XOCALI SOYQIRIMI - 29
08:55 26-02-2021
|
477 |
Qarabağ
Xocalı – bu balaca şəhərin əhalisinin əsas hissəsi azərbaycanlılardan ibarət idi. Azərbaycan ərazisində, Ermənistanla sərhəddə yaxın yerdə yerləşir.
Çox mühüm strateji mövqeyinə görə, erməni-Azərbaycan münaqişəsinin lap əvvəlindən ermənilər bu şəhəri işğal etmək üçün plan qurmuşdular. Şəhər ərazisində bu zonanın strateji cəhətdən ən mühüm hava limanı yerləşirdi. Bundan başqa, Xocalı yuxarıda da qeyd edildiyi kimi, Qarabağda əhalisinin əsas hissəsini azərbaycanlıların təşkil etdiyi ən böyük yaşayış məntəqəsi idi. Münaqişə anında şəhərin əhalisi 6000 nəfərdən çox idi.
80-ci illərin sonlarında başlanan münaqişənin lap əvvəlində Xankəndindən (SSRİ dağılana qədər Bakı Kommunasının rəhbəri inqilabçı-bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert adlanırdı) 9 kilometr şimal-şərqdə yerləşən Xocalı ermənilər tərəfindən Ermənistan, Xankəndi, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar üçün ikinci evə çevrilmişdi. 1991-ci ildə Xocalının əhalisi 6300 nəfər idisə, 1992-ci ildə əhalinin sayı 3000 nəfər idi. Beynəlxalq hüquq təşkilatı Human Rights Vatch-ın araşdırmalarına görə 1991-1992-ci illərin qış aylarında, əsasən gecə vaxtı Xocalı Ermənistan tərəfdən fasiləsiz artilleriya atəşinə tutulurdu. Təşkilatın müəyyənləşdirdiyinə görə erməni tərəfinin hədəfi əsasən dinc vətəndaşlar idi, nəticədə onlar arasında çoxlu itkilər var idi.
Ermənilər tərəfindən Xocalı həm qurudan, həm də havadan tam blokadaya alınandan sonra, bütün ümidləri kəsilmiş şəhər sakinlərinin düşmən hücumuna məruz qalması qaçılmaz oldu. Yaylım artilleriya atəşinin müşayiəti ilə dinc şəhərə hücum fevralın 25-dən 26-na keçən gecə başlandı. Top atəşi başa çatdırıldıqdan sonra Xankəndində yerləşən MDB 366-cı motoatıcı alayının iştirakı ilə erməni hərbi dəstələri şəhərə daxil oldular. Şahidlərin ifadələrinə görə, 36-cı alayın şəxsi heyəti və döyüş texnikası şəhərə hücum və onun zəbt edilməsində fəal iştirak edib. Şəhər üç tərəfdən mühasirəyə alınmışdı və məhz bu istiqamətlərdən düşmən şəhərə daxil oldu. Yeri gəlmişkən, bugünkü Ermənistan rəhbərliyinin bir çox nümayəndələri, o cümlədən prezident Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalının işğalında fəal rol oynayıblar.
Atəşin tükürpədici sədaları altında Xocalı sakinləri şəhəri tərk etmək məcburiyyətində qaldılar. Onlar evdən qaçırdılar; əksəriyyəti ayaqqabısız və isti geyimsiz idi və başdan-ayağa qarla örtülmüş çöllüklərdə ayaqyalın gedirdi. Nəticədə, erməni qatillərdən qaçan əhalinin böyük qismi donvurmadan həlak oldu. «Human Rights Watch»ın bildirdiyinə görə, erməni hərbi birləşmələri və Yuri Zarviqorovun başçılığı ilə 366-cı motoatıcı alayın hərbçiləri şəhəri tərk edən insanlara atəş açırdılar. Bu güllə-boranda əksər dinc sakinlər həlak oldular. Ermənilər necə gəldi güllə-boranı dayandırmır, sağ qalanlara işgəncələr verir və bıçaqla kəsib doğrayırdılar. Xocalının özündə hələ də evlərini tərk edə bilməyən dinc sakinlər qalmışdılar. Bu insanları ermənilər əsir götürdülər və hamısını erməni birləşmələrinin nəzarəti altında olan Xankəndinə (Stepanakert) göndərdilər.
Xocalıda erməni tərəfinin vəhşilikləri qanuni Azərbaycan ərazilərində etnik təmizləmə aparmaqla «Böyük Ermənistan» dövlətinin qurulması siyasətinin əyani nümayişidir. Xüsusi qeyd etmək lazımdır ki, şəhərdə əsir götürülən insanların əksəriyyəti qadınlar, uşaqlar və qocalar idilər. O da dəqiq məlumdur ki, əsirlər vəhşicəsinə fiziki zorakılıqlara məruz qalaraq, ən cüzi tibbi yardımdan və qidadan məhrum edilmişdilər. Həmçinin bəzi əsirlər erməni ailələrinə verilmişdilər və onlarla kölə kimi davranırdılar. Onların bir qismi öldürüldülər, başqa bir qismi mütəmadi işgəncələrə və fiziki əzablara dözməyərək həlak oldu.
Ermənistan hakimiyyəti bir çox əsiri beynəlxalq müşahidəçilərdən gizlətməklə, belə məlum olur ki, əsirlərə qarşı vəhşicəsinə törədilmiş zorakılıq və əzablı işgəncə faktlarını gizli saxlamaq məqsədini güdürdülər.
Xocalıda etnik təmizləmənin qurbanları
Rəsmi məlumata görə, Xocalının işğalı nəticəsində
613 insan həlak olub, onlardan
63-ü – uşaq;
106-sı - qadın;
70-i – qoca olub.
76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb.
Girov götürülən insanların sayı – 1275 nəfərdir.
İtkin düşənlərin sayı – 150 nəfərdir.
Erməni tərəfi dinc Xocalı sakinlərini qeyd-şərtsiz Azərbaycana təhvil verməyə hazır olduğunu bəyan etsə də, əslində, bu baş vermədi.
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”