İmam Hüseyn aşiqlərindən qorxmayın!
Əli Əliyev
/VİP sədri/
Hakimiyyətdən maliyyələşən mətbuat vasitələri və jurnalistlər Aşura gününün geniş və izdihamlı qeyd olunmasına diqqət yönəltməyə çalışır, cəmiyyəti indi də dini müstəvidə bölməyə çalışırlar. Təziyyə mərasimlərində iştirakı az qala kriminal, vahim bir əməl kimi təqdimata cəhd edirlər.
Əvvəla onu deyim ki, Azərbaycan əhalisi qəlbində 1000 ildən artıqdır ki, İslama, Məhəmməd peyğəmbərə(s.ə.s), Əhli-beytə, İmam Hüseyn başda olmaqla Kərbəla şəhidlərinə sayğı və ehtiram yaşadır. Təsadüfi deyil ki, insanlarımız Peyğəmbərimizin xələflərinə sığınacaq verib, qoruyub, Haqqa qovuşduqdan sonra isə xatirələrini daim uca tutublar. Bu sayğı Allaha, İslama, onun elçisinə olan hörmətdən və məhəbbətdən doğub. Bu gün də onların uyuduğu məkanlar yad edilir, ziyarətgaha çevrilir. Azərbaycan müsəlmanları həmin məkanları yad etməklə Allahın seçdiklərinə hörmət və ehtiramını nümayiş etdirirlər. Unutmayaq ki, Əhli-beyt Məhəmməd peyğəmbərə İlahi vəhy gəldikdən sonra dünyaya gətirdiyi anamız Fatimeyi Zəhra və Peyğəmbərin ən yüksək epitetlərlə öydüyü İmam Əlinin ailəsindən gələn sülalədir. Hansı müsəlmana bu insanlar doğma olmaz ki? Kim onları sevməz ki? Azərbaycanlıların da mütləq əksəriyyəti onları sevir. Onlara qarşı tarixdə baş vermiş haqsızlıqları lənətləyir. Bunun nəyi pisdir? Peyğəmbər nəvəsinə, elmi dildə, onun geninin daşıyıcılarına, yerdəki kölgəsinə kim əl qaldırmağa cürət edər ki? Bunu etmişlərə nə ad qoymaq olar?
Aşura xatirə günüdür. Tək dini deyil. Azadlığa və Ləyaqətə bağlılığın anım günüdür. Harınlığa, qudurğanlığa, təkəbbürə, Allahsızlığa etirazın nümayişidir. İmam Hüseynin yad edilməsi əqidəyə sadiqliyin, qorxmazlığın, Cihadın yaddaşlarda təzələnməsi ayinidir.
Bəlkə də Aşura məktəbi olmasa idi, azərbaycanlılar imperiyalar qura, zamanında rus ordusunu məğlub edə bilməz, Cavad xan, Mübariz kimi qəhrəmanlar yetirməyi bacarmazdı. İmam Hüseyn şücaəti insanlarımızın gen yaddaşına hopub. “Əli rəhmi” ifadəsi insanlarımızın həyat tərzinə çevrilib.
Aşuradan vahiməyə düşən jurnalistlər və digərləri! Bilmirdiniz ki, xidmət etdiyiniz sistem rəhbərləri insanları gündəlik zülmə məhkum edəndə onlar əqidələrinə söykənib etiraz edəcəklər? Demokratik müxalifəti sıradan çıxaranda onun yerini dini təmayüllər tutacaq? İnsanların təməl, İlahi haqlarını qəsb edən zaman, insanların talelərini reallaşdırmaq imkanlarını əllərindən aldıqda, onlar haqlarını geri istəyəcəklər?
Əsl iman əhlindən, imam Hüseyn aşiqlərindən qorxmayın. Allahı, Quranı, Peyğəmbəri, onun pak Əhli-beytini sevən müsəlmanlar başqalarının haqqına göz dikməzlər. Onlar öz ləyaqət və özgürlüklərini qoruyar, imanlarını kamilləşdirərlər. Siyasi baxımdan isə ədalət və dürüst cəmiyyət axtarışında olarlar.
Mhatma Qandi təyyarədə Kərbəla üzərindən uçan zaman göyərtədə olanları ayağa qaldırıb ki, “Ən böyük AZADLIQ mübarizi imam Hüseynin məzarı üzərindən uçuruq”.
İmam Hüseyn dinindən və irqindən asılı olmayaraq bəşəriyyətin neməti, onun ən böyüklərindəndir. Bunu böyük bütpərəst Qandi qiymətləndiribsə, bizim müsəlman adı daşıyanlarımız nədən anlamır?
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...