Arif Əliyev müxalifətdən danışdı
“Aydınlaşdıra bilmirik ki, kim hansı tərəfdədir”
Bu günə qədər Azərbaycanda rəsmi qeydiyyatdan keçən 55 siyasi partiya var. Sağçı, solçu, mərkəzçi istiqaməti götürən bu qurumların bir qismi müxalif mövqedədir.
Adətən hakimiyyət uğrunda müxalifət və iqtidar arasında mübarizə aparılır. Ana müxalifət adı uğrunda isə müxalifət partiyaları öz aralarında mücadilə edirlər.
Partiyaların seçkilərdəki aktivliyindən asılı olaraq, “Ana müxalifət hansı partiyadır” sualının cavabında da təzadlar ortaya çıxır.
Versus.Az Modern.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Arif Əliyevin fikrincə, hazırda Azərbaycanda ana müxalifət fəaliyyətinə daha uyğun addım atan Milli Şura və onun ətrafında toplanmış təşkilatlardır:
“Parlamentdə olan partiyaların heç biri real müxalifət adına uyğun gələn hərəkət və bəyanatlarını görmürük. İndi Azərbaycanda müxalifət çox zəifdir, parçalanıb. Bu vəziyyət Azərbaycanda siyasi münasibətlərin eybəcərliyindən doğan münasibətdir. Müxalifət partiyalarının addımlarına diqqət yetirdikdə görürük ki, onlar hakimiyyət yox, elə ana müxalifət adı uğrunda mübarizə aparırlar”.
A.Əliyev onu da qeyd edib ki, Azərbaycan siyasətində iqtidardan dönmə müxalifət və müxalifətdən dönmə iqtidar yönümlü qüvvələr də var:
“Bütövlükdə götürdükdə, proses normal olsaydı, bu addımları biz də normal qəbul edə bilərdik. Amma bizdə bu cür yerdəyişmələr hansısa ictimai, siyasi maraqlardan deyil, fərdi maraqlardan yaranır. Kimsə özünün incikliyini müxalifətə keçməklə büruzə verir, başqası isə pulsuz oturmaqdan bezib, müxalifəti tərk edir. Bütünlükdə başqa ölkələrdə gedən proseslərin hamısını eybəcərləşdirmişik. Ona görə, aydınlaşdıra bilmirik ki, kim hansı tərəfdədir”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"