Prezidentin Qarabağa mesajı və gözləntilər - MÜSAHİBƏ

20:44 10-07-2020 | icon 691 | Siyasət
Prezidentin Qarabağa mesajı və gözləntilər - MÜSAHİBƏ

Qabil Hüseynli: “Azərbaycan tərəfi BMT-yə, ATƏT-ə, Minsk Qrupuna və Faktaraşdırıcı missiyaya xəbərdarlıq etdi”

 

Bu gün regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəkir. İşğalçı Ermənistan yeni iddialarla çıxış edir. Pandemiya ilə mübarizədə beynəlxalq videokonfransların keçirilməsi təşəbbüsünü ələ alan Azərbaycan özünün tolerantlıq, sülhsevərlik, bəşəri dəyərlərə ehtiramla yanaşan, mədəni dəyərlərinin nümunəsini təqdim edir. Erməni həyasızlığının həddini aşması artıq Azərbaycan Prezidentinin sərt çıxışları ilə müşahidə olunur. Belə ki, bu dəfə Prezident ərazi bütövlüyümüzü pozan və ədalətin bərpa olunmasına səthi yanaşan beynəlxalq ictimaiyyətə ünvanlanan sərt mesajları ilə də diqqəti çəkdi.

 

Prezident İlham Əliyevin iyulun 6-da yerli mətbuatda Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər, işğal altında qalan ərazilərimizin azad olunması ilə bağlı dövlətin qəti mövqeyini bir daha gündəmə gətirdi. Ölkə ictimaiyyətinin ruh yüksəkliyi ilə qarşıladığı bu fikirlər hər kəsi “Vətən Uğrunda!” səfərbər etdi. Prezidentin dünya ictimaiyyətinə işğalçıya və münaqişənin həlli missiyasını daşıyan həmsdərlərə ünvanladığı mesajlar artıq Azərbaycanın 30 ildir pozulan sərhədlərinin pozulmasına qarşı  səbr kasasının dolduğuna işarədir. Torpqları işğal altında qalan ölkə əhalisi öz rəhbərindən  məhz bu qərarı, məhz bu sərt çıxışı gözləyirdi. Belə bir ərəfədə məhz siyasi təşkilatların birlik nümunəsinin çox mühüm məsələ olduğu önə çəkilir. Ölkəmizə qarşı dayanan xarici güclərin “5-ci kolon”u aktivləşdirdiyi də qeyd olunur.

 

Nə baş verir, ölkə hansı mərhələni adlayır?

Versus.Az xəbər verir ki, politoloq Qabil Hüseynli müsahibəsində ölkə daxilində atılan adekvat addımlar ətrafında maraqlı nüanslara diqqət çəkib.

 

“Azərbaycan Prezidenti bu gərginliyin bütün nüanslarını açdı”

 

- Qabil müəllim, Prezidentin yerli mediaya verdiyi müsahibədə səsləndirdiyi - “Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar” - fikirləri ölkə ictimaiyyəti tərəfindən xüsusi nida ilə önə çəkilir. Bu fikirlər işğalçı ölkəyə və münaqişənin tənzimlənməsində vasitəçi rolunu oynayan beynəlxalq dairələrə hansı mesajı verir və buna həm də son xəbərdarlıq da demək olarmı?

 

- Prezidentin özü də söylədi ki, artıq danışıqlar prosesi dalana dirənib, erməni tərəfi danışıqlardan vaxt qazanmaq üçün istifadə edir. Hətta son dəfə keçirilən ATƏT-in Minsk Qrupu həmsədrlərinin xarici işlər nazirlərinin vidogörüşlərini ciddi surətdə tənqid elədi və bildirdi ki, bu görüş formal xarakter daşıyırdı. Eyni zamanda bildirdi ki, görüş sülhyaratma prosesini irəlilədə biləcək məsələləri deyil, 2-3-cü dərəcəli məsələlərin ötəri müzakirəsinə həsr olunub. Yəni bu görüş daha çox immitasiyaya bənzəyirdi və danışıqlar prosesinə yeni nəfəs verə biləcək potensiala malik deyildi. Azərbaycan Prezidenti çox haqlı olaraq bildirdi ki, danışıqlar prosesi artıq bir nəticə vermir, ATƏT-in Minsk Qrupu həmsədrləri də bu məsələyə çox səthi yanaşırlar. Erməni separatçıları işğal olunmuş Azərbaycan ərazilərində ciddi məskunlaşma, iqtisadi fəaliyyət növlərinin yaradılması və hətta yeni yolların çəkilişi ilə də məşğuldurlar. Biz bütün bunlara dözə bilmərik. Və Prezident söylədi ki, biz BMT nizamnaməsində nəzərdə tutulan özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyümüzü müdafiə etmək gücünə malikik və bundan istifadə edəcəyik. Erməni tərəfi saymazyana şəkildə işğal edilmiş ərazilərdə belə özbaşınalıq edəcəksə, biz yaranmış vəziyyətin bu cür inkişaf etməsinə dözməyəcəyik.

