Siqaret çəkmək bu xəstəliyin inkişaf riskini 4 dəfə artırır

10:41 06-01-2020 | icon 1144 | Sağlamlıq
Siqaret çəkmək bu xəstəliyin inkişaf riskini 4 dəfə artırır

Nərminə Abbasova: “…Azyaşlı uşaqlarda fiziki və cinsi inkişafın ləngiməsi qeydə alınır”

 

İnsanın heç bir pəhriz saxlamadan, yəni səbəbsiz arıqlaması hansısa xəstəliklərdən xəbər verir. Bu barədə həkimlər hər zaman SOS təbili çalıblar.

 

 

Saytımızın daimi həmsöhbəti olan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bu dəfə Versus.Az-ın oxucularına Kron xəstəliyi, onun əlamətləri və müalicəsi barədə məlumat verəcək.

 

N.Abbasova öncə onu qeyd etdi ki, Kron xəstəliyi həzm traktının qranulomatoz iltihabıdır:

 

“Patologiya xroniki residivləşən və proqressivləşən gedişə malikdir. Kron xəstəliyi abdominal ağrılar, ishal, bağırsaq qanaxmaları ilə müşayiət olunur. Sistem təzahürlərinə qızdırma, arıqlama, dayaq-hərəkət aparatının, gözün və dərinin müxtəlif növ zədələnmələri aiddir. Diaqnoz kolonoskopiya, bağırsağın rentgenoqrafiyası və kompüter tomoqrafiyanın nəticələri əsasında qoyulur. Xəstələrə pəhriz, iltihabəleyhinə, immunodepressiv, simptomatik müalicə təyin edilir. Ağırlaşmalar baş verdikdə cərrahi əməliyyat aparılır”.

 

Nərminə xanım bildirdi ki, Kron xəstəliyi mədə-bağırsaq traktının iltihab xarakterli xroniki patologiyasıdır:

 

“Bu zaman iltihabi proses MBT divarlarının selikli qişasında və selikaltı qatda inkişaf edir. Selikli qişanın zədələnməsinə mədə-bağırsaq traktının istənilən nahiyəsində - qida borusundan düz bağırsağa qədər - rast gəlmək mümkündür. Lakin əksər hallarda iltihab nazik bağırsağın terminal hissəsində, yəni qalça bağırsaqda lokalizasiya olunur”.

 

Həkim-terapevt bildirdi ki, Kron xəstəliyi üçün kəskin tutmalarla remissiya dövrlərinin növbələndiyi xroniki gediş xarakterikdir. Onun sözlərinə görə, ilkin əlamətlər adətən 15-35 yaşlarda meydana çıxır:

 

“Qadınlar və kişilər arasında patologiyanın yayılma tezliyi eynidir. Kron xəstəliyinə irsi meyllik aşkarlanıb. I dərəcəli qohumlar bu xəstəlikdən əziyyət çəkdikdə, onun yaranma ehtimalı 10 dəfə yüksəlir. Hər 2 valideynində bu patologiyanın qeydə alındığı pasiyentlərin 50%-də isə Kron xəstəliyinin 20 yaşdan aşağı dövrdə yarandığı izlənilir. Siqaret çəkmək xəstəliyin inkişaf riskini 4 dəfə artırır. Bundan əlavə Kron xəstəliyi ilə oral kontraseptivlər arasında əlaqə müəyyən edilmişdir”.

 

Kron xəstəliyinin yaranma səbəblərinə gəlincə, həkim vurğuladı ki, Kron xəstəliyinin etiologiyası sona qədər öyrənilməyib. Nərminə xanım deyir ki, ən geniş yayılmış nəzəriyyəyə əsasən patologiyanın yaranmasında immunitetin bağırsaq florasına, bağırsağa daxil olan qidaya və digər substansiyalara qarşı patoloji reaksiyası başlıca rol oynayır:

 

“İmmun sistemi bu amilləri yad cisim kimi qəbul etdiyindən bağırsaq divarında leykositlərin sayı artır. Nəticədə iltihabi reaksiya, selikli qişada eroziya və xoralar formalaşır. Lakin bu nəzəriyyə sübuta yetirilməyib”.

 

Həkim bildirdi ki, Kron xəstəliyinin inkişafına təkan verən amillər irsi meyllik, allergiya və autoimmun reaksiyalara meyllik, siqaret, spritli içkilər, dərman vasitələrinin sui-istifadəsi və ekoloji amillərdir.

 

N.Abbasova qeyd etdi ki, xəstəliyin bağırsaq təzahürlərinə ishal, qarında ağrı, iştah pozğunluğu və çəkinin azalması aiddir:

 

“Ağır formalarda defekasiya aktının tezləşməsi gündəlik həyat tərzinə və yuxuya mane olur. Bağırsaq divarının xoralaşması ifadəli xarakter aldıqda qanaxma, nəcisdə qan aşkarlana bilər. Lokalizasiya və intensivlikdən asılı olaraq, qan al qırmızı saplar və ya tünd laxta şəklində müşahidə edilir. Bir çox hallarda gizli daxili qanaxma baş verir”.

 

Həkim-terapevtin sözlərinə görə, xəstəlik uzun müddət davam etdikdə bağırsaq divarında abseslər, eləcə də qarın boşluğuna, qonşu orqanlara, dəri səthinə açılan fistula yolları formalaşa bilər:

 

“Kəskin faza halsızlıq və yüksək temperaturla müşayiət olunur. Kron xəstəliyinin bağırsaqdan kənar təzahürləri kimi oynaq, göz, dəri, qaraciyər və öd yollarının iltihabi xəstəlikləri göstərmək olar. Kron xəstəliyindən əziyyət çəkən azyaşlı uşaqlarda fiziki və cinsi inkişafın ləngiməsi qeydə alınır”.

 

Nərminə xanım bildirdi ki, Kron xəstəliyi selikli qişanın xoralaşması, bağırsaq divarının deşilməsi, qanaxma, nəcis kütlələrinin qarın boşluğuna tökülməsi, qonşu orqanlara, qarın boşluğuna və dəri səthinə açılan fistulaların inkişafı kimi vəziyyətlərlə ağırlaşa bilər.

 

Kron xəstəliyinin diaqnostikası zamanı laborator və funksional müayinələrin həyata keçirildiyini vurğulayan Nərminə xanım bildirdi ki, diaqnostika prosesində kompüter tomoqrafiya və kolonoskopiya informativliyi ilə seçilir:

 

“Tomoqrammada fistula və abseslər aşkarlana bilər. Kolonoskopiya selikli qişanın vəziyyətinin qiymətləndirilməsinə, ehtiyac yarandıqda biopsiyanın aparılmasına imkan verir. Əlavə müayinə qismində bağırsağın kontrast rentgenoqrafiyasından istifadə edilir. Barium məhlulu bağırsaq boşluğunu dolduraraq, mənfəzin daralmasını, xora və fistulaları üzə çıxarır. Bu üsulla həm nazik, həm də yoğun bağırsağın təsviri əldə edilir.

Laborator müayinə üsullarına qanın ümumi analizi, koproqramma, nəcisdə gizli qanın təyini aiddir. Qanın ümumi analizində iltihabi dəyişikliklər izlənilə, anemiya əlamətləri aşkarlana bilər. Bəzən həzm traktının kapsul endoskopiyası tətbiq edilir: pasiyent mini-videokameralı və ötürücülü kapsulu udur. Kamera irəliyə doğru hərəkət etdikcə həzm traktının şəklini fiksə edir”.

 

Həkim-terapevt qeyd etdi ki, xəstəliyin etiologiyası məlum olmadığından patogenetik müalicə tərtib olunmayıb. Onun sözlərinə görə, terapiya iltihabın azaldılmasına, davamlı remissiya dövrünün əldə olunmasına, kəskinləşmə və ağırlaşmaların profilaktikasına yönəldilir:

 

“Kron xəstəliyinin müalicəsi konservativ yolla aparılır. Həyat üçün təhlükəli vəziyyət yarandıqda cərrahi əməliyyat icra olunur. Xəstəliyin fazasından asılı olaraq, 4№li pəhriz və onun modifikasiyaları təyin edilir. Dietoterapiya ishal və ağrı sindromunun ifadəliliyini azaldır, həzm proseslərini korreksiya edir. Bağırsaqdakı xroniki iltihab ocaqları yağ turşularının sorulma prosesinin pozulmasına səbəb olur. Bununla əlaqədar yağlı qidaların qəbulu ishalı gücləndirir, steatoreya - yağlı nəcis - əmələ gətirir”.

 

 

DİQQƏT!

Əgər Kron xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR