“Səlahiyyət sahibləri üzdə prezidentə yaltaqlanır, gizlində isə …”

16:25 04-09-2017 | icon 503 | Siyasət
“Səlahiyyət sahibləri üzdə prezidentə yaltaqlanır, gizlində isə …”

Daxili siyasətdə vəziyyət

Mövcud ictimai-siyasi durum kasmetik görünüşünə görə nə qədər stabil olsa da, alt qatındakı proseslər vəziyyətin gərginləşəcəyini istisna etmir.

Son illər geopolitik vəziyyət və beynəlxalq müstəvidə cərəyan edən prosesləri təhlil edən siyasi ekspert və partiya mənsubları bu fikirdədir. Bir çox siyasətçilər məhz xarici qüvvələrin təsirləri sayəsində mövcud sakitliyin müvəqqəti hal daşıdığını proqnozlaşdırır. Ölkənin daxili siyasəti və bu sistemin nizamlanması prosesində məmur və siyasətçilərin rolu da qənaətbəxş qarşılanmır.

Versus.Az “daxili siyasətdə vəziyyət” mövzusunda siyasətçilərin VS yanaşmalarını təqdim edir.

“Dövlət özü-özünə mövcud deyil, onu da fəaliyyətdə saxlayan siyasətçilərdir”

YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycanda daxili siyasətin vəziyyətini qənaətbəxş hesab edib. Millət vəkili bildirib ki, daxili siyasət geniş anlamlı politoloji kateqoriyadır və dövlət mütəmadi olaraq bu sahələrin inkişafına dəstək verir.

Millət vəkili eyni zamanda dövlətin özü-özünə mövcud olmadığını və onu fəaliyyətdə saxlayan vasitələrin siyasətçilər olduğunu qeyd edib.

Aydın Mirzəzadə eyni zamanda politoloji kateqoriyaya aid olan iqtisadiyyatın təşkili, energetika, infrastrukturun qurulması, maliyyə və vergi, təbii ehtiyatlardan səmərəli istifadə, sosial siyasət və insanların şəxsi hüquq və azadlıqlarının daxil olduğunu qeyd edərək dövlətin bu istiqamətdə uğurlu işlər apardığını önə çəkib:

“Dövlətin vəzifəsi bu sahələrin inkişafını təmin etmək, siyasətçilərin vəzifəsi bu sahələrdəki müsbət amilləri dəsətəkləmək və daha da inkişafına dair təkliflər irəli sürməkdir”.

“Belə cəmiyyətlər çox ciddi problemlər yaşamağa məhkumdur”

Müstəqil siyasi araşdırmaçı Nəsimi Məmmədli bildirib ki, bu gün siyasətçilər cəmiyyətə elə mesajlar verməlidirlər ki, cəmiyyət öz durumunu dəqiq anlaya bilsin. Onun fikrincə, belə situasiyada kiminsə qanunauyğun şəkildə hakimiyyətə gəlməsi mümkün deyil. Ona görə də siyasətçilər cəmiyyətin dəyişikliyə hazırlığı istiqamətində sistemli çalışmalar aparmalı və xarici amillərin ölkəyə konkret təsirlərini nəzərə almalıdır:

“Azad sözü boğmaq, siyasi azadlıqları maksimum məhdudlaşdırmaq, vətəndaşları hüquqsuz şəkildə idarə etmək antidemokratik rejimlərin ortaq tərəfləridir. Fərqli tərəfləri isə müəyyən edilmiş vahid ideyanı qoruyan qanunların diktaturası ilə bir şəxsin və ya qrupun maraqlarını qoruyan induktiv idarəetməyə ayrılmasıdır.  Bu idarəetmə elə bir sosial-siyasi mühit yaradır ki, orada hər hansı məntiqli siyasi proseslərə nail olmaq mümkün deyil. Məntiqli siyasi proseslərə can atan istənilən qurum məyusluğa məhkumdur. Çünki burada hakim maraqların daxili siyasi konyukturası hətta idarə edənlərin ovqatına görə də bir anda dəyişə bilir”.

N.Məmmədli hesab edir ki, ölkədə hökm sürən siyasi durum daha çox sonuncuya aiddir. Konkret olaraq bu tip siyasi gedişatın elmi-nəzəri təhlili onu göstərir ki, belə cəmiyyətlər çox ciddi problemlər yaşamağa məhkumdur:

“Burada bütövlükdə cəmiyyət məsuliyyət daşıyır və təəssüf ki, acısını hamı çəkəcək”.

“Dəyişilməli məmurlar o qədər dərin kənar dəstəyə malikdirlər ki…”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bugünkü siyasi mühiti  “durğunluq”, “bataqlıq” ifadələri ilə xarakterizə edib. Onun fikrincə, bu gün hakimiyyət əldə etdiyi mövqeləri qorumaqla məşğuldur. Əli Əliyev hesab edir ki, iqtidar prioritetləri sırasında bu vəzifəni birinci yerdə görür və bu işi yaxşı bacarır:

“Dünyanın beynəlxalq səviyyədə yenidən qurulması prosesi gedir. Azərbaycan uğrunda gedən mübarizə kəskin xarakter daşıyır. Mübarizə sözsüz ki, dinc görüntüyə malik olsa da, alt qrupda amansızdır. Bütün xarici anturaj daxili gərginliyi də şərtləndirir. Daxili amillər sırasında azalmış maliyyə axınlarını, nəsil dəyişikliyi zərurətini, bununla da regional nüfuz transferi, artan sosial gərginlik, maliyyə sıxıntısı, sistem böhranı və s. bu kimi amillər vəziyyəti dayanıqsız edir. Ona görə də iqtidar maksimum dərəcədə hərəkətsizliyə üstünlük verir. Belə mürəkkəb şərtlər daxilində yalnız müvazinətin qorunmasına çalışırlar. Hərəkətsizlik sonsuza qədər ola bilməz. Mütləq “bataqlıqdan” çıxmanın yolları aranmalıdır. Amma dəyişilməli məmurlar o qədər dərin kənar dəstəyə malikdirlər ki, onlara güc çatmır. Bir sözlə, ya dəyişiklik yolu tutub, vəziyyətdən çıxış axtarılmalıdır, ya da durğun şəkildə batacağıq”.

“Müxalifət olduqca pərakəndə, tamamilə parçalanmış və zəifləmiş vəziyyətdədir”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, ölkədə daxili siyasət olmadığı üçün onun nədən ibarət olduğunu da şərh etmək mümkün deyil. O, hesab edir ki, ölkədə iqtidar çox güclüdür və demək olar ki, müxalif düşərgənin ictimai-siyasi duruma, cəmiyyətə təsir etmək imkanları yoxdur:

“Müxalifət olduqca pərakəndə, tamamilə parçalanmış və zəifləmiş vəziyyətdədir. Hakimiyyət belə durumda nə istəyirsə onu da edir”.

M.Rəhimli məmurların, onların övladlarının qanundan kənar davranışlarının, sadə vətəndaşlara həqarətlərinin şahidi olmaqla yanaşı, korrupsiya hallarının da azalmadığını önə çəkib:

“Bir çox səlahiyyət sahibləri üzdə ölkə prezidentinə yaltaqlanır, gizlində isə dövlət əmlakını mənimsəməklə məşğuldur. Məmurlar əmlakları, gəlirləri, xərcləri haqqında deklorasiya vermirlər. Bütün bunların nəticəsidir ki, kasıblar daha da kasıblaşır, məmurlar isə getdikcə varlanırlar”.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?