“Xalqımız dünya ictimaiyyətinin ədalətsiz mövqeyi ilə üz üzə qalıb” - MÜSAHİBƏ
Rauf Zeyni: “Prezident elə bir addım atdı ki, bütün dünyanın siması açıldı”
Azərbaycan Ordusu erməni hərbi təxribatına qarşı əks-hücum əməliyyatı keçirərək Vətənin Azadlığı uğrunda Vətən Müharibəsinə başlayıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı bu mücadilə bir sıra dövlətlər tərəfindən birmənalı olaraq dəstəklənmir və Ermənistanın işğalçılıq siyasətinə qarşı tədbirlər görülmür. Belə bir şəraitdə Azərbaycan ictimaiyyətinin, vətəndaş cəmiyyətlərinin atdığı addımlar əsas faktor olaraq önə çıxır. Eləcə də müharibə ərəfəsində vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti, gördüyü təbliğat işləri, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması yönündə hansı addımlar atılmalıdır sualını önə çıxarır.
Versus.Az xəbər verir ki, QHT Forumunun prezidenti Rauf Zeyni müsahibəsində mühüm məqamlara diqqət çəkib.
- Rauf müəllim, Azərbaycanın Vətən Müharibəsinə başladığı belə bir ərəfədə QHT olaraq vətəndaş cəmiyyətlərinin üzərinə hansı məsuliyyət yükü düşür. Bu gün QHT-lər Azərbaycanın haqq səsini dünyanın vətəndaş cəmiyyətlərinə ötürmək üçün nələr etməlidir və edir?
- Azərbaycan torpaqları 30 ilə yaxındır ki, mənfur düşmənlərin, mənfur qonşuların işğalına məruz qalıb. Xalqımız dünya ictimaiyyətinin ədalətsiz mövqeyi ilə üz-üzə qalıb. Belə bir vəziyyətdə bu işğala, terrora, ədalətsizliyə qarşı xalq, dövlət, o cümlədən vətəndaş cəmiyyətləri olaraq mübarizə aparırıq. Əsasən xalqımızın maarifləndirilməsi, milli birlik və həmrəyliyinin yaradılması, Azərbaycanın ədalətli möveyinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində Form yarandığı gündən bu günə qədər 21 ildir ki, fəaliyyət göstəririk. Tarixi xatırlatmaq üçün deyim ki, hələ 2004-cü ildə Azərbaycanda planlaşdırılan NATO təlimləri çərçivəsində erməni zabitlərinin Bakıya gəlməsinə qarşı etiraz tədbirləri keçirməklə bu prosesə imkan vermədik. O zaman ölkə Prezidenti cənab İlham Əliyev də bizi dəstəklədi. O zaman erməni zabitlərinə görə NATO təlimlərinin Azərbaycanda keçirilməsi təxirə salındı. Biz vətəndaş cəmiyyəti olaraq bütün dövrlərdə bu səpkili faəliyyəti göstərmişik. Bu gün də biz son 20 ildə ictimaiyyət arasında təbliğat aparırdıq ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasət öz nəticəsini verəcək və Azərbaycan xalqı, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edəcək. Bu gün Mübariz İbrahimov da öz ruhu ilə döyüşür. O, qəhrəmancasına döyüşdə həlak olanda onun cəsədinin düşməndən geri alınması ilə bağlı tədbirlər keçirdik. Ölkə Prezidentinin də dəstəyi ilə çox böyük işlər görüldü. Demək istəyirəm ki, o zaman da, Aprel Döyüşləri zamanında da Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu çox geniş miqyasda tədbirlər keçirdi və bu gün də ordumuzun, xalqımızın Vətən Uğrunda savaşa səfərbər olduğu bir vaxtda biz yenə də cəmiyyətimizin, ictimaiyyətin, Ordumuzun yanındayıq. Bilirsiz ki, 1128 QHT təşkilatının imzası ilə ölkə Prezidentinə minnətdarlıq, dəstək məktubu göndərildi. 502 qeyri-hökumət təşkilatı dünya ölkələrinə, eyni zamanda İctimai Lider Platforması da ABŞ, Fransa, Rusiyaya müraciət edərək bu gücləri ədalətsizliyə, ədalətsizliyə son qoymağa çağırdı. Nəhayət ki, Azərbaycan xalqı, Azərbaycan ordusu 30 il Azərbaycanda problemin həll olunmasında ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar tərəfindən heç bir dəstək göstərilmədiyinə görə sonda Ali Baş Komandanın əks-hücum əmri ilə öz haqlı müharibəsinə başladı. Bu gün tarixi torpaqlarımız da işğal altındadır və Azərbaycan Ordusu İrəvana qədər gedə bilər. Nəhayət Ali Baş Komandan əks-hücum əmrini verdi və 4 gündür gedən döyüşlərdə ordumuzun uğurları var və o uğurlar davam edəcək. Əminəm ki, bütövlükdə Qarabağı işğaldan azad edib hər bir kəndimizdə Azərbaycan bayrağını dalğalandıracağıq.
- Siz də qeyd etdiyiniz kimi, Ali Baş Komandanın əmri ilə Ordumuzun əks hücumları başlayıb və bir çox ekspertlər belə qeyd edirlər ki, burda ictimaiyyətin deyəcəyi başqa bir sözü yoxdur və torpaqlar hərblə azad olunmalıdır. Eyni zamanda bu gün informasiya müharibəsi gedir və həm də haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər aparılmalıdır və aparılır. Məsələyə bu aspektdən yanaşanda beynəlxalq ictimaiyyətin mövqeyini necə dəyərləndirərdiniz?
- Beynəlxalq aləm Qarabağ məsələsində həmişə lal və kar olub. Beynəlxalq aləmdə ədalət hissi ölüb. Biz dəfələrlə bunu efirlərdə, mətbuatda keçirilən görüşlərimizdə demişik ki, əgər beynəlxalq hüquq varsa, bu ədalətsizliyə son qoymalıdır. BMT-nin 4 qətnaməsi 26 ildir yerinə yetirilmir, nəyə görə atəşkəs rejimi yerinə yetirilmir və nəyə görə Minsk qrupunun faktaraşdırıcı missiyası bölgəyə gəlib faktları yoxlasa da, heç bir tədbir görmür. Ümumiyyətlə, ədalətsizlik o dərəcəyə gəlib çatıb ki, hətta Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri bu məsələni həll eləmək əvəzinə, gəlib Qarabağı alıb Ermənistana verməklə məşğul olurdu. Bİz bu mövqe ilə heç vaxt razılaşmamışıq. Amma bəyanatlar göndərdiyimiz beynəlxalq təşkilatlar, onların parlamentləri təəssüflər olsun ki, həmişə susublar və Azərbaycan türk müsəlman dövləti olduğuna görə ona qarşı irqçi düşmənçilik mövqeyindən çıxış ediblər. Yadınızdadırsa, Fransa prezidenti Emanuel Makron Ermənistana Frankaponiya konfransına gəlib orda selfi çəkdirirdi. Bəs Makron o zaman Paşinyan və arvadı Anna Akopyanın yanında olanda niyə onlara demirdi ki, “ay demokrat” niyə başqasının torpağına keçib işğalçılıq edirsən, niyə demədi ki, işğala son qoy!”. Niyə onda susurdu və niyə bu gün Prezident İlham Əliyevə zəng edib deyir ki, döyüşləri dayandırmalısan, nəyə görə!? O vaxt mən Fransa dinləmələrində çıxış edəndə də dedim: cənab Makron, əgər siz Fransanın prezidentisinizsə, siz demokratik dəyərlərə üstünlük verirsinizsə, onda siz bitərəf olmalıydınız, Ermənistana gəlməməliydiniz. Ən azından ATƏT-in Mİnsk qrupunda olan dövlətin başçısı kimi neytrallığınızı qorumalıydınız. Bəs niyə eləmədiniz, bəs niyə gəlib erməniyə dəstək verdiniz?! Bu günə qədər niyə Azərbaycana gəlməyib o? Bütün bunların hamısı faktdır və bu istiqamətdə araşdırmalar aparırıq. Orda erməni lobbisi güclüdür və erməni səslərinə ehtiyacları olduğuna görə ermənipərəst mövqe sərgiləyirlər. Bu yalanlar artıq bitdi! Prezident elə bir addım atdı ki, bütün dünyanın siması açıldı.
- Rauf müəllim, vətəndaş cəmiyyəti təşkilatısız və yəqin ki, bu ərəfələr insanlar arasında daha çox olursuz. Təbii ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması yürüşünə başlamaqla özünə yeni tarix yazacaq. İnsanlar sevinir, qürurlanır və böyük həyacan, qorxu hissi də yaşayır. Birdən beynəlxalq təşkilatların bizə göstərdiyi təsirlərlə qələbəyə gedən yolumuz kəsilər, birdən döyüş dayanar. Bu məsələ ilə bağlı üzünüzü insanlara tutub nə deyərdiniz?
- Dünən biz müharibə bölgəsində idik. Bir şəhidimizin dəfnində də iştirak elədik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Eyni zamanda, əhali ilə ayrıca görüşlər də keçirdik. Bütün əhali, vətəndaşlar, soydaşlarımız hamısı ölkəmizi, dövlətimizi, ordumuzu, ölkə Prezidentini dəstəkləyir. Bu gün hamımız bir səngərdə birləşmişik. Bu gün insanların hamısında ruh yüksəkliyi, döyüş ruhu var. Bu bizi çox sevindirir. Onlarla söhbətlərimizdə də dedim ki, əslində Qarabağ 200 il bundan qabaq Rusiya imperiyası tərəfindən işğal olunub, ermənilərə ərmağan olunub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad olunması tariximizə aydınlıq gətirməkdir. Ali Baş Komandan 200 ildən sonra şərəfli bir zəfər yürüşü edib torpaqlarımızı azad etməklə yeni tarix yazacaq. Necə ki, Təbrizdə konsulluğumuzda Azərbaycan bayrağını qaldırmaq cənab İlham Əliyevə qismət olmuşdu, Allahın izni ilə Qarabağın azad olunması kimi bu şərəfli tarixi də İlham Əliyevin həyatına yazılacaq. İnanıram ki, torpaqlarımız tam azad olunacaq və ölkə başçısı başda olmaqla Xankəndində və Qarabağın bütün bölgələrində Azərbaycan bayraqları və cənginin sədaları altında yallını birgə gedəcəyik! /hafta.az/
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"