“Mən o vaxt bu şeiri yazanda təsəvvür eləmirdim ki...” – MÜSAHİBƏ

15:45 28-01-2021 | icon 911 | Siyasət
“Mən o vaxt bu şeiri yazanda təsəvvür eləmirdim ki...” – MÜSAHİBƏ

Sabir Rüstəmxanlı: “Bu bizə imkan verir sabah deyək ki, Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın”

 

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, onun birliyi mübrizliyindən ruh alaraq daha çox sevilir. Əbəs deyil ki, milli istiqlaliyyət, azadlıq hərəkatlarında şair və ədiblərimiz xalqın sözə ehtiyacının olduğu zamanlarda susmadılar. Lakin tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərb, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə də, millətin illərlə nüvələşən, bərkiyən O mənəvi gücünü sarsıda bilmədilər. Və Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Düşmən üzərində qələbənin bu sirrini də öyrəndik...

 

Versus.Az xəbər verir ki, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı müsahibəsində bu və ya digər incə nüanslara diqqət çəkib.

 

- Sabir müəllim, Ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbə zəfərinin fəlsəfəsində və bu zəfərin ədəbiyyatının rüşeyimində dayanan nədir?

 

- Millətin qələbə zəfəri ilk növbədə sözdən, ədəbiyyatdan başlayır. O, bütövlükdə mədəniyyətin bütün sahələrini əhatə edir. Burda musiqi də var, rəssamlıq da... Azərbaycanın 1988-90-cı illərdə ermənilərin torpaq iddiasına cavab olaraq ayağa qalxması, o milli azadlıq, müstəqillik hərəkatı 60-70-80-ci illərin ədəbiyyatından can alaraq başlamışdı. Xalqın taleyində ciddi rol oynayan hadisələr həmişə ədəbiyyatdan, müəyyən sənət adamlarının yaradıcılığı ilə kütlənin içərisinə daxil olur, yayılır. Bu, birmənalı olaraq bütün dünyada qəbul olunmuş bir teoriyadır. Bunun başqa izahı yoxdur. Bu mənada, indiki qələbəyə gələn yolun başlanğıcında təbii ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət, diplomatiya ilə yanaşı, böyük bir mənəvi baza dayanır. Hansı ki, O mənəvi ruh, xalqın qələbəyə olan ümidini qırılmaqdan qorudu, Qarabağın ağrıları-acıları dinmədi, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı. Beləcə, öz varlığını, fəaliyyətini, yalan üzərində quran erməni vandallarının iç üzü açıldı. Bütün erməni eybəcərliyi, cinayətləri, eməni yalanları kitabların, yazıların, jurnalistikanın, ədəbiyyatın xətti ilə dünyaya təqdim olundu. Bu mənada Qarabağ zəfərində ordu ilə yanaşı, həm də orduya mənəvi güc verən,  xalqın ruhunu yüksəklərdə tutan sənət və ədəbiyyatın rolu böyükdür...

 

- Bu gün işğaldan azad olunmuş ərazilərimizin indiki mənzərəsi, istər ədəbiyyat, kino, sənədli, bədii, tarixi  filmlər, tarixin özü üçün canlı bir ədəbiyyatdır. Maraqlıdır ki, bu tarixi yazmaq üçün hansı işlərə start verilib, erməni vandallığını ifşa edən böyük tarixi, bədii, ədəbi əsərlərin yaradılması üçün nə edilməlidir?

 

- Bu işin uğurla aparılması dövlətdən asılıdır. Kino əsərlərinin yaranması, ermənilərin bu 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri işğal faktları, bütün vəhşilikləri, terror və cinayətləri, insanlığa yaraşmayan o dağıdıcılıq əməllərinin qeydə alınıb dünyaya çatdırılması, beynəlxal məhkəmələrə verilməsi, təzminatın tələb olunması kimi məsələlər ciddi və ardıcıl yanaşma tələb edir. Eləcə də dağıdılmış mədəniyyət və tarixi abidələrimizin qeydə alınması, əvvəlki görüntüsü ilə indiki vəziyyətinin müqayisəli şəkildə araşdırılması dövlətin öhtəsinə düşən mühüm işlərdəndir və düşünürəm ki, dövlət bu işləri görür. Təbii ki, bu prosesdə həm də mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin, kino xadimlərinin əməyindən də istifadə edilməlidir. Amma bir də var, bu işin sırf ədəbi tərəfi...  Hər yazıçı buna öz təxəyyülü, xatirəsi, 30 ildə içində yaşadığı hadisələr fonunda yanaşacaq. Bu onun öz ruhi durumuna bağldır. O öz düşüncələrində hadisələrə yenidən nəzər salıb baxır, qiymət verir və onu ədəbi əsərə çevirir. Bu da artıq yazıçıların, şairlərin şəxsi həyatı, şəxsi yaradıcılıq prosesləri ilə bağlıdır.  Məsələn, müğənni Elçin Cəfərov Vətən Müharibəsi ərəfəsində hələ mənim müharibə başlayan vaxt -1992-93-cü illərdə  yazdığım bir şeirə mahnı bəstələdi.   Bu mahnı cəbhədə əsgərlər arasında ən məhşur mahnılardan biri idi. Mən o vaxt o şeiri yazanda təsəvvür eləmirdim ki, bu, mahnıya çevriləcək və əsgərlərimizə mənəvi dayaq olacaq. Yaxud, müharibə qurtardı və “Qarabağa dönüş” haqqında bir poema yazdım. O da geniş yayıldı.  Zəfərdən sonra ilk yazılan əsər oldu və tənqidçilər ona “Zəfər dastanı” dedilər. Bir il əvvəl, hələ savaş bitməmişdi, yazmışdım ki, ümidimiz üzülməyib, hələ savaş davam edir. Bir ildən sonra, şükr ki, o savaşın qələbə ilə bitdiyini də gördüm. 

Yəni bu hisslər, hər yazıçının öz dünyası, dünya görüşü, inamı, tarixə baxışı və təfəkkürü ilə bağlı olan məsələdir. Ona görə də inanıram ki, bu gün, xüsusən uşaqlığı Qarabağda keçmiş, qaçqın həyatı görmüş bir ədəbi nəsl, şairlər, yazıçılar nəsli var. Onlar mütləq azadlıq ruhu ilə yeni əsərlər yazacaqlar. Çünki bizim millət məğlubiyyət duğusuna çətin alışır, onu qəbul etmək istəmir. Amma zəfər duyğusu həmişə ədəbiyyatımızı qanadlandırır. İndi artıq görürəm ki, xeyli şeirlər, heykayələr yazılır və bu davam edəcəkdir.

 

- Sabir müəllim, tariximizin Milli Azadlıq Hərəkatı səhifəsində ön sırada dayanan şair, siyasətçi, turançı ideyası ilə formalaşan bir ziyalı olaraq, bu günün geosiyasi, ictimai gərginliyi fonunda ortaq nöqtəni necə tapa bilirsiz. Necə hesab edirsiz, milli kimliyimizi tam olaraq bərpa etmək üçün hansı kəsirlərimiz aradan qaldırılmalıdır?

 

- Sovet dövrü və ondan sonrakı dönəmlərdə xalqın arasında ziyalıya olan inamı həmişə sarsıtmağa çalışıblar. Hətta o gün televiziya verilişlərinin birinə baxıram, deyirlər ki, filankəslər - adlarını da çəkirlər - KQB-nin sifarişi ilə meydana gəliblər. Halbuki bu adamların KQB ilə heç bir əlaqəsi yoxdur. Mən birinci gündən demişdim ki, kəfənimi boğazıma doladım, gedirəm meydana... Yəni bu ideya, bu inamla gedirsən. Nə KQB, nə dövlət, o vaxt dövlət var idi?.. Dövlət meydandan asılı idi. Meydanın hakimi biz idik, ölkənin də hakimi meydan idi.  Ona görə də ziyalının rolunu kiçiltmək, xalqın rolunu kiçiltmək olmaz. Xalqa hörmət və inam bəsləmək lazımdır. 

Biz o meydan hərəkatına ədəbiyyatdan, sözdən gəlmişdik. Dərnəklərdən, keçdiyimiz yollardan, Bakının zavod və fabriklərdə apardığımız görüşlərdən gəlmişdik. Bu 30 ildə millətə bir inamsızlıq toxumu səpməyə çalışdı. Bu millətə “unudun, Qarabağı yaddan çıxarın, Qarabağı dilə gətirmək lazım deyil” fikrini təlqin elədilər. Amma xalq göstərdi ki, heç nəyi unutmayıb, onun mənəvi gücü yerindədir.

Stalin və ondan sonrakılar milli kimliyimizi dəyişdirmək üçün çox adlar fikirləşdilər. Amma həyat göstərdi ki, Azərbaycanda Türk kimliyi həlledicidir. O bir türkdür və onun yanında dayanan qardaş Türkiyə var. Türk kimliyinin, Türk-İslam birliyinin bir qanadı da Pakistandır. O da türk sevgisi ilə bu proseslərə qatılmışdı. Bunu heç nə ilə bu millətə unutdurmaq olmaz. Eyni zamanda bunu sandığa qoyub saxlamaq da olmaz. Bu türk kimliyi daim bizim həyatımızda zənginləşməlidir. Onun tarixi, qol-qanadı öyrədilməlidir, təbliğ olunmaldır. Cavan nəsl öz tarixini, keçmişini bilməlidir. Erməni özünün uydurma tarixi ilə yeni nəsl böyüdür. Biz isə heç nə uydurmadan bizim olanı övladlarımıza öyrətsək, bu, uşaqlarımızın qəhrəmanlıq ruhu ilə böyüməsinə bəs edər.

 

- Bizim zəngin tariximiz var. Amma zaman-zaman işğala məruz qalmışıq və bu gün 4 tərəfdən öz torpaqlarımızla sərhəddəyik, bunun özü çox şey deyir. Görünur ki, şairlərimiz, ziyalılarımız, ədəbiyyatımız siyasətin o çirkin gərdişinə təsir etmək gücünü əldə edə bilməyib.

 

- Mən şəxsən elə düşünmürəm. Məsələn, indi mən neçə ildir partiya sədriyəm. Amma bizim nəsl hətta sovet dövründə yaranmış o ədəbiyyatın özünün alt qatındakı o milli ruhu duyurduq, hiss edirdik. Ondan əvvəl məsələn, Mirzə Fətəli Axundzadədən başlanan yeni Azərbaycan ədəbiyyatı var idi. Mirzə Cəlil, Sabir, sonra sovet dövrünün ədəbiyyatında yer alan Ordubadinin romanları, Cənubi Azərbaycanla bağlı Mirzə İbrahimovun “Gələcək gün” romanı var idi. Nədənsə “Gələcək gün”ü dərsliklərdən çıxartılar. Halbuki o, Azərbaycanın bütövlük duyğusunu korşalmağa qoymayan bir əsər idi. O dövrlərdə Səməd Vurğunun, baxmayaraq ki, Stalinlə, Moskva ilə bağlı çox yazıları olub, onun həm də “Yandırılan kitablar” şeiri, “Aslan Qayası” poeması da var idi. Elcə də Süleyman Rüstəmin “Cənub həsrəti” şeirlər kitabı, Balaş Azəroğlunun, Zöhrab Tahirin, Bəxtiyar Vahabzadənin və sair ədiblərin şeirləri var idi ki, Azərbaycanın milli siyasəti bunların içindən keçib.  Bu milli siyasət Moskvadan, Avropadan gələn kommunist ideologiyasını üstələdi. Onu Azərbaycan zehnindən silib atdı. Ədəbiyyatçılar bundan artıq neyləməlidirlər?..

 

-  Mübarizlik ruhlu, milli yaddaşımızı oyadan əsərlər nə zaman yaranır - Qələbədə, yoxsa ondan əvvəl?

 

- Qeyd etdiyim kimi, bizim millətə məğlubiyyət duyğusundan yazmaq çətindir. Bütün bu məsələlər istedada bağldır, burda nə məğlubiyyət, nə də zəfər əsas deyil. Yazı-pozu işində əsas onu  yazanın istedadı, milli ruhudur.

Məsələn, 1905-1907-ci il erməni-müsəlman qırğınına dair Ordubadinin 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” kitabı o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazılıb. Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsəri həm XX əsrin birinci onilliyində xalqımızın başına gətirilən faciələrin miqyasını açıb göstərmək, həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin mahiyyətini öyrənmək baxımından qiymətli mənbə hesab olunur. Qılman İlkinin, Manaf Cüleymanovun o dövrlə bağlı kitablarında, müəyyən faktlar göstərilib. Amma o faciələri göstərən böyük əsərlər yazılmayıb. İndi hesab edirəm ki, bütün bu məsələlər yazılmalıdır.

 

- Sabir müəllim, təbii ki, ədiblərimiz, şairlərimiz öz sözünü kifayət qədər deyib. Amma torpaqlarımızı əsarətə alan repressiyaya məruz qoyulan millətin güclü diplomatiyasının yaranmasına təsir edə bilməyib. Əvvəlki sualımda ədəbiyyatımızın düşmən siyasətinin qarşısında hansı səbəbdən sədd yarada bilməməsi səbəblərinə toxunmaq istəmişdim.

 

- Təəssüf ki, indi də diplomatiyada, idarəçilik sistemində  Azərbaycan milli ideologiyasının şinelindən çıxmayan və yaxud Azərbaycan məktəbini qurtarmayan, kənar təsirlərlə yetişən müəyyən təbəqə var. O təbəqə heç vaxt bizim dediyimiz, o əsl milli ruhu hiss eləmir. Əslində o adamların diplomatiyada, siyasətdə olmaları ziyan vurur. Çünki bunlar daim xarici ölkələrlə təmasdadırlar, onlara anlatmalıdırlar, deməlidirlər.  Bu mənada gələcək nəsil bu iki mədəniyyətin ikisinə də vaqif olsun, ikisinə də yiyələsin. Bir yandan Azərbayacan mədəniyyəti, bir yandan dünya mədəniyyətini bilsin. Amma eyni zamanda öz kökümüzdən heç vaxt qopmasın.

 

- Rusiya sülhməramlılarının Qarabağa gəlişini və regionda separatizmin tam təmizlənmədiyini nəzərə alsaq, hələ ki, suverenliyimiz tam bərpa olunmayıb. Bu fonda Milli Məclis əsas milli məqsəd və ideyalarımızla bağlı nə dərəcədə cəsarətli, cərəyan edən proseslərə adekvat çıxış edə bilir?

 

- Milli Məclis ölçü-biçi daxilində həmişə öz sözünü deyib. Mən şəxsən Rusiya sülhməramlılarının əraziyə gəlməsinə böyük faciə kimi yanaşmıram. Əlbəttə, arzulamazdım gəlsin, amma bu proses baş verib. Şübhəsiz ki, ordumuza imkan verilsəydi, gedib Yerevana da çıxardı. Amma sonrası necə olacaqdı. Hər halda dünya, ermənipərəst qüvvələr bu məsələni sakit buraxmayacaqdılar. Azərbaycanın hansı təzyiqlə üzləşəcəyi, Dağlıq Qarabağla bağlı yaranan Minsk Qrupu dövlətlərinin  hansı addımları atacağını hesablamaq lazım idi. Ona görə də regionda uğurlu gediş etmək üçün təkcə Rusiyanı, onun sülhməramlılarını söymək yetərli deyil.

Biz Azərbaycanın bu haqlı müharibəsində Avropa ölkələrindən və Rusiyadan fərqli münasibət gördük. Bunu dəyərləndirib götür-qoy eləmədən, elə “niyə rus gəldi”  demək də düz deyil.  30 ildir ermənilər Azərbaycanda özlərinə min cür yalan uydurublar. İndi bunların yalan olduğunu dünyaya göstərə bilirik. İndiki mərhələdə bir barış olmalıdır. Bu prosesdə də Rusiya ortaya girib və inşaallah məsələnin həllinə nail olacağıq. Ona görə də Rusiya sühməramlılarına da təmkinlə sakit yanaşmaq lazımdır. Bütün sərhəd Azərbaycanın nəzarətinə keçəcək və inşaallah hər şey yaxşı olacaq.

 

- Sabir müəllim, sizin “Millətim” şeiriniz var, hansı ki, Vətən Müharibəsi ərəfəsində dəfələrlə dinlədik:

 

Çəkil torpağımdan, ey yağı düşmən,
Mən şeytan ümüdün üzən millətəm.
Dünyanı üstümə qaldırdın yetər,
Dünyanın dərdinə dözən millətəm!

Mənim yoluma bax, əzəldən haqdı,
Haqqı gücsüz bilib, gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı sonunda kəsən millətəm!..

 

Millətimiz düşmənlə hesabını tam kəsə bildimi. Bütövlükdə qarşımızda hansı vəzifələr durur?

 

- Biz düşmənlə hesabı kəsdik. Biz sərhəd, torpaq bütövlüyümüzü də bərpa eləmişik. Dağlıq Qarabağda qalan ermənilər əslində bizim vətəndaşlardır. Bu bizə imkan verir sabah deyək ki, bizim də Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın.

Biz monorespublika yaratmaq niyyətində də deyilik.  Ermənilərin orda qalmasından istifadə edərək dünyaya milli xarakterimizi daha yaxşı göstərmək istəyirik. Bəlkə də bu bir qədər təskinlikdir, bəlkə də ərazilərimiz tam təmizlənsəydi, daha başqa cür danışa bilərdim. Amma, hər halda bu da bir faciə deyil. Hesab edirəm ki, biz tam maksimalist olub deyə bilərik ki, Ermənistan da bizimdir, İrəvan da bizimdir. Amma dünyadakı reallıqları da nəzərə almaq lazımdır. Biz əlimizdə olan və mövcud dünya şərtlərini nəzərə alsaq, öz məqsədlərimizi yerinə yetirmişik. Müəyyən işlər qalır, onlar da görüləcək. Biz boşalan torpaqlarımızı bərpa eliyənə qədər, Qarabağda qalan o müəyyən tör-töküntülər də ordan təmizlənəcək.

Onu da deyim ki, qələbədən sonra “Millətəm” mahnısından heç də geri qalmayan ikinci bir mahnını yazmışıq, inşaallah bu günlərdə ortaya çıxacaq. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR