REPORTAJ: "Biz nə Ağdamı gördük, nə də bu şəhərdə bir ağ dam gördük"

10:08 15-02-2021 | icon 737 | Qarabağ
REPORTAJ: "Biz nə Ağdamı gördük, nə də bu şəhərdə bir ağ dam gördük"

 

 

Qarabağda adında ağ sözü olan xeyli yaşayış məntəqəsi var - Ağdərə, Ağdaban, Ağkənd, Ağtəpə, Ağbənd, Ağcakənd, Ağbulaq və başqaları. Bu ağ adlı, qara baxtlı şəhər və kəndlərimizin başında Ağdam gəlir.

Güzarımız Ağdama düşmüşdü. Orda olduğumuzu bilən dostlar telefonla ilkin təəssüratımızı soruşurdular: “Necədir şəhər? Ağdamı necə gördünüz?”

Sözünü düzünü deyək: Biz nə Ağdamı gördük, nə də bu şəhərdə bir ağ dam gördük. Ümumiyyətlə, damı olan tikili görmədik. Biz vaxtilə Ağdam olmuş bu viranəlikdə yalnız uçuq-sökük binalar, ağacları kəsilmiş həyətlər, hər şeyi dağıdılmış, quru yurda döndərilmiş bir məkan gördük.

Bizimlə bərabər Ağdama getmiş insanlar, xüsusilə də ilk dəfə gedənlər məlul-müşkül şəkildə ətrafa göz gəzdirir, xarabalığın içində vaxtilə yaşadıqları, oxuduqları, tanıdıqları yerləri axtarırdılar: “Bura bankın binasıydı”; “Bax, ora dram teatrıydı”, “Burda mexanizasiya texnikumu yerləşirdi”, “O tamam dağılmış yer raykomun binasıydı”; “Bazar və univermağa burdan dönüb gedirdik”; “O əyilmiş dəmir var ha, o, məşhur üçmərtəbəli çayxananın pilləkənlərinin dəmiridir” və sair və ilaxır.

Bəzən adamlar öz aralarında mübahisə də edirdilər: “Yox, bu, köhnə qəstinsanın binasıdır, sonra hansısa idarəyə vermişdilər”; “Bu uçuq binanı heç cür tanıya bilmədim, deyəsən, milis idarəsiydi”. “Yox, ora deyildi, milisiyə o biri küçədəydi”.

Ağdamın yeganə salamat qalmış, uçurulub dağıdılmamış binasının – Şah Abbas məscidinin minbərindən baxanda şəhərin xarabalığı daha aydın görünür.

Əslində heç məscid də tam salamat deyil. Üzlüklərinin bir xeyli hissəsi qoparılıb, armaturları görünür, kümbəzlərin bir neçəsi uçurulub, məscidin içində abadlıqdan, səliqədən əsər-əlamət yoxdur. Ermənilər bu məscidi sadəcə körk üçün, dikələn minarələrini əcnəbilərə göstərmək, özlərinin nə cür “tolerant və mədəni xalq” olduqlarını sübut etmək üçün salamat saxlayıblar. Yəqin ki, bu, hərbi məqsəd də daşıyıb. Məscidin minbərinin başından on kilometrlərlə məsafə aydın görünür. Biz Şelli kəndində olarkən təpədən Ağdama səmtinə baxdıq: məscidin minarələri aydın görünürdü.

photo_2021-02-14_19-41-16.jpg (151 KB)

Dağıntıların miqyası o dərəcədədir ki, açıq-aydın bu, hərbi əməliyyatların əsəri deyil. Talan və dağıntı ən azı 10 il boyunca davam edib. Bir-iki ilə bu boyda qurulu şəhəri bu vəziyyətə çatdırmaq üçün minlərlə söküntü briqadaları işləməliydi.

Azərbaycan sovet yazıçısı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” adlı bir romanı var, ötən əsrin 60-cı illərində, indi “dünyanın düz vaxtı” adlandırılan dövrdə yazıb. Bu romanda söhbət hərbi xidmətlərini bir hərbi hissədə çəkmiş Xocavənd ermənisi Haykın, ukraynalı Mikolanın və qarabağlı Şahların dostluğundan, dar gündə bir-birinə yardım etməsindən gedir. Hazırda həmin dağların arxasında 3 dost yoxdur, 3 post var – birində qarabağlı Şahların övladlarıdır, o birində erməni Haykın nəvələridir, lap ortadakında isə - slavyan Mikolanın.

photo_2021-02-14_19-41-20.jpg (136 KB)

44 günlük müharibənin nəticəsi olaraq ürəklərindən qara qanlar axa-axa Ağdamı “könüllü” tərk etməyə məcbur olan ermənilərdən sonra şəhər xarabalığında çoxlu sahibsiz it-pişiklər var. Onlar olduqca arıq, əldən düşmüş haldadır. Görünür, qida tapmırlar və həsrətlə şəhərin köhnə sakinlərinin yenidən geri qayıtmasını gözləyirlər. O zaman onlar da çörək tapacaqlar. Ağdam həmişə çörəkli şəhər olub – Daşkənddən də ötə (sovet vaxtı “Daşkənd çörəkli şəhərdir” adlı film vardı).

Elə Şelli yolunun üstündə yolun ortasına və evlərdən birinin damına qonan tənha leylək də insanların geri qayıtmasının intizarındadır. Leylək gənc ailələrə yeni sovqat, pay gətirəcək.(Yeni Müsavat"

photo_2021-02-14_19-41-32.jpg (72 KB)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb