarət edəcək”

16:27 11-09-2017 | icon 598 | Siyasət
“Müxalifət birləşəcək və bu, bir dalğa kimi cəmiyyətə siyarət edəcək”

“Görsəm ki, digər namizəd məndən daha şanslıdır, namizədliyimi onun xeyrinə geri götürərəm

Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad ƏliyevinVersus.Az-a müsahibəsi.

– Fuad bəy, artıq ictimai-siyasi fəaliyyət sferalarında müəyyən canlanma hiss olunur. Mövsümi susqunluqdan sonra növbəti iş prosesinə start verildiyini söyləmək olar. Yeni mövsümdə ALDP öz siyasi fəaliyyətini hansı proqram üzərində davam etdirəcək?

– Partiyamızın 12 aprel qurultayında 1 illik, 2018-ci ilə qədər fəaliyyət proqramı qəbul edilib. Bu aydan etibarən həmin proqrama uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. İstiqamətlər artıq müəyyən olunub və işlər gedir. Hazırda isə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı məsələlər önə çıxıb ki, bu da cəmiyyətdə, müxalifət partiyalarında müəyyən aktivləşməyə təkan verib. 100-ə yaxın ictimai-siyasi təşkilatın iştirakı ilə Mehman Əliyevin Müdafiə Komitəsi yaradılıb. Deyə bilərik ki, yaranmış bu durum müxalifətin bir araya gəlməsinə də təkan verib. Hələlik istənilən nəticəyə nail olmamışıq. Lakin ötən həftə Müdafiə Komitəsinin İşçi Qrupunun iclasında müsbət gözləntilərin olacağı bildirilib. Bir neçə siyasi liderlə danışıqların aparılması nəzərdə tutulub. Danışıqlar baş tutarsa Mehman Əliyevin azadlığı naminə müxalifətin yeni birliyinə nail olunacaq. Ümid edirəm ki, danışıqların nəticəsi müsbət olacaq. Bu gün siyasilərin təqib olunması bir tərəfə, artıq jurnalistlərin, ziyalıların da həbs olunması cəmiyyətdə birmənalı qarşılanmır. Artıq müxalifət birləşəcək və bu, bir dalğa kimi cəmiyyətə də siyarət edəcək. Bu hamımızın arzusudur ki, Allah məhbusların qapısını açsın.

– Müdafiə Komitəsinin tərkibində Milli Məclisdə olan müxalifət nümayəndələrindən varmı?

– Yoxdur.

– Siz Komitədə müsbət nəticə gözlənildiyini söylədiniz və daha çox müxalifətin birliyə gələcəyinin üzərində dayandınız. Mehman Əliyevin azadlığa çıxması gözlənilirmi?

– “Müsbət nəticələr” deyəndə yalnız müxalifətin birliyini nəzərdə tuturuq. Sözsüz ki, biz istərdik ki, Mehman bəy öz 60 iliyini ailəsi ilə birlikdə evində keçirsin. Hardasa buna da inamımız var. Əgər müxalifətin birliyi alınarsa, bu həm onun azad olunması, həm də digər siyasi məhbuslar üçün müsbət nəticələr verəcək.

– Müdafiə komitəsinin siyahısında yer alan siyasilərə nəzər salanda burada vaxtilə çox birliklərdə olub parçalanmaya səbəb olduğu iddia olunan, yaxud uğursuz birliklər yaşayan partiya liderləri görünür. Belə bir heyətlə yaranan birliyin “bünövrəsiz” olacağını düşünən sosial sfera buna qeyri-ciddi yanaşa bilər. Bunu nəzərə aldınızmı?

– Məncə məqsəd əsas yerdə dayanır. Uduzacağımızı düşünüb, yaxud istənilən nəticəni almayacağıq düşüncəsi ilə də belə birliklərdən yayına bilmərik. Biz əlimizdə olan resurslardan istifadə etməli və elə xətt seçməliyik ki, parçalayıcı hallar birliyə təsir etməsin. Qeyd etdiyim kimi, Müdafiə Komitəsində 100-ə yaxın insan var. Ən azı Mehman Əliyevin azad olunması ideyasını əsas götürüb şəxsi ambisyalardan kənarda dayanmağı bacarmalıyıq. Onsuz da cəmiyyətdə müxalifətin birlik istəyi ciddi qarşılanmır. Biz o sterotipi möhkəm birlik yaratmaqla dağıtmalıyıq.

– Bir neçə ay öncə siyasi cəmiyyətdə prezident seçkiləri və iştirakla bağlı müzakirələr aparıldı sonra sakitlik yarandı. Bu yaxınlarda  keçmiş prezident Ayaz Mütəllibovdan media vasitəsilə ictimaiyyətə mesaj verilməklə məsələ təzələndi. Bütün bunları necə təhlil etmək olar?

– Keçmiş prezident birdən-birə I vitse-prezident Mehriban Əliyevanın namizədliyini irəli sürür. Məncə bu, bir qədər mübahisə doğura bilər. Seçki ab-havasının olmadığı, seçkilərə start verilmədiyi bir vaxtda keçmiş prezidentin birdən-birə Mehriban Əliyevanın adını çəkib “istərdim ki, namizəd o olsun” deməsi təbii ki, belə qarşılanmalı idi. Deyən lazım, səndən soruşan oldu ki, kim prezident olsun? Düşünürəm ki, bunlar nəyi isə qabaqlamaq istəyirlər. Yaxud belə çıxır ki, hakimiyyət daxilində parçalanma var və iki qrup yaranıb. Keçmiş prezidentin öz istəyi olsa da, razılaşdırmamış deməz. Görünür bununla keçmiş prezident cəmiyyətə mesaj verir ki, hazır olun, Mehriban Əliyeva namizəd olacaq. Belə çıxır ki, indiki prezident öz namizədliyini irəli sürməyəcək.

“İştirak etmək istəyənlər Namizədlər Klubu yaratmalıdır”

Bizim də partiyamız mənim namizədliyimi irəli sürüb, bir necə digər partiyalar isə öz sədrlərinin namizədlərini irəli sürüblər. Hesab edirəm ki, müxalifətdə kimin iddiası varsa, o, öz namizədliyini verməlidir. Seçkilərdə iştirak etmək istəyən namizədlər Namizədlər Klubu yaradıb, orda birləşməlidirlər. Biz qeydiyyat və imza toplanmasında komanda ilə iştirak etsək, bu, sonda ən azı dörd namizədin və 4 mikrafonun olması deməkdir. Həmin namizədlər də öz aralarında bir namizədi seçib onun xeyrinə öz namizədliyini geri götürə bilər. Bu, dünyada da belədir.

Mənə deyirlər ki, sən indidən namizədliyini vermisən və ona görə də bizim namizədin əleyhinə çıxacaqsan. Axı məqsədimiz müxalifətin qalib gəlməsidirsə, nəyə görə müttəfiqlərimizin əleyhinə çıxmalıyam? Sadəcə namizədlər çox olsa seçim də olacaq və istənilən vaxt namizədliyimi geri götürə bilərəm.

– Namizədliyinizi hansı halda geri götürərsiniz?

– Görsəm ki, digər namizəd məndən daha şanslıdır, sözsüz ki, namizədliyimi onun xeyrinə geri götürərəm. İddialı olmayanlar bunu yaxşı qarşılayırlar, iddialı olanlar isə müxtəlif bəhanələr edirlər.

– Bəlkə ixtiyarları öz əllərində deyil, “drijor çubuğu” ilə idarə olunurlar?

– Ümumiyətlə, “idarə olunur” kimi fikirlər bizim cəmiyyətdə dəb halını alıb. Müstəqil bir iş görsə də o dəqiqə idarə olunduğu, kiminsə nəzarəti ilə işlədiyi deyilir. Mən bu fikirlə razı deyiləm. İnsan nə qədər idarə olunsa da ən azı öz fikirlərini sərbəst demək şansı olur. Belə çıxır ki, siz mənə sual verəndə onun cavabını kimdənsə soruşub deməliyəm. Amma görürsüz ki, pis-yaxşı özüm cavab verirəm və siz də işıqlandırırsınız. Bizim cəmiyyətdə “bu filankəsin adamıdır”, “bu ordan-burdan pul alır”, “o, Rusiyanın adamıdır, Qərbin adamıdır”, “axşamlar görüşürlər, səhərlər döyüşürlər”, “parlamentə düşən müxalifət hakimiyyətə satılıb” və sair sözlər çoxdan dəbdədir. Bunlar bizim müxalifətin çoxdankı problemidir. Bəzən belə sözlərə cavab da vermək istəmirik. Çünki cavab verdikcə düşünürlər ki, demək nəsə var.

– Müxalifətdə özlərini “ana” hesab edən partiyaların “əsl demokratik qüvvələrlə birləşmək üçün danışıqlar gedir, hələ ki, bir nəticə yoxdur” fikirləri ilə neçə illərdir rastlaşırıq. Amma hələ də o demokratlar tapılmır. Maraqlıdır, həmin demokratik qüvvələr kimdir və hansı qüvvələr demokrat hesab olunur. Sizcə bu cür yanaşmalar nə dərəcədə doğrudur?

– Çox təəssüf ki, Azərbaycan müxalifətində bu bölücülük var. Bəzən deyirlər ki, “biz milli demokrat düşərgəsinin üzvləriyik”. Belə çıxır ki, digərləri milli, demokrat deyil? Bəs kimdir, üzr istəyirəm faşistdirlər? Bu bölücülük partiyaları parçalamaqdan və zəiflətməkdən başqa heç nəyə xidmət eləmir.

Bütün ölkələrdə iki partiya olur. Əgər bir iqtidar varsa, deməli qalan partiyalar müxalifətdir. Onların arasında iqtidara dəstək verən partiyalar ola bilər, amma deyildiyi kimi “iqtidaryönlü” ola bilməz. Bəzən də deyirlər ki, bu “müxalifətyönlüdür”. İqtidar və müxalifət var. İki-üç partiya bir yerdə olanda artıq bu koalisiyadır.

Biz partiya olaraq liberal demokratik qüvvələrik və bu da o demək deyil ki, biz milli deyilik. Təbii ki, biz Azərbaycan çərçivəsində ölkənin müstəqilliyini, inkişafını istəyən, demokratik cəmiyyət yaratmaq istəyən hər kəslə, hər bir partiya ilə əməkdaşlıq etməyə hazırıq.

– Bu, müxalifətdə birlik istəməyən partiyaların işi ola bilərmi?

– Hər halda, vacib bir məsələ olanda biz hamımız birləşirik. Siyasi proses baş verməyəndə partiya hesab edir ki, müstəqil, tək fəaliyyət göstərə bildiyini elan edirsə, bu onun daxili işidir. Amma seçkilərdə, yaxud Dağlıq Qarabağ problemi ilə bağlı müxalifət toplaşır. Məsələn, Mehman Əliyev məsələsində də hamımız bir yerdəyik.

“Bəzən iqtidar-müxalifət dialoqundan qaçırlar"

– İqtidar-müxalifət dialoqunu əhəmiyyətsiz sayan bəzi müxalifət partiyaları dialoqa iqtidarın “müxalifət nazirliyi” yaratmaq istəyi kimi də yanaşır. Bir çox “nazirliklərin” olduğunu eşitmişdim amma bunu yox. Sizcə “iqtidarın müxalifət nazirliyi” var?

– Belə başa düşürəm ki, Prezident Aparatında ictimai-siyasi əlaqələr şöbəsi “müxalifət nazirliyi”, funksiyasını yerinə yetirir. O şöbə lazım olanda əlaqə saxlayıb bizi dialoqa dəvət edir. Amma müxalifət bəzən iqtidar-müxalifət dialoqundan qaçır. Digər tərəfdən iqtidar özü də müxalifətlə dialoqa gəlib hər hansı problemi həll etməkdə maraqlı deyil. Dəfələrlə iqtidar partiyasından “qoy müxalifət bizə bir təklif versin” fikirlərini eşitmişik. Mən bildiyim qədər 7-8 partiya dəfələrlə Milli Məclisə sosial-iqtisadi, siyasi yöndə təkliflər göndərmişik. Deməli, bu da doğru deyil. İqtidar cəmiyyətin böyük bir hissəsi olan siyasi partiyalarla danışıqlara getməyə maraqlı olmalıdır. İqtidarın cəmiyyəti narahat edən problemləri bizdən eşitməli və həlli yollarını birgə aramalıyıq. Bəzən də deyirlər ki, hə, nə olsun, YAP da, iqtidar da problemləri deyir, korrupsiya, rüşvətə qarşı çıxış edir və lazım gələndə məmurları işdən çıxarıb həbs etdirir, sizə ehtiyac yoxdur. Nəzərə almalıyıq ki, məmurlar özləri ciddi səhvlər edəndə həbs olunurlar. Amma gündəlik problemlər həll olunmamış qalır. Biz gündəlik rüşvət, korrupsiya ilə bağlı məlumat verəndə reaksiya olmur. Elə bunun nəticəsidir ki, məmurların övladları da özbaşınalıq edərək cəmiyyətdə narahatlıq yaradırlar. Bahalı maşınlarda xuliqanlıq edib qəzalar törədirlər. Bu cür hallar problemə vaxtında reaksiya verilmədiyi üçün yaranır. Nəzarətsizlik, qaldırılan problemlərə önəm verilmədiyinə görə belə cinayətlər baş alıb gedir. Məmur balalarına elə gəlir ki, nə etsələr də onlara söz deyən olmayacaq. Belə halların qarşısını almaq üçün müxalifətin də sözü eşidilməlidir.

“Aksiyanın önündə iqtidar dayanmalıdır”

– Fuad bəy, söhbətimizin əvvəlində müxalifət birliyi ilə bağlı qeyd etdiyiniz məsələyə son sualda bir daha qayıdacam. Təbii ki, sərhədləri bütöv, müharibəsiz, inkişaf etmiş, yaxud etməmiş dövlətlərdə siyasi partiyaların bir araya gəlməsinə ehtiyac yoxdur. Amma bizim durum başqadır. Sizcə müxalifətin birliyi üçün Mehman Əliyevin həbsimi lazım idi? Siyasi qüvvələrin bir arada olması üçün Qarabağ problemi yetərli deyilmi?

– Müxalifət Qarabağ məsələsində həmişə birgədir. Sadəcə bu məsələ təkcə bizim gücümüz daxilində həll olunacaq iş deyil. Əgər sabah ALDP hakimiyyətdə olsa, bu məsələnin həlli təbii olaraq məndən tələb olunacaq. Biz hakimiyyətdə olsaq nəinki müxalifəti, bütün cəmiyəti toplayıb torpaqların işğalı faktını Azadlıq Meydanında müzakirə etməyə hazır olacağıq. Yadımdadır ki, hələ 2002-ci ildə Heydər Əliyev bütün partiyaları Milli Məclisdə toplamışdı və orada Qarabağ problemini müzakirə etmişdik. Müxalifət olaraq bu məsələdə dəfələrlə birgə konfranslar, forumlar keçirmişik. Biz məsələni gündəmdə saxlamışıq. Məsələ hakimiyyətin marağında olmalı və cəmiyyətdə səslənən bütün etirazların cəmlənərək dünyaya çatdırılması üçün ciddi işlər görülməlidir. Qarabağla bağlı xüsusi verlişlər olmalıdır, dünya məsələni bilsə də biz böyük bir güc formasında onun beyninə haqq səsimizi yeritməliyik. Məsələn, hər il Xocalının ildönümlərində dövlət başçısı, dövlət nümayəndələri önə çıxır və camaat böyük izdihamla onların arxasınca gedir, sakit bir yürüş keçirilir. Hesab edirəm ki, bu yürüşlər ildönümləri gözləməməlidir. Bu aksiyalar hər il həyata keçirilməlidir ki, dünya birliyi Azərbaycanın ümummili birliyini və ictimaiyyətin reaksiyasını görsün, bu etirazın əhəmiyyətini anlasın. O zaman müxalifət də həmin yürüşə qoşulacaq. Hakimiyət başda olmaqla biz Qarabağın işğal faktını təkcə diplomatların otaqlarda keçirdiyi “danışıqlarla” yola verməməliyik. Biz dövlət, millət olaraq, öz sözümüzü dünya ictimaiyyətinə yürüşlər, aksiyalar formasında açıq şəkildə çatdırmalıyıq. Bu aksiyaların önündə də iqtidarlı-müxalifətli bütün siyasətçilər, ziyalılar dayanmalıdır. Bu, diplomatik danışıqlara da öz təsirini göstərəcək.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?