Çestertonun "müasir insan" cəsədləri

08:25 20-03-2020 | icon 1991 | Köşə
Çestertonun "müasir insan" cəsədləri

Xalqın Mübariz Mənsimov, Siyavuş Novruzovun Mandela sevgisi

İGİD TEYMURLU

 

Gövdəcə yoğun olan ingilis ədəbiyyatının parlaq nümayəndələrindən olan Çesterton ictimai nəqliyyatda iki qadına yer verməsinə belə aydınlıq gətirib. "Bu, heç də mənim sivil düşüncəm və insanı dəyərlərə böyük önəm verməyimin görüntüsü deyil. Bu, həm də mənim gerçək yoğunluğumun görüntüsüdür və həm də buna dəlalət edir. Çünki mən oturanda iki nəfərin yerini tuturam"...

 

Millət vəkili Siyavuş Novruzovun iş adamı Mübariz Mənsimov haqqında səsləndirdiyi fikirlərlə tanış olanda nədənsə Gilbert Kit Çestertonun bu fikri yadıma düşdü...

 

Siyavuş Novruzov həbs edilən iş adamı MÜBARİZ MƏNSİMOVLA bağlı deyir ki, "camaat niyə onu müdafiə etməlidir ki? O, Nelson Mandeladır, Lüter Kinqdir?". Və nə bilim nələr...

 

Siyavuş Novruzovun iddiasına görə deməli, Azərbaycan adına biz kimləri müdafiə ediriksə, o, ya Nelson Mandela, ya da Lüter Kinq olmalıdır...

 

Dünyada səhv etmirəmsə, irili, xırdalı 6 minə yaxın xalq var. Bu xalqların içərisində Azərbaycan türkü qədər məhrumiyyətlərə, zillətə, işğala, deportasiyaya, soyqırıma, hər cür despotizmə məruz qalan ikinci bir xalq yoxdur. Və bütün bu məhrumiyyətlər fonunda Azərbaycan türkü yüzlərlə İGİD oğlanlar, yüzlərlə DİFAİ FƏDAİSİ yetişdirib ki, 19-cu, 20-ci əsrin söz qəhrəmanları heç onların elədiklərinin mindən birini etməyib. Siyavuş Novruzov nədən bu KİŞİLƏRi deyil, özünə Mandelanı örnək götürür? Sinəsini orden medallarla bəzəyən millət vəkili bilməlidir ki, Qarabağımızın azadlığı uğrunda can qoyan QURD ÜRƏKLİ OĞLANLAR nə Mandeladan, nə də Lüter Kinqdən geri qalmayıblar, əksinə onlardan da öndə olublar. Sadəcə olaraq, həmin Oğlanların uğrunda can qoyduqları torpaq bu gün əsrimizin Siyavuşlarının məşğul olduqları siyasətin qurbanı olub...

 

Və bu gün Türkiyədə həbs olunan Mübariz Mənsimovun da 17 yaxın qohumu AZƏRBAYCANIMIZ UĞRUNDA canlarını fəda ediblər. Mübariz də varıyla, dövlətilə o qəhrəmanlıq mücadiləsini yapmaqdadır. Bu gün Siyavuş Novruzov çəkisində olan insanların Mübariz Mənsimov haqqında nəsə söyləmələri bir-birini qənim kəsilən qara durnaların taleyini bu millətə yaşadır.. Kimdir Nelson Mandela? Nelson Mandela Cənub Afrikadan olan bir siyasət adamı idi....

 

AZƏRBAYCAN isə Cənubi Afrika deyil, cənab millət vəkili. Azərbaycan Cənubi Qafqazın "ən inkişaf etmiş dövləti"dir. Bir millət vəkilinin belə açıqlaması məntiqlə həm də ona dəlalət edir ki, Azərbaycan heç də deyildiyi kimi inkişaf etməyib. Reallıqsa heç də belə deyil...

 

Lütfən, siz bizim dövlətimizin "sürətli inkişafı"nı Afrika cəngəlliklərində barbarlıq dövründə yaşayanlarla eyniləşdirməyin!..

 

Nelson Mandela öz ölkəsində irqi ayrı-seçkiliyə qarşı uzun illər mübarizə etdi...

 

Azərbaycanda irqi ayrı seçkilik deyilən bir şey yox, cənab millət vəkili! Azərbaycan miltikultural dəyərlərə sahib bir ölkədir. Və Mübariz də hansısa irqi-ayrıseçkiliyə qarşı deyil, dövlətçiliyimizin, millətçiliyimizin varoluşunda bizə əngəl olanlara qarşı mücadilə etməkdədir. Lütfən, siz bizim ölkəmizi və Mübarizi onlarla eyniləşdirməyin!..

 

Nelson Mandela 1964-cü ildə də 14 İyunda Cənubi Afrika Hökumətini devirmək üçün gizli plan qurması səbəbiylə ömür boyu həbs cəzasına məhkum edildi. Amma haqqında danışdığınız Mübariz Mənsimov Azərbaycanın Müstəqilliyinə, 14 iyun Qayıdış Gününə heç zaman əks mövqedə dayanmadı, əksinə hər zaman dövlətçiliyimizin yanında oldu...

 

Lütfən, siz fərdləri belə eyniləşdirməyin! Mandela məhkəmə zamanı mühakimə etmə mərhələsində, xalqın təmsil edilmədiyi bir parlament tərəfindən hazırlanmış qanunlara tabe olmaq məcburiyyətində olmadığını müdafiə etmişdi, amma Mübariz Mənsimov heç zaman Azərbaycanda keçirilən seçki prosesinə kölgə sala biləcək, daha doğrusu, ona qarşı bir fikir söyləmədi, hər zaman hakimiyyətin üç qolunun üçünün fəaliyyətinə də sayğıyla yanaşdı...

 

Lütfən, siz Azərbaycandakı idarəetməni Afrikadakı idarəetmə ilə eyniləşdirməyin!.. Mandela, həbsxanada olduğu illərdə irqi ayrı-seçkiliyə qarşı mübarizə aparan afrikalıların simvoluna çevrilmişdi. Ancaq cənab millət vəkili, Mübariz Mənsimov saf əməllərilə Azərbaycanı, xeyriyyəçiliyilə azərbaycanlıları yaşatdığına görə artıq simvola çevrilib....

 

Lütfən, siz millətinin imzasını imzalar içində görmək üçün milyardlarından keçən, sağlamlığını belə bu yolda fəda etməyə hazır olan BÜTÖV AZƏRBAYCANLAŞAN birisilə həyatının bir anında simvollaşanları eyniləşdirməyin!..

 

Millət vəkilinin görücülük missiyasını ardıcıllıqla incələyəndə sonuc həm də onu deyir ki, Mübariz Mənsimov Mandela kimi siyasi OLİMPƏ doğru can atanlardan deyil. Əksinə, Mübariz Mənsimov Azərbaycan İnsanının yaxşı yaşamasına töhvə verməklə siyasi olimpin zirvəsində dayanan Liderə kömək edən bir yurd sevdalısıdır. Lütfən eyniləşdirmələrdə belə yanlışlıqlar yapmayın!..

 

Mübariz Mənsimovun açıqlamaları Onun işğaldan azad edilmiş Bütöv Azərbaycan Sevdalısı olmağını ortaya qoyur. Bu iş adamının erməni faşizminin, erməni şovinizminin, erməni nasizminin ifşası, bir Azərbaycan Əsgərinin nəşini geri almaq üçün milyardlarından vaz keçmə fikrini ortaya qoyaraq nümayiş elətdirdiyi səxavət, səmimiyyət, yurdsevərlik nəyə desən dəyər. Azərbaycan gəncliyinə, təhsilimizə verdiyi önəm, soydaşlarımızla yardımlaşması, Azərbaycan həqiqətlərini çəkinmədən hər zaman bəyan etməsi ona MÜBARİZLİYİ qazandırıb...

 

Demirəm ki, Mübariz Mənsimov ideal bir türk oğludur. Ancaq fakt olan budur ki, xalq onu həm də Siyavuş Novruzov olmadığına, məhz Mübariz Mənsimov olduğuna görə sevdi və sevir, cənab millət vəkili!..

 

Siyavuş Novruzovun Nobel sülh mükafatını qazanmış Martin Lüter Kinqlə Mübariz Mənsimovu eyniləşdirmək eyhamı da eyni səciyyəni daşıyır. Kinq ABŞ insan hüquqları müdafiəçisi idi. Bəli, bu gün dünyada insan haqlarının əsas qarantı kimi tanıdılan ABŞ üçün əsil örnək Kinqin həyatı olub. Amma cənab millət vəkili, burada da bir anlaşılmazlıq var. Axı sizli bizli hamımız vurğulayırıq ki, sevgili məmləkətimizdə insan hüquqları qorunur və bunun qarantı da min bir zillət hesabına qurub yaratdığımız Azərbaycan dövlətidir.

 

AMMA VƏ LAKİN sizin "Mübariz Lüter Kinqdirmi ki?" eyhamınız axı başqa məna kəsb edir. Və ən əsası, cənab millət vəkili, harada olması və harada yaşamasından asılı olmayaraq Azərbaycan dövləti 50 milyonluq soydaşımızın haqqının qorunması və bərpasında israrlıdır. Və qurduğumuz, yaşadığımız dövlət də bunun qarantıdır. Bunu bizim dövlətimiz, bunu bizim dövlətimizin başçısı və bunu bizim Konstitusiyamız deyir. Mübariz Mənsimov da elə o soydaşlarımızdan biridir. Xalq da öz dövlətinə, öz dövlətinin başçısına güvənərək Mübariz Mənsimovun müdafiəsinə qalxır. Yox bu adamın hansısa örgütlə əlaqəsi olubsa, onu da türk istihbaratı araşdırıb gərəkən sözünü deyəcək. Amma bu əsas vermir ki, sizin kimi millət vəkilləri xalqın sevgisini belə buxovlamaq istiqamətində addımlar atıb özünüzü böyük Çestertonun qəhrəmanlarından birinə çevirəsiniz. Və baş verənlərə Çestertonsayağı yanaşsaq, söylədikləriniz heç də sizin sivil düşüncəniz deyil, sadəcə olaraq, iqtidar mənsubu olaraq tutduğunuz postun "yoğunluğu"ndan irəli gəlir. Belə yanaşma sivil düşüncə tərzinin deyil, diriykən ölülüyün görüntüsüdür. Çesterton da bir zamanlar özünün "Mütaliə haqqında" essesində belə vurğulayırdı ki, "yüzillik yol “həqiqi müasir insan”ların cəsədləri ilə doludur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR