“Siyasətdə ələnmə prosesi başlayıb” - MÜSAHİBƏ

14:24 23-10-2018 | icon 752 | Siyasət
“Siyasətdə ələnmə prosesi başlayıb” - MÜSAHİBƏ

 

Razi Nurullayev: ““Birləşək”, “bir olaq”, “inteqrasiya edək”, “müxalifətin səfərbərliyi lazımdır” - deməklə heç nə həll olunmur

 

 

AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

- Razi bəy, bildiyiniz kimi, Türkiyənin İzmir şəhərində "Star” Neft Emalı Zavodu açıldı. Bu layihəni necə qiymətləndirirsiniz və bu, dünyaya mesaj ola bilərmi?

 

- Ümumiyyətlə, Azərbaycanın hər bir əməli dünyaya bir mesajdır. Amma hesab etmirəm ki, “Star” dünyaya mesaj məsələsinə hesablanmış bir layihədir. Yəni dünya zatən bilir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.

“Star” Neft Emalı Zavodunun açılışına gəlincə, bu layihəni çox müsbət dəyərləndirirəm. Düzdür, bir çox siyasilər düşünürlər ki, belə bir zavodu bu qədər maliyyə ilə elə Azərbaycanda da yaratmaq olardı. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan bazarı kiçikdir, Türkiyədə bu bazar böyük olduğu üçün orada açılmasının böyük əhəmiyyəti var. Azərbaycan da burada kifayət qədər qazanacaq. Yəni ilk öncə bu zavodun gətirəcəyi iqtisadi mənfəəti nəzərə almaq lazımdır. Ən əsası da bu layihə iki ölkə arasındakı qardaşlığı, əməkdaşlığı daha da möhkəmləndirmiş olur.

 

- Bu arada Paşinyanın dünyanın diqqətini özünə çəkən çabaları müşahidə olunmaqdadır. Onun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlik çağırışları nədən xəbər verir?

 

- Mən hazırda Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vədlərinin səmimi olduğuna inanmıram. Paşinyan olmasın digər adı “yan”la bitən kimsə olsun, onlar Daqlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə qalmasına çalışacaqlar, münaqişənin Azərbaycanın bütövlüyü çərçivəsində həllinə razı olmayacaqlar. Paşinyan da bu və buna bənzər çıxışları ilə sadəcə olaraq vaxt udmaq istəyir. O, Dağlıq Qarabağ münaqişəsi üzərindən siyasət oynayıb erməni xalqının rəğbətini qazanmaq istəyir. Azərbaycan bunu bildiyi üçün özü bildiyi yolla gedir və getməlidir. İstənilən halda Ermənistan Dağlıq Qarabağ münaqişəsini öz xoşuyla həll etməyəcək.

 

“Qarabağ mitinqini dəstəkləyirəm, amma...”

 

- Razi bəy, Qarabağ Komitəsi artıq növbəti mitinqin vaxtını açıqlayıb. Bu mitinqlərdən gözləntiniz nədir və partiya olaraq iştirak edəcəksinizmi?

 

- Mən Dağlıq Qarabağla bağlı keçirilən bütün tədbirləri dəstəkləyirəm, alqışlayıram. Amma əfsuslar olsun ki, Qarabağla bağlı keçirilən mitinq bütün gözləntiləri doğrultmadı. Gözləntiləri doğrultmasa da partiya olaraq dəstək verdiyimizə peşiman deyiləm. Ancaq Qarabağ Komitəsinin bundan sonra keçirəcəyi tədbirlərə dəstək verib vermiyəcəyimdən əmin deyiləm.

 

- Əminsizliyə səbəb?

 

- O baxımdan ki, Dağlıq Qarabağ məsələsində siyasi ayrı-seçkilik, siyasi konnektura olmamalıdır. Sentyabrın 29-da keçirilən Qarabağ mitinqində isə kifayət qədər siyasi konnektura var idi, kifayət qədər siyasi ayrıseçkilik edildi. Doğru yanaşmalar yox idi. Mən istərdim ki, o mitinqə milyonlarla insan yığılsın və Dağlıq Qarabağla bağlı dünyaya mesaj versin. Eyni zamanda, bu mitinq Azərbaycan xalqının vətənpərvərlik ruhunu oyatsın. Bu baxımdan faydalı olar, amma siyasi məqsədlərə xidmət edirsə, bu, qəbul edilməzdir.

 

- Siyasi ayrıseçkilik deyəndə konkret nəyi nəzərdə tutursunuz?

 

“Onların qəlbində ƏNƏNƏVİ MÜXALİFƏT sevgisi var”

 

- Kifayət qədər dəstək verdik, amma onlar yenə də bu məsələdə siyasi bir nöqtəni güdməli oldular. Əgər siyasi məsədləri yox idisə nə dəxli var Razi Nurullayev AXCP sədridir, QHT rəhbəridir, yaxud sabiq prezidentliyə namizəddir. Onlar siyasi konnekturanı nəzərə alıb və guya AXCP adında bir neçə təşkilatın olması səbəbi ilə "onlara yox deyək" fikri ilə burda siyasi seçim ortaya qoyularsa, bu artıq Qarabağ mitinqinin siyasiləşməsindən xəbər verir. Bu cür yanaşmaya münasibətim mənfidir.

 

Bilirsiz, çox gözəl bir mahnı var, deyir, “mən səni sevəcəyəm, sən məni sevməsən də”. Azərbaycan siyasətində, eyni zamanda Qarabağ mitinqini təşkil edənlər arasında 100 faiz bu mahnıya "oynayanlar" var. Yəqin ki, onların qəlbindəki o ƏNƏNƏVİ MÜXALİFƏT sevgisi, neçə illər xalqa yalan danışan, xalqın hissləriylə oynayan insanlara sevgi hələ də qalır. Buna görə də onlar həmin konnekturadan çıxa bilmirlər. Mən sadəcə olaraq onların bu düşüncə və yanaşmalarına təəssüf edirəm.

 

- Elə bütün bunlardan dolayı belə bir sual yaranır: daxili siyasət bu gün nəyə hesablanıb və nəyi diqtə edir.

 

- Məsələ ondadır ki, “birləşək”, “bir olaq”, “inteqrasiya edək”, “müxalifətin səfərbərliyi lazımdır” - deməklə heç nə həll olunmur. Necə deyərlər, “şirin” deməklə ağız şirin olmur. Bu baxımdan hesab edirəm ki, məsələlər əslində doğru yöndə inkişaf edir. Ələnəcəklər və ələkdə doğrular qalacaq. Bu gün siyasəti və prosesləri tezləşdirmək lazım deyil. Siyasətdə ələnmə prosesi artıq başlayıb. Çünki artıq hər kəsin mövqeyi bilinir. Bu gün kənardan baxan sadə bir Azərbaycan vətəndaşı da görür ki, hakimiyyətlə sistemli mübarizə aparanlar çox azdır. Siyasəti doğru-dürüst qiymətləndirənlər azdır. Hər kəs bu gün qəhrəman olmaq, bu gün mediada daha çox görünmək uğrunda mübarizə aparır. Elə 1980-ci illərin sonlarında bu siyasət olub və bu gün də davam etdirilir. Bu cür siyasət aparanlar Azərbaycan xalqına gün ağlaya bilməzlər. Siyasi ələnmədən sonra qalan doğru insanlar öz aralarında bir inteqrasiya yarada biləcəklər.

 

Ümumiyyətlə, düşünmürəm ki, Azərbaycanın problemlərinin səbəbi hər zaman müxalifətin birləşməməsində olub. Azərbaycanda normal müxalifət zamanı gələndə birləşməyi bacarıb, bir-birinə dəstək verə bilib. Kifayət qədər sağlam qüvvələr var, sadəcə pərakəndə haldadır. O pərakəndə halda olan sağlam qüvvələr birləşərsə, Azərbaycanda nə isə etmək mümkün olacaq. Mən bunun tərəfdarıyam və bunun üçün çalışıram. Artıq müəyyən qədər cücərtilər də var. Yəqin ki, həmin o insanlar birləşməyə qərar verəcəklər.

 

“Bu gün Qurban Məmmədova “daş” atanlar...”

 

 

- Razi bəy, bu gün ənənəvi müxlifətdə vaxtilə “silahdaş” olanlar bir-birini ictimaiyyətin gözü qarşısında təhqir edir, söyür. Elə götürək Qurban Məmmədova qarşı Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıyeva birləşməsini. Bu münasibətlərin fonunda hansı sağlam qüvvələrdən, hansı birləşmədən, hansı ələnmədən söz gedə bilər?

 

- Apardığı sistemli mübarizəsinə görə Qurban Məmmədova qarşı hər zaman dərin rəğbətim olub. Quban Məmmədov həbsdə olanda da onun müdafiəsində olmuşuq. Bu gün Qurban Məmmədova “daş” atanlar, söyənlər vaxtilə onunla yanaşı durmaqdan, şəkil çəkdirməkdən fəxr duyurdular. O vaxt onu Milli Şuraya gətirmək üçün uzun müddətli danışıqlar da aparıldı. Qurban Məmədovun Milli Şurada olması mütləq sayılırdı. Onun mübarizliyinə həsəd aparanlar, ona daim tərif deyənlər, ona meydan verənlər bu gün onu satqınçılıqda günahlandırır, bütün Azərbaycanın mövcud və mövcud ola biləcək problemlərini də onun üzərinə yıxırlar. Eyni hərəkəti Milli Şuradan çıxanlara qarşı da etdilər. Ondan da daha çox mənim əleyhimə təbliğat apardılar, lənətlədilər, söydülər. Və bu gün həmin lənətləmələr, söyüşmələr bumeranq kimi birbaşa özlərinə qayıdır.

 

Görünən bu oldu ki, əgər kimsə Milli Şuranın, Əli Kərimlinin, onun tərəfdarlarının yanındadırsa və onun dediklərinə “bəçeşm” demirlərsə, o zaman onların hamısı xəyənatkardır, xalqını satandır və sair. Onların fikrincə Azərbaycanda bir neçə sağlam qüvvələr var, o da bunlardır və hər kəs onların ətəyində namaz qılmalıdır. Bəlkə də insanlar buna razı ola bilər, amma o ətəyində namaz qılmağı təklif edən insanların özləri indiyə qədər hansı müsbət nəticələri ortaya qoya, hansı daxili azadlığı yaradıb, hansı daxili demokratiyanı qura biliblər. Hansı şəffaf bir sistem qura biliblər ki, həmin o sistemə uyğun da digərləri bir nümunə götürə bilsinlər. Tam qaranlıq və çirkab içində olublar və bu gün də o çirkabda qalmaqda davam edirlər.

 

- Bəzən “limiti bitmiş” hesab edilən siyasilərin olduğu vurğulanır.

 

- Yəqin ki, “limiti bitmiş siyasilər” deyəndə köhnə siyasətçilər, Milli Şurada olanlar nəzərdə tutulur. Bir də İsa Qəmbər, Arif Hacılı, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Əli Kərimli, Cəmil Həsənli, Lalə Şövkəti və sair. Hansı ki, metodları köhnəlib. Buna baxmayaraq hesab edirəm ki, “siz köhnəsiniz, artıq heç nə edə bilmirsiniz çəkilin kənara” - demək düzgün deyil. Mən özüm də vaxtilə demişəm ki, kənara çəkilsəniz yaxşıdır. Amma sual oluna bilər ki, məgər onlar sənin əl-qolunu bağlayıblarmı. Qoy onlar köhnə metodla işləsinlər, biz yeni metodla onlardan daha çox işlər görək. Və bu, artıq özünü büruzə verməyə başlayıb. Ona görə də təbii seçimə önəm verməliyik. Bəlkə də onların hələ atmağa bir barıtları var və sözlərini tam deyə bilməyiblər, qoy desinlər. Bunun üçün də mən heç kimin siyasi səhnədən silinməsinin tərəfdarı deyiləm. Mən o təbii seçimin tərəfdarıyam.

Baxın, əvvəllər eyni adamlar mətbuatdan düşmürdülər, bu gün isə o ənənəvi siyasiləri gec-gec görürük, bəziləri ümumiyyətlə görünmür. Heç jurnalistlər də artıq onlardan müsahibə götürməyə maraq göstərmirlər. Artıq yeni-yeni qüvvələr var, yeni siyasi metodları ortaya gətirən siyasətçilər var, təşkilatlananlar var. Yəqin ki müsbət nəticəsi də olacaq.

 

- Maraqlıdır, müxalifət niyə hakimiyyətlə deyil, daxili çəkişmələrdə maraqlıdır?

 

“Onlar üçün əxlaq sərhədləri yoxdur”

 

- Bilirsiniz, şou-biznesdə dəyişməz qayda budur ki, bəzi müğənnilər sənətləri ilə deyil, qalmaqallarla gündəmdə qalırlar. Hardasa bəlkə də öz aralarında razılığa gələrək bir-birini tənqid edir, bir-birinə çirkab atırlar, söyürlər, bununla da gündəmdə qalır, məşhurlaşırlar ki, nəticədə də toylara dəvət alırlar. Yəqin ki, bəzi siyasilər də siyasətdə bu metoddan yararlanmaq istəyirlər. Əslində siyasətçi hər zaman gündəmdə olmaq istəyir. Elə siyasətçilər var ki, onlar üçün əxlaq, çərçivə var, elə siyasətçilər də var ki, siyasət onlar üçün çərçivəsizdir, əxlaq sərhədləri yoxdur. Çərçivəsi olmayan siyasilər üçün istər iqtidar, istər xarici qüvvələr olsun, fərq etməz, onlara gündəmdə qalmaq lazımdır. Çünki onlar da çox gözəl bilirlər ki, bu gün hakimiyyətə təsir etmək və hakimiyyəti tərpətmək hələ ki, mümkün deyil. Hakimiyyət deyək ki, bir dəmir yumruqla idarə olunur və tutqacı da kifayət qədər möhkəmdir, ona nə atsalar da nəinki dəymir, heç gedib çatmır. Onun üçün də yəqin ki, yeni gündəm yaratmaq, diqqətdə qalmaq üçün bu cür metodlardan istifadə edirlər. Əgər hakimiyyət müəyyən siyasi yumşaltmalar etsə, bir siyasi ab-hava yaratsa, onda onlar hakimiyyətə də “daş” ata biləcəklər. Mən ənənəvi müxalifətin bu siyasi taktikasını qəbul etmirəm, əksinə iyrənc siyasət kimi baxıram. Siyasətçinin bir məqsədi olmalıdır – xalq üçün, millət üçün hakimiyyətə gəlmək, proqramını həyata keçirmək. Məhz bu cür siyasətçiləri qəbul edirəm və özümü də bu cür siyasətçilərə aid edirəm.

 

- Razi bəy, şou-əhlini anladıq, onlar dava-şavaları ilə gündəmi tutub toy qazanırlar, bu siyasilər söyərək gündəmdə qaldıqda nə qazanırlar?

 

- Yəqin ki, onlar da qazanırlar.

 

- Yəni söyüş və təhqirlərsiz gündəmdə qalmaq mümkün deyil?

 

- Söyüş mexanizmini, söyüş təşkilatçılığını, başqasına qarşı siyasi kampaniyalar yaratmağı, hiylələr qurmağı Azərbaycan siyasətinə Əli Kərimli gətirib. Əgər o bütün gücünü, savadını, ağlını hakimiyyətə gəlməyə yönəltsəydi, Azərbaycan xalqının mənafeyinə yönəltsəydi, bəlkə də daha çox uğurlar əldə edərdi. Əfsuslar olsun ki, onun enerjisi bu cür bəsit siyasi taktikalara sərf edilir. Onun ətrafı da dərsi elə ondan götürüb. Söyüş kampaniyası qəbuledilməzdir. Bildiyiniz kimi Əli Kərimli artıq siyasətçi kimi radikal deyil, onu dinləyənlər də azdır. Bu üzdən köhnə metodlarına qayıdacaqlar. Yenə də qabağa çıxanları ləkələmək, kürsüsündən yıxmaq, öz gününə salmaq. Bu cür insanlardan sadəcə kənar durmaq lazımdır. Bizim partiyamız bu məsələlərdə sistemli şəkildə özünü kənarda saxlaya bilir. Amma lazım gəldikcə sözümüzü də deyirik.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB