Qərbi Azərbaycandakı minlərlə abidəmizi ermənilər dağıdıb

11:02 27-02-2021 | icon 1024 | Tarix
Qərbi Azərbaycandakı minlərlə abidəmizi ermənilər dağıdıb

Faiq İsmayılov: "1360-a yaxın tarix və mədəniyyət abidəsi olan Şuşa şəhərində hazırda 142 abidənin olduğunu deyirlər"

 

Azərbaycan torpaqları 100 illərdir düşmənlər tərəfindən işğala məruz qoyulub. Əhalisinə qarşı qətliamlar, soyqırımları törədilib, tarixi-milli irsi məhv edilib, erməniləşdirilib, yer üzündən silinib.

 

Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr  mövcud olub. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilmiş, onları dağıdaraq yer üzündən silməyə başlamışlar.

 

Versus.Az xəbər verir ki, Abidələrin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov müsahibəsində bu və digər məsələlərlə bağlı bir çox faktlara diqqət çəkib.

 

- Faiq müəllim, erməni vandallarının qədim Azərbaycan torpaqlarında milli-mədəni irsimizə qarşı etdiyi terror tarixi faktlarla təsdiq olunsa da, törədilən cinayətlər hələ də cəzasız qalıb. Erməni terroruna məruz qoyulan tarixi abidələrimizin azadlığı, öz milli kimliyinin bərpası istiqamətində nələri etməliyik?

 

- Azərbaycan abidələrinin taleyi son dövrlərdə ikinci plana keçmişdi.  Bu barədə mətbuatda çox nadir hallarda yazılır, yazılan  kitablar çox azadır.  Heç kimə sirr deyil ki, 1918-ci ildən başlayaraq sovet Rusiyası və ANTANTA dövlətləri Azərbaycan torpaqları üzərində  bir erməni dövləti qurdular. Sonralar ermənilər ora məskunlaşdırıldılar. Məskunlaşmadan sonra həmin əraziləri mənimsəmək üçün saxtakarlığa başladılar.   Bunlar, ilk növbədə, tarixi-mədəniyyət abidələrimizdən başlayıblar.  Qərbi Azərbaycan – indiki Ermənistan respublikası ərazisində kifayər qədər həm xiristianlığa qədərki dövrlərdəki abidələrimiz, həm də xristianlıq dövrü abidələrimiz - biz ona Qafqaz Albaniyası dövrü deyirik - məhv edilib. Ermənilər bu abidələrin üzərinə kilsə, yaxud da monastr yarlığı yapışdıraraq, bunu erməni qriqorian kilsələri kimi təqdim eləməyə başladılar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilmişdir. Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalmışdır ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınmışdır. Erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdırlar.

Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçirmişlər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdirmişlər.

Bunun qarşısında onlara qarşı  heç bir tənqidi yanaşma, etiraz olmadı. Son nəticə, 1988-ci ildə axırıncı təmizləmə nəticəsində bütün azərbaycanlılar İrəvandan çıxarıldı və   mədəni irsimizə sahib çıxdılar.  O ərazilərdə məscid qalıqlarına rast gəlmək olar, halbuki Qərbi Azərbaycanda 390 məscidin olması ilə bağlı arxiv materialları götürülüb.  Qeyri-rəsmi nə qədər məscidin olması ilə bağlı məlumatların toplanması üçün tədqiqatlarımız davam edir.  Bu gün İrəvanda, Zəngəzurda bu qədər Azərbaycan tarixi abidələrinin, məscidlərinin sayının göstərilməsinin bizim üçün əhəmiyyəti, müsbət tərəfi var.  Ermənilər o ərazilərdə türklərin yaşamadığını iddia edirlər. Məscidlərin sayının bu qədər çoxluğu onu göstərir ki, həmin ərazilərdə, bütün bölgələrin hamısnda İslam dininə inanan türklər yaşayıb. Bu, araşdırmaların aparılması və faktların üzə çıxarılması baxımından çox önəmlidir. Erməni vandallarının Azərbaycan tarixi irsinə qarşı etdiyi soyqırıma məruz qalan abidələrin bir neçəsini təqdim etmək istərdim.

 

Tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində olan və məhv edilən bəzi abidələrimiz:

 

Ağadədə qəbiristanlığı, 1950-1980-ci illərdə Zəngibasar mahalının (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi.

Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılmışdır.

Ağudi abidəsi, Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. Ağudi kəndi Sisyan rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur.

Aşağı Şorca qəbiristanlığı İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar Basarkeçər (Vardenis) rayonunda yalnız azərbaycanlıların yaşadığı kənd olmuşdur. 1918-ci ildə ermənilər Aşağı Şorcada qırğınlar törətmişlər. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanda mövcud olan bütün azərbaycanlı kəndləri tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. Hazırda digər azərbaycanlı kəndləri kimi, Aşağı Şorca kəndinin qəbiristanlığı da dağıdılmış və kənd xarabalığa çevrilmişdir.

Aşıq Ələsgərin qəbirüstü abidəsi. Basarkeçər rayonu Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər nahiyəsinin (1969-cu ildən Vardenis rayonu) Ağkilsə kəndində anadan olmuşdur. Ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar. 1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıtmışlar.

Dəmirbulaq məscidi  – İrəvan şəhərində vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. 1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışlar.

Əmir Səəd məqbərəsi – İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan-Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən atasının məzarı üzərində ailə türbəsi kimi 1413-cü ildə inşa etdirilmişdir. Cəfərabad kəndinin adını ermənilər 1946-cı ildə dəyişdirərək Arqavand adlandırmışlar.

 

 

 

Göy məscid.  İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatdırılmışdır. Həmin məscid 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Güllübulaq qəbiristanlığı Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun ən böyük kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci il deportasiyasından sonra Güllübulaq kəndində Gürcüstanın Boqdanovka rayonundan gələn ermənilər məskunlaşmışlar. 2007-ci ildə kəndin adını dəyişdirərək Bürakn qoymuşlar.

Hacı Novruzəli bəy məscidi. İrəvan şəhəri İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII yüzilin 2-ci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. Məscid şəhərin Dəmirbulaq massivindəki Hacı Novruzəli məhəlləsində (indiki dəmiryol vağzalı rayonunda) yerləşdiyindən məhəllənin adı ilə Hacı Novruzəli bəy məscidi adlanmışdır. Тəkminarəli bu məscid XX yüzilin 30-cu illərində erməni vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.

Rəcəb Paşa məscidi. İrəvan şəhəri 1724-cü ildə Osmanlı qoşunları İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdir. Rəcəb Paşa məscidi 1930-cu illərdə İrəvan şəhərinin baş planına qurban olmuşdur. Saral qəbiristanlığı Saral kəndi İrəvan quberniyasının Aleksandropol qəzasının Böyük Qarakilsə nahiyəsində ən böyük kəndlərdən biri olmuşdur. Sonralar Hamamlı (Spitak) rayonunun tərkibinə daxil idi. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri - azərbaycanlılar zorla Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Bundan sonra kənd qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılmışdır. 1991-ci ildə kəndin adını dəyişdirərək Nor Xaçakar qoymuşlar.

Səlim (Şah Abbas) Karvansarası  Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz dağının Səlim aşırımında, 2410 metr yüksəklikdə, Ağkənd (03.07.1968-ci ildən - Ağcanadzor) kəndinin yaxınlığındadır. Səlim aşırımının adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdı. Bu kəndə ilk ermənilər yalnız 1923-1925-ci illərdə köçürülüb gətirilmişlər. Ermənilər bu abidənin “erməni knyazı” Çesare Orbelyan dövründə inşa edildiyini iddia edərək, onu erməni abidəsi kimi qələmə verməyə çalışırlar.

Sərdar məscidi. İrəvan şəhəri ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidinin” adları çəkilir. Ermənistan hökuməti məscidin qalığının şəkildə görünən hissəsini “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişdir.

Təpəbaşı məscidi. Məlumatlara görə, bu məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Hazırda erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. 

Zal xan məscidi.  İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Məscidin üzərində ərəb əlifbası ilə Azərbaycan dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir.

Bütün bu məscidlərimizin, abidələrimizin hamısı dağıdılıb, məhv edilib. Halbuki bu məscidlərin olması barədə Ermənistanın dövlət arxivində, Gürcüstanın,  Rusiyanın dövlət arxivlərində kifayət qədər material var. Orada həmin məscidlərin müxtəlif dövrlərə aid şəkillərinə də rast gəlmək olar.  Bu, erməni yalanlarını birbaşa ifşa edən faktlardır. Tarixi milli irsimizə sahib çıxmasaq, erməni vandallarının soyqırımını sübut edə bilməyəcəyik.

 

- Faiq müəllim, Zəngəzurda, İrəvanda Azərbaycan türkünə aid olan torpaqlar, abidələr dağıdılıb, yaxud adları dəyişdirilib, mənimsənilib. Əgər bu gün o erməniləşdirilən abidəllərin üzərində tədqiqatlar aparılarsa, onların hansı tarixi etnosa aid olduğunu ortaya çıxarmaq olarmı?

 

- Əlbəttə. Mehri şəhərində I Şah Abbasın inşa etdiyi karvansara var. Həmin Karvansaranın daxili interyeri tamamilə Azərbaycanın miniatür sənətidir.  Yəni bunu mənimsəmək mümkün deyil, bu danılmaz faktdır. Miniatür sənətimiz bütün dünyada tanınır. Xristianlığa qədər olan Qafqaz Albaniyası abidələrimizi memarlıq quruluşuna görə erməni qriqorian abidəsi adlandırmaq sadəcə cəfəngiyatdır və bu siyasi təbliğatdır. Ona görə ki, dünyanın harasında olursa-olsun istənilən mütəxəssis həmin memarlıq nümunəsinə baxan kimi onun hansı əsrə aid olduğunu, kimə aid olduğunu və hətta ilini təyin edə bilir.   

 

- Milli-mənəvi haqlarımızı bərpa etmək və o ərazilərin türklərə aid olduğunu faktlarla sübut etmək, həmin yerlərə qayıtmaq üçün beynəlxalq məhkəmələrdə iddia qaldırıb haqqımızı tələb edə bilərikmi və bunun üçün nə tələb olunur?

 

- Bu, çox ciddi məsələdir.  Ermənistan Azərbaycana qarşı vandallıq törədib və bu vandallığın qarşısı alınmalıdır. Bütün dünyada mədəni irsin dağıdılması faktlarına qarşı çox pis baxılır.  Bu istiqamətdə toplanan faktları həm YUNESKO-ya, həm də beynəlxalq məhkəmələrə təqdim eləmək mümkündür.  Bu vandalizm aktının törədildiyi ərazi və yer də məlumdur.  Bura Ermənistandir və orada bu gün başqa xalqlar yaşamır ki, ermənilər öz cinayətlərinə görə başqalarını günahlandıra bilsinlər. Bu faktlara görə ermənilər cavabdehlik daşıyır. 

2011-ci ildə Azərbaycanın indiki işğal olunmuş ərazilərində erməni vandalizmi ilə üzləşən  bir neçə abidənin bərpası ilə bağlı Strasburqda beynəlxalq məhkəmə qarşısında iddia qaldırdım. Bu iş bu gün də davam edir, amma ikilistandartlı yanaşmalar var.  Nə mənim verdiyim ərizəni, faktları məhv edə bilirlər, nə də işləyirlər. 2020-ci ilin dekabrında mənə məktub gəldi ki, siz bu işi davam etdirmək istəyirsinizmi? Mən razılığımı verdim. Sonra pandemiya başladı və bu işimizi davam edə bilmədik. Bəli, əlbəttə ki, erməniləri beynəlxalq məhkəməyə verəriksə, onlar dünyada ifşa oluna bilər, onlar cavabdehlik daşıya bilər. Ermənilər buna görə də kompensasiya ödəməlidirləlr.  Tariximizin bərpası bütövlüyümüzün bərpasıdır.

 

- Faiq müəllim, bu gün işğaldan azad olunmuş ərazilərimizdəki  abidələrlə bağlı vəziyyət  nə yerdədir? Ümumən nə qədər abidələrimiz var və nə qədəri salamat qalıb?

 

- Bizim işğaldan azad olunmuş ərazilərimizdəki abidələrlə bağlı indinin özündə də o qədər səhlənkar münasibət görürəm ki, bunun izahını tapa bilmirəm.  İşğaldan azad olunmuş ərazilərimizdə mənim tərəfimdən  2 645 tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunların hər birinin tarixi, coğrafi ərazisi qeyd olunub. Mən hələ bir neçə il əvvəl Mədəniyyət Nazirliyinə  müraciət edərək, bu abidələrin dövlət qeydiyyatına alınmasını xahiş etmişdim. Haradasa 500 səhifəlik material da təqdim etmişəm. Günü bu günə qədər nazirlikdən mənə heç bir cavab verilməyib.  Məsələ burasındadır ki, nazirliyin mədəniyyət abidələri ilə bağlı istinad elədiyi bir siyahı var. Bu siyahı da Dağlıq Qarabağ Muxtar Vilayətinin olduğu sovet dövründə hazırlanıb.  Həmin qurumun erməni rəhbərləri vardı ki, orada olan maddi-mədəni irs nümunlərinin hamısının qeydə alınmasının əleyhinə idilər. 2 645 abidədən cəmi 700-ə yaxın abidənin siyahısı var. Bizimkilərin bugünkü gündə istinad etdiyi rəqəmlər də həmin ermənilərin qoyduqları rəqəmlərdir.  Deyək ki, əvvək işğalla bağlı o ərazilrərə gedə bilmirdik, dövlət qeydiyyatı aparıb bunları təsdiqlədə bilmirdik.  İndi bizə nə mane olur?! O yerlərə getmək də olur, gəlmək də olur. İsrar etsək, sülhməramlıların nəzarətində olan ərazilərimizdə də təhqiqat işləri apara bilərik və aparmalıyıq.

 

 

Dəfələrlə mətbuatda çıxış etmişəm, televiziya ekranlarından danışmışam, demişəm  ki, bu cür laqeyd yanaşma çox qorxulu tendensiyadır. Təsəvvür edin ki, nazirliyin açıqlamasına görə, guya son monitorinqlər zamanı 106 dövlət qeydiyyatına alınmayan abidə aşkarlanıb. Həmin monitorinqlərin birində mən də olmuşam, Şuşa şəhərində keçirilən monitorinqdə Mədəniyyət Nazirliyinin nümayəndələri ilə birgə mən də iştirak etmişəm. Təkcə 1360-a yaxın tarix və mədəniyyət abidəsi olan Şuşa şəhərində hazırda 142 abidənin olduğunu deyirlər.  Bu, o qədər biabırçı rəqəmdir ki... Mütəxəssis olmağa ehtiyac yoxdur. Adi jurnalist kimi araşdırma aparsanız, bunun yalan olduğunu biləcəksiniz.

 

Bilirsiniz ki, hələ Pənahəli xanın dövründə Şuşada  17 məhəllə qurulub. Məhəllələrin hər birində karvansaralar, bulaqlar, məscidlər, hamamlar, inzibati binalar, yaşayış evləri olub. Ümumilikdə, hər məhəllədə 80 abidə varsa,  bu, 1 360 edir.  Yaxşı, biz kimi aldadırıq. Əgər aldadırıqsa, sonra bunu nə ilə sığortalayacağıq? Belə bir acınacaqlı vəziyyət var.

 

Mən Dövlət Komissiyasi ilə Şuşaya ilk gedən qrupun tərkibində olmuşam.  “Azərbərpa” İnstitutunun iki əməkdaşı mənimlə orada monitoriniq aparırdı.  Onlar qeydiyyatda olmayan abidələri qeydiyyata alıb şəklini çəkmirdilər. Prezidentin kuratoru Musa müəllimə şikayət elədim ki, bunlar bizim mədəniyyət abidələrimizdir, biz bunu qeydiyyata almalıyıq.   O mənimlə razılaşdı, dedi ki, əlavə siyahı tərtib edin, biz bunların hamısına nəzər alaq.  Hələ ki, işlər yarımçıq qalıb.

 

- Abidələrin siyahıyaalınmasına bu cür qeyri-ciddi yanaşmaya səbəb nədir: bilgisizlik, yoxsa məsuliyyətsizlik?!

 

- Bunu məsuliyyətsizlik adlandırıram.  Dövlət Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması və  bərpası üzrə dövlət xidməti yaradıblar.  Həmin dövlət xidmətində kifayət qədər insan işə qəbul olunub. Onlar nə işlə məşğul olurlar?  Deyə bilərlər ki, biz o siyahıları tam əldə eləməmişik. Axı mən o siyahıları 3 il öncə onlara təqdim eləmişəm.

 

- İşğaldan azad olunan ərazilərdəki abidələrimizin vəziyyəti necədir?

 

- Çox acınacaqlıdır. Xiristianlıq dövrü abidələrini memarlıq quruluşuna görə müəyyən etmək asandır. Ermənilər 70-80-ə yaxın məbədi erməniləşdirmək üçün o abidələrin formalarını dəyişiblər, hündürləşdiriblər, enlədiblər, ya da pəncərə açıblar, bunların üzərilərində zəng qülləsi tikiblər... O abidələrin hər anının şəkilləri məndə var. Məscidlərin vəziyyətinə gəlincə, işğaldan sonra siz də televiziya vasitəsilə hansı vəziyyətdə olduğunu, yəqin ki, izləmisiniz. Ərazilərdə İslam dini abidələri qalmayıb. Təkcə Şuşada 3 məscidimiz və Ağdamdakı Cümə Məscidinin forması qalıb ki, bunlar istifadəyə tam yararsızdır. İşğaldan azad olunmuş ərazilərimizdə 72 məscidimiz olub.  İndi onların qalıqları qalıb. Bir məscid salamat qalıb ki, onun da  içində donuz saxlayıblar. Xarici görkəmindən heç biri məscidə oxşamır.

 

- Xocalı, Xankəndidəki abidələrimiz nə yerdə qalıb?

 

- İşğaldan azad olunan həmin o ərazilərdə türklərə aid bir dənə də abidəmizdən danışmırlar. O yerlərdə bizim tarixi körpülərimiz var ki, nadir memarlıq üslubunda tikilib saxlanılıb. Bunların böyük bir qismi salamat qalıb.  Xankəndi, Xankəndi ətrafında, Xocalı ətrafında olan Qaynarçay boyunca, Ağdərə ətrafında,  Ağdam- Şahbuz ətrafında olan arxeoloji abidələrimiz, kurqanlarımız, hamısı, demək olar ki, istismar olunub.  Burada tapılan məişət əşyaları, zinət əşyaları  yoxa çıxıb. Ermənilər bunları özləri ilə aparıblar. Azıx mağarasının daxilində işğal dövründə çəkiliş aparmışdım. Mağara daxili 5 metr dərinliyində qazılıb. Orada ermənilər hər il qazıntı işlər aparırdılar. Fikirləri bu idi ki, Azıx mağarasının 3-5 qatını  tamam təmizləyib, ətrafında insan fiqurları düzəltsinlər. Açıq hava altında muzey düzəltmək istəyiblər ki, turistlərin diqqətini çəksinlər.

 

- Bu gün Qarabağda işğaldan sonra erməni vandalizmini ifadə edən muzeylərin yaradılması barədə hansı fikirləriniz var?

 

- Açıq səma altında muzeyin yaradılması üçün müxtəlif ərazilərdə  seçim olmalıdır. Dağıntıların daha çox diqqətçəkən yerləri sıx binaların olduğu yerlərdir.  Ağdam şəhərində, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda belə yerləri seçmək olar.  Dağıntılara məruz qalan o yerlərdə çox da böyük olmayan dağıntıları seçib muzey halında saxlamaq lazımdır ki, insanlar ora girəndə izahata ehtiyac qalmadan nə baş verdiyinin, necə baş verdiyinin şahidi olsunlar. Eyni zamanda, Azıx mağarası ərazisində açıq səma altında elə bir muzey düzəltmək olar ki, dünyanın diqqətini çəkə bilsin. 

 

 

Azıx mağarası dünyada nadir insan məskənlərindən biri olub. Ermənilər orada kütləvi şəkildə qazıntı işləri aparıblar.  Həmin qazıntıları vandallığın təzahürü kimi saxlamaq və eksponatların tətbiqi ilə həmin ərazilərdə çox maraqlı muzey təşkil eləmək olar.  Muzeyləri elə təşkil etmək lazımdır ki, bir-birini təkrar etməsin.

 

- Erməni vandalları Azərbaycan torpaqlarını işğal etməklə onun tarixinə, milli irsinə qarşı soyqırımlar törədib, milli-mədəniyyət abidələrimizi istila edib,  erməniləşdirib.  Tariximizi  erməni vandallarından necə xilas edəcəyik?

 

-Tariximizi qorumaq, onu bərpa etmək üçün ümumilikdə, cəmiyyət olaraq  bu işdə fəal şəkildə iştirak etməliyik. Bu çox qlobal yanaşma tələb edir. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə tarixi-mədəniyyət abidələrinin bərpasına çox ciddi nəzarət edilməlidir.  Elə edilməlidir ki, orda başqa ölkələrin üslubları tətbiq olunmasın.  Bizim mədəni irsimiz bizə aiddir.  Yeni, gözəl Avropa memarlıq üslubunda, Şərq, Çin üslubunda binalar tikmək olar.  Tarixi abidələrimiz, tarixi yerlərimiz olduğu kimi, öz gözəlliyinə qayıtmalıdır.  Hamımız bu istiqamətdə can yandırmalı, işləməliyik. Abidələrin monitorinqini aparmalı və həmin abidələri yenidən qeydiyyata almalıyıq. Abidələrə dəyən ziyanı hesablamalı və beynəlxalq təşkilatlara müraciət etməliyik. Azərbaycan insanlarına qarşı edilən soyqırımla  yanaşı, həm də mədəniyyətimizə qarşı soyqırımlar törədilib.  Bütün bunları dünyaya çatdırmaq üçün həmin elmi-təqdiqat işlərinin qiymətləndiriməsi çox vacibdir. Bu proses Vətən Müharibəsinə bərabər bir işdir. Məni narahat edən odur ki, bu istiqamətdə düşünən azdır. Bu barədə aidiyyəti yerlərə məktublarım var, mətbuatda televiziyalarda çıxışlar edirəm. İnşAllah nəyəsə nail olarıq. Haqqımızı tanımasaq, tariximizi qorumasaq, bu gün də öz məkrli iddiasından əl çəkməyən erməni vandalları öz cinayətlərini davam etdirmək üçün üstümüzə gələcəklər. Azərbaycan haqqı olanı geri almalıdır. Bunun üçün isə hamı səfərbər olmalıdır. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...