Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV
...Təxəllüsü - Xəttat Kilimçi
MEHRİBAN SADİQ
/araşdırmaçı filoloq/
Ədəbiyyat hər zaman onu ürəyində daşıya bilənlərin çiyinləri üzərində dayanır. Və bu çiyinlər bütün ağırlığı öz üzərilərinə götürməklə yaşadığı sürəcə dəyəri bilinməyən, sonradan isə hər sözü, hər misrası dillər əzbərinə çevrilən, xalqın ağrısını-acısını, sevincini-qəmini ifadə edə bilən qəhrəmanlara çevrilir.
Ədəbiyyatın müəyyən dönəmində yazılan yazılar, deyilən sözlər sonrakı dövrlər üçün istinad nöqtəsinə hesablanır. Ədəbiyyatımız əsrlər boyu bütün məhrumiyyətlərə baxmayaraq yaşamış, onun milli adət-ənənəsini qoruyan, tarixini yaşadan söz sərraflarının sayəsində uzun və çətin bir yol qət edərək, öz tarixini qoruyub saxlaya bilmişdir. Tarixin bütün mərhələlərində olan məddahlarından fərqli olaraq, onu içindən duyub yaşayanlar, mərhumiyyətləri və çətinlikləri ilə nəfəs alanlar, onun "xəstəsinə" çevrilənlər ədəbiyyatı nəsillərə ərməğan etmişlər. Çox sevindirici haldır ki, bugünkü çağdaş ədəbiyyatımızın da onu çiynində ömrünün sonuna qədər ağrısı və acısı, kədəri və sevinci ilə apara biləcək nümayəndələri çoxdur.
Özlərini şair adlandıraraq yalnız məddahlığa önəm verən, ədəbiyyat qanunauyğunluqlarından xəbərsiz olub yaşlarına uyuşmayan bəlağətli sevgi şeirləri yazanlardan fərqli olaraq, ədəbiyyatı bütün əzab və sevgiləri ilə duyub, köksündə yaşayanlar da var. Bu söz cilalayıcılarından biri də Mirbağır Bünyadovdur. - Xəttat Kilimçi.
Gözəl yazı yazan adam - maraqlı və yerində seçilmiş bu təxəllüs Mirbağırın iç dünyasının, zəngin daxili aləminin misralara və sətirlərə köçürməsini ifadə edən ən gözəl sözdür.
Ömür də yaşamadım,
Bir qızın saçı boyda..
O gün şəklini gördüm,
Bir az böyük düşmüsən.
"Çəkdiyim acı boyda", "Bir qızın saçı boyda ömür yaşamaq" istəyən şair bədii ifadəni elə incəliklə nəzmə çəkib ifadə etmişdir ki, oxucusu da şairə olan sevgisini elə onun özünün "çəkdiyi acı boyda" böyüdür və ülviləşdirir. İnsanın öz əməllərinin və daxili aləminin təzahürünü onun öz pasportu, öz "Mən"i olduğunu aşılayan şair:
Çox da böyümədim heç,
Açığı istəmədim..
- İnsan nə boyda olar?!
- Uzağı içi boyda...
Maraqlı və dərin məzmunlu ifadə seçimi "İnsanın uzağı öz içi boyda olması" - Mirbağırın sətiraltı və sətirüstü demək istədiyi bu misra İnsanlığın öz iç dünyasını təzahür etdirməklə ətrafa verə biləcəyi zərər və xeyirin ölçüsünü müəyyənləşdirir. Mirbağırı digərlərindən fərqləndirən əsas cəhət də məhz bu "iç dünya"larına vara bilməsi, baş verən və yaşananları hamıdan tez və hamıdan fərqli görməsidir. Dünyanın bir yelləncək boyda boş yeri olmalıydı...
Olmalıdır, əlbəttə, olmalıdır
Bu taleyin ümid verən xoș yeri...
Hardasa, müharibələrdən, siyasətdən uzaq
Dünyanın bir yelləncək boyda boş yeri...
Şair baş verən olaylara siyasi proseslərdə iştirak etmədən qiymət verməyi bacarandır. Siyasi kursların dəyişib-dəyişməyəcəyinə, doğru və ya yanlış olmasına tarix öz qiymətini verə bilir. Amma xalqın sənətkarının, xalqın içindən çıxan yazarının deyəcəyi hər bir kəlmə, hər bir söz ürəklər fəth etdiyi və orda özünə əbədi məskən qurduğu üçün ona qiymət vermək çətin olur. Bu qiyməti verə bilmək üçün həmin köksü bədəndən ayırmaq lazım gəlir..
Seçdiyi təxəllüsləri kimi yazılarında da həyatın müxtəlif rənglərini məharətlə verə bilən Mirbağır Bünyatovun həsrət qoxulu:
Yenə dön geriyə tör-töküntüdür,
Yığışdır bu evi-eşiyi, qayıt...
Çölümdə bir kişi tabutu gəzir,
İçimdə bir uşaq beşiyi, qayıt!
- şeirində bədii təzad çox gözəl incəliklə seçilmişdir. Beşik və tabutun bir arada verilməsi - doğuluş və ölümün vəhdəti. Bu vəhdətin nəinki dildə ifadəsi, hətta əşya kimi bənzədilməsini vermək Mirbağır xəttatlığının ustalığı idi. Müxtəlif ağacların bir cərgədə düzülməsi - başlanğıc və sonun bir arada verilməsi də hələ təxəllüs seçmədən öncə Mirbağırın içindəki təlatümün obrazlı şəkildə oxucusuna təlqin edilməsi idi. Mirbağırın şeirlərində sözün yerində deyilməsi - fərqi yoxdur istər şirin olsun, istərsə də kobud - çağlayıb məcrasını dağıdan sellərdən daha güclüdür.
Mirbağır Bünyatovun yaradıcılığı haqqında çox sözlər yazmaq olar, çox ifadələr işlətmək olar. İnanıram ki, onun yazdıqları hələ oxucusunu çox sevindirəcək, onu riqqətə gətirəcək. Vətən rənglərini öz xətti ilə yazan yazarımıza yaradıcılıq uğurları arzu edərək, Şairin özünün dediyi:
"Xəyallar məni çox uzaqlara aparmışdı. Ancaq hadisələr yaxın gələcəkdə baş verirdi. Ədəbi mükafatlar, dünyanın müxtəlif dillərinə çap olunmaq, günü-gündən artan şöhrət, cürbəcür verilişlərə dəvət, partilər və nəhayət, Nobel mükafatının bir qulpundan yapışmışdım ki, oğlumun səsini eşitdim: Ata, qoyunları otarmağa nə vaxt gedəcəksən?!)" - fikirlərinin mütləq gerçəkləşəcəyi günün olması diləyi ilə..
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"