Yas tutmaq deyil, hərəkət etmək vaxtıdır

17:56 25-12-2020 | icon 3585 | Köşə
Yas tutmaq deyil, hərəkət etmək vaxtıdır

Sosial işçilər əməli yardım üçün təhkim olunmalı qazi ailələrinə

 ÜLVİYYƏ ABIŞOVA

 
 

Ağlamağı-sızlamağı sevənlər, yas tutmağı sevənlər, pafoslu danışmağı sevənlər, onu-bunu qınamağı sevənlər, amma daldada daha betər olanlar, olmayanlar, sizləri bilmirəm, mən Yeni il keçirdəcəm, yolka da quracam, qızımı da sevindirməyə çalışacam. Gələn ilin bütün xalq və dünya üçün çox daha xoş olmasını arzu edəcəm, əlimdən gəldiyincə şəhid-qazi ailələrinə yenə də əlimdən gələn diqqəti göstərəcəm. Şəhidlərin 40-ı çıxsın deyənlər, rəqəmlərə bağlı deyil bu işlər. Yaxınlarını itirənlər bilir, bu ağrı-acı rəqəmə bağlı deyil. İstər 40 gün keçsin, istər 10 il... O acı, o ağrı kütləşir, keçmir, qəlbinin sol tərəfində özünə daimi məskən salır.

 
 
Şəhid deyirsiniz, amma mənim üçün şəhid ailələrindən də daha ağır hiss edən bir təbəqə var. O da hər iki əlini itirən, gözünü itirənlər və onların yaxınlarıdı. Ən-ən xırda zərurətini ödəmək üçün hər an başqasına möhtac qalanlardı. Şəhid bir dəfə köçür dünyadan, ailə də bu dərdini ömür boyu çəkir. Şəhidindən başqa övladı varsa, həyat bir şəkildə yenə davam edir, necəsə bağlanır həyata. Bir də bizlər də onlara yetərincə qiymət versək, onlar məğrur, başı dik yaşayarlar. Yayılan videolardan da şəhidlərimizin necə əzmkarlıqla döyüşə getdiyini görürdük. Hələ bir çoxları da dönə-dönə yola salanlarına ağlamamağı, başı dik durmağı tapşırırdılar. Bəlkə biraz məğrur olmağı da öyrənək. Bəlkə şəhidlərimizi ağlayıb-sızlayıb qara bağlamaqla deyil, məhz qəhrəmanlıqlarıyla yaddaşlara həkk edək, yaxınlarına hörmətimizlə onların ruhunu şad edək. Bayram qabağı şəhid balalarını sevindirməklə, könüllərini xoş etməklə. Şəhidi tək övladları olan ailələrin durumu daha çətindi mütləq. Həyata tutunma səbəbləri gedib. Onları hamımız birəbir tanımaya bilərik - bu normaldı. Amma tanıyan hər kəs onlara o qədər yüksək ehtiram göstərməlidir ki, övladlarının xatirəsini o qədər yüksək tutmalıdır ki, pandemiya bitəndən sonra onları tədbirlərə dəvət edib ən öndə yer verilməlidir ki, görsünlər ki, Vətən şəhidinin qiymətini bilir. Onlara həyata tutunmaq səbəbini artıq cəmiyyət verməlidir. Övladları adına nələrsə etməyə sövq etməlidir. Əlbəttə, bacarsaq...
 
 
Qazilər... əzalarından hansınısa və ya bir neçəsini itirənlər... bunların durumu daha ağırdı. Gözünün önündə dünənə kimi sap-sağlam olan, atıb-tutan, arzularla dolub-daşan, indi isə ya çarpayıya ya əlil arabasına məhkum olan qazilərimiz... Onları bugün daha çox düşünməliyik. Onları o vəziyyətdə mümkün olduğu qədər həyata bağlamağı, cəmiyyətə qazandırmağı, o vəziyyətdə nə ilə məşğul ola biləcəklərini düşünməli, onların cəmiyyətdən təcrid olub özlərinə qapanıb ruh düşkünlüyü yaşamamaları üçün tədbirlər görülməlidir. Bir də var tamamən başqasından asılı duruma düşənlər. Bir neçə gün əvvəl bir foto gördüm. Ata hər iki qolunu itirən can qazimizin çayını qarışdırır... Ana isə əli qoynunda pəncərə önündə... Sözlər bitər....
 
Bunları düşünmək lazımdı. Yəni yas tutmaq deyil, hərəkət etmək vaxtıdır.
 
 
Bir təklifim var. Bəlkə düşünülüb artıq, bəlkə hələ yox. Könüllü dediyimiz dəstələr var. O könüllüləri də cəlb etməklə və sosial işçilər ayırmaqla belə ailələrə əməli kömək etmək lazımdır. Növbəlilik şəklində ya bir başqa formada o ailələrə təhkim olunmalıdı sosial işçilər və könüllülər. Xəstə baxıcıları gözəl bilir, nə qədər çətindi bir xəsətəyə daim baxmaq. Tükənir insan özündən asılı olmayaraq. Hələ bu insanın sonradan bu hala düşən övladıdırsa, o valideynlər hər an ölür. Onlara bugün hər kəsdən çox ƏMƏLİ yardım lazımdır. Onlara mütləq kənardan dəstək lazımdır. O qazimizlə normal ünsiyyət qura biləcək insanlardan gələn Əməli dəstək. Bunlar haqqında düşünmək lazımdır. Ağlayıb-sızlamaq kənardan işin ən rahat hissəsidir. Zatən 30 ildi etdiyimiz budur. Dünən Şuşanı geri qaytarmanın Zəfərini, digər torpaqlarımızın geri qaytarılmasının sevincini coşquyla yaşayan bizlər deyilmiydik?! Çox gözəl haldır ki, bugün azyaşlı övladlarımız artıq qalib ruhunda böyüyəcəklər, bizlər kimi 30 ildi torpaqları itirilmiş, natamamlıq kompleksi yaşayan nəsil kimi böyüməyəcəklər. Onları da öz ruh düşkünlüyümüzə salmayaq. İmkan verək ki, Qalib ölkənin vətəndaşları kimi böyüsünlər. Əminəm ki, günü sabahdan toylara rəsmi icazə verilsə, bugün bayram qeyd etmək istəyənləri qınayanlar toya da gedəcək, ad günü də keçirəcək, evində ziyafət də verəcək. İkiüzlü olmaqdan çıxaq. Mənən öldürməyə, məhv etməyə can atmayaq. Hünərimiz varsa, imkanımız varsa, cəmiyyətin inkişafı, irəli getməsi üçün nəsə edək.
 
Bir sözdən əminəm ki, hər zamanın öz hökmü var. Dünən döyüşə hünərlə girən, ölümün gözünə dik baxan əgərlərimizdi elə Şuşada ilk yolkanı qurub bəzəyənlər. O əsgərlərimiz bizlərdən daha gözəl bilir müharibənin nə olduğunu. Onlar gözlərinin önündə ititriblər döyüş yoldaşlarını. Onlar birəbir çəkiblər bütün ağrıları-acıları. Amma yenə də onlardı dünən dost, yoldaş, cəbhədaş itkisi verib azad etdikləri torpaqlarda bugün toy-bayram edən, çalıb-oxuyan, zarafatlaşan, arzu-istəklərini, problemlərini, sevinclərini - hər hallarını yaşayıb yaşadan, həyatın hər üzünü bizlərə göstərən əsgərlərimiz. Onlar əməlləriylə hər zamanın öz hökmü olduğunu göstərir bizə.
 
 
Xocalı faciəsi illər keçsə də, normal heç kimsənin yadından çıxmır. O yaşananlardan sonra toy-bayram edən millət bugün Qələbədən sonra daha ürəklə bayram qeyd etmək haqqını elə qanıyla qazanıb. Unutmayaq ki, elə bayram edən də əsasən canını torpağa qurban verməyə hazır olan gənclərimiz olur. Hə, təmtəraqlı olmasın - olsun, bu, işin başqa tərəfidir. Bugünki pandemiya reallığı zatən heç bir təmtərağa imkan vermir.
 
 
Başı dik, keçmişindən dərs alıb gələcəyini ağılla, məntiqlə quran toplum olaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR