“Əyildim, bıçaq başımı sıyırıb keçdi...” 

19:14 06-10-2019 | icon 26 | Film
“Əyildim, bıçaq başımı sıyırıb keçdi...” 

Versus.Az Lent.az-a istinadən "Arxadan vurulan zərbə" filmi haqda maraqlı yazını oxucularına təqdim edir:

 

"Arxadan vurulan zərbə" 1977-ci ilin filmidir. SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Elçinin "Ox kimi bıçaq" povesti əsasında, onun ssenarisi ilə çəkilib. Arif Babayevin rejissor işidir. Ali kateqoriyalı filmlər siyahısındadır. Sovet filmləri kateqoriyaya bölünürmüş, həm çəkildiyi texniki və yaradıcı göstəricilərinə, həm də prokatdakı "nüfuzuna" görə. O vaxtın statistikasına görə, "Arxadan vurulan zərbə"yə SSRİ-də 17 milyon adam baxıb.

Film Əhməd Qəmərli adlı sovet çekistinin müəmmalı şəkildə qətlə yetirilməsindən və bu cinayət işinin araşdırmasından bəhs edir. Bütün sovet filmləri kimi, quruluşun ideologiyasının təbliğatıdır.

Həmin il - 1977-ci ildə "Azərbaycanfilm"də irili-xırdalı, sənədli-bədii, qısametrajlı, tammetrajlı və cizgi filmi də daxil olmaqla, 50 film çəkilib. İndi başımıza gəlsin.

Film Qax, Şəki, Zaqatala ərazilərində və kinostudiyanın pavilyonunda çəkilib.

 

Filmin maraqlı kadrlarından biri Hüseynovun arxadan bıçaqla vurulması, daha doğrusu, az qala, vurulduğu səhnədir. Rafiq Əzimovun oynadığı obrazın başını əyməsi ilə atılan bıçağın ağaca saplanması bir olur. Riskli səhnədir.

Rafiq Əzimov deyir, bıçaq atanı sirkdən gətirmişdilər: "10 metrdən dəfələrlə atdı, bıçağı birbaşa hədəfə dəydi. Amma kadrı çəkəndə az qala başıma sancılmışdı. Üçüncü kadrda "Əyil" işarəsində, deyəsən, mən də bir az gec əyilmişəm, bıçaq başımı sıyrılıb keçib. Çəkiliş dayandı, hamı yığıldı başıma, onda anladım ki, xətadan qurtarmışam. Arif Babayev dedi ki, anan namaz üstdəymiş, Əzimov. Həmin səhnə Qaxda çəkilib. Qəhrəmanın qatardan düşdüyü hissə isə Xaçmazda".

"Qurd Cəbrayıl"ı atla qovub yaxalamaq istədikləri ərazi Pirəküşküldü. Bəzi kadrlar isə Qubanın Nügədi kəndində çəkilib. Pirəküşküldə çəkilişlərdə cıdır atları olub, amma Nügədidə kəndin atlarını çəkilişə cəlb ediblər. Rafiq Əzimov deyir, onlarla peşəkar cıdır atlarının kəskin fərqi bizi çox yordu, həm də təhlükəli idi.

Pirəküşkül demiş, filmdə nəzərimi bir fakt cəlb etdi. Həmin atçapma səhnəsi eyni dövrdə - 70-ci illərdə çəkilən bir-neçə filmdə var. "7 oğul istərəm", "Axırıncı aşırım" , "Qatır Məmməd" və sair. Hər üç filmdə o kadrlar hamısı eyni yerdə - Pirəküşküldə çəkilib. Aktyorlar bu barədə dəqiq fikir deyə bilmədilər, xatırlamırlar.

Aktyorlar filmdə atları özləri çapırlar. Həmin aktyorlar bu filmdən əvvəl çəkildikləri "7 oğul istərəm" filminin çəkilişlərindən əvvəl atçılıq təlimlərinə gedib at çapmağı öyrəniblər.

 

Amaliya Pənahovanın Ziba rolunda səhnələrinin çəkilişi bir həftəyə başa gəlib.

Onun çəkilişləri bir həftə ərzində Şəkidə olub. Yalnız polis məntəqəsindəki dindirmə səhnəsi pavilyonda aparılıb.

Eyni vaxtda aktrisa "Gün keçdi" filminin sınaq çəkilişlərində iştirak edirmiş. Ümidli imiş ki, o filmdə çəkiləcək və bundan imtina edəcək. Vəziyyət başqa cür olub, "Gün keçdi" filminin sınaq çəkilişlərindən Əsmər rolu üçün Leyla Şıxlinskaya seçilib. Amaliya xanım Ziba roluna razılıq verməli olub. Özü deyirmiş ki, onun üçün Ziba o qədər sadə və xırda rol imiş ki, aktrisa düşünüb nə isə əlavə etmək fikrinə düşüb. Zibanı milisə aparan maşını görəndə aktrisa "ə, bu nə maşındır gətirmisən, başqa maşın tapmadın?", - deyə ssenaridən kənara çıxıb. Nəticədə obrazın ən maraqlı detalı da elə bu olub. Yəni o detalla filmdə yadda qalıb.

Aktyor Ənvər Həsənov: "Mən bütün çəkilişlərdə olurdum. Yəni çəkildim, çəkilmədim. Bazamız Şəkidə yerləşirdi. Şəki ilə Zaqatalanın arası 76 km idi. Gedib çəkilişi edib, yenidən bazaya qayıdırdıq. Məsələn, Qaxda, Zaqatalada olacaq 2-3 günlük çəkilişə görə hər şeyi ora aparmaq çətin idi. Ona görə də çəkilişimizi edib, Şəkiyə qayıdırdıq. Bəzən lazım olan məkanları Şəkidə tapa bilmirdik deyə, digər regiona gedəsi olurduq. Əsasən təbiət səhnələri üçün. Rafiq Əzimova bıçaq atılan səhnə Qaxda çəkilmişdi. Şahmar Ələkbərovun maşın sürdüyü, Cəbinin öldürüldüyü epizod Zaqatalada çəkilmişdi. Şəki dağlıq idi, Qaxda isə düz yollar çox idi deyə, müəyyən səhnələr orada olurdu. Əsas yerlər Şəkidə aparılmışdı.

"Qurd Cəbrayıl"ın tutulduğu səhnədə mən, Şahmar, Həsən, Adil iştirak edirdik. O səhnədə Yusif müəllim elə oynadı ki, biz hamımız heyran qaldıq. Tutulandan sonra polis maşınına oturdulub aparılanda şüşədən baxması şedevr idi. Çəkiliş bitəndə Arif müəllim onu öpüb dedi ki, bundan yaxşı ola bilməzdi. Adam mimikaları ilə obrazı yaratdı. Burun pərlərini tərpətməsini mükəmməl oynadı. Sənətkardı də. Gündüzün belinə banka qoyduğu səhnə isə Bakıda pavilyonda olmuşdu".

Filmin çəkildiyi rayonlarda aktyorlara hədsiz diqqət və qayğı göstəriblər. Evlərindən yemək bişirib çəkiliş meydançasına gətirən kim, hər axşam evlərə samovar çayına dəvət edən kim. Kimisi aktyorlara bal pay verirmiş, kimisi hinduşka.

Filmdəki tükürpədici musiqilərin bəstəkarı Xəyyam Mirzəzadədir. Film rəssam Elbəy Rzaquliyevin fırçasından kinoplyonkaya köçürülüb. Tammetrajlı bədii filmin ilk nümayişi 3 oktyabr 1978-ci ildə olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

Fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

İsgəndər Həmidov AXH və öz barəsində yayılan xəbərləri təkzib etdi

Döyüş xatirələrində yaşanan həqiqətlər

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!