Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

08:06 16-02-2020 | icon 617 | Mədəniyyət
Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Yüz il öncə. 1920-ci il. Azərbaycan paytaxtını ələ keçirən bolşeviklər ilk növbədə siyasətçiləri, ziyalıları, yazıçıları, iri sahibkarları həbs etməyə başlayırlar. Onlardan bəziləri güllələnir, bəziləri sürgün edilir, imkan tapa bilənlər isə mühacirətə gedirlər.

 

Gələcək professorun, Azərbaycan tarixşünaslığına önəmli əsərlər bəxş edən şəxsin o zaman 14 yaşı vardı. Şimal küləyi onların da darvazasını döymüş, atası neft sənayeçisi Balabəy Aşurbəylini də həbsxanaya aparmışdı. Hadisəni uzun illər sonra özü belə xatırlayırdı: 

“14 yaşımda ikən ruslar Azərbaycana girdilər. Azərbaycan sovetləşdirildi, atamı tutdular. O zaman kommunistlər, bolşeviklər zəngin adamları həbs edirdilər. Bir aydan sonra anamın qohumu olan Nəriman Nərimanovun yardımı ilə atamı azad etdilər. Yenə onun yardımı ilə ailəliklə ölkə xaricinə çıxa bilməyimiz üçün icazə aldıq. Əvvəlcə Trabzona getdik. Bir neçə ay orada qaldıqdan sonra İstanbula yollandıq”.

 

Beləliklə, bolşevik işğalı tarixçi Sara Aşurbəylinin həyatına qısa da olsa, mühacir taleyi yazdı. 

Azərbaycanın neft sənayeçilərindən Balabəy Aşurbəylinin qızı olan Sara xanım 1906-cı ildə Bakıda doğulub. 1913-cü ildə “Müqəddəs Nina” Bakı qız tədris müəssisəsinin hazırlıq sinfinə qəbul olub. Dövrün hadisələri təhsilini tamamlamağa imkan verməyib. Ailə İstanbula mühacirət etdikdən sonra təhsilinə orada davam etdirib.

 

Aşurbəylilərin mühacirət həyatı

Sara Aşurbəylinin xatirələrindən aydın olur ki, onların həyatının ən xoşbəxt dövrü 1918-1920-ci illər olub. Bu dövrdə Baş nazir Fətəli xan Xoyski xanımı və oğlu ilə birlikdə Mərdəkanda onlara məxsus evdə qalıb. Balabəy Baş nazirə hörmətlə yanaşıb, qonaq qaldığı ilk gün birlikdə nahar ediblər. 

 

Qeyd etdiyimiz kimi, Balabəy Aşurbəyli bir ay yarım həbsdə qaldıqdan sonra Nərimanovun köməyi ilə azad edilib. Bundan sonra ailəsini qatarla Tiflisə aparıb. 1921-ci ilin martınadək burada qalıblar. Daha sonra Batuma, oradan İstanbula gediblər. Batumda İran konsulluğundan İran vətəndaşı olduqlarına dair sənəd əldə ediblər. (Qeyd edək ki, bolşevik işğalından sonra İran konsulluqları bir çox azərbaycanlıya xaricə gedə bilmələri üçün pasportlar verib).

 

Batumda motorlu qayığa minən Aşurbəyli ailəsi şiddətli fırtınanın müşayiəti ilə mənzil başına çata biliblər. Yolda qayıqçılar onları zəngin hesab edib soymaq istəsələr də, qayıqda olan dağıstanlı bir ailənin yardımı ilə xilas olublar, qayığı Rizə şəhərinə sürməyə məcbur ediblər. 

 

Bir gün orada qaldıqdan sonra böyük gəmi ilə Trabzona yola düşüblər, orada bir hotelə yerləşiblər. Türk polisi əvvəlcə onları bolşevik zənn etdiyi üçün nəzarət altına alıb. Çünki həmin ərəfədə bolşevik Mustafa Sübhi öldürüldüyü üçün bu ailənin də bolşevik ola biləcəyini zənn ediblər.

 

Məsələ aydınlaşdıqdan sonra polis ailəni rahat buraxıb. Ailə tezliklə iki mərtəbəli bir ev kirayə götürüb. Trabzonda bir neçə ay yaşadıqdan sonra İstanbula yola düşüblər. Balabəy buradakı mühacirlərlə bir araya gəlib, şəhərin mərkəzində ev kirayələyib. 

 

Əli bəy Hüseynzadənin dəstəyi

Sentyabr ayı gəldiyi zaman Balabəy üç qızını Validə Sultan liseyinə, Osmanlı sultanının adını verdiyi oğlu Rəşadı isə Qalatasaray liseyinə yazdırıb. Qalatasaray liseyi Osmanlı aristokratiyasının üzvlərinin övladlarının oxuduğu və elitanın məktəbi sayıldığı üçün əvvəlcə qeydiyyata almaq istəməyiblər. Lakin onlar da Azərbaycanın tanınmış ailəsi olduğunu isbat etdikləri üçün qeydiyyat baş tutub.

 

Bu məsələdə isə artıq İstanbulda yaşayan Azərbaycanın məşhur publisisti Əli bəy Hüseynzadə və türk polkovnik Fəthi bəy kömək ediblər. Rəşad Qalatasaray liseyində yaxşı oxusa da, Sara xanım tezliklə fransız liseyinə daxil olub. 

 

Səbəbini özü belə izah edib:

“Digər iki bacımla birlikdə Validə Sultan liseyinə qeyd edildik. Çox qısa bir müddətdə buraya alışdıq. Təəssüf ki, kiçik bir hadisə mənim başqa bir məktəbə getməyimə səbəb oldu. Qurani-Kərim dərsindən beş üzərindən iki almışdım. Çox pis qiymət idi. Çox üzüldüm və ağlayaraq evə gəldim. Bir daha məktəbə getməməyə qərar verdim. Çünki bütün qızlar çox gözəl Quran oxuyurdular. Mən isə o zamana qədər heç Quran oxumadığım üçün heç cür alınmırdı.

Türk dili, riyaziyyat, fənn və xarici dil dərslərində yaxşı idim. Ancaq Qurani-Kərimi oxuya bilmirdim. Məktəbə getməməkdə dirəniş göstərdiyim üçün atam israrından vaz keçərək, yaxınlıqdakı “Janna Dark” fransız kollecinə yazdırdı. Bu məktəbdə oxuyan xüsusi qiyafəli bir qızla tanış olmuşdum. Onun paltarları və davranışları çox xoşuma gəlmişdi. Zənnimcə, bu seçimimdə onun təsiri olmuşdu. Atam məni bu məktəbə yazdırmaqda çox tərəddüd etdi. Mənim xristian olacağımdan əndişə edirdi. Lakin istanbullu dostlarının təminatıyla razı oldu. Beş il bu məktəbdə oxudum və çox yaxşı dərəcə ilə diplomumu aldım”. 

 

İstanbullu dost isə Əli bəy Hüseynzadə idi. Əli bəy Balabəy Aşurbəyliyə izah edib ki, Türkiyə hökuməti bu məsələyə xüsusi diqqət yetirir, məktəblilərin təsir altına alınaraq dinlərini dəyişdirməsi qanunla qadağandır. 

Üç bacı da bu məktəbə qeyd edilir. Sara xanım 10 sinifli məktəbin altıncı sinfinə yazılır. Dərs saatı səhərdən axşam 5-dək davam edirdi. Fransız ədəbiyyatı, mədəniyyəti xüsusilə tədris edilirdi. 

 

Sara xanıma fransız liseyinin diplomu 15 iyun 1925-ci ildə verilib. 

 

Qürbətdə doğmalarla bir arada

İstanbul o zaman azərbaycanlı mühacirlərin ən çox axın etdiyi şəhər idi. Mühacirlər burada bir-biriləri ilə mütəmadi görüşür, qürbətin ağrı-acısını birlikdə yaşayırdılar. Sara xanım xatırlayır ki, o zaman Yusif Vəzir Çəmənzəminli, Abbasqulu Kazımzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hüseynqulu xan Xoyski və b. azərbaycanlılar onlara qonaq gəlirmiş.

Həmçinin, onlar da məşhur türk alimi Fuad Köprülüzadəni ziyarət edirmişlər. Sara xanımın anasının əmisi oğlu Ələşrəf Sultanov Əlimərdan bəyin qızı Sara xanımla evlənmişdi, Zərifə və Gülnar adında iki övladı olmuşdu. Bu ailə də bəzən Parisdən onların ziyarətinə gəlirdi. 

Onların maraqlı qonaqları arasında sonralar həmişəlik Parisdə yaşayacaq olan Banin və həyat yoldaşı Balabəy də vardı. 

 

Aşurbəylilərin ailə arxivindən İstanbul həyatına dair bir neçə fotoşəkil var. Həmin fotoşəkillərdəki fransız liseyi şagirdlərinin geyiminə baxdığımız zaman 14 yaşlı qızın xoşuna gələcəyini aydın görmək olur.

 

Fotoşəkillərdə onlara dərs deyən rahibə müəllim və şagird dostları təsvir edilib. Rəsmlərdən birinin arxasındakı qeyddən anlaşılır ki, 2 iyun 1923-cü ildə İstanbulda bir gəzinti zamanı çəkilib. Liseydə dərs deyən rahibələrdən birinin şəkli də ailə arxivində qorunub saxlanılır. 

 

Sara xanımın təhsil aldığı bu lisey Assomption rahibələrinin 1882-ci ildə İstanbulda Qumqapıda açdıqları ibtidai məktəbin əsasında formalaşıb. 

 

Topçubaşının oğlu ilə baş tutmayan evlilik

1925-ci il. Rusiyada olduğu kimi, Sovet Azərbaycanında müvəqqəti yumşalma prosesi başlayır. Aşurbəyli ailəsi bu vəziyyətdən yararlanaraq Vətənə qayıtmağı düşünürlər. Bakıya dönmək ərəfəsində qohumları Ələşrəf Sultanov Sara xanımın anasına bildirir ki, “qızının Parisə getməsinə icazə ver, onu Əlimərdan bəy Topçubaşının oğlu Rəşidlə evləndirsinlər. Rəşid ali diplomatiya məktəbini bitirib, yaraşıqlı və ağıllı gəncdir”. 

Sara xanım Rəşidi 1919-cu ildən tanıyırdı. Xatirələrində yazır: “Həqiqətən, yaraşıqlı bir gənc idi. Mən onu tanıyırdım. Ancaq anam Əli-Əşrəfə dedi: “Xeyr, Sara və bütün uşaqlar mənimlə birlikdə Bakıya gedəcəklər. Mən onu tək Parisə buraxmayacağam”. 

 

Bəlkə də, anasının ürəyinə dammışdı ki, Parisdə qızının taleyi nakam olacaq. Çünki cəmi bir il sonra Rəşid bəy xəstələnərək vəfat edir. 

 

Bakıya dönüş

Ailə arxivində 1925-ci il mayın 6-da çəkilmiş bir fotoşəkil İstanbuldan Bakıya qayıtma ərəfəsinə aiddir. Sara xanım o illəri belə xatırlayırdı:

“Mən məzun olduqdan sonra ailəcə Bakıya qayıtmağa qərar verdik. Bakıya gəldiyimiz zaman Leninin direktivi ilə idarəçilikdə mülayimləşmə vardı. Neft sənayesində kapitalizmə doğru bir yönəliş vardı. Çox çətinliklə 1926-cə ildə Azərbaycan Universitetinin Şərqiyyət fakültəsinin tarix bölümünə yazıla bildim. Atama görə çox çətinliklər çıxarılırdı. Dərslərim çox yaxşı idi. Burada qısa müddətdə ərəbcə, farsca və Osmanlı türkcəsini öyrəndim. Amma əvvəli zəngin olan bir ailənin övladı olduğum üçün yaxşı münasibət göstərmirdilər. Atama heç bir yerdə iş vermirdilər. Bacılarımın bir neçə qəpiklik qazancı və əlimizdə olan qiymətli əşyalarımızı sataraq dolanırdıq”. 

Beləliklə, Azərbaycanın zəngin ailələrindən biri olan Aşurbəylilərin və bu ailənin tanınmış üzvü Sara Aşurbəylinin beş illik mühacirət həyatı burada bitir. Bundan sonra isə bu ailə üçün ağır günlər başlayır. Repressiya Aşurbəyli ailəsindən də yan keçmir. Sara xanımın atası Balabəy Aşurbəyli və əmisi Əli bəy həbs olunur və xalq düşməni damğası vurularaq güllələnirlər... /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər