“Hökumət qocalıb, iflic olub, işləyə bilmir”
“İlham Əliyevin ətrafında olan o quldur təbəqəni qəbul eləmirəm”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin versus.az-a müsahibəsi.
“Səlim Müslümovun 5 mərtəbəli villasından əskik deyil”
– Hafiz bəy, bu gün ölkə daxilində siyasi partiyaların vəziyyəti bəllidir. Deyək ki, ən güclü iqtidar partiyası, iqtidaryönlü, radikal və qismən gücü olan konstruktiv müxalifət partiyaları da var ki, hazırda Milli Məclisdə təmsil olunur. Siz Müasir Müsavat Partiyası olaraq özünüzü hansı qanadda hesab edirsiniz?
– Parlamentdə təmsil olunan müxalifət partiyası yoxdur. Sadəcə adını müxalifət qoymuş partiya nümayəndələri var ki, onlar da ora təyin ediliblər. Parlamentdə oturan bu partiyaların arxasında heç 2-3 nəfər adam yoxdur. Onlar kiminsə tanışlığı ilə parlamentə düşüblər və adlarını deputat qoyub bizneslə məşğuldurlar. Onlar heç korrupsioner nazirlərdən də geri qalmırlar. Onların evləri Səlim Müslümovun 5 mərtəbəli villasından əskik deyil. Bunları açıq demək lazımdır. Özünü “ana”, “dədə” adlandıran müxalifət partiyaları xarici dövlətlərin sponsorluğu ilə hərəkət edirlər.
“Azərbaycanı qarışdırmaq istəyirlər”
Özümü hansı kateqoriyaya aid etməyimə gəlincə, hesab edirəm ki, Azərbaycanda müxalifət elə mənəm. Məndən başqa sözünü açıq deyə bilən ikinci bir partiya sədri tanımıram. Mən millətimin ürəyindən nə keçirsə onu deyirəm. Bu kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər, mənim üçün heç bir əhəmiyyət kəsb eləmir. Azərbaycanda özünü müxalifət adlandıran cırtdan partiyalar var ki, əksəriyyətində bir sədr, bir papkasından başqa heç nə yoxdur. Onların bir hissəsi dini sektorla qidalanır, bir hissəsi xarici kəşfiyyatın diqtəsi ilə Azərbaycanı qarışdırmaq istəyir. Bəziləri isə hökumətin bəzi üzvlərinə xidmət edirlər. Biz o partiyalardan deyilik. Açığı dövlət başçısına – İlham Əliyevə münasibətim çox yüksəkdir, o mənim qardaşımdır. Bu birmənalıdır. Amma onun ətrafında olan o quldur təbəqəni qəbul eləmirəm. Hökumətin bəzi üzvləri var ki, bu gün mənim qardaşıma xəyanət edirlər. Dədəmiz Heydər Əliyevə zaman-zaman xəyanət edənlərin balaları, bu gün Azərbaycan hakimiyyətində təmsil olunaraq xəyanətlərini davam etdirirlər.
“Azərbaycan hökumətində erməni əsilli insanlar təmsil olunur”
– Hafiz bəy, bu gün istər iqtidar partiyasında, istərsə də Milli Məclisdə əyləşən siyasilər hakimiyyət daxilində dövlətə qarşı təhlükəli qüvvələrin formalaşması ilə bağlı SOS verir. Siz nə düşünürsünüz, bu gün həmin təhlükə dalğası haradan gəlir və nə dərəcədə təhlükəlidir?
– Vaxtilə mən dediyim fikirləri bu gün Milli Məclisin üzvləri, YAP-ın aparıcı simaları təkrar edirlərsə, buna sevinirəm. Eybi yox, qoy Hafiz Hacıyevdən istifadə eləsinlər. Çünki Hafiz Hacıyev kifayət qədər məlumatlı və kifayət qədər geniş şəbəkəyə malik bir insandır. Mən millətin, dövlətin inkişafı naminə mövqe ortaya qoyuram. Amma parlamentdə oturan deputatların çoxunun “quyruğu” başqasının əlindədir. Eləcə də özünü “dədə”, “ana” adlandıran müxalif partiya sədrlərinin “quyruğu” xarici kəşfiyyatın əlindədir. Onlar desələr ki, oturun otururlar, durun dururlar.
Məsələn, bu gün ölkədə ciddi problemlər var. O zaman niyə özünü “ana” müxalifət adlandıran partiyalar ortaya çıxmırlar. Çıxa bilməzlər. Çünki AXCP-ni Eldar Mahmudov saxlayırdı. Milli Şuranı onlar yaradıb. Bəli, İlham Əliyevə qarşı təzyiq lazım olanda onları küçələrə çıxardırdılar. Bununla da guya prezidentə nümayiş etdirirdilər ki, biz gücə malikik, istədiyimizi edərik. Yaxud, 1-ci devolvasiyadan sonra rayonlarda kütləvi mitinqlər başladı, kim elədi bunu? Bunu həmin o partiyaların hakimiyyətdə olan təmsilçilərinin göstərişləri ilə eləmişdilər. Sonradan meydana çıxdı ki, Füzulidə şəhər icra nümayəndəsinin başçısı mitinqə başçılıq edir. Mənim vaxtilə dediklərimi YAP-da, parlamentdə, hökumətdə təmsil olunan ən yüksək ranqlı məmurlar indi danışırlar. Məsələn, mən çox sevinirəm ki, Siyavuş Novruzov heç olmasa məndən 1 il sonra da olsa dedi ki, Azərbaycan hökumətində erməni əsilli insanlar təmsil olunur və bu, Azərbaycan dövlətçiliyinə zərbədir. Yaxşı, mən bunu deyəndə niyə mənə qarşı bu qədər təzyiqlər olurdu? Mən həmişə deyirəm, nə qədər ki, Azərbaycanda hökumət daxilində separatçı qüvvələr var, nə Dağlıq Qarabağ məsələsi həll olunacaq, nə Azərbaycanda daxili sabitlik olacaq.
“51 partiyanın biri də işə yaramır”
Məsələn, götürək bu günlərdə həbs olunan Gözəl Bayramlı və yaxud Əfqan Muxtarlını. Bu adamlar Gürcüstanda böyük set yaratmışdılar və mən bunu 1 il qabaq müsahibələrimdə demişdim. Demişdim ki, Azərbaycanın müxalifəti Gürcüstanda cəmləşib və orada Azərbaycan əleyhinə təbliğat aparırlar. Bu təsdiq olundu və bu gün o setdə olub, amma həbsdən kənarda qalanlar da var. Məsələn, Aslan İsmayılov adlı hüquq müdafiəçisi var. Bu adam ömür böyu dövlətin əleyhinə işləyib. Təssəvür edin ki, o, Azərbaycan dövlətinin əleyhinə nə qədər qüvvələrə himayədarlq edib. Gürcüstandakı seti o yaradıb. Hakimiyyət daxilində olan erməni mənşəli insanların hamısı bunlarla işləyirlər. Sual verirəm, niyə Aslan İsmayılov dindirilmir? Məsələn, o bütün günü prezidentə və onun ailəsinə, hakimiyyətin sütunu olan Ramiz Mehdiyevə qarşı böyük əks-təbliğatlar aparır. Niyə hüquq-mühafizə orqanları onu dindirmirlər. Göründüyü kimi, Azərbaycana xəyanət edənlər çöldə qalıb. Biz Azərbaycan dövlətçiliyini qorumalıyıq. Amma bu gün qeydiyyatdan keçən 51 partiyanın biri də işə yaramır. Onlarla dəfələrlə söhbətim olub ki, gəlin birləşək, dövlətçilik naminə bir yerdə olaq. Qoyurlarmı? Yox!
Hökumətin daxilində olan bəzi qüvvələrin parlamentdə deputat fraksiyası var, onların vasitəsilə birinci şəxsə təzyiq göstərirlər. Deputatlar var ki, parlamentdə heç nəyə yaramır, amma lazım olanda sahibinin sözünü deyirlər. Bu da çox ciddi məsələdir.
“… biz Qəmbərov İsa kimi çirkli deyilik”
– Müasir Müsavat Partiyası olaraq Müsavat Partiyasını özünüzə layiqli rəqib hesab edirsiniz?
– Bu gün əsl Məhəmməd Əmin Rəsulzadə ideyalarının daşıyıcısı bizik. O, hər yerdə dövlətin hər şeydən üstün olduğunu deyib. Gəlin görək özünü onun davamçısı adlandıran Müsavat Partiyası və onun başında duran Qəmdərov İsa dövlətçiliyi qorudumu? Yox! Elçibəyə xəyanət elədi, Azərbaycanda milli hökuməti devirdi. O vaxt “balıq” naziri idim. Mənə “balıq Hafiz” deyirlər və mən bundan narahat deyiləm, balıq təmizdir, təmiz sularda üzür. Biz Qəmbərov İsa kimi çirkli deyilik. Gördünüz, onun ətafına yığılanlar nə oldu? O bizim hakimiyyətimiz dövründə də ikihakimiyyətlik yatatdı. O vaxt insanlar Elçibəyin ətrafında toplaşmışdı. Elçibəyi də Qəmbərov İsa devirdi.
Bizim o Müsavatdan fərqimiz odur ki, biz Məhəmməd Əmin Rəsulzadə ideyaları ilə dövlətçiliyi qoruyuruq, onların ideyası isə nə olursa-olsun xaricdən pul almaqdır. Hanı Qəmbərov İsa, ölüb gedib. O partiyanı yaradanların hamısını didərgin saldılar. Orda Vurğun Əyyub, Sülhəddin Əkbər kimi beyni işləyən insanlar var idi. Ancaq Qəmbərov İsa son vaxtlar xarici dövlətlərdən kimsə ona nəsə söz verib deyə fəallaşıb.
Biz dövlətin ağrılı yerlərini deyirik. Amma onlar yox. Məsələn, onlar deyə bilərlərmi Səlim Müslümov rüşvətxordur. Deyə bilməzlər, çünki ondan haqq alırlar. Məsələn, Qəmbərov İsanın cəsarəti çatıb deyə bilməz ki, Artur Rəsizadə yaşlaşıb, getməlidir və hökumətdə olanların hamısı keçmiş kommunist ideyasında olanlardır. Amma biz hakimiyyətin pisini də deyirik, yaxşısını da. Biz sevinirik ki, hörmətli prezident gecə-gündüz çalışır. Amma bu sözləri hökumətin başqa üzvlərinə demək olarmı? Yox! Hökumət qocalıb, iflic olub, işləyə bilmir, hamısı korrupsiyaya qurşanb. Onlar gecə-gündüz yığdıqları pulları xaricdə saxladıqları arvadlara necə ötürmələrini, xaricdəki villalarını necə qorumalarını düşünürlər.
“Qocalar evi”ndə oturan o nazirlər də eşitsinlər…”
Yadınıza gəlirsə, Ziya Məmmədov kimi adama qarşı aylarla mübarizə apardım. Onda mənə deyirdilər ki, sən düzgün eləmirsən. İndi niyə hökumətdə olan nümayəndələr, YAP-çılar “Ziya Məmmədov dələduz imiş” deyirlər? Niyə mən bunu deyəndə üstümə top-tüfənglə gəlirdilər? Mən İlham Əliyevi qorumaqdan ötrü öz imicimi də itirməyə hazıram. Çünki o birinci şəxsdir. O biri partiyalar isə hökuməti tənqid edəndə İlham Əliyevdən başqa digərlərinin adını çəkmirlər. Bu hökumətin 50-60 üzvü nə ilə məşğuldur? Bunu deyə bilməzlər çünki hamısı çırkaba batmış adamlardır. Müasir Müsavat Partiyası əsl müxalifət partiyasıdır. Biz öz dövlətimizin nökəri olacağıq, amma Cəmil Həsənli kimi erməniyə işləməyəcəyik. Biz bu gün Qəmbərov İsanın, Aslan İsmayılovun vasitəsilə Gürcüstanda erməni ilə görüşüb gəlib burda Azərbaycanı qarışdırmasına imkan verməyəcəyik. Bunu onlar da eşitsin. Bunu hökumətin “qocalar evində” oturan o nazirlər də eşitsinlər…
– Ölkənin ictimai-siyasi-iqtisadi durumunun gərginliyi heç bir araşdırma tələb etmədən də MTN-də baş verən məşhur dəyişim və ona olan münasibətlər fonunda özünü biruzə verdi. Yuxarı kürsülərdə yaranan bu korroziyada hansı daxili və kənar təsirlərin rolu var? Sizcə bundan sonra nələr gözlənir?
– Azərbaycanın şah damarı olan MTN-də baş verənlər biabırçılıq idi. Burda tək Eldar Mahmudov deyildi. Tutaq ki, Eldar Mahmudov prezident olacaqdısa, o zaman bunun baş naziri, baş prokuroru, daxili işlər naziri kim olacaqdı? Bu fakt ortaya çıxmalıdır. Əslində ortadadır, amma nəyə görəsə, əslində bilirəm niyəsini, o adamlar içəri qoyulmur. Bu gün yuxarı siyasi eşalon sanki zəlzələdən titrəyir. Bu da ondan irəli gəlir ki, hakimiyyətdə olan rüşvətxor, korrupsioner təbəqə – hökumətin qocaları getmək istəmirlər. Bunlar dirəniş göstərdikcə gərginlik artır. Hökumətin daxilində olan o qruplaşmalar postu əldən vermək istəmir. Onun üçün də hərəsi bir klan yaradıb dövlət çevrilişinə getməyə hazırdır. Hərəsində də 10-50 milyard pul var. Bu pulların 1-cə milyonunu ac dediyimiz müxalifətə verib küçələrə çıxarsalar Azərbaycanda böyük qarışıqlıq olacaq. Qorxu, həyəcan budur. Hakimiyyətin öz daxilində bu gün çox böyük müxalifət qüvvəsi var. Bu qüvvələr Azərbaycanın müxalif qüvvələri və xarici kəşfiyyatın əlində olan qüvvələrlə ciddi iş birliyindədir. Bunlar Azərbaycanda yaxın aylarda çox böyük qarışıqlıq yaratmaq istəyirlər. Qismən də buna nail olurlar. Məsələn, hərbdəki vəziyyət, polis orqanlarında olan vəziyyət və sair. Bunların hamısı bir neçə mənbədən idarə olunur. Mən indi də deyirəm ki, nə qədər ki, Ziya Məmmədov çöldədir, o təhlükədir. Çünki əldə böyük kapital var və kapital olan yerdə inqilab çox asanlıqla baş verir. O tək deyil. Ziya Məmmədovdan qidalanan, “o ağacın kölgəsində” çox adam var. Ziya Məmmədovun Milli Şuranı maliyyələşdirməsi də cərəyanın bir qoludur. Siz təsəvvür edin, Milli Şura deyir ki, biz hakimiyyətə gələndə Ziya Məmmədov Azərbaycnda 1-ci vitse-prezident olacaq. Məsələn, Səlim Müslümov 1700 manata işləyir. Sual olunur: sən bu pulla 5 mərtəbəli villanı necə tikdirirsən. Səlim Müslümov onu o yerə təyin edən adamlara nankor baxır, şişibdir. Artıq deyir ki, niyə mən prezident olmayım, vitse-prezident olmayım. Əgər hökumətdə oturanlar, Milli Məclisdə işarə ilə oturub-duranlar bilmirlərsə mən deyirəm, bu bir cərəyandır. Bu dəqiqə cərəyanın bir hissəsinin Kərimov Əli, Cəmil Həsənli ilə sıx əlaqələri var. Yaxud, bir neç il öncə Rüstəm İbrahimbəyovu xaricdə yaşayan qardaşı Maqsud İbrahimbəyov necə maliyyələşdirirmiş. Məsələn, Milli Şurada adamlar tanıyıram ki, Gürcüstan banklarında adına 200-300 min yevro var. O pulla Azərbaycanı oynadırlar. Mən deyəndə ki, Gürcüstandan Azərbaycana gələn Bəyoğlu avtobusunun təkərinə 1 milyon doldurub Azərbaycana göndərirlər, niyə bunu tutmurdular? Deməli, hökumətdə bunlarla əlaqəli olan insanlar var. İndi YAP tərəfindən seçilən deputat, siyasi elmlər doktoru Elman Nəsirli durub deyir ki, Əfqan Muxtarlı Gürcüstan və Azərbaycan hüquq mühafizə orqanlarının birgə səyi nəticəsində tutulub. Respublika prokuroru bunu təkzib edib. Elman Nəsirlinin dediyi faktlar Azərbaycana qarşı işlədi. Hakimiyyət daxilində olan müxalif cərəyanın biri də budur, açdım sizə. O cərəyanlardan ikisini dedim, qaldı biri. Hələ onu açmayacam. Qoy hakimiyyətdə olan və milyardlar yığan məmurlar bir az başlarını işlətsinlər. Boş-boş vədlər verib prezidenti aldatmasınlar. Üçüncü cərəyan Azərbaycanın üzərinə böyük dalğa ilə gəlir. Kimlərsə bu dalğadan çəkinib qaçmağa yer axtarır. Mən sonadək İlham Əliyevə arxa-dayaq olacam. Azərbaycanda xarici kəşfiyyata işləyən qruplar var. O qrupların beyinlərini yuyublar. Mən hörmətli qardaşım Prezident İlham Əliyevə mesaj etmişəm ki, təcili olaraq ətrafındakılar çıxarılıb tutulmalıdır.
– Bir sıra siyasilər təhlükənin Rusiyadan gəldiyini bəyan edərək, Azərbaycanda Rusiyanın diqtəsi ilə hərəkət edən qüvvələri zərərsizləşdirməyin lazım olduğunu söyləyirlər. Nəzərə alsaq ki, bizdə Rusiya faktoru yeni bir şey deyil, o zaman yeni həyacanı doğuran məqamlar nə ilə bağlıdır?
– Azərbaycan hakimiyyətində oturub gecələr başları pula, eyş-işarətə qarışmış insanları ayıltmaq istərdim. Yadınıza gəlirsə, bu yaxınlarda Rusiyada Azərbaycanın böyük bir təşkilatı ləğv olundu. Təbii ki, bu təzyiqin bir formasıdır. Yaxud, niyə bu gün Rusiya pasportları Qubada, Qusarda, Xaçmazda, Balakəndə paylanır. Çünki daxilimizdəki cərəyanlar Qərbdə və Rusiyada oturan milyarderlərlə sıx işləyirlər. Bunu edənlər İlham Əliyevin yanında oturanlardır. Rusiya cərəyanı çox güclü işləyir. Hətta Yevda Abramov da dedi ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyir. Dağlıq Qarabağ məsələsinin həllinə imkan vermir, Azərbaycan ordusunun içinə öz imisarlarını doldurublar. Məxfi işlər gedir. Ordumuzun içində erməni izləri var.
– Bu vəziyyət nə vaxta qədər davam edəcək?
– Nə qədər ki, “qocalar evi” hökumətin daxilində kök salıb, bu vəziyyət belə də davam edəcək. Hələ bugünkü sabitliyə şükür edəcəyik. Payızda Azərbaycanı çox pis zəlzələ gözləyir. Mənim qorxum odur ki, busəfərki prosesdə Azərbaycanın yarısı gedər. Nə edək ki, bizim ağıllı adamlar gecə-gündüz milyardlarını hara yığacaqlarını düşünürlər. Hər dəqiqə bizə təsir edirlər. Azərbaycanın içində qarışıqlıq salmaq onların əlində 10 dəqiqəlikdir. Çünki Azərbaycanda çox kövrək sabitlik var. Allah millətimizi qorusun.
T.Haqverdi
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...