“Tarix göstərir ki, atəşkəsə getmək doğru idi”

12:41 12-05-2020 | icon 411 | Siyasət
“Tarix göstərir ki, atəşkəsə getmək doğru idi”

Qabil Hüseynli: “Ruslar bu layihə ilə sülhməramlı qüvvələrini Qarabağ ərazisinə yeritmək və...”

 

Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 26 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Verilən məlumatlara görə, mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında saziş layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. Lakin bu baş vermədi. Ermənistan-Azərbaycan arasında atəşkəsin imzalanması regionda hansı əhəmiyyətə malik idi və gözlənilən o “böyük sülh sazişi” niyə bağlanmadı?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a şərh verən Qabil Hüseynli bir çox nüanslara toxunub.

 

“O zaman Heydər Əliyevin səyləri nəticəsində belə bir protokola imza atılmadı”

 

Politoloq Qabil Hüseynli atəşkəs sazişi haqqında layihənin ermənilərdən çox ruslara məxsus olduğunu bildirib. Onun fikrincə, o dövrdə tərəflər hətta böyük “böyük sülh sazişinə” ən azı şifahi formada olsa da razılıq vermişdilər:

“Ruslar bu layihə ilə sülhməramlı qüvvələrini Qarabağ ərazisinə yeritmək və Cənubi Qafqazda təsir dairələrini genişləndirmək niyyətində idilər. Atəşkəs rejiminin imzalanmasına dair məsələdə Kazımirovun “ipləri”əldə saxlaması bu işləri korlayan əsas məqamlar idi. Çünki o, atəşkəsə dair olan Bişkek protokoluna həm də qondarma “Qarabağ respublikası”nın adını daxil etmişdi. O zaman ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində belə bir protokola imza atılmadı. Heydər Əliyev Bişkekdə olan Afiyəddin Cəlilovu geriyə çağırdı və ona protokola imza atmamağı söylədi. Üstəlik, diplomatik kanallarla müəyən məşvərətlər apardı. Nəhayət, həmin protokola Azərbaycan icmasının başçısı Nizami Bəhmənovu daxil etdi.  Heydər Əliyev hələ o zaman da bildirirdi ki, qondarma “Dağlıq Qarabağ respublikası” adında bir rejimi tanımır, belə bir respublika ola bilməz və Dağlıq Qarabağ ərazisində yalnız tarixin müəyyən hissəsində eyni vaxtda yaşamış erməni icması və azərbaycanlı əhalisi var. O, ermənilərin Qarabağa 1813 – “Gülüstan sülhü” və 1828-ci il - “Türkmənçay sülh müqaviləsi” ndən sonra gətirildiyini bildirib və bu, tarixi faktlarla təsdiq olundu. Bu prosesə Rusiyanın İrandakı səfiri Qribayedovun başçılıq etməsi ilə bağlı Rusiya mənbələrində kifayət qədər faktlar öz əksini tapıb”.

 

Q.Hüseynli bildirib ki, “Böyük Sülh sazişinin” imzalanmaması rusların əlaltıları olan separatçı qruplar tərəfindən həyata keçirilib:

“Böyük sülh müqaviləsi” Bakı Ceyhan neft-boru kəmərinin çəkilişinə dair İstambulda keçiriləcək ATƏT-in zirvə toplantısında həyata keçirilməli idi. ATƏT-ə daxil olan ölkələrin dövlət başçıları orada Bakı-Ceyhan neft-boru kəmərinin çəkilişi ilə bərabər, o zaman Amerikanın səyləri nəticəsində ərsəyə gətirilmiş “böyük sülh müqaviləsi”nin imzalanmasını da nəzərdə tuturdu. Həmin müqavilədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək statusda qalması önə çəkilirdi. Amma həmin ərəfədə rusların əlaltıları olan bir qrup erməni, Ermənistanda ciddi qarışıqlıq yaradıb parlamentə hücum etdilər. Parlamentin sədri Dəmirçiyanla birlikdə bir neçə deputat güllələndi. Bu hadısədən sonra Ermənistan “böyük sülh müqaviləsi”nə imza atmaqdan vaz keçdi. Və yaranmış tarixi imkan əldən qaçırıldı”.

 

Politoloq “Böyük sülh sazişinin” imzalanması ilə bağlı Rusiyanın sərgilədiyi mövqeyə birmənalı yanaşmayıb:

“Mən heç bir zaman Rusiyanın birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyinin şahidi olmamışam. İndi Rusiya Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, əməldə faktiki olaraq Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verənlədən birincisidir. İkincisi isə İrandır”.

 

Q.Hüseynli vaxtilə hakimiyyətdə təmsil olunan və eyni zamanda cərəyan edən prosesləri yaxından izləyən bir siyasətçi olaraq bildirib ki, o zaman ruslar ermənilərə böyük dəstək verirdi:

“Ona görə də Azərbaycan üçün “nəfəsini dərib” ermənilərin hücumunu dayandırmaq və neft kantraktlarının imzalanması, dövlətçiliyin qorunması, ordu quruculuğu sahəsində uğurlar əldə etmək üçün bu müqaviləni imzalamaq lazım idi. Bişkek  protokolunun imzalanmasında, xüsusilə Rusiyanı razı salmaq lazım gəldi və bu iş baş tutdu. Amma o zaman atəşkəs rejimi olmasaydı, bu gün rusların dəstək verdiyi erməni quldurlarına qarşı müqavimət gücümüz olmazdı. Tarix göstərir ki, atəşkəsə getmək doğru idi. Bundan sonra Azərbaycan neft kantraktlarını imzaladı, ordunu yenidən qurmağa başladı. Bu hadisələrdən sonra keçirilən Horadiz əməliyyatı və Azərbaycanın Fizuli bölgəsində 22 kəndin döyüşlər nəticəsində azad edilməsi onu göstərdi ki, bəli, bu strateji addım düzgün idi və sonrakı 2016-cı il aprel döyüşləri də təsdiqlədi ki, dövlətin maliyyə ehtiyatlarını gücləndirmədən, əhalinin maddi güzəranını yaxşılaşdırmadan, müasir standartlara cavab verən ordu qurmadan döyüş əməliyyatları aparmaq mümkün deyil. Bunun sayəsində də bu gün ermənilərin hərbi potensialından qat-qat güclü olan hərbi potensiala malikik və istənilən vaxt hərbi əməliyyatlar keçirib Azərbaycanın  ərazi bütövlüyünü bərpa edə bilərik. Amma geosiyasi şərtlər hələ ki, belə bir hərbi əməliyyatların başlanmasına imkan vermir”.

 

“Hələ ki, beynəlxalq şərtlərin yetişməsi istiqamətində axtarışlar aparılır”

 

Politoloq 26 ildir bağlanan atəşkəs sazişinin erməni separatçıları tərəfindən mütəmadi olaraq pozulması və torpaq iddialarından əl çəkmək istəmədiklərinə diqqət çəkərək, artıq işğalçını durdurmağın vaxtının çatdığını bildirib. Eyni zamanda qeyd edib ki, bunun üçün geosiyasi şərtləri öz xeyrimizə dəyişməliyik:

“Geridə qalan bu illər bizim üçün qiymətli vaxtdır. Lakin nə edək ki, 26 il ərzində Azərbaycanın diqqəti ordu quruculuğuna, beynəlxalq münasibətlərdə əlverişli şərtlərin formalaşdırılmasına yönəlmişdi. Azərbaycan daha çox Qarabağ probleminin siyasi anatomiyasını dünya ictimaiyyətinə çatdırmaqla məşğul idi. Bütün bu proseslər güclü erməni lobbisinin və ona dəstək verən  havadarlarının müqavimətinin qırılması hesabına əldə edilməliydi və edildi. Vaxtilə Dağlıq Qarabağ problemini “müsəlmanların ermənilərə qarşı mübarizəsi və onların sıxışdırılması” kimi başa düşən yüksək səviyyəli siyasətçilər, aparılan xarici siyasət nəticəsində bu problemin siyasi mahiyyətini anladı. Artıq bu məsələnin kontrları demək olar ki, bütün dünya dövlətlərinə çatdırılıb. Ermənistanın təcavüzkar olması və ona kənardan dəstək verilməsi barədə artıq Qərbdə, Avropada kifayət qədər məlumata malikdirlər. Bir çox beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı qaydada dəstəkləyir.  Bura BMT və orada qəbul olunan 4 qətnamə ilə yanaşı, Avropa Birliyi və onun parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO-nun Parlament Assambleyası və digər qurumlar daxildir. Bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər qondarma separatçı rejimi tanımır, qəbul etmirlər. Bu gün Azərbaycan güclü orduya malikdir. İstənilən hərbi, siyasi, diplomatik şərtlər Azərbaycanın bugünkü uğurları sırasına aid edilməlidir. Sadəcə olaraq  müharibənin başladılması və torpaqların azad edilməsi üçün geosiayasi tarazlığın formalaşdırılması istiqamətində axtarışlar və səylər gedir. Bu məsələdə Rusiya ilə razılığa gəlmək lazım olacaq. Bəzən deyilir ki, “bu məsələdə heç bir dövlətlə razılığa ehtiyac yoxdur, bu Azərbaycanın daxili işidir”. Lakin təcrübə göstərir ki, yox, bu bölgədə Rusiyanın təsir dairəsi genişdir. Rusiyanın dəstəyini qazanmadan hərbi əməliyyatlara başlanılması müəyyən riskləri özündə ehtiva edir. Bu riskləri nəzərə alaraq hələ ki, beynəlxalq şərtlərin yetişməsi istiqamətində axtarışlar aparılır”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR