"...Başa düşdüm ki, müharibə yaxınlaşır" - MÜSAHİBƏ

20:05 15-03-2021 | icon 854 | KİV
"...Başa düşdüm ki, müharibə yaxınlaşır" - MÜSAHİBƏ

Yelmar Məmmədli: "44 günlük müharibə haqqında yazsam, veriliş hazırlasam, o məqamları yenidən yaşayaram"

 

Vətən Müharibəsi Azərbaycanın tarixində, həyatında silinməyən bir iz buraxıb. 3000-ə yaxın şəhidi, qazisi ilə cızıldı bu Vətənin qalib portreti. Onun tarixi hər gün yazılır və erməni vandallarının törətdikləri soyqırımlar, vəhşiliklər bir sənəd kimi dünya ictimaiyyətinə çatdırılır. Bu müharibədə bizim jurnalistlərimiz də qələmi, kamerası, elə silahı ilə döyüşdü. Vətənin çağırışına ilk səsverənlərdən biri olan jurnalist Yelmar Məmmədli kimi...

 

Versus.Az xəbər verir ki, jurnalsit Yelmar Məmmədli müsahibəsində bir əsgər, bir jurnalist olaraq maraqlı amillərə diqqət çəkib.

 

- Yelmar bəy, bir jurnalist olaraq sənin Vətənin Müharibəsinə gedən yolun haradan başladı?

 

- Xatırlayırsınızsa, Tovuz hadisələrindən sonra insanlar meydanlara yığışdı. Bundan sonra Prezidentin səfərbəliklə bağlı xalqa Müraciəti oldu. Ondan sonra Azərbaycan vətəndaşı, Vətənini sevən bir insan kimi müharibəyə getmək üçün könüllü olaraq qeydiyyatdan keçdim.  Səhəri məni komissarlığa çağırdılar. Sentyabrın 21-dən təlimlərə cəlb olundum. Altı gün təlimlərdən sonra sentyabrın 27-də, artıq səhər tezdən döyüşə qoşulan ilk hərbi hissələrdən birinin tərkibində idim. Döyüş yolumuz Füzuli rayonundan başladı. Füzulidən sonra Cəbrayıl, Hadrut, Xocavənd, Şuşada olduq. Döyüş bitəndən sonra, hətta bir müddət orada qaldım. Xocalıya kimi gedib-çıxdıq. Mən jurnalist olsam da, bir əsgər kimi müharibədə iştirak etdim.

 

- Jurnalistin bir neçə günün içində döyüşçüyə çevrilməsi çətin olmadı ki?

 

- Jurnalist kimi həmişə siyasi, hərbi mövzularda reportajlar hazırlayırdım. Ermənilər ardıcıl təxribatlar törədirdilər. Atəşkəsin tez-tez pozulması, Tovuz hadisələri, generalımızın vurulmasından başa düşdüm ki, müharibə yaxınlaşır. Hiss edirdim ki, artıq bir hərəkətlilik var. Çox istəyirdim ki, belə tarixi prosesdə hansısa formada iştirak edim. Bu istəyimə də nail oldum.

 

- Hərbi mövzularda reportajların hazırlanması sizə hansı təcrübəni  qazandırdı?

 

- Dediyim kimi, bir siyasət, hərbdən yazan jurnalist olaraq təlimlərdə çox iştirak eləmişdim. Döyüşlərə qoşulanda da bunları yadırğamadım. Döyüşlərə qatılanda necə davranmaq lazım olduğunu bilirdim. Təlimlərdə silahların səsini, o prosesləri görürdüm. Yanımda olan uşaqlar var idi ki, artilleriyanın səsindən panikaya düşürdülər. Mənim üçün bu səs yad deyildi. Hərbi təlimlərdə iştirak edən döyüşçü kimi mənim köməyimə gəldi.

 

- Müharibədə əsgər kimi iştirak etsən də, şübhəsiz, baş verənlərə  jurnalist müşahidəçiliyi ilə yanaşmısan. Nələri müşahidə etdin?

 

- Şükür Allaha, bu sahədə təcrübəm var və düşünürəm ki, bu, maraqdan irəli gələn bir amildir. Bir var, bu məsələni nəzəri öyrənəsən, bir də var, praktiki olaraq sən o anları yaşayırsan, əsgər kimi o həyatın  iştirakçısı olursan. Mənə belə gəlir ki, hərb həyatını yaşayan bir insan jurnalist kimi öz peşə fəaliyyətində daha səmərəli, daha məhsuldar ola bilər. Məsələn, günü bu gün 44 günlük müharibə haqqında nəsə bir yazı yazsam, veriliş hazırlasam o məqamları yenidən yaşayaram, çünki görmüşəm. Bilirəm orada nələr olub, nələr baş verib, biz nələr keçirmişik. O hissləri yenidən yaşayır insan. Sadəcə, məlumat vermək, söz xatirinə o hadisələr haqqında nəsə yazırsan. Bunlar arasında yerlə-göy qədər fərq var. O hadisəni yaşamış adam informasiyanı insanlara daha səmimi çatdıra bilir. O hissi, o həyəcanı, ölümü-itimi yaxından görmək, sonradan onları hiss edərək insanlara ötürmək başqa bir məsələdir.

 

"Hərbi jurnalistika formalaşmalıdır"

 

- Bizdə hərbi jurnalistikanın formalaşması prosesi necə gedir. İstərdim bu barədə danışasınız?

 

- Azərbaycan mediasında da hərbi jurnalistika formalaşmalıdır. Məsələn,  döyüşdə olarkən bizim yanımıza gəlib-gedən jurnalistləri görürdüm. Hər gün döyüş olmurdu, arada bir-iki saat sakitlik də yaranırdı. Mənə elə gəlir ki, jurnalistlərin əksəriyyəti – istər qəzet jurnalistləri, istər xəbər jurnalistləri, döyüş bölgələrində olmalıydı.  Bilavasitə həmin əraziləri, koordinatları görməliydilər. Təbii ki,  müharibədə hər şeyi yazmaq olmur, hər şeyi göstərmək olmur, bu aydındır. Bir jurnalist kimi istərdim ki, hər bir proses detallarına qədər göstərilsin, hər şey çəkilsin. Məsələn, hərbdə elə gizli məsələlər var ki, jurnalist onu soruşur, hərbçi onu tam açıqlığı ilə izah eləmir. Tutaq ki, qıraqdan baxan  əsgər kimi görürdüm ki, burada bu şey olub, amma deyilmir. Demək ki, deyilmirsə, bunun bir səbəbi, mənası var. Mən də istərdim ki, bütün jurnalistlərin hamısı müharibə vaxtı o döyüş zonasında çəkilişlər aparsınlar; daha bir nəfər, iki nəfər yox. Məsələn, jurnalistlər arasında hansı dilli, hansı çevik, hansı hərbi sahəyə yaxın idisə, onu seçib aparırdılar. Bu, onların hərbi jurnalist kimi püxtələşməsində böyük rol oynayacaq.

 

- Bizim jurnalistlər ön cəbhəyə buraxılmadı və bunu müəyyən mənada jurnalistin özünün təhlükəsizliyi baxımından etdilər. Müharibədə gərgin döyüş səhnələrini ifadə edən kadrlarçəkildimi?

 

- Açığını deyim, belə kadrların çəkildiyini görmədim. Bilmirəm çəkilib, yoxsa yox. Mənə belə gəlir ki, bu olmamış da olmaz. Birinci Qarabağ savaşından olan o kadrlara baxaraq cavan nəsil yetişdirdik. Bir var söz deyəsən, bir də var, müharibənin dəhşətini göstərəsən, ortada fakt ola. O dəhşətli görüntüləri görəndə insan necə hisslər keçirirdi... Biz o hisslərlə böyüdük, Xocalı soyqırımı qurbanlarını, dəhşətləri, camaatın başına gətirilən müsibətləri görə-görə böyüdük. Yəqin ki, bu, İkinci Qarabağ savaşında, elmin-texnikanın inkişaf etdiyi vaxtda belə kadrlar çəkilməmiş olmaz. O kadrlar var və nə vaxtsa üzə çıxacaq.

 

- “Müharibədə xaricdən gələn jurnalistlər daha çox informasiya yaydı”, – deyilərkən buna sizin reaksiyanız, cavabınız nə olur? Heç dedinizmi ki, “Biz belə ola bilərdik”.

