Fuad Əliyev: “Ümumüxalifətin birliyinə belə ziyan vurur”
“Azərbaycan diasporlarının əksəriyyəti ancaq öz cibini güdür”
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.az-a müsahibəsi
– Fuad bəy, bir partiya sədri olaraq bu gün ölkənin ictimai-siyasi mənzərəsində yeniliyə doğru dəyişən nələri müşahidə edirsiniz?
“20 ildən çox kresloda oturmuş nazirlərin yenilənməsinə inanıram”
– Ən əsası odur ki, artıq bizim hakimiyyətdən gözlədiyimiz islahatlara başlanıb. Referendumdan sonra ölkə başçısının vitseprezidentlik institunun yaradılması ilə bağlı verdiyi sərəncam və qısa müddət ərzində fəaliyyətə başlaması buna sübutdur. Düşünürəm ki, bu, cəmiyyətin, eləcə müxalifətin gözlədiyi islahatlara yol açacaq. Bu islahatlar nəticəsində korrupsiyaya qurşanmış məmurların, 20 ildən çox kresloda oturmuş nazirlərin yenilənməsinə inanıram.Əsas istəyimiz budur ki, cəmiyyət normal inkişaf etsin, geniş fəaliyyət göstərmələri üçün müxalifət partiyalarına şərait yaradılsın. Təəssüf ki, bunlar korrupsioner məmurların səyi nəticəsində illər uzunu baş vermirdi. Hər halda inanmaq istəyirik ki, aparılan islahatlar müxalifətin fəaliyyətinə də öz müsbət təsirini göstərəcək.
– Sizcə islahatlar öz gücünü bir araya gələ biməyən müxalifətin qeyri-aktivliyini aradan qaldıra biləcək?
– Niyə ki, müxalifət partiyaları aktivdir. Hər halda bir neçə partiya var ki, hələ seçki dövründə “Azadlıq bloku” adı altında birgə fəaliyyət göstərirdi. Blok dağılandan sonra oradakı 8-9 partiya öz əməkdaşlığını indi də davam etdirir. Biz daim fəaliyyətdəyik. Digər partiyalarla eyni müxalif cəbhədə olsaq da, onlar bizimlə əməkdaşlıq etmək istəmirlər. Hesab edirəm ki, digər partiyaların kənarda qalması müxalifətin ümumi durumuna çox böyük ziyan verir. Çünki müxalifət partiyalarının ayrı-ayrılıqda fəaliyyəti seçicilərin bölünməsi, gücümüzün zəifləməsi deməkdir. Bu parçalanma ona gətirirb çıxarır ki, seçkilərdə qalib gələ bilmirik. Təbii ki, hökumət tərəfindən bəzi islahatların aparılmaması fəaliyyətimizə öz təsirini göstərir. Hakimiyyətin köhnə komandası müxalifətə televiziyalara, qəzetlərə çıxmağa imkan vermir. Bu gün demək olar ki, internet televiziyalarının inkişafı görünmür. Bu kimi ümumi proseslərdə isə müxalifətin fəaliyyətsizliyi üzə çıxır.
“AXCP ilə Müsavat Partiyası yenə də özünü böyük hesab edir”
– Müxalif camiyədə elə partiyalar var ki, onların bir araya gəlmək istəmədiyini xatırlatdınız. Bir qədər əvvəl bu sırada dayanan və özünə “ana müxalifət”- deyib, ayrıseçkilik yaradan partiyalar sırasında AXCP və Müsavatın adı çəkilirdi. İndi deyəsən vəziyyət dəyişib, “ana”lığa iddia edənlər yoxdur?
– Məncə heç nə dəyişməyib. Həmin partiyalar yenə də öz iddialarında qalırlar. AXCP ilə Müsavat Partiyası yenə də özünü böyük hesab edir və hətta onlardan başqa müxalifət olmadığını bəyan edirlər. Bizim səfirlərlə görüşlərimiz olur. Onlar da daim bizə sual verirlər ki, AXCP ilə Müsavat nəyə görə ümumüxalifətin birliyinə belə ziyan vurur. Bu partiyaların ötən il ayrı-ayrılıqda keçirdiyi mitinqlər də xarici ictimaiyyətin diqqətindən yayınmadı.
Bu partiyalar bizim 9 partiyanın onlara müraciətini qəbul etməsə də, biz onların keçirdikləri mitinqlərdə dəstək olaraq iştirak etdik. Bu partiyalar özlərini əsas hesab etsələr də, öz daxillərində çox böyük parçalanmalar oldu, əksəriyyəti daxildə təzyiqlərə dözməyərək ölkəni tərk edirlər.
– Necə hesab edirsiniz, birliyə gəlmək istəməyən bu partiyaların bu gün xarici təşkilatların diqtəsi ilə hərəkət etdiyini söyləmək olar?
– Təbii ki, bu barədə çox fikirlər səslənib. Amma mənim üçün bəzi QHT təşkilatlarının xarici təşkilatlardan qrant alaraq siyasi partiyalara verməsi inandırıcı deyil. Çünki hər hansı donor təşkilat qrant verəndə onun hesabatını istəyir. Ona görə də mən donor təşkilatların partiyalara nəzarətsiz pullar verməsinə inanmıram.
– Müxalifət hakimiyyəti ona şərait yaratmadığına görə qınadıqca, iqtidar partiyası da opponentlərinin fəaliyyətsizliyini, qeyri-aktivliyini onun cəmiyyətlə işləyə bilməmələri ilə əlaqələndirir.
– Mən belə hesab etmirəm. Özümüzü misal götürsəm, son iki ildə bizim partiya çox aktiv fəaliyyətdədir. Bu aktivliyin nəticəsi olaraq bu il aprelin 12-də 5-ci qurultayımızı çox yüksək səviyyədə keçirdik. Hətta yer sahibləri müxalifətdən olduğumuzu bilib, iclas zallarını bizə verməkdən imtina edirdilər. Sonra müəyyən təzyiqlərdən yayınmaq üçün bir qədər məxfiliyi qoruduq. Qurultay baş tutdu.
Qurultayda partiyanın əsasən gənclərdən ibarət yeni bir komandası üzə çıxdı. Gənclər Təşkilatımız bir il ərzində dövlət tədbirləri və qeyd olunan bayramlarda şəhərin mərkəzi yerlərində fləş-moblar keçiriblər. Yəni biz öz fəaliyyətimizi təkcə hakimiyyəti tənqid etməklə aparmırıq. Biz liberal demokrat ideologiyası əsasında formalaşmışıq və fəaliyyətimizi bu yöndə davam etdiririk. Yəni biz öz işimizi görür, təbliğati işlərimizi aparırıq.
“Jrinovskinin fikrini dəyişmək tək Fuadın gücündə deyil”
– Fuad bəy, xaricdə fəaliyyət göstərən hansı liberal demokratlarla əməkdaşlıq əlaqələrinizi saxlayırsız? Bilirik ki, Rusiyada Jrinovskinin fəaliyyət göstərdiyi Liberal Demokratlarla sıx əməkdaşlıq əlaqələriniz olub. Həmin o Jrinovski ki, Azəbaycan-Qarabağ məsələsində ölkəmizə qarşı əks çıxışlar edir. Bu əlaqələrin sizin imicinizə mənfi təsir göstərəcəyindən narahat deyilsiz?
– Bizim Jrinovski ilə əməkdaşlığımız 2004-cü ildən başlayıb, 2008-ci ildə başa çatdı. Əməkdaşlığa başlayanda Jrinovskinin Azərbaycanla bağlı fikirlərini dəyişməyə çalışırdıq. Mən hər dəfə Dünya Vətənpərvər Partiyaları Konqresinə gedəndə liberal demokratlara, şəxsən Jrinovskiyə Qarabağ, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı kitablar aparırdım. O dövrdə çalışırdım ki, onun fikirlərini bir qədər yayındırım. Bizimlə əməkdaşlıq dövründə onun fikirləri bir balaca dəyişmişdi. Amma biz daha çox hökumətin onunla işləməsini istəyirdik. Çünki bizim o qədər maliyyəmiz yox idi. Amma ermənilər daim onun ətrafında olurdular. Hətta Qarabağla bağlı kitabları ona bağışlayanda dedi ki, – “mən bunların hamısını bilirəm, 15 il ərzində ermənilər mənə nə qədər bu cür kitab veriblər.” Yəni ermənilər mütəmadi olaraq onunla işləyiblər və Jrinovskinin fikrini dəyişmək tək Fuadın gücündə deyil.
Biz 2008-ci ildən sonra Avropa liberalları ilə işləməyə başladıq. 2014-cü ildə artıq hakimiyyət Jrinovskini Bakıya gətirdi və o vaxtdan Jrinovskinin demək olar ki, 90 faiz Azərbaycan tərəf olub. Amma Rusiya liberal demokratları özləri də etiraf edirlər ki, onların liberallıqla bağlı ancaq adları var. Onlar daha çox vətənpərvərlik, millətçilik ideologiyasına xidmət edirlər.
“Ordakı diasporalar elə ermənilərlə işbirliyi, qohumluq əlaqələrindədilər”
– Ümumdünya Azərbaycanlıları Konqresinin ləğvindən söz düşmüşkən, sizcə niyə ləğv edildi?
– Bu konqresin tədbirində bir dəfə – 2003-cü ildə iştirak etmişəm. Konqresdə dövlət başçıları iştirak edirdilər. Amma bizim konqresin üzvləri həmin tədbirə dəvətnamələri satırdılar. Mən biləndəki prezidentlərin iştirak etdiyi tədbirin dəvətnamələri satılır, buna etiraz etdim. Bakıya gələndə mətbuat konfransı keçirib açıqlama da verdim. Bundan sonra mənə təzyiqlər oldu. Bu mənada onun bağlanmasını təbii qarşıladım.
Ümumiyyətlə, Rusiyadakı Azərbaycan diasporları fəaliyyətsizdir, əksəriyyəti ancaq öz cibini güdür. 2004-cü ildə ermənilər Moskvada “Novo- naxçıvanskiy armyanskiy monastr” lövhəsi asılmış bir bina tikirdilər. Eyni zamanda “Naxçıvan” qəzeti buraxırdılar. Mən Bakıda mətbuat konfransı keçirib etiraz edəndə, bizim diasporalar, səfirliklər bu barədə heç bir reaksiya vermədilər. Diasporalarımız ermənilərin ideoloji müharibəsinə qarşı səslərini çıxarmadılar. Çünki ordakı diasporalar elə ermənilərlə işbirliyi, qohumluq əlaqələrindədir. Bu mənada belə Konqresin olmasının nə faydası vardı, olmasa nə olacaqdı?
Qeyd edim ki, Azərbaycan diasporalarının fəaliyyətsizliyi adi məsələlərdə də özünü göstərirdi. Mən dəfələrlə Moskvada şahidi olurdum ki, hər hansı bir azərbaycanlı Rusiyaya gedib pul üzündən geriyə qayıtmaq problemi yaşayanda, yaxud orada iş qurmaq üçün diasporalara müraciət edəndə, heç bir müsbət cavab almayıb. Amma orada yaşlı bir erməni qadının erməni diasporunun dəstəyi ilə necə iş adamına çevrilməsini hamı danışır.
Biz bu problemləri görür və azərbaycanlıların dünyada birləşərək ölkəmizin problemlərini qabartmaqla həlli yollarını birgə aramaq ideyasını həyata keçiririk. Düzdür, xaricdə öz vətəni üçün nə isə etmək istəyən insanlar var. Amma sonradan yenə də çoxlu pul qazanmaq hərisliyi əsas məqsədi üstələyir. Bizimkilər pullarını bölüşmək istəmirlər. Məsələn, Rusiyanın “ORT” kanalında hər axşam bir xəstə uşağı göstərib, ona yardım toplayırlar. Sonra hesabat verirlər. Tutaq ki, əgər xəstə uşağa 15 min lazım idisə və 100 min yığılırsa, bu barədə məlumat verilərək qalan pulların başqa bir xətə uşaq üçün xərclənəcəyi bildirilir. Bizdə də belə bir veriliş var idi, amma bağlandı. Əminəm ki, o verilişin bağlanmasına da yeyinti halı səbəb olub. Nə qədər yaxşı xalq olsaq da, təəssüf ki, bu cür pis xüsusiyyətlərimiz də var.
– Bu mənada Azərbaycan Dövlət Diaspora Komitəsinin işini necə qiymətləndirmək olar?
– Ümumiyyətlə, mən bu komitənin işini görmürəm. Əslində sadaladığım o məsələlərlə Komitə məşğul olmalıdır.
2008-ci ildə Pakistanda keçrilən prezident seçkilərində müşahidəçi kimi iştirak edirdim. 21 gün Pakistanı gəzdim və orada Laxov vilayətinin universitetində tələbələr qarşısında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış etdim. Çay süfrəsində bir professor mənə maraqlı fakt danışdı. O, Pakistan xalqının 60-70 faizinin bizim ulu babalarımızın nəsli olduğunu dedi. Sonra xəritəni gətirib müəyyən yerləri göstərərək, “biz muğanlılarıq”- dedi. Mən bundan heyrətə gəldim və Bakıya qayıdanda mətbuat konfransı keçirib bu barədə danışdım və aidiyyatı orqanların bu istiqamətdə işlər görməsinin vacibliyini dedim. Əgər pakistanlı alim ulu babalarının bizdən gəlmə olduğunu etiraf edirsə, biz nəyə görə susmalıyıq. Bu faktdır ki, Pakistan dövləti daim Azərbaycanın yanındadır. Nəyə görə biz bu dövlətlə daha sıx əməkdaşlıqlar, dostluq münasibətləri qurmamalıyıq? Bunun üzərində alimlərimiz, araşdırmaçılarımız işləməlidir.
“Sanki torpağı işğal altında olan biz deyilik”
– Fuad bəy, heç uzağa getmədən, sizcə bizdə televiziya, mətbuat, tarixçilərimiz bu günkü işğal faktı ilə bağlı hansı səviyyədə təbliğat apara bilirlər. Yəni ideoloji mübarizə hansı səviyyədədir?
– Bizdə ideoloji mübarizə çox zəifdir. Mən Azərbaycanın təbliğatının birinci növbədə mədəniyyətdən, musiqidən başlamasını təklif edərdim. Azərbaycan mədəniyyət-incəsənət adamlarının xarici ölkələrə, xüsusən də türk dövlətlərinə səfərlərinin təşkili və musiqimizin dili ilə çox ciddi işlər görmək olar. Bizə başqa bir şey lazım deyil. Düzdür, bu gün Azərbaycanın təbliği idman və başqa sahələr üzərindən aparılır. Amma ermənilərin ideoloji təbliğatının qarşısında bizim təbliğatımız çox zəifdir. Çünki xarici diasporalarımız ancaq öz ciblərini güdürlər, televiziyalarda isə nəinki Qarabağ, heç digər vətənpərvərlik mövzusunda tutarlı verilişlər yoxdur. Sanki torpağı işğal altında olan biz deyilik. Amma ermənilər var gücləri ilə işğal etdikləri ərazilərimizin ilhaqı istiqamətində ciddi tədbirlər həyata keçirirlər. Qarabağda ermənilərin keçirdikləri tədbirləri xatırlasaq yetər. Bunun qarşısında biz nə edirik?
Mən demirəm ki, televiziyalar bütün günü elə bu haqda danışsınlar, yox. Amma 12 saat bir müğənnidən verəndə, heç olmasa 1 saatını da vətənpərvərlik, Qarabağ mövzusuna ayırmalıdırlar. Bizdə Qarabağa aid ancaq atışma xəbərləri ilə bağlı məlumatlar verilir. Başqa heç nə. Bu gün bizim ən böyük problemimiz işğal olunan torpaqlarımzdır. Artıq məcburi köçkünlərin uşaqları böyüyüblər. Böyüyən gənclər öz torpaqlarının işğalı və onun azadlığı naminə ideoloji olaraq düzgün səfərbər edilməlidirlər.
“Gərək vətəndaş da çaba göstərsin, ən azı öz hüququnu tələb etsin”
– Sizcə bu qədər böyük problemləri olan bir cəmiyyətdə əsas tələblər necə olmalıdır?
– Hesab edirəm ki, bütün problemlərin üzə çıxarılmamasının səbəbini nə hökumətin, nə də müxalifətin üstünə atmaq düzgün deyil. Hər bir insan bir vətəndaş olaraq vətəninin ağrılarına biganə qalmamalıdır. Gərək vətəndaş da çaba göstərsin, ən azı öz hüququnu tələb etsin. Məsələn, elektrik enerjisinin qiyməti qaldırılanda biz partiya olaraq müəyyən reaksiyalar verdik. Amma təkcə bununla heç nəyi həll etmək olmaz. Biz vətəndaşa demirik ki, “küçələrə çıxıb “istefa” de”. Yox, bu cür lazım deyil. Amma heç olmasa “mən bu qədər maaşla işıq pulunu necə verim”, “mən bu maaşla necə dolanım”-deyə, etiraz edə bilər. Bizim insanlar öz haqlarını qorumağa qorxurlar. Deyəsən bizə yenə Topxana kimi bir hadisə lazımdır ki, camaat oyana. Yaxud, Rusiyada olduğu kimi bizə bir “babulya” lazımdır ki, küçəyə çıxıb aldığı təqaüdlə yaşaya bilməyəcəyinə etiraz etsin.
Marketə gedirsən, adi bir-iki ərzaq 20-25 manat edir, hələ ətdən danışmıram. Bu, aya 700 manat edir, maaşlarımız isə 300 manatdır. İndi soruşmaq lazımdır ki, ay camaat, sən necə yaşayırsan. Ya oğurluq edirsən, ya da paketdə əlavə pul alırsan. Bizim cəmiyyətimiz hələ yetişməyib. Adi növbədə dayanmaq mədəniyyəti bizə gəlib çatmayıb. Biz Avropdan, dünyadan danışırıq, amma özümüzdə olan dəyərləri itirmişik.Axı indi Avropada axtardıqlarımız bizdə daha əvvəl olub. Bizdə böyüyə, ağsaqqala hörmət var idi. Get-gedə bunları da itiririk. Bu gün bulvara gedəndə şoka düşürsən. Heç Rusiyada da belə şeylər yoxdur. Biz hardan külək əsir o tərəfə əyilirik. Bizim xalqımız orta bir xətti götürə bilmir. “Yenilik, dəb, Avropa”- deyib, mini yupka, açıq-saçıq geyinirlər. Başa sala bilmirsən ki, Avropada belə şey yoxdur. Cəmiyyət çaşqınlıq içindədir, harda dayanacağını bilmir. Anlamaq da istəmirlər.
– Bu çaşqınlıq nədən irəli gəlir?
– Savadsızlıqdan. Əslində sovet təhsil sistemi çox yaxşı idi və biz partiya olaraq öz proqramımızda bu məsələyə toxunmuşuq və Təhsil Nazirliyinə müraciət etmişik. Baloniya təhsil sisteminə keçəndən sonra dərsliklərdə mətinlər əlaqəli şəkildə verilmir. Rus dili kitablarında vəziyyət bərbaddır. Götürüb “yo” hərfini ləğv elədilər. İndi uşaq “yojik”i “yejik” oxuyur. Anlaya bilmirsən ki, “yejik” nədir və sən demə söhbət o kirpidən gedir. Qəribədir ki, Rusların özündə belə, köhnə rus dilində yazılımır, bizdə isə köhnə rus dili işlənir. Bu nə deməkdir?
Bizim təhsil sistemində çoxlu problemlər var. Amma onu göstərmək istəyən, buna narazılığını bildirən cəmiyyət yoxdur.
Versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...