“Mənim tanıdığım boğazdan yuxarı müxalifət…” – CİDDİ NÜANSLAR

18:49 14-06-2017 | icon 689 | Siyasət
“Mənim tanıdığım boğazdan yuxarı müxalifət…” – CİDDİ NÜANSLAR

“Guya “hörmətli prezident” deyə müraciət etsələr müxalifətçilikdən çıxacaqlar, bu cılızlıqdır”

Keçmiş müdafiə naziri, 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Rəhim Qazıyevin versus.az-a müsahibəsi.

– Vaxtilə müdafiə nazir olan Rəhim Qazıyev bu gün siyasətdən kənardadır. Kimlərsə bunu ədalətsizlik hesab edə bilər, amma bu reallıqdır. Bu mənada siyasətsiz Rəhim Qazıyevin prizmasında hazırki ictimai-siyasi durum, əsas etibarilə  müxalifət partiyalarının vəziyyəti necə görünür?

– Əgər siz siyasətçiliyi hansısa partiyada olmaqla ölçürsünüzsə, onda bəli, mən siyasətdə yoxam. Mən bu hərəkata gələndə 45 yaşım var idi. O müddətdən bu yana siyasətdən kənarda olmamışam, çünki siyasətə gəldinsə, ordan çıxmağa qoymurlar. Təbii ki, bugünkü siyasi proseslər məni narahat edir. Bu gün ölkədə bütün istiqamətlərdə ciddi proseslər gedir ki, bu da sanki Azərbaycan xalqının mənəviyyatını, əxlaqını,elmini, sabahını məhv eləməyə hesablanmış bir şeydir. Müxalifət də elə bir mövqe tutub ki, adam söz tapmır desin. Allah rəhmət eləsin, bu milləti dərindən tanıyıb içindən yanan insanlarımıza  – Üzeyir bəyə, klassik satiriklərimizə,  içlərindən gələn ağrı ilə söz deyib bizi güldürüblər. Bu gün də Üzeyir bəyin Məşədi İbadı bizə bugünkü ağır vəziyyəti bir daha fikirləşməyə vadar edir. Bizimkilər də söz deyib sonra onun üstündən keçirlər. Rəhmətlik Üzeyir bəy də Məşədi İbadda deyir ki, “aç qapını, gələk səni öldürək”. İndi də bizim bu müxalifətin kreslodan ötrü ölənləri deyir ki, bizi qoymurlar hakimiyyətə gələk. Balam, kim sənə öz hakimiyyətini verər və niyə verməlidir? Ölkədə ciddi proseslər var, amma müxalifət hələ də buna seyrci qalır. Bu da məni heç qane etmir. Amma bugünkü reallıq budur da, olanlardan artıq nə etmək olar ki…

“İstər iqtidarda, istərsə də müxalifətdə elə insanlar var ki… “

– Dediyiniz o reallıq nədir?

– Ölkə ağır durumdadır. Amma ömründə bir saat da olsa siyasətdə olmayan, vətənin ən ağır məqamında millət üçün yanmayan, əlində silah onun müdafiəsinə qalxmayan iqtidarlı siyasətbazlar siyasi oyunbazlıqla məşğuldurlar. Bəllidir ki, bir çox müxalif qəzetlər bağlanıb, televiziya ümumiyyətlə üzümüzə qapalıdır. Təbii ki bu duruma tutarlı cavabın verilməsi çoxdan çatıb. Amma niyə verilmir, mən bilmirəm, mən siyasi lider deyiləm.

– Bəlkə ona görə ki, bu proseslərdə böyük təcrübəsi olan Rəhim Qazıyev və onun kimilər kənara çəkiliblər, öz silahdaşlarını bir araya gətirmir?

– Bax, mən bununla da razı deyiləm. Mən riyaziyatçı olaraq nəyəsə etiraz edirəmsə, onun səbəblərini də hesablayıram. Məsələn, zamanında özünü ölüm təhlükəsi ilə üz-üzə qoyub, hərəkata öz köməkliyini əsirgəməyən gənclər olub və bu gün də belə adamlar var. Sadəcə olaraq onlar bir araya gətirilməlidir. Məsələn, mən 2013-cü ilin yanvar ayında bir bəyanat yazdım ki, bütün vətənsevər oğullar iradları, umuküsülüləri bir kənara qoyub, birləşməlidir. Buna reaksiya verən də olmadı. Çünki istər iqtidarda, istərsə də müxalifətdə elə insanlar var ki, erməni ilə birləşirlər, amma bir-biri ilə birləşmək istəmirlər. Bax bu çox faciəli, ağır durumdur. Həmin ittihamların, iddiaların da çox dərin kökləri var. Bir neçə dəqiqəlik müsahibə ilə bunun mahiyyətini açmaq çox çətindir. Niyə bunlar birləşmirlər, nədir səbəb? Bir var vətən, xalq üçün vuruşasan, biri də var kreslo üçün. Mənim tanıdığım bizim boğazdan yaxarı müxalifət kreslo üçün vuruşur. Ona görə də nailiyyətə çata bilmir.

“Qarabağı yumruq kimi birləşib, bütün resursları cəmləyəndən sonra ancaq müharibə yolu ilə ala bilərik”

– Qarabağ münaqişəsinin həlli prosesinin beynəlxalq müstəviyə keçməsi ideyasının tez-tez önə çəkilməsi cəmiyyətin sanki özündə bir “izləyicilik simptomu” yaradıb. Qarabağ mövzusu sanki saralıb. Hətta bu, KİV-lərdə belə, adi bir proses kimi müşahidə olunur. Vaxtilə Qarabağ müharibəsinin çözümü ilə bağlı müxtəlif təkliflərlə çıxış edən keçmiş hərb naziri öz-özlüyündə – “indi nə etmək olar ki, münaqişə tezliklə həll olunsun” variantının üzərində düşünürmü heç?

– Qarabağ məsələsi ona görə qabarıq görünmür ki, sovet hökuməti dağılandan sonra onsuz da əvvəldən də müstəqil olmayan ölkə daha böhran vəziyyətdədir. Bu durum bir tərəfdən təcrübəsizliyimiz və o dövrdə Əbülfəz bəyin komandasında mən də daxil, bəzi çəkişmələrin, səhvlərin iddiaların olmasından yaranıb. Amma biz təcrübəsiz və zəif olaraq da yumruq kimi birləşsəydik, vallah qələbə çalacaydıq. Qarabağı yumruq kimi birləşib, bütün resursları cəmləyəndən sonra ancaq müharibə yolu ilə ala bilərik. Əgər mənim bu fikrimə müxalif adamlar varsa  onları eşitməyə hazıram. Yaxud, özünə-sözünə sığışmayan İsa Qəmbəri, Arif Hacılısı, Pənah Hüseyni, Sülhəddin Əkbəri, Əli Kərimlisi gəlsinlər bir dəyirmi masada oturaq müzakirə edək. Amma mən onlarla deyil, qıraqda  müttəhim kimi oturacam. Sağ olun ki, siz mənə siyasətçi dediniz, heç onlar bunu da demirlər.

– Niyə müttəhim kimi oturacaqsınız?

– Ona görə ki, həm cəmiyyətin, həm də onların mənə verəcəyi çoxlu sualları var. Bu iddialı və ibarəli sözlər deyil, tam səmimiyəm. Buraxdığımız səhvlərə baxıb düzəlişlər aparmaqla  estafeti bu gün arxamızda duran istedadlı, vətəni sevən, dünyanı bizdən qat-qat yaxşı dərk edən oğullara verməli, təcrübəmizi onlarla bölüşməliyik. Çünki xalqın bizə olan haqlı-haqsız suallarına cavab vermədən heç nə edə bilməycəyik. Amma bu gün heç kəs bunu eləmək istəmir. Digər tərəfdən, dünyada elə bir ölkə yoxdur ki, ölkəsində müharibə gedə-gedə gündə bir idman bayramı keçirsin. Baxın, bu gün şəhər bütün yol boyu qəfəsə alınıb. Əgər yanğın olsa hər şey yanacaq, gərək vedrə ilə su daşıyasan. Milyonlarla pullar görülən hansısa işlərin kölgəsi altında məmurların “qara qələmi” ilə silinir. Yaxşı, niyə Müsavat, yaxud başqaları birləşib bu məsələlərlə bağlı bəyanat vermirlər? Əlində 5-6 diplomu olan ziyalılar bunu görsələr də ağızlarına su alıb durublar. Budur faciə. Onlara ziyalı deyəndə adamın əti ürpəşir.

“Mən niyə bir dənə partiya yaratmadım?”

– İndiki şəraitə baxanda sizin adını çəkdiyiniz və çəkmədiyiniz siyasilərin bir araya gələcəyi bir az ağlasığmaz görünür.

– Baxın müxalifətə, neçə AXC adda partiya var, hamısı da deyir ki, yolumuz  Əbülfəz Elçibəyin yoludur. Bu yol da beş yerə parçalanıb. Görünən odur ki, heç kəs səmimi oturub danışmaq istəmir. Prezident aparatında oturanları demirəm, yaxşı, ay xalqın içindən çıxan millət vəkili, sən niyə cangüdənlə gəzirsən? Niyə gedib səndən ümid gözləyən adamlarla çay içib söhbət eləmirsən?

Adətən sualı jurnalist versə də soruşacam – niyə? Mən axı nə deyirəm? Deyirəm gəlsinlər oturaq, araşdıraq. Mənim də, onların da çiyinlərində məsuliyyət çoxdur. Mən öz haqqımda çox da yüksək fikirdə deyiləm. Amma ali təhsilim var, elmi dərəcəm var, 22 ildən artıq müəllimlik stajım var. Yəni savadım da var, təhsilim də var. Mən niyə bir dənə partiya yaratmadım? Hesab edirdim ki, biz komandayıq. Əgər kresloda oturmağa yox, millətin problemlərini həll etməyə gəlmişiksə, birgə işləməliyik. Millətin problemini həll edə bilmədik. Amma niyə həll edə bilmədik? – onu oturub öz aramızda araşdırıb səmimi nəticəyə gəlməklə bir güc kimi önə çıxa bilərik.

– Cəmiyyətin bugünkü durumunda hər kəsin bir payı var. Ziyalısının, siyastçisinin günahları birləşir. Siz xilası birliyə gəlib mübarizədə görə bilərsiz, amma onlar bu birliyə gəlməyəcəksə, bu sualın cavabı görünmür.

– Hər bir sualın cavabı var. Amma o sualları tapmaq üçün gərək problemlərin dərinliyinə gedəsən.

– Vaxtilə bir çox ictimai-siyasi təşkilatların hansısa xarici qurumlardan maliyə dəstəyi alaraq fəaliyyətlərini qurduğu bildirilirdi. İndi bu barədə danşılmır, hamı susub. Beynəlxalq təşkilatların Azərbaycana münasibətinə baxanda bu “alış-verişin” bitdiyini söyləyə bilərikmi?

“Ancaq iqtidara atmacalı, tikanlı, istehzalı sözlər var, proqram yoxdur”

– Mola Nəsrddin demiş “dava yorğan davası idi” ona görə. Bu saat Novella Cəfəroğlu, Səidə Qocamanlı, Mirvari xanımın pul aldığını demirlər. Kənarda pul alanları deyirlər, amma hələ ki, onları da özlərinin qapazı altına sala bilməyiblər. MTN kimi yuxarı kürsülərdə oturanların əməllərində də çox məsələlər ortaya qoyuldu. Yuxarılarda çox problemlər var. Amma bizi idrə etmək istəyən siyasi partiyalar susursa, nə deyim? Sadəcə olaraq prezidentlyə iddialı olanlar var. Bircə söz bilirlər “aç qapını gələk səni öldürək”. İndi də prezidentə dövlət başçısı deyirlər və guya bu ifadəylə ona etiraz edirlər.

Partiyalar sistemli iş görməlidir və problemə əsaslı şəkildə  yanaşmalıdırlar. Bu gün problemlərin həlli üçün müxalifətdə özünü lider sayanlar çıxmalıdır irəli və ortaya proqram qoymalıdır. Kimin proqramı xoşuma gəlsə, mən də onun yanında dayanmağa hazıram. Amma baxın, ancaq iqtidara atmacalı, tikanlı, istehzalı sözlər var, proqram yoxdur. Türkiyədə də müxalifət var. Ərdoğana hətda etirazlarını bildirəndə “sayın cumhur başqanı” deyə müraciət edirlər. Bizimkilər “hörmətli prezident” deyə müraciət etsələr guya müxalifətçilikdən çıxacaqlar, bu cılızlıqdır. Yəni hər hansı məsələyə mövqe bildirəndə insan iki halda səhv edir – hədsiz nifrətin varsa onun yaxşılıqlarını görə bilməyəcəksən, məhəbbətin varsa pislikləri görə bilməyəcəksən. Ona görə də mövqeyin qeyri-səmimi olacaq. Bizim Allahdan aşağı sevdiyimiz millətimiz, vətənimiz var. Bu millətin taleyi üçün ortada durub təhlillər aparmaqla düzgün nəticəni ortaya qoymaq lazımdır.

“Prezidentliyə iddialı partiyalardan heç birinə ümidim yoxdur”

– Siz hansı partiya sədrləri ilə görüşür, hansılarla əlaqələrinizi saxlayırsınız. Onlarla bağlı gələcəyə ümidləriniz varmı?

– Mən qarşılaşanda hamı ilə görüşürəm, salam da verirəm. Alan alsın, almayan özü bilər. Bizim üzdə olan prezidentliyə iddialı partiyalardan heç birinə ümidim yoxdur. Çünki əgər insan boğazdan yuxarı səmimi, boğazdan aşağı riyakardırsa, onun əməlindən nə özü, nə də ona ümid edənlər xeyir tapa bilməyəcəklər. Baxın, AXCP də Əli Kərimlinin başı üzərində Əbülfəz bəyin şəkli, KXCP də Mirmahmud bəyin başı üzərində Əbülfəz bəyin şəkli, Qüdrət bəylə Fazil Mustafa və digərləri də Elçibəyin yolu ilə getdiklərini deyirlər. Əgər yolları birdirsə niyə birləşmirlər? Bizim ölkədə dəllək müştəridən çoxdur, liderlər partiya üzvlərindən çoxdur. Əslinə baxanda Əli Kərimlinin,  Pənah Hüseynin partiyasında özlərindən başqa heç kimi görməmişəm. Sülhəddin Əkbərin gəzmədiyi partiya yoxdur. Adam nə qədər əqidə, mövvqe, partiya dəyişə bilər – Xalq Cəbhəsi, sonra Demokrat Partiyası, Sosial Demokrat, ASDP və sair. Bunlarda xəstəlik var. Allah bu xəstəlikdən vətənpərvər, qeyrətli oğulları hifz eləsin. Bunlarda iddia, özündən razılıq, təkəbbür var. Belə iddia ilə gedənlərin heç bir uğuru olmayacaq.

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?