“Bəzən qorxuram ki, ölüb gedəcəm…”
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadənin Versus.az-a müsahibəsi.
– Bu gün Araz bəyin ağlında onu xoşbəxt və narahat edən nələr var?
– Məni narahat edən Qarabağ məsələsidir. Bəzən qorxuram ki, ölüb gedəcəm, onun azad olduğu günü görməyəcəm. Məni xoşbəxt edən isə sadəcə ailəm, partiyam, boya-başa çatan nəvəmdir.
– Maraqlıdır, Araz Əlizadə dünyaya hansı “pəncərədən” baxır və nələri görür?
– Əvvəla, əgər insan dayanıbsa, deməli ölüb. Gərək hər gün heç olmasa az da olsa irəli getməyə çalışsın. Bu gün çalışıram ki, illərin təcrübəsindən istifadə edim və dünyaya sakit, fəlsəfi nəzərlərlə baxım. Məsələn, əvvəllər kimsə haqqımda təhqir, yalan yazsaydı, həmin adamı görəndə daxilən əsəbləşərdim, mübahisə edərdim, indi isə gülümsəyirəm. Hərdən mənə zəng edib deyəndə ki, haqqında filan şeyi yazıblar, deyirəm demokratiyadır, yazıb əcəb edib. O gün də bir jurnalist mənə zəng edib deyir ki, oxumusuz, Siyavuş Novruz xəstələnib. Deyirəm xəbərim yoxdur, xəstələnibsə Allah şəfa versin.
– Belə görünür ki, sizin “pəncərə”dən görünənlər qarmaqarışıqdır.
– Sən əgər partiyadasansa partiya haqqında, Milli Məclisdəsənsə qanunlar haqqında, evdəsənsə ailə haqqında düşünməlisən. Bunların haqqında eyni vaxtda düşünsən, beyində həftəbecər yaranar. Ona görə mən çalışıram ki, malı-mala qatmayım.
– Baxın, tarix, mənəvi-ruhi mədəniyyətlər və dəyərlər, eləcə də iqtisadi-siyasi, sosial tələblər əslində bir-birindən yaranan və sivil cəmiyyəti yaşadan xüsusatlardır. Hörmətlə danışa biləcəyimiz bir cəmiyyətin yaranması üçün birinci növbədə nədən başlanılmalıdır?
– Birinci, ailə və uşaqların tərbiyəsindən başlanılmalıdır. Hansısa ad altında gizlənib kimisə söymək doğru deyil.
– Niyə söyülürsüz?
– Bizdə bolşevizm hələ də yaşayır. “Mənim kimi düşünmürsənsə, mənə düşmənsən” şüarı var. Mən deyirəm: mən türk deyiləm, türkdilli azərbaycanlıyam, azərbaycanlı olmağımla da ulu öndər demiş fəxr edirəm. Eyni zamanda hesab edirəm ki, türkdilli ölkələr arasında ən mükəmməli bizim dildir.
Çox qəribədir, mən həmişə rəhmətlik Heydər Əliyevə müxlifətdə olmuşam, amma bir çox arzularımı da o yerinə yetirib. Heydər Əliyev hakimiyyətə gəldi və latın qrafikasını dilimizə qaytardı, azərbaycançılıq ideyasını həyata keçirdi. Eyni zamanda, həmişə Qarabağın azadlığının güclü ordudan keçdiyini düşünmüşəm və aprel döyüşləri göstərdi ki, bu gün Azərbaycanın öz ərazilərini qoruya biləcək güclü ordusu var.
“Dəyişsən yenə də onun kimi ola bilməyəcəksən”
– Nədən narahatsınız?
– Bizdə təqlid etmək hissi güclüdür. Ruslaşma, türkləşmə, ingilisləşmə gedir. Amma bilməliyik ki, bizim mədəni irsimiz, intellektimiz heç də başqalarından geridə qalmır. Türk müğənnisi rəhmətlik Barış Mançonun bir sözü vardi, deyirdi ki, – “biz Azərbaycana hansı mədəniyyəti aparırıq? Orda hər evdə bir piano var”. Cəbhə hakimiyyəti dövründə hər şey dağılandan sonra alimlərimizin çoxu Türkiyə və başqa ölkələrə gedib orada elm və musiqini inkişaf etdirdilər. Əgər bunu bacarırıqsa niyə kimisə təqlid etməliyik? Bu meymunçuluqdur.
Mən nə türkçülüyə, nə də başqasına qarşı deyil, təlqinçiliyə qarşıyam. Qəribədir, 10 il əvvəl deputatlardan biri deyirdi ki, biz Türkiyəyə birləşməsək də cəhənnəm, heç olmasa Rusiyanın tərkibinə qayıdaq. Biz özümüzə böyük qardaş, sədaqətli dost axtarmaq istəyindən əl çəkmirik. Anlamaq lazımdır ki, sən nə qədər dilini, saçının rəngini, tərbiyəni dəyişsən, yenə də onun kimi ola bilməyəcəksən. Məni həm də o narahat edir ki, biz Azərbaycan dilini və onun gözəlliyini itiririk. Dilimizdə bir mənanı ifadə edən 5-6 sinonim söz ola-ola, onları bir kənara atıb hardansa bəsit sözlər götürüb istifadə edirik. Rus gəldi rus, ingilis gəldi ingilis oluruq. İndi bilmirəm, biz kimə və nəyi isbat eləməyə çalışırıq. Biz azərbaycanlıyıq və anlamalıyıq ki, öz dilimizi mükəmməl bilmədən başqa heç nəyi düzgün öyrənməyəcəyik. Eyni zamanda öz dilini sevmək, o dildə danışmağı istəmək başqa dillərə qarşı hörmətsizlik deyil.
İnkar etmək olmaz ki, sovet hakimiyyəti dövründə bizim gözəl musiqilərimiz, poeziyamız, dram əsərlərimiz yarandı. Neçə-neçə dahi sənətkarlar meydana gəldi. İndi onların hamısını qırağa atıb, deyirlər ki, Səməd Vurğun pis şairdir, çünki “Partiyamız” şerini yazıb. Sən “Azərbaycan”ı oxu, “Partiyamız”la nə işin var?
“Cılızların həmişə böyüklərdən zəhlələri gedib”
– Çox yaxşı qeyd etdiniz, qəribə bir tendensiya yaranıb. Özü heç nə yarada bilməyən biri “keçdiyimiz körpüləri” söküb atmaqla məşğuldur. Düşüncələrimiz bütövləşdirmək əvəzinə haçalandırılır. Nə baş verir?
– Tarixə daş atmaq olmaz. Tarixi bütləşdirmək də olmaz. Tarixə tənqidi nəzərlərlə baxmaq lazımdır. Tarixini, dünənini bilməyən xalqın gələcəyi yoxdur. Tarixi yalnış bilənin də gələcəyi düzgün qurulmayacaq. Ona görə də real tarixi tətbiq edəcək insanlara böyük ehtiyacımız var.
– Araz müəllim, belə deyilir ki, siz rusiyapərəst, Zərdüşt Əlizadə Qrospərəstdir.
– Gülməlidir, deyək ki, Araz Əlizadə rusiyapərəstdir. Amma hələ 1994-cü ildə Yeltsinə açıq məktub yazmışdı ki, o istefaya getməlidir. Yoxsa nə Rusiyada, nə də keçmiş SSRİ məkanında demokratiya inkişaf etməyəcək. Çünki Yeltsin və onun ətrafı demokratiyanın ayağına bağlanmış böyük daşdır. Qrospərəst Zərdüş Əlizadə isə Qrosla görüşdə ASDP adından çıxış edərək, ona demişdi ki, sən heç vaxt Azərbaycan xalqını sevməmisən, sən demokratiyanı sevməmisən, sən transmilli korporasiyalara xidmət edirsən, sənin kimilər demokratiyaya ləkədir və sair. Bu da onun qrospərəstliyindən danışır.
Sosial demokratlar təzə yarananda əvvəl bizə damğa vurdular ki, bu təşkilat kommunistlərin sığınacaq tapması üçün yaradılıb. Kommunist Partiyası dağılanda isə nüfuzlu üzvlərinin biri Müsavata , biri də Xalq Cəbhəsinə qaçdı və bizə gələn olmadı. Sonra dedilər ki, Azərbaycanda sosial demokratların dayağı yoxdur, çünki Qərb ideologiyasıdır, Şərqə söykənmir. Amma özləri Rusiya ilə dost oldular. Sonra başladılar Avropa ilə dostluq eləməyə və bizi ötürdülər İrana. Biz “olduq” iranpərəst. Sonra mən İstanbulda mühacirətdə olanda “olduq” türkpərəst. Mən həmişə gülüb deyirdim ki, bizə rusiyapərəst, qərbpərəst dedilər, İran və Türkiyəpərəst dedilər, bu da onu göstərir ki, biz elə əsl Azərbaycanpərəst olmuşuq. Nə edək ki, bizdə bu cür çamuratma siyasəti var. Bu, xalqın beyninə işləyib. Onu çıxarmaq vaxt tələb edəcək. Mənim fəlsəfi yanaşmamda bu da var.
– Bütün bunlara fəlsəfi yanaşmaq, gülərək keçmək ya dəlilik əlaməti, ya da mütilik olardı.
– Əgər mən bir adamla 30 illik siyasi mübarizə aparmışamsa və bu müddət ərzində nə mən, nə də o dəyişirsə və bu gün mənim 60 yaşım, onun da 70 yaşı varsa, bundan sonra onu dəyişə bilərəmmi? Xüsusən də çörəyi bundan çıxırsa.
– Deməli, məntiqi cavab olaraq, ən öndə qanunlar dayanmalı və qanunların işləmə mexanizmi olmalıdır.
– Ən əsas məsələ ailədən başlayan tərbiyədir. Uşaq doğulandan onu vətənpərvər, dilini, ədəbiyyatını, musiqisini sevən bir şəxs kimi böyütməkdir.
– Qanunlar işləməsə təkcə vətən sevgimiz nə verə bilər bizə?
– Heç olmasa vətənimə xidmət etmişəm. Siz də düzü yazırsızsa, bu da sizin xidmətinizdir.
– Bəli, ailə ilkin tərbiyə ocağıdır. Amma siz dediyiniz kimi hamı vətəndaşa xas olan vicdani xüsusiyyətləri qoruya biləcək gücə malik deyil axı. Ailə rüşvətə alışan cəmiyyətdən təcrid deyilsə, istər-istəməz kənardakı eybəcərliklər, neqativlər ailəyə də yansıyacaq. Deməli yenə də məsələnin həllini başqa yerdə çözmək lazımdır.
– Əgər uşaq evə haram gəldiyini görürsə, artıq onu başqa cür tərbiyə etmək mümkün olmayacaq. Gərək buna cəmiyyətimiz təsir eləsin.
– Biz daha çox itirmişik.
– Eybi yox. Dövlətlər var idi ki, batıb gediblər, adları qalıb. Xalqlar var ki, batıb gediblər. Allaha şükür ki, biz batmayacağıq. Hər bir xalqın intibah dövrü olduğu kimi, tənəzzül dövrü də olur. İndi bizdə tənəzzül dövrünə keçiddir, ondan sonra tənəzzül olacaq, sonra qalxacağıq. Ona görə Azrəbaycanın gələcəyinə optimizmlə baxıram.
– Təzadlar çoxdur.
– Həyat bundan ibarətdir. Adicə bir şey deyim. Bir ailədə böyümüşük, bir atadan bir anadan, Zərdüştün bir xasiyyəti var, mənim ayrı xasiyyətim. Böyük bacımın bir xasiyyəti var, kiçik bacımın başqa. Eyni cür olsaydı maraqsız olardı.
– Normaldır, amma ailədə idarə olunurduz.
– İndi atam-anam yoxdur deyə, idarə olunmuruq.
– Əvvəlki ailə birliyi dağılıb.
– Dağılmayıb, hərə öz bildiyi kimi yaşayır.
– Amma yenə də o illərin həsrətini çəkirsiz, darıxırsız o illər üçün, kövrəlirsiz.
– Hə…yenə o bağ olaydı, yığışaydıq o bağa…kaş ki, o illər olaydı…
– Dövlətin gələcəyindən söz açdız, xalqın böyük potensiala, zənginliyə malik olduğunu xatırlatdız. Bir anlıq vüqarlandıq və qarşımızda bir tələb dayandı: bu boyda potensialı olan xalqın, millətin səsi Avropanın inkişaf etmiş ölkələri sırasında çəkilməlidir. Bir yandan da məyusluq: biz özünü dərk etməyən, mahiyyətini ciddiyə almayan, qohumbazlığı istedadlıdan üstün tutan, maddiyyata qaçıb caynaqlara asanlıqla sancılan təlqinçi olan, özündən vəzifəcə böyüklərin qarşısında sual işarəsinə dönən xalqın nümunələriyik. Belə varlığımız sanki nəyi dəyişəcək ki?
– Xalq elə deyil. Onun üzdə olan bəzi adamları var ki, Azərbaycandan kənarda idarə olunurlar. Onlara maddiyyat gəlir. Bizdə çox pis xüsusiyyət var, hardansa maddiyyat gəlirsə, o tərəfə əyilirik. İndi bilirəm ki, bu müsahibə gedəndən sonra məni saytlarda tənqid etməyə başlayacaqlar.
“Bizdə çox adam məmurluğa gedir ki, oğurlasın”
– Bu gün məmurlara qarşı tez-tez tənqidlər eşidilir. Nə baş verir, məmurlarımız qanunlara niyə bu qədər tabesizdir?
– Qanuna riayət edən birinci şəxs məmurlar olmalıdır. Onun mexanizmi odur ki, hər bir Azərbaycan vətəndaşı qanuna tabe olmalı, məmur buna nəzarət etməlidir. Mən dedim ki, burda ideologiya itib. Əgər insanların dövlətə inamı yoxdursa, o elə başa düşür ki, vəzifəyə gəlibsə birinci növbədə öz uşaqlarını təmin etməlidir. Adi bir misal, bizdə çox adam məmur olur ki, oğurlasın. İnkişaf eləmiş Avropa cəmiyyətlərində, 90-cı illərin sonlarında biznesdə, yaradıcılıqda nəyəsə nail olmuş insanlar özlərini təmin edib sonra siyasətə gedirdilər ki, xalqa qulluq eləsinlər. Bizdə bir az da xalqın özü günahkardır. Sən bu gün heç kəssən, sabah vəzifəyə qoysalar, səni görəndə elə ikiqat əyiləcəklər ki…
– Qorxur ki, işdən atıla bilər.
– Vallah elə deyil. İnsanlar özləri təzə vəzifəyə gələn adamı korlayırlar. Bütün bunların səbəbləri var: birincisi biz hələ xalq kimi formalaşmamışıq. İkincisi dövlətimiz müstəqil olan ilk zamanlar təcavüzə məruz qalmışıq və dövlət quruculuğundan çox buna baş qoşmuşuq. Üçüncü isə mübarizəyə hazır olmamışıq və ümid eləmişik ki, kimsə bizim əvəzimizə problemlərimizi həll edəcək.
– “İctimai etimad” cəmiyyəti bir-birinə bağlayan görünməz mənəvi tellərdirsə, bu olmadan nələr baş verə bilər?
– İqtidarla xalq arasında ictimai etimad yox, ictimai saziş olmalıdır. Yəni hamı bu dövlətə xidmət edəcək. Əgər dövlətə xidmət edəcəksə, bu dövlət hamının olacaq. Əgər kimsə “mənə nə” deyirsə, heç nə alınmayacaq. Con Kennedinin gözəl bir sözü vardı, deyirdi: heç vaxt ABŞ mənə nə verdi sualını vermə, həmişə özündən soruş ki, mən ABŞ-a nə verdim.
– Araz bəy, gələcək üçün istəklərimiz və insanlarımızın öz dövlətinə, xalqına layiqli xidməti təhsildən nə dərəcədə asılıdir?
– Bizdə çox gözəl təhsil sistemi var idi. Əfsuslar olsun ki, biz o sistemi dağıtdıq. Amma Rusiya bunu başa düşdü və əvvəlki təhsil sisteminə qayıtdı, yəni “quş qoymaqdan” əl çəkdi. Bizdə isə hələ də valideynlər uşaqlarını məktəbə deyil repititer yanına göndərirlər ki, uşaqları “quş qoymağı” öyrənsinlər.
– “Quş qoymaq” nədir?
– Test imtahanlarını deyirəm də… İndi kimsə quş qoyur, kimsə üztəgəl yazır…
– Ümumiyyətlə, təhsillə bağlı çox narazılıqlar eşidilir, Milli Məclisdə buna münasibət necədir?
– Mən də çox narazıyam. Təhsil sahəsində çox problemlər var. Təhsil sistemini demək olar ki, tamamilə dağıdıblar. İndi millət vəkilləri müəyyən proqramlar üzərində işləyirlər. Amma biz gərək Baloniya sistemindən tamamən imtina edək.
– Universitetlər bu sistemə keçmək üçün çox çabalar etdilər, nə qədər çətinliklərlə üzləşdilər, indi deyirsiz ki, əl çəkilsin. Yazıq deyil bizə?
– Əlbətdə ki, əziyyət çəkəcəklər, bünövrəsi yoxdur. Çox vaxt belə məsələlərdə fərdlər günahkar bilinir. Amma məsələ məmurun kim olmasında deyil. Məsələlərə qanunla əncam çəkilməlidir. Mən təhsil sisteminin dəyişməsinin əleyhinəyəm. Zərərin yarısından qayıtmaq da yaxşıdır.
– Dünyanın sosial mühiti necə görünür?
– Dünyada dəyişikliklər gedir. Əvvəla, Avropanı böyük bədbəxtliklər gözləyir. Avropa ya özünü təmizləməyə başlamalıdır, ya da məhv olub gedəcək. Əgər radikal üsullarsız özünütəmizləmə gedəcəksə, bu bir 50-70 il çəkəcək və bilinmir bu Avropa olacaq, yoxsa nə olacaq…
– Bu prosesin başlanmasında maraqlar nədir?
– Bu, qloballaşma siyasəti ilə bağlıdır. Mən əvvəldən bunun əleyhinə olmuşam. Bu məsələ təxminən 1990-91-ci illərdə ortaya atıldı. Həmişə deyirəm ki, qloballaşma yeni müstəmləkəçilikdir. Onun nəticəsində varlılar daha varlı, kasıblar daha kasıb olacaqlar. Qloballaşma adı ilə milli iqtisadiyyat, milli ideologiya pozulur.
Bilirsiz, SSRİ-nin dağılmasının dünya üçün çox böyük mənfi təsiri oldu. Dünya birqütblü oldu. Bir qütb üzərində isə dünya fırlana bilmir. Mən düşünürdüm ki, Birləşmiş Avropa 2-ci qütbə çevriləcək. Lakin ABŞ onu Rusiya ilə konfrontasiyaya sürüklədi. Sonra ABŞ-ın özü çox pis vəziyyətə qaldı.
– Araz bəy, istəyiniz var idi ki, siz Milli Məclis üzvü olasınız və orda istədiyiniz kimi qanunların qəbul olunmasında iştirak edəsiniz. İstənilən nəticəni ala bilirsinizmi?
– Yox. Mən istərdim ki, azı 2 övladı olan analara müavinət verilsin. Ana onlara ayaqqabı, şalvar, məktəb çantası, kitab almaq üçün qapı-qapı gəzib göyərti satmasın, onun-bunun evini təmizləməsin. Ana uşağının tərbiyəsi ilə məşğul olsun. Azərbaycanda elə olsun ki, müəllimlər uşaqlara məhz dərs vaxtı savad versinlər. Bunu həll etmək lazımdır.
– Sizcə Azərbaycan hansı təsirlərlə üzləşir?
– Allaha şükür bu gün Azərbaycan heç kəsin təsiri altında deyil. Bu bizim ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın sahibi Azərbaycan xalqıdır. Azərbaycançılıq yavaş-yavaş beynlərdə həkk olunur. O gün ki, hamı azərbaycanlı olduğunu dərk edəcək, onda Azərbaycan inkişaf edəcək. Mən bunu düşünürəm. Çünki evimdə balaca Araz böyüyür…
T.Haqverdi
Versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...