İndiyə qədər Azərbaycan Prezidenti belə kəskin və açıq formada müharibə mesajı verməmişdi. Eyni zamanda, Azərbaycan Prezidenti sülhyaratma prosesində iştirak edən ATƏT-in Minsk Qrupunu, həm də işğal edilmiş ərazilərdə gedən məskunlaşmanı və digər qeyri-qanuni fəaliyyətləri araşdırmalı olan faktaraşdırıcı missiyanın fəaliyyətini açıq şəkildə tənqid etməmişdi. Həqiqətən də ATƏT-in Minsk Qrupu, üstəlik Faktaraşdırıcı missiyanın işğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma ilə məşğul olan qondarma rejimə əhəmiyyət verməməsi Azərbaycan üçün SOS siqnalıdır. Azərbaycan tərəfi bu faktları dilə gətirməklə BMT-yə, ATƏT-ə, onun qurumlarına, Minsk Qrupuna və Faktaraşdırıcı missiyaya xəbardarlıq etdi. Vəziyyət doğurdan da çox gərgindir və Azərbaycan Prezidenti bu gərginliyin bütün nüanslarını açdı. Eyni zamanda bundan çıxış yolunun da yalnız müharibə olduğunu birmənalı şəkildə bəyan elədi.

 

- Erməni separatçıları son bəyanatlarında Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini qoruduqlarını və danışıqlarda tərəf kimi iştirak etmələrini önə çəkiblər. Eləcə də Paşinyan son bəyanatlarında qondarma qurumu, “icma” kimi qeyd edib. Erməninin bu riyakarlığı nəyə hesablanır?

 

- Ermənilər 100 illərdir ki, ölkəmizə qarşı yalanlar, iftiralar edir və özlərinə xeyir edəcək məsələləri tirajlayırlar. Ermənistan Azərbaycan torpaqları üzərində qurulub. Bu gün erməni terrorçularının işğal etdiyi ərazilər Azərbaycan əraziləridir və orada Azərbaycan və erməni icması yaşıyır. Ermənistan və digər 3-cü bir dövlətin yardımı ilə həm Qarabağı, həm də ondan kənar 7 rayonumuzu işğal ediblər və həmin ərazilərdə 1 milyon azərbaycanlını etnik təmizləməyə məruz qoyublar. İndi bu dərəcədə cinayətkar, haqsız olan separatçı dəstələrə qarşı Azərbaycan tərəfi nə etməlidir? Təbii ki, vəziyyətdən çıxış yolu kimi hansısa tədbirlərə əl atmalıdır. Danışıqlar prosesi, diplomatik cəhdlər tükənib. Ermənistan tərəfi bu prosesi pozub, pozmaqda da davam edir. Azərbaycan özünə qarşı bu haqsızlığı seyr edib dura bilməz. Vəziyyətin düzəlməsi üçün hansısa addımlar atılmalıdır. Ölkə Prezidenti hətta bunu bir az da konkretləşdirmək üçün 2016-cı ilin aprelində baş verən aprel döyüşlərini yada saldı və dedi ki, həmin döyüşlər yenidən təkrarlana bilər.

 

- Ermənilərin Azərbaycana qarşı verdiyi bu bəyanatları, bəhanələri, həm də Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün müharibə hazırlığına qarşı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və özünü sığortalamaq məqsədi güdə bilərmi?

 

- Düzdür, emənilər beynəlxalq ictimaiyyəti yanıldan çoxlu addımlar atıblar. Amma son dövrlərdə Azərbaycan tərəfi də Dağlıq Qarabağ problemini, onun siyasi anatomiyasını, baş verən münaqişələr və bu münaqişə nəticəsində kimin işğalçı, kimin işğala məruz qaldığını dünyanın əksər xalqlarına çatdırıb, onları məlumatlandıra bilib. Beynəlxal təşkilatlar isə vəziyyəti bütün reallıqları ilə bilirlər. Sadəcə olaraq prinsipsizlik göstərirlər. Azərbaycan tərəfi durumu tənqid edir və bölgədə yeni qaynar nöqtənin yaranacağına işarə edir.

 

- Qabil müəllim, belə bir ərəfədə Azərbaycanın regionda güclənməsinə və Qarabağla bağlı münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasına qarşı çıxan güclər aktivləşib. “5-ci kolon”u aktivləşdirən və ona rəhbərlik edən keçmiş nazir və məmurların radikal müxalifətlə əlaqəli şəkildə işlədiyi qeyd olunur. Məsələyə bu kontekstdən yanaşsaq, daxili vəziyyət nə dərəcədə ciddidir və sabitliyi pozmağa çalışan radikal müxalifət niyə ölkənin gücdən düşməsinə sevinir?

 

- Mən “5-ci kolon”, yaxud vəzifədən çıxarılmış adamların  guya kimlərləsə alyans yaradıb ölkədaxili vəziyyəti gərginləşdirməyə çalışmasının çox da şişirdilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycan kimi bir dövlətdə onların müəyyən edilib mühakiməyə çıxarılması, zərərsizlədirilməsi o qədər də çətin məsələ deyil. Belə adamların neytrallaşdırılması bir neçə saatın işidir və Azərbaycanın hüquq-mühafizə orqanları lazımi göstəriş alsalar həmin adamların tam yararsız hala gətirilməsi üçün elə də çətin əməliyyatlar keçirməyə məcbur olunmayacaq. Bu gün Azərbaycan xalqının böyük bir hissəsi torpaqlarımızın azad olunması, ölkəmizin müstəqilliyinin təmin olunmasının tərəfindədirlər. Kimlərsə “5-ci kolon” vasitəsilə xalqın mübarizə əzmini qırmağa çalışacaqsa, bu da mümkün olan deyil. Burda yetər ki, dövlət-xalq, iqtidar-müxalifət birliyi, dialoqu olsun.  Hesab edirəm ki, hətta müharibə yaranacağı təqdirdə radikal müxalifətin əksər hissəsi də ümummilli məqsədlər uğrunda vətənin müdafiəsinə qoşulmaq məcburiyyətində qalacaqlar.

 

“Müxalifət xalq üçün daha əhəmiyyətli olan məsələləri müzakirə etməlidir”

 

- Qabil müəllim, Milli Şuranın son “vidokonfransında” üzvlərdən biri AXCP sədri Əli Kərimlini “Rəsulzadənin müasir davamçısı” adlandırmaqla ictimai narazılığa səbəb oldu. Eləcə də, Milli Şura bu günlər hökumətin təşəbbüsü ilə görüşlərdə iştirak edən bütün siyasi partiyaları xain adlandırıb, onlara qarşı təhqiramiz ifadələr işlədib.  Hakimiyyətin siyasi partiyalarla görüşü niyə bu dərəcədə təhlükəli hesab edir?

 

- Əslində “Rəsulzadənin müasir davamçısı” mövzusunu ortaya atıb, belə müzakirələrin ölkənin problemlərinə yardımçı olacağı qənaətində deyiləm. Bu qədər problemi olan ölkədə kiminsə özünə tarixi portret yaratmaq istəyi ətrafında aparılan müzakirələr gülüncdür və səviyyəsizdir. Hesab edirəm ki, belə məsələlər haqqında danışmaq kifayət qədər qeyri-ciddi söhbətlər olar. Yaxşı olardı ki, radikal müxalifət daha ciddi və xalq üçün daha əhəmiyyətli olan məsələləri müzakirə etsin.

Digər tərəfdən hesab edirəm ki, hökumətin müxalifətlə keçirdiyi görüşlər siyasi plüralizmin inkişaf edilməsi istiqamətində atılan müsbət addımdır. Çoxpartiyalı siyasi sistemin inkişaf etməsi üçün hökumət tərəfindən səylər göstərilir. Bunun bariz nümunəsi indiyə qədər 8-ə qədər partiyanın qeydiyyata alınaraq onların fəaliyyəti üçün şəraitin yaradılmasıdır. Üstəlik, Prezident Admnistrasiyasında siyasi partiyalarla işləyən şöbə yaradılıb və həmin şöbə siyasi partiya rəhbərləri ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə partiyaları maraqlandıran məsələlər müzakirə edilir, eyni zamanda  partiyaların təklifləri dinlənilir.  Zənnimcə, ölkədə siyasi konfiqurasiyanın geniş formatı  formalaşdırılmaqdadırsa, bu format demokratiyanın mühüm göstəricisi olan çoxpartiyalı siyasi sistemin inkişafına yönəlib. /ucnoqta/

       

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR