Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, möhtəşəm zəfərimizin qəhrəmanları sırasında yer alan Nizami Hüseynli, Fərhad Allahverdizadə, Arzu Şükürov, Xəqani Hüseynov və Kamil Balakişiyev ordudan tərxis olunaraq mülki həyatlarına qayıdıblar.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirliyin kollektivi iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə onlardan Nazirliyin Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi, baş leytenant Nizami Hüseynli üç medalla - “İgidliyə görə” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ordudan tərxis olunan əməkdaşlara tarixi zəfərimizin qazanılması uğrunda hərbi əməliyyatlarda iştirak edərək göstərdikləri şücaətlərə görə təşəkkür edib, gələcək həyatlarında uğurlar arzulayıb.
Ümumilikdə nazirlik sistemindən 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, tarixi zəfərimizin qazanılmasına töhfələrini verib.