“O partiya hakimiyyətdən şikayət edir ki, cəmiyyətlə işləmir”

13:57 28-06-2017 | icon 641 | Siyasət
“O partiya hakimiyyətdən şikayət edir ki, cəmiyyətlə işləmir”

Bu gün siyasi partiyaların qeyri-aktivliyi gündəmdədir. Versus.az “partiyalar niyə gündəm yarada bilmir” sualı ilə bir neçə partiya mənsubundan açıqlama alıb.

“Partiyamızın gündəm yaratması üçün xüsusi bir şərait yetişməyib”

“Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) gündəmində Qurultaydan sonra tələb olunan təşkilati işlər dayanır. Partiya qurultay keçirdi və artıq qeydiyyat üçün yenidən sənədləri Ədliyyə Nazirliyinə təqdim edib”.

Bu barədə versus.az-a açıqlamasında VİP sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, hazırda siyasi təşkilat olaraq partiyanın başqa bir gündəm yaratması üçün xüsusi bir şərait yetişməyib:

“Bir qayda olaraq partiyalar seçkidən seçkiyə aktivləşir. Digər tərəfdən, partiyanın gündəm yaratması üçün müəyyən qədər maliyyə xərcləri tələb olunur ki, hazırda o imkanlar bizdə yetərli deyil”.

“Etibar Məmmədovun partiyada aktivləşməsi də siyasi gündəm yarada bilməyəcək”

Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Əli Orucov versus.az-a partiyanın gündəm yaratması üçün mövcud şəraitin olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda gündəm yarada biləcək cəmiyyət, eləcə də rəqabət mühiti yoxdur:

“Bu gün partiyalar nəinki gündəm yaratmaq, daha çox öz mövcudluqlarını qorumaq uğrunda çaba göstərir. Hazırda AMİP təşkilati məsələlərdə müəyyən irəliləyişlərini saxlamağa, yerli strukturlarının möhkəmləndirilməsinə, ən azı insanların müəyyən maraqlarının ifadəsi üçün addımlar atmağa çalışır. Quru sözlərlə heç nəyə nail olmaq mümkün deyil. Bu baxımdan siyasi təşkilat olaraq bizim üçün də müəyyən problemlər var”.

Ə.Orucov bildirib ki, indiki dönəmdə E.Məmmədovun partiyada aktivləşməsi də siyasi gündəm yarada bilməyəcək. Hətta gündəm yaransa belə, əvvəlki effekti verməz.

“Görmürsüz ki, iqtidar müxalifət partiyalarına düşmən münasibət göstərir?”

Ədalət Partiyasının sədri İlyas İsmayılov versus.az-a hazırda partiyada təbliğati işlərin getdiyini bildirib. Onun sözlərinə görə, partiya təşkilatlanmalı, sıralarını genişləndirməlidir:

“Bizim də sıralarımız genişlənir. Təbii ki, gələn də var, gedən də”.

O ki, qaldı siyasi partiyaların niyə gündəm yarada bilməməsinə, İlyas İsmayılov bu sualı hirslə qarşılayıb:

“Niyə gündəm yarada bilmirik ki? Niyə belə mənfi yanaşırsız? Siz Azərbaycanda yaşamırsız, görmürsüz ki, iqtidar müxalifət partiyalarına düşmən münasibət göstərir? Bu şəraitdə siyasi partiyaların mövcudluğu belə, bir qəhrəmanlıqdır”.

“Təəssüf ki, mövcud şəraitdə müxalifət öz fəaliyyətini adekvat şəkildə qura bilməyib”

Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər versus.az -a bildirib ki, partiyaların fəaliyyətinə ciddi maneələr var. Onun sözlərinə görə, ADP-nin 5 dəfə Ədliyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə qeydiyyata almaqdan imtina ediblər:

“Buna görə də partiya Azərbaycan daxilində bütün hüquqi prosedurları keçəndən sonra Avropa İnsan Haqları məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Partiyanın qeydə alınmaması işimizə maneə törətsə də, nizamnaməyə uyğun şəkildə fəaliyyətimizi davam etdiririk”.

S.Əkbər partiyaların gündəm yarada bilməmələrinin bir çox səbəblərini qeyd edib:

“Faktiki olaraq Azərbaycanda təkpartiyalılıq sistemi yaradılıb. Demokratik partiyalar bu sistemdən kənarda qoyulub. Partiyalar xüsusən də gənclərə hər hansı perspektiv vəd edə bilmir. Başlıca səbəb budur ki, Azərbaycanda siyasi fəaliyyət alanı daralıb. Partiyalara maliyyə dəstəyi verənlər demək olar ki, sıradan çıxarılıblar. Digər bir səbəb də müxalifətin çətin şəraitə adaptasiya oluna bilməməsidir. Bu şəraitdə belə, Azərbaycanın demokratik qüvvələri öz fəaliyyətini davam etdirə bilərdi. Təəssüf ki, mövcud şəraitdə müxalifət öz fəaliyyətini adekvat şəkildə qura bilməyib”.

“Elə görüntü yaranır ki, guya partiyalar işləmir”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev versus.az-a bildirib ki, siyasi partiya olaraq hazırda təşkilati işlərlə məşğul olur, rayon təşkilatları ilə mütəmadi görüşlər keçirirlər. Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyəti ilə bağlı yaranan problemlər başqadır:

“Bu gün bir çoxları siyasi mənsubiyyətinə və fikirlərinə görə həbs olunur. Belə hallar insanlarda qorxu hissi yaradır və insanlar siyasətdən uzaqda dayanmağa üstünlük verirlər. Bu o demək deyil ki, partiyalar fəaliyyətsizdir. Sadəcə olaraq, insanlar öz müxalif düşüncələrini dilə gətirmək istəmirlər. Bizim partiya regionlara səfər edir və insanları təzyiqlərdən qorxmamağa çağırır”.

F.Əliyev bu gün müxalif qurumların mediada işıqlanmasında da əngəllərin olduğunu önə çəkməklə, belə halların da partiyaların passiv olması görüntüsünü yaratığını qeyd edib.

“Hakimiyyəti ümumi sözlərlə tənqid etmək hər hansı bir partiyaya uğur gətirə bilməz”

Yeni Azərbaycan Partiyası (YAP) siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə versus.az-a bildirib ki, 700 min üzvü olan YAP icraedici orqanlarda, parlamentdə çoxluq təşkil etsə də, özünü sıradan bir siyasi təşkilat hesab edir. Onun sözlərinə görə, bu gün partiyanın gündəlik fəaliyyətinin əsasında növbəti prezident seçkilərinə hazırlıq və mövcud dövr üçün aktual xarakter daşıyan məsələlərin həlli, düzgün təbliği durur.

“Partiyanın əsas məqsədi gündəm yaratmaq deyil. Partiyalar öz işlərini hazırladıqları optimal proqramlar əsasında aparmalıdır. Partiyalar dövlət müstəqilliyinin qorunması, insanların hüquqlarının qorunması, sosial problemlərin həlli ilə bağlı mövqeyini daim ortaya qoymalıdır. Təəssüf ki, bəzi partiyalar öz qarşılarına gündəm yaratmaq məqsədi qoyurlar. Bu, kökündən yanlış siyasətdir. Siyasi partiya bu günlə, sabahla deyil, gələcək nəsillə bağlı proqram işləməlidir. Təbii ki, bu da günün mövzusuna çevrilə bilər. Həmin mövzu, ümumilikdə böyük bir prosesin tərkif hissəsinə çevriləcəksə, bu müsbət haldır”.

Azərbaycanda YAP-dan başqa siyasi partiyaların olduğunu qeyd edən A.Mirzəzadə, onlardan bəzilərinin parlamentdə, bəzilərinin parlamentdən kənarda siyasi aktivlik göstərdiyini qeyd edib:

“Ümumilikdə isə partiyaların sayını və fəaliyyətini insanlar özləri müəyyənləşdirirlər. Partiya cəmiyyətin sosial sifarişi olmalıdır. Bu gün YAP həm tərəfdarları, həm müttəfiq partiyalarla birlikdə işləməklə yanaşı, eyni zamanda bizə müxalif olan partiyalarla mütəmadi polemikadadır”.

A.Mirzəzadə bəzi siyasi partiyaların hakimiyyətdən gələn maneələrlə bağlı fikirlərə də cavabsız qalmadı:

“Siyasi partiya ilk növbədə müəyyən bir məqsəd uğrunda birləşən insanların birliyidir. Hakimiyyət hansı partiyaya öz birliyini yaratmağa imkan verməyib? Hansı partiyanın hardasa bir özəyinin yaradılmasına maneə olub? Bu gün o partiyalar hakimiyyətdən şikayət edirlər ki, cəmiyyətlə işləyə bilmirlər. Onlar paytaxtdan kənarda işləməkdə maraqlı deyillər, ziyalılarla işləmirlər. Bəzi partiyalar bir qrup insanların dərnəyinə çevrilib. Elə hesab edirlər ki, partiya fəaliyyəti elə budur. Əgər cəmiyyət onlara inanmırsa, ziyalılar onların arxasınsa getmirsə hakimiyyət nə etsin? YAP müxalifətdə olarkən yaranıb və onun lideri Heydər Əliyevin fikirləri cəmiyyət tərəfindən qəbul olunub. Amma hakimiyyətdən şikayətlənən partiyaların hansı birinin proqramı var? Onlar hansı sosial problemin həlli ilə bağlı bir təşəbbüs irəli sürüblər? Hakimiyyəti ümumi sözlərlə tənqid etmək hər hansı bir partiyaya uğur gətirə bilməz. Bu gün üçün bizim konkret məqsədimiz var. Bu, Dağlıq Qarabağ məsələsi, qaçqınların, məcburi köçkünlərin sosial problemlərinin həlli, yeni iş yerlərinin yaradılması, regionların inkişafı, təhsilin, səhiyyənin keyfiyyətinin artırılması, ölkənin xaricdə təbliğat işinin güclənməsi, insanların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərin irəli sürülməsi və sair məsələlərdir. Bəs bizim opponentlərimiz hansı proqramları irəli sürürlər?”

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?