“Biz yuxudan gec ayılmağa adət etmiş cəmiyyətik” – MÜSAHİBƏ

15:46 01-08-2017 | icon 567 | Siyasət
“Biz yuxudan gec ayılmağa adət etmiş cəmiyyətik” – MÜSAHİBƏ

“Ermənilərin bu davranışları bizim yuxudan tez oyanmağımıza stimul verməlidir”

Millət vəkili Fazil Mustafanın Versus.Az-a müsahibəsi.

– Fazil bəy, bu gün Qarabağın işğaldan azad olunması prosesində müharibə variantının seçilməsi ölkə ictimaiyyəti tərəfindən tez-tez önə çıxarılır. Sizcə torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycan insanının bu tələbləri nə dərəcədə reallaşa bilər?

– Müharibə reallığı hələ ki, gündəmdə yoxdur, amma hər an başlaya bilər. Amma beynəlxalq şərtlər, indiki  yaranmış situasiya buna ehtimal verməyə əsas yaratmır. Buna baxmayaraq Azərbaycan hərbi gücünü artırır. Bu gün Rusiyanın Ermənistanla müştərək ordu yaratması regionda yeni bir situasiyanı yaradıb. Rusiya əsas fiqur kimi oyuna girmək istəyir ki, bu da bizim üçün təhlükəlidir. Amma hər halda beynəlxalq şərtlər çevik şəkildə dəyişdiyinə görə indi nəyisə dəqiq proqnozlaşdırmaq olmur. Ona görə də biz sadəcə öz işimizi görməliyik. Birinci növbədə Azərbaycanı real təhlükələrdən qorumaq üçün ordunu gücləndirməliyik. Qarabağda antiterror əməliyyatlar aparmaq üçün həm beynəlxalq müstəvidə diplomatiyada, həm də hərbidə üstünlüyü əldə etməliyik. Amma qalan məsələlərin necə yekunlaşacağını söyləmək çətindir.

“Rusiya ilə üz-üzə qaldığımız üçün buna ciddi yanaşmalıyıq”

– Rusiyanın separatçı Ermənistana hər zaman dəstək verməsi, onun forpost dövlət olduğu və regiondakı münaqişənin əsl səbəbkarı olması yeni xəbər deyil. Belə olduğu halda, Rusiya-Ermənistan hərbi yaxınlaşması ilə bağlı həyəcanlı davranış bir qədər məntiqsiz görünmürmü və sanki nə dəyişib ki?

– Burda başqa nüansalar da var. Əvvəla, MDB məkanında olan Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıq münasibətləri var idi və bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi adı altında formalaşmışdı. Bu müqaviləyə görə Rusiya Ermənistanın qatıldığı hər hansı münaqişəyə müdaxilə edə bilərdi. İndi isə Rusiyanın Ermənistanla müştərək ordu yaratması Ermənistanın dövlət olaraq arxa planda qalması deməkdir. Artıq regionda Rusiyanın təsirində olan Tula, Komi, Yakutya kimi bir Ermənistan da var. Burada Rusiya ordusundan söhbət gedir və bu məsələdə Ermənistanın dövlət kimi mövcudluğu məsələsi ortaya çıxır. Biz Rusiya ilə üz-üzə qaldığımız üçün buna ciddi yanaşmalıyıq.

“…kababımızı qarşımıza qoyub, bir dənə də Qarabağ şikəstəsi oxudub...”

– Bu gün ermənilərin torpaqlarımızda ardıcıl tədbirlər keçirib Qarabağı Ermənistan əraziləri kimi tanıtmaq istəkləri və sair hallar sanki Azərbaycan ictimaiyyətində ruh düşkünlüyü yaratmaqla yanaşı, onu depressiyadan doğan gərgin psixoloji duruma gətirib. Sizcə bizim üçün ən təhlükəli məqam belə bir vəziyyətin yaranma qorxusu deyilmi?

– Təbii ki, torpaqları işğal edən Ermənistan əllərini yanına salıb oturmayacaq. Əlbəttə ki, o, işğal etdiyi ərazilərdə möhkəmlənmək, perspektivə yönəlik hərbi-strateji, texniki vasitələrlə işğal ərazilərinə öz sahibliyini göstərmək üçün müəyyən manevrlər edəcəkdir. Diplomatik addımlar atacaq, işğal ərazilərində abadlıq işləri aparacaq, ora tanınmış adamar gətirərək şəkillər çəkdirib hamıya gösətərəcək ki, həqiqətən də bu torpağın sahibidir. Bu bizim üçün ruh düşkünlüyü yox, ən azı torpaqlarımızı işğaldan azad etmək üçün stimullaşdırıcı hal olmalıdır. Çünki biz yuxudan gec ayılmağa adət etmiş cəmiyyətik. Heç vaxt günəş çıxmadan əvvəl yuxudan qalxmırıq. Ona görə də ermənilərin bu davranışları bizim yuxudan tez oyanmağımıza stimul verməlidir. Ermənilər bu işləri görməklə bizi daha çox dinamik saxlamağa sövq edirlər və biz də Qarabağ barədə düşünürük. Yoxsa böyük əksəriyyətimiz gündə kabab qidalanmasından o tərəfə başqa bir şey düşünməyəcəyik. Manqal yanımızda, kababımızı qarşımıza qoyub bir dənə də Qarabağ şikəstəsi oxudub, hayıl-mayıl olacağıq. Amma erməni gedib işğal altında olan ərazilərdə belə tədbirlər keçirəndə ən azı “necə ola bilir ki, erməni mənim torpaqlarımda bu cür addımları atır”- deyə, düşünür, ən azı nələrsə etməyə çalışır. Ona görə də bizi laqeydləşməyə qoymayan belə halları anlayışla qarşılamalıyıq və bunun indiki məqamda xeyrimizə olduğunu düşünməliyik.

“… deputatın vəzifəsi bu deyil, amma…”

– Təkcə düşünmək nəyi dəyişir?

– Bu həm də potensialımıza bağlı olan məsələdir. Hələ dinc dövrdə Dağlıq Qarabağ bir tərəfə, biz Kürdəmirin, Zərdabın, Biləsüvarın və başqa yerlərin çöllərini abadlaşdırıb şoranlıqdan xilas etməyə cəhd elədikmi ki, hansısa digər torpaqlar üçün fərqli bir əmək ortaya qoyaq? Təbii ki, Cocuqmərcanlı kəndi ilə bağlı dövlətin gördüyü işlər böyükdür. Amma bu təkcə dövlətin işi deyil axı. Bu bütövlükdə cəmiyyətin öz torpağına olan həssaslığıdır. Məsələn, başqa yerlərdə bizdə olan qədər boş, yararsız, suvarılmamış torpaq görərsinizmi, yox. Qarabağa münasibətimizə də bu kontekstdən baxmaq lazımdır. Olanın dəyərini verdikmi ki, olmayan üçün də nə isə edək. Yaxud baxaq görək, biz dənizə hansı hörməti göstəririk. Dənizi hasarladıq, amma onu hansısa çirkab tullantılardan xilas edə bilirikmi, yox. Qarabağ kimi Xəzər də Allahın verdiyi nemətdir, onun qədrini bilirikmi? Dənizdə normal balıq yetişdirə bilirikmi? Amma ermənilərin son vaxtlar Qarabağda müəyyən addımlar atması bizi düşündürür ki, torpağı azad eləmək boynumuzun borcudur. Bu məsələyə daha geniş baxmağın tərəfdarıyam. Deməli, cəmiyyətin özü ilə bağlı problemləri var və biz bunları ermənisiz düşünməliyik.

– Öndə gədənlərin əsas sıralarından birində də deputatlar dayanır. Yeri gəlmişkən, neçə illərdir Siyəzənin Qalaaltı kəndində su yoxdur və kənd camaatı susuzluqdan əziyyət çəkir. Nə deputat, nə aidiyyatı orqanlar bunu “görmür”.  Deputat Tahir Süleymanova problemdən danışmaq istəyəndə xaricdə olduğunu deyib müzakirəni sonraya saxladı. Cəmiyyəti aktiv edən, yaxud etməyən onun öndə gedənlərinin vəzifəsi deyilmi?

– Cəmiyətin problemlərinə həssaslıqla yanaşılmalıdır. Hər kəs bunu öz inkanlarına görə həll eləməlidir. Deputatın funksiyası kanal çəkmək deyil, amma məsələni müvafiq yerlərdə qaldırmalı, müzakirəyə çıxarmalı, problemin həlli üçün büdcədən pul ayrılmasına nail olmalıdır. Hər bir kəs öz işində məsuliyyətli olarsa problemlərin həlli asanlaşar.

T.Qafarlı

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?