“…biz Azərbaycan iqtidarı ilə şəksiz əməkdaşlıq etməyə hazırıq”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun versus.az-a müsahibəsi.
“Bu gün seçki ilə bağlı qəbul edilən qərarların heç birini real qəbul etmək olmaz”
– Sərdar bəy, artıq siyasi düşərgənin prezident seçkiləri ilə bağlı müəyyən aktivliyi müşahidə olunur. YAP, eləcə də müxalifətdən olan partiyalar sanki öz namizədlərini elan etməklə kimlərəsə mesajlar verirlər. Sizcə, seçkilərlə bağlı ortaya çıxan bu yanaşma nəyi ifadə edir. Mövcud situasiyanı nə ilə izah edərdiniz?
– Əvvəla qeyd edim ki, Azərbaycanda real siyasi seçki prosesi yoxdur. Buna görə də istər YAP, istərsə də müxalifət partiyalarının qarşıdan gələn seçkilərlə bağlı qərarlarını real qəbul etmək olmaz. Bu vəziyyət hərəsi başqa növ idmanla məşğul olan iki idmançının qarşı-qarşıya gətirilməsinə və hansı üsulla vuruşacaqlarını bilmədikləri üçün onların arenada bir-birini gözləmələrinə bənzəyir. Eynilə də müxalifət seçkilərdə heç vaxt YAP-la üz-üzə gələ bilməyib. Ona görə də eyni döyüşün aparıla bilməyəcəyi yerdə mübarizədən danışmaq Don Kixodun yel dəyirmanı ilə vuruşmağına oxşayır. İndiki halda biz – ölkədə seçkilər keçiriləcək, YAP İlham Əliyevin namizədliyini verəcək, o tərəfdə kimlərsə onu dəstəkləyəcək, müxalifətin də öz namizədləri olacaq – kimi illuziyaya qapılırıq. Bu dəqiqə heç kəs seçkilərdə maraqlı deyil, görünənlər hamısı illuziyadır.
– Nəyə əsasən bu qənaətə gəlmisiniz?
Mənim gəldiyim qənaət budur ki, nə Azərbaycan hakimiyyəti, nə də müxalifət ölkədə demokratik seçki keçirmək gücündə deyil. Nə də beynəlxalq təşkilatlar, Avropa, Amerika və digər ölkələr islam ölkələrinin demokratikləşməsində o qədər də maraqlı deyillər. Son illər Azərbaycanda olan Avropa, Qərb təşkilatlarının, səfirlərinin fəaliyyətini izləsəniz görərsiniz ki, Azərbaycanda demokratiyaya maraq nümayiş olunmur. Vaxtilə Əbülfəz Elçibəyin zamanında xarici səfirlərAzərbaycanda demokratik institutların yaradılmasında qeyri-adi aktivlik göstərirdi. Biz onlarla əməkdaşlıq edə-edə bu günə düşdük. Avropa Şurasının üzvü olandan sonra Azərbaycanda demokratiyanın beli qırıldı. Biz Avropa Şurasının bizə göstərdiyi yolla getdik və məlum oldu ki, Azərbaycanda çoxpartiyalı sistem, azad həmkarlar, azad mətbuat, qeyri-dövlət sektoru çöküb. Avropa institutları Azərbaycana gələndə ölkədə kifayət qədər güclü siyasi partiyalar var idi. 1996-cı ilə qədər ADP-nin 15 min üzvü və bütün rayonlarda təşkilatları var idi. Etibar Məmmədovun partiyasının qeyri-adi gücü var idi. Hələ Xalq Cəbhəsini, Müsavatı demirəm. Maraqlıdır ki, bu qədər siyasi partiyaların mövcud olduğu bir vaxtda Qərb institutları bizmlə demokratik inkişaf layihələri həyata keçirmirdilər. Onlar siyasətdə olan fəallarımızı müəyyən qrantlarla QHT-lərə cəlb elədilər. Bununla da siyasi partiyalar böyük sürətlə funksioner itkisinə məruz qaldı. Sonra o qrantı da kəsdilər və çökmə başladı. Faktiki olaraq aparılan siyasətin nəticəsi göstərdi ki, sən demə, Qərbin apardığı siyasətin məqsədi Azərbaycanda demokratik institutları çökdürmək olub.
“YAP və hakimiyyət lider dəyişimi ilə seçkiyə gedəcəksə, çox ciddi kataklizmlər gözlənə bilər”
– Sərdar bəy, hazırda seçkilərlə bağlı mübahisəli nüanslar ortaya atılır. Seçkilərin 2018-ci ildə, 2020-ci ildə olacağı barədə şübhəli yanaşmalar müşahidə olunur. Sizcə qarşıdan gələn seçkilər arxasında hansı sürprizlər hazırlanır?
– Müxalifətin bu məsələlərdə heç bir rolu yoxdur. Seçkini hakimiyyət keçirir. Davranışlardan görünür ki, növbəti seçkilərdə lider dəyişikliyi baş verə bilər. Mən düşünürəm ki, lider dəyişikliyi olarsa, bunun ən ağrılı nəticəsi yaşanacaq. Çünki liderin dəyişməsi komandanın dəyişməsidir. Azərbaycanda mülkiyyətin bölüşdürülməsi dövrü qurtardığı üçün yeni komanda üçün bölüşməyə heç nə yoxdur. Ona görə də bölünmüş mülkiyyəti yenidən bölməyə məcbur ola bilərlər. Lider dəyişikliyi olacaqsa, çox ciddi iki hadisə gözlənilir: birincisi iqtidar çox ciddi təhlükə ilə üzləşər, ikincisi iqtidarın bitərəfli siyasətinin əleyhinə olan xarici dövlətlər açıq şəkildə Azərbaycan siyasətinə müdaxilə edə bilər. Ona görə də seçkilərin vaxtı ilə bağlı müxtəlif yanaşmalar səslənir. Ya Rusiya Qarabağda müharibəni başlaya bilər, yaxud, aktiv qüvvələr daxildə təxribat aparmaqla seçkiyə mane ola bilərlər. Görünür, seçkinin 1920-ci ildə keçiriləcəyini deyənlər müharibənin yenidən başlayacağı ilə bağlı müəyyən məlumatlara malikdirlər. Amerika ekspertlərinin Qarabağda müharibə ilə bağlı təhlillərini oxuyanda öz-özümə sual verirəm: nə vaxt başlayacaq və niyə başlamır. Deməli, bu gün ictimi rəy Dağlıq Qarabağ ətrafında müharibənin yenidən aktivləşəcəyinə hazırlanır. Bu müharibənin başlaması isə o “düyməni” basan adamın marağından asılıdır. Yaxşı, sual olunur, Dağlq Qarabağda müharibənin başlanması kimin marağında ola bilər. Təbii ki, Azərbaycanda siyasi kursun, strategiyanın dəyişməsində marağı olmayan qüvvələrin. O baxımdan mənə elə gəlir ki, qarşıdan gələn seçkilər əvvəlki seçkilər kimi olmayacaq. Əgər YAP və hakimiyyət lider dəyişimi ilə seçkiyə gedəcəksə, çox ciddi kataklizmlər gözlənə bilər. Ona görə Ramil Usubov çıxıb deyir ki, seçki vaxtı destobilizasiya ola bilər, biz onun qarşısını qətiyyətlə alacağıq. Bu nə deməkdir? Əgər buna hazırlaşanları bilirlərsə niyə ifşa eləmirlər. Hardan bilirlər ki, seçki vaxtı destobilizasiya olacaq və niyə olmalıdır? Bunun müxalifətə heç bir aidiyyatı yoxdur. Çünki müxalifət onsuz da zəifdir, destabilizasiya olsa heç bir şey əldə edə bilməz. Deməli, hakimiyyətin üçüncü bir qüvvənin destobilizasiyası ilə bağlı mühüm şübhələri və qorxusu var. Bu qüvvələr hakimiyyətdə təmsil olunub xariclə əlaqəsi olan, yaxud vəzifədən çıxarılan nazirlər və işdən çıxarılacağı təqdirdə əmlakı əlindən alınıb həbsxanaya salınacaq adamlardır.
“…hakimiyyətin silahlı yolla dəyişdirilməsinin tərəfdarı deyilik”
– Həmin qüvvələrin müxalifət partiyaları arasından özlərinə tərəfdaş seçib, məhz onlardan istifadə etmək çabaları görünürmü?
– Bu gün ADP sədri kimi bəyan edirəm ki, biz ölkədə stabilliyin, dövlət müstəqilliyinin qorunması, Qarabağ məsələsivə sair proseslərdə Azərbaycan iqtidarı ilə şəksiz əməkdaşlıq etməyə hazırıq. Hətta xeyrimizə olsa da belə, heç vaxt hakimiyyətin silahlı yolla dəyişdirilməsinin tərəfdarı deyilik. Çünki destobilizasiya ilə dəyişilən hakimiyyət heç vaxt Azərbaycan xalqına xeyir verə bilməz. Məsələn, Milli Şuranın Rusiyada qurduğu əməkdaşlıq və iqtidarı ermənidən pis adlandırmasını qəbul eləmirəm. Bu iqtidar nə qədər pis siyasət yürütsə də mənimdir. Biz əlimizdə olanı, lazım gələndə pisi də qorumağa məcburuq. Əgər bu gün yaxşı yoxdursa, iki pisdən birini – az pisi seçməliyik. Bu gün Bəşər Əsədi yıxmaq istəyən müxalifət özü də bilmədən elə bir prosesdə iştirak elədi ki, həm Suriya dövlətini çökdürdü, həm də xalqı yox oldu. Sual versəniz ki, Sədar Cəlaloğlu, siz harda durardınız, mən deyərəm ki, Bəşər Əsədin yanında. Çünki hər bir siyasətçi üçün hər şeydən əvvəl dövlətin və millətin tamlığı vacibdir. Demokratiya və diktatura mövcud olduğun cəmiyyətin tipidir. Sən mövcud olduğun halda onu qoruya bilərsən. Suriyaya baxın, min illik mədəniyyət məhv edildi. “Molla” deyiləm, mənim də maraqlarım var. Amma demokratiya tələb edir ki, öz maraqlarını ictimaiyyətin içindən keçərək təmin edəsən. Bu proses bizim iradəmizdən asılı olmayarq gedəcək. Bəli, bu gün xarici dövlətlərin nəzarətində olan qruplar var və bilavasitə maliyyələşir, idarə olunurlar. Hökumət də bunu dəfələrlə deyib. Mən əminəm ki, İsa Qəmbr də buna getməz, Azərbaycan dövləti və cəmiyyəti dağılmasın deyə İlham Əliyevin müdafiəsində öz canını qurban verər. Amma başqaları haqqında bunu deyə bilmərəm.
“Azərbaycan müxalifəti hər iki resursdan məhrumdur”
Bu gün qloballaşmadır. Əvvəl bir qapalı dövlət var idi və proseslər iki qüvvə – iqtidar və müxalifət arasında cərəyan edirdi. Qloballaşma üçüncü bir faktoru, qlobal gücləri ortaya çıxarıb. Konfrantasiyada olan güclər – Rusiya-Amerika, İran və Avropa, Türkiyə və İran. Bu güclərin hər birinin Azərbaycanda marağı var və burada özlərinə tərəfdar tapmaq istəyirlər. Bizim işimizin ağırlığı üçüncü gücün konfrantasiyada olmasıdır. Adını çəkdiyim xarici güclər bir-biri ilə dil tapsaydılar, bəlkə də Azərbaycanda konfrantasiyaya keçid etmək olardı. Amma bu gün Azərbaycanın vəziyyəti “Arşin mal alan” filmindəki kimi başa silah dirəyib birinin “oxu”, digərinin “oxuma” deməsinə bənzəyir. Başqa əlacımız da yoxdur. Nəticədə biz inkişaf eləmirik. İqtisadi inkişafı, təhsili, mədəniyyəti, səhiyyəni götürsək, biz 17-ci əsr səviyyəsinə enmişik. İndi insanların “cip”də gəzib şalvar geyinməsi ilə deyil. Onların düşüncəsinə baxsan, orta əsr insanından heç nə ilə seçilməyəcək. Tez-tez sual verilir ki, bu xalq niyə ayağa qalxmır. Bəyəm feodal dövründə siyasi mübarizə var idı. İnsanlar özünü rəyət hesab edir. Prezident ona görə yaranıb ki, insan onun qarşısında dayananda özünü şəxsiyyət kimi hiss eləsin. Amma bizimkilər onun qarşısında dayanıb “balam sənə qurban”, “özüm sənə qurban”, “səndən başqası yoxdur” deyirsə, bu o deməkdir ki, o, özünü bir vətəndaş kimi yox, rəyyət kimi görür, özünü prezidentin şəxsi mülkiyyəti hesab edir. Kapitalizmin inkişafından sonra Heygel də deyib ki, siyasi mübarizənin bir səbəbi var: hakimiyyətdəkilərdən tələb edilir ki, onlar özlərinə necə baxırlarsa, ona da elə baxsınlar. Amma digər cəmiyyətlərdə heç vaxt rəyyət özünü idarə edənlərlə bir səviyyədə görə bilməz. Baxın, hökumətdəkilər bizim xəstəxanalara müraciət eləmirlər, uşaqlarını bizim məktəblərdə oxutmurlar, bizim ölkənin istehsal etdiyi məhsulu yemirlər, geymirlər, bizim ölkəmizdə olan mədəniyyət adamından istifadə eləmirlər. Beynəlxalq tədbirlərdə xaricdən Şakiranı gətirirlər. Azərbaycan artistləri artist deyil axı, fonoqrama ilə oxuyurlar. Bunlar necə bir cəmiyyət yaratdıqlarını yaxşı gördüklərinə görə, bu cəmiyyətlə öz aralarında sədd yaradırlar. Avropada isə kral gedir vətəndaşla bir sırada dayanıb teatra bilet alır. Məsələn, türk ordusu generalı əsgərlə bir yerdə yemək yeyir. Yəni bu gün “mən ağayam sən qul”, “mən yüksəyəm sən aşağı” prinsipi ilə yaşam Azərbaycan cəmiyyətinin ən böyük problemidir. Bu ayrıseçkiliyi həll etməyənə qədər heç bir siyasi aktivlikdən danışmağa dəyməz.
– Belə bir situasiyada nə etməyi düşünürsünüz?
– Vaxtilə sosialist inqilabının əvvəlində də iki sual var idi: nədən başlamalı və nə etməli? Əslində cəmiyyəti vəziyyətdən çıxarmaq üçün orjinal ideya irəli sürməli deyilik. Çünki cəmiyyətdə hər şey universal qanunlara tabedir. Biz o qanunauyğunluqlara baxıb müəyyən işlər aparmalıyıq. Təbii ki, siyasi nəticə əldə etmək üçün siyasi partiyaların maddi-texniki resursları və insan resurslaı lazımdır. Azərbaycan müxalifəti hər iki resursdan məhrumdur. Məsələn, bu gün bizim partiyanın da qapısı açıqdır, bizdən yuxarıda olan “bar”ın da qapısı açıqdır. İndi görək ora nə qədər adam daxil olur, partiyaya nə qədər adam gəlir. Demək istəyirəm ki, biz normal cəmiyyət deyilik. Soruşursuz ki, nə etmək istəyirsiz. Mən bunu edə bilmərəm, çünki elə məsələlər var ki, siyasi deyil, amma siyasətə təsir edir.
“Bu seçkilərdə seçki xatirinə iştirak edəcəyik”
– Partiya olaraq seçkilərə gedəcəksiz?
– Seçkilərə iki prinsiplə gedirlər: biri “nəyin bahasına olursa olsun”, yəni mən hakimiyyəti dəyişmək üçün seçkiyə gedirəm! Biri də – “seçkidə iştirak etmək xatirinə”! Bunun fərqli məqsədləri var. Seçkiyə ikinci prinsiplə getmək üçün qeyri-adi resursa ehtiyac yoxdur. Mən keçən seçkidə bu cür iştirak elədim – televiziyaya çıxdım və indiyə qədər heç kəsin demədiyi problemləri qaldırdım. Sonradan hökumət bunların bir neçəsinin həllini həyata keçirdi. Təsəvvür edin ki, orda olan partiyalar mənim kimi alternativ ideyalar versəydilər cəmiyyətə, nə qədər inkişaf edərdik. Ancaq başları qarışdı intriqa aparmağa. İndi də bu seçkilərdə seçki xatirinə iştirak edəcəyik. Məqsədimiz seçkinin verdiyi imkanlardan istifadə edib Azərbaycan reallıqlarını, gələcəkdə bizi gözləyən fəlakətləri və xalqın özünün günahlarını mümkün qədər insanlara çatdırmaqdır. Əgər xalq deyirsə ki, müxalifət yanlışdır, o zaman niyə onun səhvlərini düzəltmir. Yaxud deyirsə ki, iqtidar pisdir, onda niyə onu yaxşılığa dəyişmir. Seçiciyə deməliyəm ki, əgər vəziyyətinin pis olmasından şikayət edirsənsə, niyə susmusan? Molla Nəsrəddin kimi gedirik mitinqə, qərərgahdan çıxırsan polisi görəndə arxaya baxırsan ki, heç kəs yoxdur. Biz buyuq.
– Sərdar bəy, belə bir situasiyada hansı partiyaları arxanızça gəlməyə çağırırdınız?
– Lider hər hansı qrupun xüsusiyyətlərini ən qabarıq şəkildə ifadə edəndir. Məsələn, axmaqların lideri ən axmaq adam olmalıdır, oğruların içərisində ən cinayətkarı lider olmalıdır. O cümlədən də mənim özüm, mən Azərbaycanda elmi siyasət aparan bir adamam. İndi çox adam mənə deyir ki, sənin dinlə nə işin? Deyirəm bədbəxt oğlu, sən görmürsən ki, bütün siyasət din üzərindən gedir? Sizcə mənim arxamca kim gedər? Mənim ağlımda olan insanlar. Türkiyədə istənilən bir insan çıxır qabağa insanlar da “ləbbey deyib”onun arxasınca gedirlər. Çünki insanlar inamlıdır. Bizdə nə siyasi partiyaları, nə də xalqı inandırmaq çətindir. Axı Allaha inanmayan insanı mən necə özümə inandıra bilərəm?
– Bəlkə hələ bu xalqı yox, onun kiçik bir siyasi sferasını inandırmağa çalışasız?
– Bizim Azərbaycanda ziyalı dediyimiz o insanların özündə də deqradasiya var. Tək qara kütlə deyil axı. Azərbaycanda akademik, siyasi elmlər doktoru adı alan adamların siyahısın baxın, görün həqiqətən də elmi iş olub yoxsa yox. Yəni bu gün bütün sahələrdə – elm, əxlaq, din, mədəniyyət – böhran var. Vaxtilə Qara Qarayev, Üzeyir Hacıbəyov öz əsərləri ilə dünyaya səs salmışdılar. Bu gün belə musiqi xadimlərimiz yoxdur. Hanı Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi şairlərimiz? Yoxdur. Tibb universitetində dünyada tanınmış 100-ə yaxın alim var idi, hanı elə alimlərimiz, yoxdur. Eyni xalqıq, nə baş verib? Ona görə də deyirəm ki, xalqımızın materialı korlanıb. Burda 99 faiz iqtidarın günahı var. Çünki xalq bir uşaqdır, iqtidar da onun valideynidir. Valideyn uşağa pis baxsa uşaq pozular.
“Bu “birlikdə” mənim marağım yoxdur”
– Hansı partiyaları bir araya gətirmək iqtidarındasız və sizə inanıb yanınıza gələn olacaq?
– İstənilən partiyanı bir araya gətirmək olar. Azərbaycanda birliklərin yaranmasında ən böyük təşəbbüs göstərənlərdən biri də mənəm. Amma son vaxtlar birlik məsələsini bir kənara qoymuşam. O vaxt birliyin yaradılmasından hər hansı bir nəticə gözləyirdik. Bu gün bir nəticə verməyəcəyinə görə bu birlikdə mənim marağım yoxdur.
– Son olaraq hazırki durumla bağlı proqnozunuz nədir?
– Bu gün Azərbaycanda nizamlı qaydalar qatlanıb bir kənara qoyulub. Bunu Qərb də öz davranışları ilə göstərir. Yəni bu gün heç kəs Azərbaycanla maraqlanmır. Eləcə də Azərbaycan xalqının davranışından görünür ki, bu xalq hakimiyyətin dinc yolla dəyişilməsini istəmir. Siyasi partiyaların da Azərbaycanda dəyişilmələrdə rolu yoxdur. O fürsət artıq əldən buraxılıb. Həqiqəti demək lazımdır. Mən Sərdar Cəlaloğlu olaraq ətrafımda olan 50 nəfərlə necə dəyişilmə edə bilərəm? Əksinə, qarşıda bizi çox təhlükəli hadisələr gözləyir. Heç bir tunelin sonunda işıq yoxdur. Qeyd etdiyim kimi, əgər seçkilərdə lider dəyişikliyi olacaqsa, Azərbaycanda çox böyük kataklizmlər yaşanacaq. Azərbaycan iqtidarı bunu istəmirsə elə İlham Əiyevin üzərində də duracaq.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...