 

- Əlbəttə, dedik. İstərdim ki, jurnalist kimi çəkilişlər aparmaq üçün mənə o imkanları versinlər və ürəyim istəyən qədər çəkim, hadisələri camaata çatdıra bilim. Əlbəttə, xaricilər bizdən cəld davranıb daha yaxşı məhsul ortaya qoya bilirlərsə, burada qısqanclıq amili yaranır. Nə qədər arzuolunmayan təcrübə olsa da, bizim jurnalistlər də o qədər təcrübə gördülər. Bu istiqamətdə ixtisaslaşma aparılmalıdır.

 

- Yelmar bəy, erməni cinayətkarları Gəncəyə, Bərdəyə qadağan olunmuş raketlər atanda, hadisə yerlərinə gedə bildin?

 

- Heç birini görə bilmədim, həmin vaxt cəbhədə idik. İnformasiyanı, ancaq komandirlərimizdən alırdıq. Komandirlərimiz deyirdi ki, filan yerə raket atıblar, Gəncəyə atıblar, Bərdəyə atıblar. Mülki insanlarımız həlak olub. Yalnız ağızdan eşidirdik, başqa informasiya almaq imkanımız yox idi.

 

- Müharibədən sonra bir jurnalist kimi fəaliyətə nə vaxt başladın?

 

- Mən döyüşçü idim. Müharibə bitəndən sonra sonuncu cəmlənmə məntəqəsində, Cəbrayılda, ermənilərdən götürdüyümüz hərbi hissədə idik. Ora jurnalistlər dəvət olunmuşdu, gəlmişdilər. Orada hazırda işlədiyim Baku TV-yə, AzTV-yə müsahibə verdim.

 

- Torpaqlar azad edildikdən sonra hansı rayonda oldun?

 

- İşğaldan azad olunmuş rayonlardan Kəlbəcər istiqamətində olmamışam, Ağdamda da həmçinin. Qalan rayonların əksəriyyətindən döyüş yolumuz keçib. Ona görə də deyə bilərəm ki, Qarabağ torpağının əksər rayonlarında olmuşam. Bu yaxınlarda Ağdama təşkil olunan media turu vasitəsilə getdim. Oradan  reportaj hazırladıq. Ağdama gedəndə Xocalı faciəsininn ildönümü ərəfəsi idi. Orada bizi bir kəndə apardılar – Şelli kəndinə. Məsələn, orada bildim ki, həmin vaxt camaat Xocalıdan qaçanda, dağlardan, meşələrdən, dərələrdən aşaraq Şelliyə gəlib. Sonra  internetdən Şelli haqqında daha çox məlumat almaq istədim.  Axtarış verdim, bir-iki cümlədən başqa kənd haqqında o qədər məlumat çıxmadı. Şellidə məktəb tikilməsi barədə xəbər var idi. Onu da hansısa Fransada yaşayan erməni milyonçunun tikdirdiyi qeyd olunurdu. Bu cür bir-iki məlumatdan başqa qarşıma məlumat çıxmadı. İşğal altında qalan, azad olunan rayonlarımız haqqında informasiyada çox boşluq var. Hər kənd, hər rayon, hər dağ uğrunda gedən savaşlardan, erməni işğalından, orada nə qədər insanın düşmən tərəfindən məhv edilməsindən yazılmalı və internet səhifələrinə yüklənməlidir. Bu məsələləri niyə lazımınca ortaya qoymayaq ki, gələcək nəsillər öyrənsin?! Məlumatlar müxtəlif dillərdə olmalıdır. Hər  rayon haqqında axtarış verən bir xarici vətəndaş başımıza gətirilən təcavüz, işğal, erməni vandallığı barədə bilməlidir. Məsələn, cavan nəsil olaraq intenetdə axtarış verəndə heç bir məlumat almadım. Bunu camaatdan eşitmişəm.

 

- İnformasiya müharibəsinin bu sahəsində niyə geri qalırıq? Nəyə görə informasiya texnologiyaları əsrində internet üzərindən düşünülmüş geniş təbliğat qura bilmirik?

 

- Bu informasiya müharibəsinin nəticəsini Birinci Qarabağ savaşında gördük. Onlar bizi qabaqladılar, onlar dünyaya bizi barbar xalq kimi təqdim eləməyi bacardılar. Xocalı faciəsini üstümüzə yıxmağa çalışırdılar ki, guya orada olan hadisələri özümüz törətmişik.  Bunlar hamısı bizim o vaxt buraxdığımız boşluqlardan irəli gəldi.

 

- Bu gün o boşluqlar doldurulurmu?

 

- Mənə belə gəlir ki, Vətən müharibəsində o boşluqları yetərincə doldurduq. Niyə səhv informsiya yayılır? İnformasiya vaxtlı-vaxtında auditoriyaya verilmir və istər-istəməz ortalığa feyk-nyuslar çıxır. Kimsə səni qabaqlayır, olan hadisəni başqa cür təqdim edir.

 

“Bizim danışılacaq çox sözümüz var”

 

- Torpaqlarımız azad olunub və ermənilərin vandallığı ortadadır. Jurnalistlərin öz təşəbbüsü ilə gedib çəkilişlər aparması nə dərəcədə mümkündür?

 

- Məsələn, Ağdama getdik, lazımi çəkilişlər elədik. Jurnalisitlərin öz təşəbbüsü ilə getməsi hələ ki, mümkün deyil. Oralar minalanmış zonadır. Tam əminliklə deyirəm, bu belədir. Həmin yerlərə lentlər çəkilib və sən ancaq bu istiqamətə hərəkət eləməlisən. Oradan ayağını sağa-sola qoysan, hər cür hadisə baş verə bilər. Fikirləşin ki, təşəbbüsümüzlə Qarabağa getmişik, yanımızda da bir neçə nəfər var. Biz də çəkməyə həvəsliyik axı. Otuz ildən bəri haqqında danışdığımız torpaqlara getmişik. Adam istəyir hər yeri çəksin. Çəkiliş prosesində başımıza bir iş gəlsə, onda necə olacaq. Bu səbəbdən media-turlarla hərəkət etməyə məcburuq. Sabah, biri gün o lentləri aradan qaldırarlar, o zaman hər yerə gedərik, çəkilişlər apararıq. Qəbiristanlıqları, abidələri, qəbir daşlarını, hər tərəfi çəkərik...

Düşünürsən, adamı dəhşət bütüyür. Bu vandal erməni qəbir daşlarını niyə məhv edir? Qəbirdəki sümükləri nə edir? Ağdamda çəkilişlər edəndə dəhşətə gəlirdik ki, niyə qəbirləri dağıdıblar? Orada bir ata öz oğlunun qəbrini tapdı. Başladı ot-ələfin təmizləməyə, içi də bom-boş idi. Bir qadın gəlmişdi, Xocalı sakini idi. Yoldaşının qəbrini axtarırıdı, tapa bilmədi. Qəbirlərdən nişanə deyilən bir şey yox idi. Erməni vandallığını göstərmək üçün yüksək birlik nümayiş etdirib, o faktları çəkmək, təbliğ eləmək lazımdır.

 

- Döyüşçü jurnalist olaraq həmkarlarınıza nə deyərdiniz?

 

-İstərdim ki, jurnalistlərimiz Qarabağ savaşında iştirak edən qazilərdən, şəhid ailələrindən, eləcə də müharibədən sağ-salamat gələn əsgərlərdən  müsahibələr götürsünlər, onların keçdiyi yolu işıqlandırsınlar. Bizim danışılacaq çox sözümüz var. Bu istiqamətdə reportajları, müsahibələri, görüşləri çox eləsinlər, cəmiyyət bizim necə oğullarımızın olduğunu bir daha görsün. Qoy dost sevinsin, düşmən xar olsun.  Döyüşən əsgərdən götürülən hər bir müsahibə müharibədə iştirak edən hər bir əsgərin Vətən sevgisini, düşmənə nifrətini və öz torpağı uğrunda canından keməyə hazır olan bu xalqın dəyərlərini, gücünü, Vətən ruhunu dünyaya çatdırmış olacaq. Torpaqlarımızı işğal etməyə cəhd edən, yaxud onu kimlərəsə peşkəş etməyə çalışan böyük güclər Azərbaycan əsgərinin, onun dəmir yumruğunun qarşısında dayana bilməyəcəyini görsün, pis niyyətlərindən əl çəksinlər. /"Həftə İçi"/

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR