"COP-29-a qədər sülh müqaviləsinin bağlanacağını düşünmürəm"
Elxan Şahinoğlu: “Ermənistan əvvəl-axır Azərbaycanın sülh təklifləri ilə razılaşmaq məcburiyyətində qalacaq”
Azərbaycan dövlətinin regionda sülh və təhlükəsizliklə bağlı yaratdığı reallıqlar məğlub Ermənistan və havadarlarını narahat edir və məğlub tərəfi sülh sazişini imzalamaqdan yayındırır. Bu, bölgəni bir sıra yeni təhdidlərlə üz-üzə qoyur. Belə ki, işğalçı Ermənistanın 44 günük savaşda məğlubiyyətə düçar olaraq kapitulyasiya aktına imza atmasına baxmayaraq götürdüyü öhtəlikləri yerinə yetirməməsi, əksinə havadarlarının maliyyə yardımları ilə silahlanması sülh prosesinə adekvat yanaşmadığını açıq şəkildə ortaya çıxarır. Belə bir vəziyyətdə Ermənistanın sülh sazişinə imza ataraq Azərbaycan ərazilərinə olan iddialarından birdəfəlik əl çəkməsi nə dərəcədə real görünə bilər. Eyni zamanda sülh sazişinin imzalanması üzərindən manipulyasiya edərək bölgəyə müdaxilə etmək istəyən kənar güclərin istəkləri, məsələnin beynəlxalq müstəviyə çıxarılması, Ermənistanın silahlandırılması, sülhə imza atmaqdan yayındırılmasının arxasında xoş niyyətlərin olduğunu söyləmək olarmı. Belə olduğu halda sülh müqaviləsinin imzalanması prosesi nə zamana qədər sürə bilər və bu regiona nə vəd edir?
Versus.Az xəbər verir ki, bu istiqamətdə hafta.az-a müsahibə verən politoloq Elxan Şahinoğlu bir sıra nüanslara diqqəti çəkib.
- Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan Sülh müqaviləsi gündəliyində nə var və işğalçı məğlub tərəf bu müqavilənin bağlanmasında nə dərəcədə maraqlı görünür?
- Sülh sazişi mətninin böyük hissəsi razılaşdırılıb. Razılaşdırılmayan məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin çıxarılmamasıdır. Məhz buna görə də sülh müqaviləsinin imzalanması yuvanır. Digər məsələlər demək olar ki, həll olunub. Belə ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Üstəlik Zəngəzur dəhlizi məsələsi sülh sazişi mətnindən çıxarılıb ki, Ermənistanın yersiz iddiaları ilə qarşılaşıb prosesə maneə yaratmasın. Lakin sülh müqaviləsinin qarşısında yeganə əngəl olan Konstitusiyada dəyişiklik edilməyənə qədər sülh sazişinin imzalanması problem olaraq qalır.
- Ermənistan rəhbərliyinin “sülh qovşağı” ideyası nəyə əsaslanır?
- Baş nazir Nikol Paşinyan “sülh qovşağı” ideyasını irəli sürür. Onun reallaşması isə yenə də Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət olunacaq. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar. Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsəd Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətlərin normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir.
- Məlum olduğu kimi, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), noyabrın 12-dən 22-ə qədər keçiriləcək. COP 29-a qədər sulh sazişinin imzalanması ehtimalı nə dərəcədə realdır?
- COP 29-a qədər sülh sazişinin imzalanacağı inandırıcı görünmür. Çünki Ermənistanın qısa müddətdə konstitusiyadan ərazi iddiası ilə bağlı bəndi çıxarması fiziki baxımdan mümkün deyil. Ermənistan baş naziri ümid edirdi ki, heç olmasa COP 29-a qədər çərçivə sazişi imzalansın. Amma Azərbaycan tərəfi bununla razılaşmır və bunu yarımçıq saziş kimi qiymətləndirir. Ona görə də COP-29-a qədər sülh müqaviləsinin bağlanacağını düşünmürəm.
- Qərb, Avropadan Azərbaycana gələn "təkliflər", "məktublarən" əsasıda nə dayanır, Baydenin məktubunin bazasında nə dayanır. Nəyə nail olmağa çalışırlar?
- Amerika Birləşmiş Ştatları da bu prosesi sürətləndirməyə çalışır. President Cozef Baydenin Azərbaycan Prezidentinə, o cümlədən Ermənistan baş nazirinə məktubları var idi. Baydenin narahatlığını iki amillə izah etmək olar: brinci amil Amerikada prezident seçkilərinin yaxınlaşmasıdır. ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Əslində Bayden COP-29 yazarkən, beynində eyni ayda Amerikadakı prezident seçkisini düşünüb. Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücüylə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu Kamala Harrisin xanasına yazılacaq. Bayden adminitrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var: Cozef Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmaqdır. Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək. Amma əslində bizim belə bir dərdimiz yoxdur. Baydenin bu məktubu göndərməsində ikinci məqsəd Rusiyanın prosesə təsir etmək imkanlarını azaltmaqdır. Zatən Ermənistanla Azərbaycan birbaşa danışıqlar aparır və heç bir vasitəçiyə də ehtiyacı yoxdur.
Qeyd edim ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir. Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm”. Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi bu formatdan imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək.
- Ermənistan konstitusiyada dəyisikliyin edilməsinə necə yanaşır: davranışları bu tələbin həyata keçirlməsinə nə dərəcədə adekat cavab verdiklərini göstərir?
- Erməni baş nazir konstitusiya dəyişikliyi ilə bağlı bir neçə dəfə açıqlama verib. Amma prosesi sürətləndirmək istəmirlər. Hətta 2026-27-ci ildə Konstitusiya dəyişikliklərinə gedəcəkllərii bildirilər. Amma Azərbaycan bu qədər müddət gözləyə bilməz. O zamana qədər Paşinyanı devirə də bilərlər, öldürə də bilərlər. Onun yerinə gələnlər isə büün razılaşmaların üstündən xətt çəkər. Çünki Ermənistan hakimiyyəti özünün ziqzaqlı davranışları ilə bunu dəfələrlə sübut edib. Ona görə də Azərbaycanın tələbi budur ki, qısa müddətdə Konstitusiyada zəruri dəyişiklik edilsin. Amma aydındır ki, ilin sonuna qədər bu mümkün olmayacaq.
- Ermənistanln Qərb, Avropa tərəfindən silahlandırıldığını, Azərbaycana qarşı sanksiya tələblərinə baxsaq bu gün maraqlı güclər regionda nələrə nail olmağa çalışır?
- Bir sıra dövlətlər Ermənistanı silahlandırır, birgə təlimlər keçirirlər. Bu, bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Məlumdur ki, Ermənistan ikinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşdi. Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, Ermənistan uzaqmənzilli raketlər alırsa, bu yeni münaqişəyə gətirib çıxarda bilər. Bu yenidən müharibənin yaranmasına gətirərsə Ermənistan yenə də məğlub olacaq. Və Qərb ölkələri, eləcə də Ermənistanı silahlandıran dövlətlər əslində Ermənistanı ağır vəziyyətə sürükləyəcəklər. Ona görə sülh danışıqları gedə-gedə Ermənistanın uzaqmənzilli raketlərllə silahlandırılması əlbəttə yenidən gərginliyi artıracaq.
- Ermənistan Azərbaycanın təklifləri əsasında sülhə imza atacaqmı?
- Ermənistan əvvəl-axır Azərbaycanın sülh təklifləri ilə razılaşmaq məcburiyyətində qalacaq. Çünki müharibədə məğlub olan tərəfdir. Dünya tarixi də göstərir ki, müharibədə məğlub olan tərəf qalib ölkənin şərtlərini qəbul etməlidir. Azərbaycan ağır şərtlər isrəli sürmür. Biz deyirik ki, Ermənistan Konstitusiyasında qonşu ölkəyə ərazi iddiasını ehtiva edən bəndi çıxart. Ona görə də Ermənisan gec-tez buna əmə etmək məcburiyyətində qalacaq. Bunu etməsə sülh sazişi də imzalanmayacaq.
Digər tərəfdən Ermənistanın sülh sazişinə imza atmaması Azərbaycan üçün böyük problem deyil. Azərbaycan işğalda olan toraqlarını azad edib, dövlətin suverenliyini təmin edib, şərti sərhədlərini möhkəmləndirməklə strateji yüksəklikləri nəzarətə götürüb. Ona görə də sülh sazişi daha çox Ermənistana lazımdır ki, qonşu Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırıb regional layihələr qoşula bilsin.
T.Qafarlı
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."