“Müxalifətdə olan əsl prinsipial partiya bizik”

16:27 11-07-2017 | icon 639 | Siyasət
“Müxalifətdə olan əsl prinsipial partiya bizik”

“Müxalifətin “əzabkeş” obraza girməyinin də əleyhinəyik”

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun Versus.Az-a müsahibəsi

– Ağasif bəy, bu gün ətrafınızda daha çox gənclərin cəmləşdiyi müşahidə olunur. Bu, partiya sədrinin gənc olmasından irəli gəlmir?

– Bəli, bu gün partiyamızda gənclər çoxluq təşkil edir və işlərimiz öz yolundadır. Qeyd etməliyəm ki, gənclərin təşkilatımıza axın etməsi partiya sədrinin gənc olmasına deyil, Rəsul Quliyev faktoruna bağlıdır. Digər tərəfdən, bu gün dövlətin qanunla tanıdığı “gənclik yaş həddi” 29-dur. Mənim də yaşım 30 olduğundan qanunla gənclik dövrünü artıq keçmişəm.

Partiyaya üzv olmağa gələnlər də əsasən demək olar ki, həmyaşıdlarımdır. Hansı ki, Rəsul Quliyev ölkədən gedəndə onların hardasa 5-10 yaşları olub. Bir çoxlarına maraqlı gəlir ki, 25-26 yaşda olan gənclər bu partiyanı niyə seçirlər. Əslində həmin gənclərin yaxınları, valideynləri Rəsul bəy haqqında öz övladlarına doğru-düzgün məlumat verməklə belə bir axına zəmin yaradırlar. Məsələn, bu yaxınlarda partiyamıza 25 yaşlarında bir gənc üzv olub. O, Rəsul bəy haqqında yüksək fikirlər söyləyib, onu tərifləyirdi. Soruşdum ki, Rəsul bəy gedəndə sizin 5 yaşınız olub, bu halda onu necə yaxından tanıya bilərdiniz. Sonra məlum oldu ki, onun valideyni Rəsul bəyin əvvəl işlədiyi zavodda fəhlə olub və işlədiyi dövrdə ona zavoddan ev verilib. Digər tərəfdən partiyanın mövqeyi cəmiyyətin diqqətini cəlb edir.

– Bu günkü siyasi durğunluq, partiyalararası soyuq münasibətlər, eləcə də siyasi süstlüyün olduğu bir vaxtda GAP özünün siyasətini necə sistemləşdirə bilir və maneələr varmı?

– Biz bu günə qədər fəaliyyət göstərən siyasi partiyalardan fərqli olaraq strateji və taktiki plan əsasında hərəkət edirik. Bir il ərzində görüləcək işlərimizin və digər planlaşdırmadığımız situasiyalara görə proqramlarımız var. Əgər bizim tanıdığımız müxalifət hökumətin yaratdığı hadisə və fəaliyyət ardınca düşürsə, özü də bilmədən onun qurduğu ssenarinin iştirakçısına çevrilir. Biz isə hansısa hadisənin arxasınsa düşmək yox, o hadisəni özümüz yaradıb digərlərini ardımızca aparmağı düşünürük.

Maneələr, siyasi basqılar, cəmiyyətdə hakimiyyətin əlində olan inzibati resurslardan istifadə olunmaqla hər zaman baş verir. Hüquq-mühafizə orqanlarından istifadə edilməklə cəmiyyətin təhdid altında saxlanması cəmiyyətin böyük bir hissəsini ictimai-siyasi proseslərdən yayındırır. Məsələn, Alxanlı kəndində körpə Zəhranın erməni terroru nəticəsində öldürülməsinə etiraz olaraq ayın 7-də bir yürüş təşkil etdik. Buna görə partiya üzvlərimizi və məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. İdarənin rəhbərliyi keçirdiyimiz aksiyanın düzgün olmadığından, dövlətçiliyə ziyan vurulduğundan danışdı. Təbii ki, bizim də arqumentimiz bu oldu ki, aksiyada “Zəhralar bir daha ölməsin deyə terrora yox”şüarlarını səsləndirmişik, hansısa siyasi xarakterli, iqtidar-müxalifət münasibətlərinin üzərində qurulan şüarlar səsləndirmədik və bu şüarlarda dövlətçiliyə ziyan vuracaq heç nə yoxdur. Biz sadəcə siyasi partiya olaraq dünya ictimaiyyətinə mövqeyimizi bildirdik.

Mən bu informasiyanı heç kimə verməmişəm, ilk sizin sayta bildirirəm. Çünki bəziləri kimi belə hadisələr üzərindən piar aparmağı düşünmürük. Amma təəssüflər olsun ki, bu gün bizim bəzi müxalif dostlarımız belə hallardan səs-küy yaradıb piar qururlar. Bu çox pis taktika və yanlış siyasi xəttdir. Bu cür gedişlər cəmiyyətin siyasi proseslərdəki iştirakına maneə yaradır. Əgər cəmiyyətdə problemlərə etiraz etmək istəyən biri var idisə, bunu eşidəndən sonra qorxub geriyə çəkilirlər. Yaxud da biz müxalifətin “işıq yoxdur, çörək yoxdur, qaz yoxdur, iş yoxdur acından ölürük” kimi “əzabkeş” obraza girməyinin də əleyhinəyik. Müxalifət deyəndə cəmiyyətdə elə təsəvvür yaranmamalıdır ki, “bizim müxalifət işsizdir,  acından öləndir, müxalifətdəsənsə iztirablarla yaşamalısan” və sair.

“…hansı partiyadan həbs olunan yoxdursa, o partiya müxalifət partiyası deyil…”

– Adətən müxalif qurumlar, elə Rəsul Quliyevin vaxtilə rəhbərlik etdiyi partiyalar mitinqlər zamanı sadaladığınız problemləri təbii olaraq hər zaman önə çəkib. Sizin belə problemlərin siyasətdə qabardılmasına etiraz etmənizdən belə başa düşülür ki, partiyanız gəncləşən ideologiyaya söykənir?

– Rəsul Quliyevin siyasi ideyası budur ki, həbs olunmaq qəhrəmanlq deyil, çalışıb tutulmamaq, azadlıqda qalıb daha faydalı olmaq, təşkilatlanmaq, qanunların, Konstitusiyanın verdiyi imkanlar daxilində prinsipial fəaliyyət göstərmək lazımdır. Amma müxalifətdə olan dostlarımız həbslərdən, hansısa hadisədən qalmaqal yaratmaqda maraqlıdırlar. Onlar belə bir rəy formalaşdırıblar ki, sanki hansı partiyadan həbs olunan yoxdursa, o partiya müxalifət partiyası deyil. Biz hesab edirik ki, bu yanlış mövqedir. Mən deyərdim ki, hansı partiyanın siyasi məhbusu yoxdursa, onlar strategiyası olan, düşünməyi bacaran əsl siyasət adamlarıdır.

“Biz özümüzü konstruktivlər sırasında görmürük, çünki…”

– Ağasif bəy, bu gün ortaya qoyduğunuz bu yanaşmaya deyəsən çox əvvəl bir ad da qoyulub, bu da “konstruktiv müxalifət”dir. Əvvəl hər hansı bir problemli məsələyə daha radikal çıxışlar edənlər, sonralar o mövqelərini yumşaltmaqla bu adı aldılar. Bu gün çoxları partiyalardakı süstlüyü, siyasi görünməzliyi də bununla əlaqələndirir. Belə bir situasiyada öz ideyalarınızı əsas götürərərk hansı partiyalarla əməkdaşlıq əlaqələrinin qurulmasına üstünlük verərdiniz?

– Biz özümüzü konstruktivlər sırasında görmürük. Çünki konstruktiv müxalifət həmişə bu hakimiyyətdən bəhrələnib və ən azından parlamentdə təmsil olunub. Biz isə 2013-cü il prezident seçkilərinin nəticələrini tanımayan partiyayıq və bu dəqiqə də tanımırıq. Həmin seçkiləri tanımadığımıza görə qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət etməmişik. Bütün siyasi partiyalar, o cümlədən 2013-cü il seçkilərini tanımayan Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və digərləri qeydiyyatdan ötrü Ədliyyə Nazirliyinə müraciət ediblər. Deməli, müxalifətdə olan əsl prinsipial partiya bizik. Digər tərəfdən, biz bu hökumətdən heç vaxt mandat almamışıq və heç vaxt mandatını itirəndən sonra partiyaya qoşulmamşıq.

Konflikt yaratmaq üçün demirəm: məsələn, Gültəkin Hacıbəyli deputat mandatını itirəndən sonra gəldi qoşuldu müxalifətə, Cəmil Həsənli 10 il parlamentdə deputat olub və bu müddət ərzində müxalifətdən 10 addım geridə dayanıb. Parlamentdə təmsil olunduğu müddətdə onun hakimiyyəti tənqid edən 10 demirəm, heç olmasa 1 dənə də açıqlaması yoxdur. Varsa, ortaya qoysunlar. Cəmil Həsənli Heydər Əliyevin Azərbaycan Cümhuriyyətinin yaradılması ilə bağlı verdiyi sərəncama tərif söyləməklə öz 10 illik parlamentdəki həyatını başa vurdu. Parlament qapısının üzünə birdəfəlik bağlandığına əmin olandan sonra qayıtdı müxalifətə. Rəsul Quliyev isə mandatını itirəndən sonra müxalifətə qoşulmayıb. O, mandatından özü imtina edərək müxalifətə qoşulub. Azərbaycan siyasətində isə bu addımı iki nəfər – Lalə Şövkət və Rəsul Quliyev edib. Mirmahmud ağa da zamanında mandatından imtina edib. Ümumilikdə isə siyasi partiya olaraq öz prinsipiallığını yalnız bizim partiya ortaya qoyub.

– O zaman müxalifət kimdir?

– Mən demirəm ki, o partiyalar müxalifət deyil. AXCP-yə, Müsavata hörmətim var, sadəcə onların hadisələrə yanaşmaları səhvdir. Mən də birlik çağırışı edib deyə bilərərm ki, “gəlin birləşək”. Onlar da mənə müəyyən şərtlərlə əməkdaşlıq təklifləri verə bilərlər. Mən də deyə bilərəm ki, yox, mənim şərtlərimlə olmalıdır, yaxud gəl mənim yanımda dur. Belə yanaşma ilə heç cür birliyə nail olmaq mümkün deyil. Təbii ki, biz desək ki, müxalifət birləşsin, o biri yandan deyirlər ki, siz gəlin Milli Şuraya qoşulun. Əslində bu gün Milli Şura deyilən qurum yoxdur. Hansı ki, Rəsul Quliyevi də yetərsay olmaya-olmaya Milli Şuradan xaric ediblər.

– Sizcə nəyə görə?

– Rəsul bəy məsələ qoymuşdu ki, 2013 cü il məğlubiyyətindən sonrakı addımlar düşünülərək atılmalıdır. Yəni məğlubiyyətin səbəbləri araşdırılmalı, nöqsanlar cəmiyyət qarşısında etiraf edilməli və Milli Şuranın sonrakı fəaliyəti xaotik yox, düzgün formalaşmalıdır. Amma bu qəbul edilmədi.

– Bu, “liderliyin Rəsul Quliyev-Rüstəm İbrahimbəyov-Cəmil Həsənli arasında bölüşməsi davasının” nəticəsi ola bilərdimi? Çünki bizdə bu bəla var – bölüşə bilməmək.

– Təəssüflər olsun ki, bu bir bəladır. Amma Rəsul bəy orda lider olmaq istəsəydi olardı. Yəni biz hələ 2013-cü il mayın 29-da ilk dəfə Milli Şura adlı qurumun yaranacağını elan etmişdik. Bəyan etmişdik ki, demokratik qüvvələr birləşməlidir, birləşəcəyi qurumun adı da Milli Şura olmalıdır. Bu qurumun adını da biz qoymuşuq.

“Birləşib ayrılmalar müxalifəti taqətdən saldı”

– Dediniz ki, partiya olaraq hadisələrin arxasınca getmirsiz, özünüz hadisə yaradırsınız. Hansı hadisələri yaratmaqla cəmiyyətin, narazı insanların aktivləşməsinə təkan olmağı düşünürsüz?

– Biz Rəsul bəy başda olmaqla müxalifətin Böyük Birliyinin Azərbaycanda böyük hadisələr törədə biləcəyini düşünürük. Azərbaycan müxalifətində birləşmələr olub – 1998-ci ildən bu günə qədər “Sidsuh”, “DemBlok”, “Bizim Azərbaycan bloku”, “Qarabağ bloku”, “Azadlıq bloku”, “İctimai Palata”, “Milli Şura” və sair birliklər yaranıb.Təəssüflər olsun ki, birləşib ayrılmalar müxalifəti taqətdən saldı. Hər birləşib ayrılanda müxalifət bir qədər də zəiflədi.

– Milli Şuradan danışılanda bu qurumun xarici qüvvələrin maliyyəsi ilə hərəkət etdiyi qeyd olunur. Bu da ola bilərdimi ki, Rəsul Quliyev maliyyə ötürməkdən imtina etdiyi üçün Şuradan çıxarılması məsələsi qoyulmuşdu?

– Məlumat üçün deyim ki, Rəsul bəy heç zaman hər hansı bir birliyə maliyə ayırmayıb və ayırmayacaqdır. Bəzi adamların Rəsul bəyin yanında görsənmələri elə ona ən böyük dəstəkdir.

Buna səbəb fikirlərin haçalanması oldu. Biz hesab edirdik ki, 2013-cü ildə müxalifət daha prinsipial olmalı və Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınmasında sona qədər mübarizə aparmalı idi. Əgər hakimiyyət onu qeydiyyata almayacaqdısa, demək onun üçün qorxulu odur. Hakimiyyət o adamları qeydiyyata alır ki, onları ciddi bir fiqur kimi görmür. Bunu parlamentdə də görə bilərsiz. Hansı dairədə hansı namizədlər hakimiyyətin namizədi üçün problem yarada bilərsə, onlar ya qeydiyyata alınmır, ya da sonradan seçki təbliğat-təşviqat kampaniyasının pozulması adı ilə sıradan çıxarılır. Amma düşünürəm ki, 2018-ci il Azərbaycan tarixi üçün əlamətdar il olacaq və həmin ilə “rəngin qatılması”nda bizim partiya öz töhvəsini verəcək.

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?