“Əgər müxalifət vahid namizəd müəyyənləşdirərsə…”
“Onun siyasi fəaliyyətini təhlil edəcəyik, siyasi kursunun bizim kursa, mövqeyimizə uyğun olduğunu araşdırandan sonra qərar verə bilərik”
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Avrasiya.net-ə verdiyi müsahibə. Versus.Az bildirir ki, F.Əliyev 2018-ci ildə keçiriləcək prezident seçkisiylə bağlı gözləntilərindən danışıb.
– Gələn il Azərbaycanda növbəti dəfə prezident seçkisi keçiriləcək. Ümumiyyətlə, gözləntiləriniz və proqnozlarınız maraqlı olardı…
– Ehtimal var ki, seçki 2018-ci ildə oktyabr ayında yox, 2018-ci ilin əvvəlində və yaxud, bu il keçirilsin. Hakimiyyətdə yenilənmə prosesinə keçən ilin yay aylarında start verildi və bu proses davam edir. Hər halda erkən seçkinin keçirilməsi, bu bir ehtimaldır. Mənim iştrakımla bağlı partiyanın 12 aprel 2017-ci ildə keçirilən V Qurultayında qərarı var. Qurultay prezident seçkisində iştrak etmək üçün mənim namizədliyimi təsdiq edib. Partiyanın Mərkəzi Seçki Qərargahı (MSQ) bu istiqamətdə öz fəaliyyətinə başlayıb. Amma müxalifət vahid mövqeyindən çıxış edəcəksə, vahid namizəd məsələsi müzakirə və qəbul olunacaqsa, onda partiyamızın öz namizədliyindən imtinasının mümkünlüyünü qeyd edib və bu səlahiyəti Rəyasət Heyətinə verib. Məsələ orada müzakirə olunacaq və əgər müxalifətin vahid namizədi bizim maraqlarımızla üst-üstə düşərsə, o zaman onun namizdəliyini müdafiə edəcəyik.
– Ola bilər ki, müxalifətin vahid namizədini dəstəkləməyəsiz?
– Ola bilər. Bunu zamanın ixtiyarına buraxacağıq. Amma məntiq var – kimin namizədliyini dəstəkləyəcəyimizi bilmədən indidən deyə bilmərik axı məhz kim olursa olsun, onun namizədliyini dəstəkləyəcəyik. Müxalifət vahid namizəd müəyyənləşdirərsə, onun siyasi fəaliyyətini təhlil edəcəyik, siyasi kursunun bizim kursa, mövqeyimizə uyğun olduğunu araşdırandan sonra qərar verə bilərik.
– Növbəti prezident seçkisində müxalifətin vahid namizəd məsələsində seçimi necə ola bilər?
– 2013-ci ildə keçirilən prezident seçkisi onu göstərdi ki, müxalifətin bəzi partiyalarının yaratdığı seçki blokunun irəli sürdüyü birinci namizədi – Rüstəm İbrahimbəyov uğursuz oldu. Onun “gələn ayın əvvəli gəlirəm”, “bu ayın sonu gəlirəm” və s. bəyanatları həmin qurumun fəaliyyətini demaralizə etmişdi. Və nəticə olaraq seçkiyə az bir müddət qalmış yeni namizədin axtarışına çıxmışdılar. Ümumiyyətlə, Cəmil Həsənlinin namizədliyi daha uğurlu və düzgün idi. Hesab edirəm ki, seçkilərdə iştrak etmək istəyənlər, iddialı olanlar namizədliklərini irəli sürməlidilər. Məlumatıma görə artıq bir neçə partiya sədrinin namizədlikləri irəli sürülüb. Namizədlərin çox olması problem deyil. Məncə seçki mərhələləri keçib, yəni namizədliyi irəli sürülməsi, imzatoplama kampaniyası və qeydiyyatdan keçəndən sonra müxalifət vahid namizəd məsələsinin müzakirəsinə başlaya bilər.
– Milli Şuradan söz açdınız. Bizdə olan məlumata görə, bu qurumun yaranmasının ilk günlərdən siz də iştrak etmisiniz. Amma sonrakı mərhələlərdə orada görünmədiniz…
– Qeyd etmək istəyirəm ki, indiki fəaliyyətdə olan Milli Şura və seçki dövründə yaranan Milli Şura tamamilə başqa qurumlardı. Amma seçki dövründən qabaq, yanvar ayında ABŞ Dövlət Departamentində keçirilən görüşdə birinci dəfə müxalifətin vahid namizədinin Rüstəm İbrahimbəyovun olacağı səsləndi. Daha sonra Rüstəm İbrahimbəyovun namizədliyinin kim tərəfindən irəli sürülməsi və seçki qurumun kim tərəfindən dəstəklənməsi mənə məlum olduğdan sonra, ora üzv olmaqdan imtina etdim. İndi biri deyir Milli Şuranı onun iştirakı ilə mart ayında, o biri isə “yox onlar düz demir. Bu mənim iştirakım ilə may ayında yaranıb” deyir. Mən də bu günə qədər demirdim, xətirlərinə dəymək istəmirdim. Yəni Milli Şurada bu məsələ ilə bağlı vahid mövqedən çıxış edilmədi. Ona görə də mən özümü orada görmədim.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...