“Dünya hələ ...əziyyət çəkəcək” – MÜSAHİBƏ

15:19 08-04-2020 | icon 564 | Geopolitika
“Dünya hələ ...əziyyət çəkəcək” – MÜSAHİBƏ

Fikrət Sadıqov: “Bu heç də o demək deyil ki, xarici ölkələrin prioritetləri dəyişilir”

 

Koronavirus pandemiyası davam edir. Virusun yaranma və yayılma səbəbləri haqqında müxtəlif mülahizələr var.  Təbii ki, bu, hələ uzun müddət fərqli müzakirələrin, filmlərin mövzusu olaraq çözüləcək və hər kəs məsələyə özünün ampluasından baxacaqdır. Lakin pandemiya dünyanın güc dövlətləri arasında gedən gərginliyin ortaya çıxardığı əsas nəticə kimi də dəyərləndirilir. Böyük güclər dünyanı bir “qənimət” kimi öz aralarında bölərkən, insanlar qurban verilir.

 

Beləliklə, pandemiya təhlükəsi ilə üz-üzəyik. Nə baş verir? Politoloq Fikrət Sadıqov müsahibəsində ölkədə və dünyada cərəyan edən məlum proseslərə diqqət çəkməklə situasiyanı dəyərləndirib.

 

“Karantinlə bağlı tələblərə əməl etməliyik və edirik”

 

- Fikrət müəllim, bəllidir ki, bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır və bu gün bu səbəbdən Azərbaycanda da karantindir. İstərdim, mövcud durumu dəyərləndirəsiniz. Necə hesab edirsiniz, bu istiqamətdə aparılan islahatlar qanedicidirmi, ümumiyyətlə, cəmiyyətin, ictimai-siyasi qurumların bu problemə yanaşması necədir?

 

- Bu gün  dünyada və ölkədə Pandemiyaya qarşı yanaşmalar müxtəlifdir. İctimai-siyasi qurumların bu məsələyə yanaşması bəzən siyasi xarakter də daşıyır. Lakin virusun hardan gəlməsindən və yaratdığı situasiyalardan, təbii, yaxud süni xarakter daşımasından asılı olmayaraq, biz dünyanın tərkib hissəsi olaraq karantin rejiminə əməl etməliyik. Ola bilsin ki, karantin tədbirləri hansısa ölkələrdə daha sərt şəkildə təşəkkülünü tapıb, başqa bir ölkədə daha çox sərbəstlik var. Amma hər halda bu və ya digər üsullarla karantinlə bağlı tədbirlər həyata keçirilir və biz də buna əməl etməliyik. Mən başa düşürəm ki, belə bir şəraitdə yaşamaq çətindir, insanalar əziyyət çəkir və evdə oturmaq hər adam üçün təbii proses deyil. Amma biz əgər bu virusu ciddi şəkildə qəbul edib, onun dünya üçün təhlükə yaratdığını qəbul ediriksə, karantinlə bağlı tələblərə əməl etməliyik və edirik.

 

- Əsasən virus ortaya çıxandan belə fikirlər səslənir ki, koronavirus dünyanın siyasi sistemini, düzənini dəyişəcək. Kobud yanaşsaq, sizcə bu durum, böyük gücləri “ağalıq” etmək istəyini, hansısa qənimətlər, kiçik dövlətləri əsarətdə saxlamaq üçün etdiyi müharibələrdən çəkindirəcək?

 

- Əvvəla mən hesab etmirəm ki, bundan sonra hansısa böyük, yaxud kiçik dövlətlərin apardığı siyasət radikal şəkildə dəyişəcək. Bununla, əlbəttə ki, maliyyə və iqtisadi sistemə ciddi zərbə vurulacaq və dünya hələ bir neçə ilə öz iqtisadiyyatını bərpa etmək üçün əziyyət çəkəcək. 

İkinci bir tərəfdən, bu problem onu göstərir ki, bəzi ölkələr pandemiyanın qarşısını qapalı şəkildə almaq istəyirlər. Məsələn, indi Avropa Birliyi daxilində məsələyə dair müəyyən rəylər, yanaşmalar var. Bəziləri hesab edir ki, Avropa həmrəyliyi bir sıra hallarda zəiflik nümayiş etdirir və ola bilər ki, Avropa İttifaqı çərçivəsində hansısa yeni addımlar atılacaq. Digər tərəfdən ABŞ-la Avropa və ABŞ-la Çin arasında müəyyən ixtilaflar üzə çıxa bilər. Çünki indi də Çinlə ABŞ bir-birini ittiham edirlər ki, koronavirus bu ölkələrdən süni şəkildə gətirilib. Müşahidə edirik ki, bu gün Rusiya özü pandemiyadan əziyyət çəkməsinə baxmayaraq, problemlərlə üzləşsə də, İtaliyaya köməklik edir, Serbiyaya yardım göstərir, mütəxəssislərini göndərir. Bu da müəyyən dərəcədə gülünc görünür. Çünki öz insanlarına verməyə maskası çatmır, tibbi personalı zəifdir və problemi əhatə etmək qabiliyyəti yoxdur, amma çalışır ki, digər ölkələrə nəsə etsin. Təbii ki, bu özü-özlüyündə siyasi xarakter daşıyır.

Amma, mənə elə gəlir ki, bu prosesdə bank sistemi daha güclü şəkildə fəaliyyət göstərəcək. Çünki digər sahələrə baxmayaraq bank sistemi işləyir. Və yaxud da təhsil sistemi, distant təhsil sistemini qəbul edərək, gələcəkdə yeniliyə imza ata bilər və daha da təkmilləşəcək. Artıq bəlli olacaq ki, bu təhsil sistemi o qədər də pis deyil.

 

“Sakitlik heç də o demək deyil ki, xarici ölkələrin prioritetləri dəyişilir”

 

- Fikrət müəllim, Avropa Birliyinin, eləcə də böyük dövlətlərin məsələ ilə bağlı yanaşmalarını siz də qeyd etdiniz. Təbii ki, bu gün dünya ölkələrinin bir-birinə dəstək verməsi və digər siyasi yanaşmaları müşahidə olunur. Dünyada belə bir mövqe də ortaya qoyuldu ki, münaqişələr, müharibələr dayandırılmalıdır. Əslində isə görünənlər nədir? Bu çağırışların Qarabağda “at oynadan” erməni işğalçılarına, separatçılarına niyə təsiri olmadı, niyə işğalçının silahları susdurulmur?

 

- Mən düşünmürəm ki, virusla bağlı bütün münaqişələr yoxa çıxacaq. Bu heç də o demək deyil ki, həmin o qüvvələr öz niyyətlərindən əl çəkiblər. Və bu gün Dağlıq Qarabağda olan vəziyyət bunu təsdiq edir. Fikir verin, koronavirus şəraitində erməni separatçıları Dağlıq Qarabağda “seçkilər” keçirir. Hələ üçüncü tura da hazırlaşır. Görün vəziyyət nə həddə gəlib çatıb ki, orada məskunlaşan ermənilər özləri bu seçkiyə qarşı çıxış edirlər. Özləri narazılıq edirlər ki, nəinki ikinci tur, ümumiyyətlə seçkilərin keçirilməsi düzgün deyil. 

Digər tərəfdən, təmas xəttində təxribatlar davam edir. Ermənilər qorxu içindədirlər və bilirlər ki, Azərbaycanın güclü ordusu var və düşünürlər ki, vəziyyətdən istifadə olunaraq bu gücdən onlara qarşı istifadə oluna bilər. Bu təxribatlarla dünyaya göstərmək istəyirlər ki, bunlar Azərbaycanın hərbi təsirləri ilə üzləşirlər və sair. Əslində, erməni separatçıları öz niyyətlərindən əl çəkmirlər, iddialar eynidir. Onlar hesab edirlər ki, bir sıra dövlətlər koronavirusla üzləşiblərsə, törətdiyi bu təxribatlardan da yayına bilərlər. Amma prioritetlər eynidir. Sadəcə olaraq,  bir sıra istiqamətlərdə yaranan sakitlik heç də o demək deyil ki, xarici ölkələrin prioritetləri dəyişilir.

Eyni zamanda belə bir vəziyyətdə Ermənistanın özündə də klanlar arasında ziddiyyətlər artır. Çünki, Paşinyan verdiyi vədlərə baxmayaraq heç birinin arxasında dayanmadı. Eyni zamanda fikir verin, Rusiyanı tənqid edən, özünü müstəqil bir dövlətin rəhbəri hesab edən Paşinyan, indi Rusiyaya dirənir ki, qazın qiyməti dollarla yox, rublla hesablansın. Bax burda digər məqamlar ondan ibarətdir ki, Ermənistan onsuz da yoxsul vəziyyətdə idi, Ermənistanın pəncərəsi olan İran çox mürəkkəb bir vəziyyətdədir, iqtisadiyyatı çöküb. Və onlar başa düşürlər ki, ancaq kiməsə əl açmaqla qazana bilərlər. Lakin erməni özbaşınalığının, dilənçiliyinin bir sonu olmalıdır. Çünki artıq Ermənistanda narazılıq dalğası güclənir və Paşinyan vaxtilə bəyan elədiyi gurultulu bəyanatların arxasında dayanmır və onlar faktiki olaraq puça çıxır.

 

“Artıq hiss olunur ki, erməni özbaşınalığı onları da qıcıqlandırır”

 

- Bu gün Azərbaycan torpaqları işğaldadır və işğalçı regionda sabitliyi pozmaqda davam edir. Amma bu prosesdə vasitəçi olan bir missiya da var - ATƏT-in Minsk Qrupu. Və bəllidir ki, Azərbaycan işğal faktı, eyni zamanda mövcud koronavirus vəziyyət ilə əlaqəli olaraq Qarabağda baş verənlərə təsir etmək imkanına malik deyil. Belə bir ərəfədə sözügedən beynəlxalq təşkilatın fəaliyyəti necə görünür, sizcə bu qurum erməni özbaşınalığının qarşısında bir “qırmızı xətti” çəkməyi düşünürmü?

 

- Minsk Qrupu regiondakı vəziyyətə nəzarət edən bir qrupdur. Açığı desək, onların məqsədi bu münaqişəni ədalətli şəkildə həll etmək yox, sadəcə vəziyyətə nəzarət etmək, sakitliyi qorumaqdır. Bu qurum nə bizə bir əl uzadır, nə köməklik edir, nə də prinsipial bir mövqe nümayiş etdirir. Biz bu cür münasibəti çox görmüşük. Sadəcə olaraq indiyə qədər Ermənistanın başını sığallayıblar. Bunun nəticəsi də odur ki, Ermənistan bu günə qədər Azərbaycan torpaqlarını işğalda saxlayıb.  Amma digər bir məqam da var ki, Minsk Qrupu “seçkiləri” də tənqid etdi. Çünki onlar da başa düşür ki, belə bir tamaşa xarakteri daşıyan, süni şəkildə təşkil olunan seçkilərin nəticələrini tanımaq, absurd xarakter daşıyan bir proses ola bilər. Və artıq hiss olunur ki, erməni özbaşınalığı onları da qıcıqlandırır. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı