“İqtidar müxalifəti, müxalifət də bir-birini bəyənmir, aləm qarışıb” - MÜSAHİBƏ

13:23 26-10-2018 | icon 659 | Siyasət
“İqtidar müxalifəti, müxalifət də bir-birini bəyənmir, aləm qarışıb” - MÜSAHİBƏ

 

 

Mirmahmud Mirəlioğlu: “Bu gün kim ki, mitinqin əleyhinə danışır, yəqin çörəyi o cür danışmaqdan çıxır”

 

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Versus.Az-a müsahibəsi

 

- Mirmahmud bəy, günün siyasi proseslərini təhlil etsəniz, hansı cərəyanların inkişaf etdiyini söyləyərdiniz?

 

- Əslində, Azərbaycanda hər hansı siyasi prosesdən danışmaq doğru deyil, bu, özünü aldatmaqdır. Ona görə ki, Azərbaycanın ən mühüm problemi olan Qarabağ məsələsi həll olunmayıb və proseslərin getməsi haqqında deyilən fikirlər bir immitasiyadır.

 

Bir xatırlatma verim: 18 oktyabr Dövlət Müstəqilliyi Haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. Dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə bağlı Azərbaycanda nəsə olduğunu gördükmü, xeyir görmədik. Qarabağ problemini həll etmək üçün mükəlləf olanlar əllərini ağdan qaraya vurmurlar. Uzağı bir-iki yeni deputat təyin olunur, onlar da özlərinə forma verərək, məsələləri artistcəsinə əzib-büzərək deyirlər ki, sən demə ermənilər bizdən qorxduqları üçün səngərdə əyilib gəzirlər. Guya kimsə səngərdə düz gəzib özünü nişangaha verməliymiş. Məsələlərdən elə danışırlar ki, sadəcə adamın gülməyi gəlir. Azərbaycanda proses olsaydı, 30 il müddətində bu isitqamətdə görülən işlərin bir məntiqi nəticəsi olardı. Aparılan siyasət normal olsaydı, Azərbaycan cəmiyyətini bilərəkdən “münaqişə sülh yolu ilə həll olunacaq, yoxsa hərb yolu ilə” dilemması qarşısında qoymazdılar. Aprel döyüşləri hər kəsə göstərdi ki, Azərbaycan döyüşçüsü hər şeyə qadirdir. Azərbaycan iqtidarının iqtidarı olmalıdır ki, özündə güc tapıb əmr versin, əsgərlərimiz də o əmri yerinə yetirsinlər. Ona görə də bü gün Azərbaycanda siyasi proseslərin getməsi haqqında nəsə demək doğru deyil.

 

- Bəs fəallığı ilə seçilən narahat kəsim siz dediyiniz bu günün nəbzini nə dərəcədə düzgün tuta bilir?

 

- Azərbaycan üçün günün nəbzi döyünmür. Çünki hakimiyyətin siyasəti insanlarımızın doğru yola deyil, başların problemlərlə qatılmasına yönəlib. Siyasilərin, ictimai fəalların da bu istiqamətdə hər hansı bir təsir imkanları yoxdur.

 

1988-ci ildə Azərbaycanda siyasi proseslər Qarabağla bağlı başlamışdı. Bu gün özünü lider hesab edənlər və yaxud onları lider sayanlar bu problemlə bağlı siyasətə gəldilər. Amma Qarabağ problemi həll olunmayıb. Elçibəy hakimiyyəti zamanında bu istiqamətdə hansısa bir işlər görüldü. Bir illik hakimiyyət zamanında rus qoşunları Azərbaycandan çıxarıldı. Düzdür, bu, hakimiyyətin özünün getməsi hesabına baş versə də, amma baş verdi. Ondan sonra Azərbaycanda rus siyasətinin təsirləri sona çatıbmı, yox. Çünki rus qafalılar yenə də hakimiyyətdədirlər, rusun orden və medallarını sinəsində daşıyanlar parlamentdədirlər və indi də rusdilli məktəbləri çoxaltmaq istəyirlər. Ona görə də burda nəbzi tutama məsələsi bir az inandırıcı görünmür. Bu gün bizim insanlarımızın hansı vəziyyətdə yaşaması, hansı problemlərlə üzləşməsi ortadadır. Azərbaycan hakimiyyəti nə şəhidinə sayğı göstərə bilir, nə də qazisinə. Bu yaxınlarda isə Milli Məclisin qarşısında şəhid ailələrinin keçirdiyi aksiya bu fraqmenti bir daha ortaya qoydu.  Biz siyasi fəallar, partiyalar da Azərbaycanda nəsə etmək gücündə deyilik. Azərbaycan hakimiyyətinə təsir etmək imkanlarımz tükənib.

 

“Biz bu düşmənə qarşı mübarizə aparmaq üçün bir yerdə olmalıyıq”

 

- Hər bir dövlətdə cəmiyyətin hakimiyyətdən narazı qaldığı məsələlər olur və bunun üçün də təbii olaraq bir müxalif kəsim formalaşır. Hazırda Azərbaycanda mövcud olan bu kəsimin vəziyyəti hansı səviyyədədir. Niyə bir-birinə qənim kəsilib?

 

- Bu, vəziyyətin gərginliyi ilə bağlıdır. Dədələrimiz “yer bərk olanda... daha nə olur demirəm. Artıq qarşındakı əsas rəqiblə mübarizə aparmaq çətinləşib deyə, öz çiyindaşları ilə mübarizə aparırlar. Əslində belə olmamalıdır. Azərbaycanın bir düşməni var, o da səngərin o tərəfində əli tətikdə olan cinayətkar, işğalçı erməni. Onun beynəlxalq aləmdə, Avropada dayaqları, lobbi dəstəyi var və torpaqlarımızı illərdir işğal altında saxlayır. Biz bu düşmənə qarşı mübarizə aparmaq üçün bir yerdə olmalıyıq. Təəssüflər olsun ki, bir yerdə olmaq bir yana, hətta bir-birilərini xəyanətdə günahlandırırlar. Qarşılıqlı ittihamlar baş alıb gedir. Bu, eyni zamanda məsələnin mahiyyətinə varmamaq və yol göstərənin, liderin olmaması ilə bağlıdır. Belə bir lider isə 18 ildir yoxdur. Elçibəy varlığında hamını bir araya gətirməyə çalışırdı və buna nail olurdu. Hətta onda da bir şey eləmək olmurdu. İndi bütün müxalif düşərgə pərən-pərəndir,  rəngarəngdir - sağçı, solçu, liberal. Mən kiməsə nə ağıl vermək, nə də yol göstərmək fikrində deyiləm. Amma  reallıqdır. Ona görə də belə suallar təbii olaraq yaranır.

 

- Keçmiş səhvlərdən, yaşanan olaylardan bir nəticə çıxarmaq üçün müəyyən bir kampramisə getmək istəyi varmı bu cəbhədə?

 

- Bu istiqamətdə müəyyən işlər görülür. Biz iyulun sonunda Beynəlxalq Mətbuat Mərkəzində bir Qarabağ Forumu keçirdik. O foruma hamı dəvətli idi və tədbirdə demək olar ki, çıxış edənlər əsasən torpaqların işğaldan azad olunması ilə bağlı bir araya gəlməyin vacibliyini deyirdilər. Orda səslənən çıxışlardan sonra Qarabağ Komitəsinin yaradılması ideyası gerşəkləşdi və bütün qüvvələrin səylərinin birləşdirilməsi məsələsi xüsusi önəm kəsb elədi. Amma bizdə bir “bəyənməzlik sindiromu” var. İqtidar müxalifəti, müqalifət də bir-birini bəyənmir, aləm qarışıb. Biz həm də bu bəyənməzliyi aradan qaldırmaq üçün Qarabağla bağlı bir araya gəldik. Amma bəziləri ağzıgöyçəklik edirlər.

 

Hələ 1993-cü ilin iyul qiyamının nəticəsi olaraq bu hakimiyyət iqtidara gəlib və Elçibəy hakimiyyəti devrilib. Elçibəy başda olmaqla hələ o vaxt da bu qərardaydıq ki, Qarabağla bağlı iqtidar-müxalifət ola bilməz. Biz həmin qərarı bu gün də qüvvədə saxlayırıq, məntiqi hesab edirik. Təbii ki, Qarabağ problemini Azərbaycan hakimiyyəti həll etməyə borcludur.  Əgər hökumət bu işi görəcəksə biz buna dəstək verməliyik. Yox bu işi görə bilmirsə, yarıtmaz siyasət yürüdəcəksə buna qarşı olacağıq. Qarabağ mitinqi də bu prosesə yönəlibdir və işlər görülür. Amma vəziyyət çətindir. Ona görə çətindir ki, qarşılıqlı ittihamlar davam edir. Bu gün davam edən ittihamların qarşısını almaqdan ötrü birinci 29 sentyabr mitinqindən sonra bütün siyasi partiyalara - 18 siyasi partiya və ictimai xadimə müraciət olunub. O müraciətdə də növbəti birgə mitinqin keçirilməsi ilə bağlı müzakirələrə dəfət olunmuşdular. O müzakirələrdə dəvət olunan 18 partiya və ictimai xadimdən yalnız 1 nəfər məclisdə iştirak elədi, 2 partiya media vasitəsilə öz münasibətini bildirdi.  Bununla da məsələ bitdi.

 

- Bu  yanaşmanın özü nəyi ifadə edir?

 

- Yəni bunun cavabı bizlik deyil. Biz yenə də hesab edirik ki,  bu istiqamətdə kimlərinsə arzu istəkləri və tələbləri təmin olunmur. Gün gələr təmin olunar. Komitə olaraq hesab edirik ki, bu məsələnin müzakirəsi bitməyib, nə vaxt istəsələr fikir bildirə bilərlər. Amma biz növbəti mitinqin vaxtını təyin elədik. Biz onları gözlədik, onların iştirakı ilə bir qərar vermək istədik, amma onlar gəlmədilər. Bəziləri də belə münasibət bildirdilər ki, bizim Qarabağ məsələsini bu cür qabartmağımız, gündəmə gətirməyimiz danışıqlar prosesinə mane olur. Danışıqlar prosesi sonsuzluğa qədər olmalıdır? Hansı danışıqalar prosesinə mane olur?

 

- Bu mitinqi hakimiyyətə xidmət kimi dəyərləndirmə, “danışıqlara mane kimi” təqdim etmə hansı manevrlər idi?

 

- Hakimiyyətin özündə də bu məsələyə qəribə münasibət var.  Bir millət vəkili dəstəkləyir, deyir ki, bu, millətin mitinqidir, başqa bir partiya sədri deyir ki, bu ümummilli məsələdir və sonra da deyirlər ki, bu məsələ danışıqalara mane olur. Parlamentdə məsələni gündəmə gətirib müzakirə edirlər ki,  Qarabağ məsələsini stadionlarda həll eləmək olmaz. Yaxşı, hərb yolu ilə olmaz, danışıqlarda həll etmək olmaz, parlamentdə olmaz, mitinqlərdə olmaz, bəs onda harda olar?! Ona görə də bu cür çıxış edənlər öz vicdanları ilə danışsınlar. Özlərini də ortaya qoysunlar, fəaliyətlərini də.

 

Qarabağ mitinqinə belə bir münasibət var ki, guya biz hakimiyyətin əlinə oynayırıq. Yanlışdır. Yenə də deyirəm, 1993- cü il iyul qiyamından sonra bizim bir qərarımız var və biz o qərara uyğun olaraq hərəkət edirik. Qərarımız doğrudur. Probemin həlli ilə bağlı nə gərəkirsə onu da etmək lazımdır. Azərbaycanın ictimai, milli müqavimətini təşkil eləmək lazımdır, vətəndaşlarda vətənpərvərlik əhval-ruhiyyəsi olmalıdır, işğal faktı təbliğ olunmalıdır, şoulara dur demək lazımdır. Səhərdən axşama qədər bütün televiziyalar sanki qalib bir ölkənin kanalları kimi, zəfər çalan ölkənin təmsilçiləri kimi çıxış edirsə, bu doğru deyil. Biz düşməni dostdan seçməyi bacarmalıyıq.

Biz 20 Yanvarı, Xocalı soyqırımını unutmalıyıqmı? Bütün bunlar hamısı yaxın zamanlarda baş verib və bu faciələrə rəhbərlik edən rusun cinayətlərini unutmalıyıqmı, Xeyir!

 

“Bacardığımız ancaq bir-birimizə qarşı çirkin kampaniya qurmaqdır

 

- Siyasiləri ortaq məxrəcə gələ bilməyən cəmiyyət nə etməlidir?

 

- Biz Elçibəy haqqında danışanda deyirik ki, o birləşdirici, qurucu, hədəfləyici bir ideoloq idi. O bu gün həyatda yoxdur. Amma onun ideyaları qalır. Onun ideyalarını rəhbər tutduqlarını iddia edənlər ona əməl etməyə borcludur. Eyni zamanda müxalifəti bir-birinə qənim kəsilən cəmiyyət özü öz hədəfinə doğru getməlidir. Torpağının azad olunmasına, problemlərinin həllinə doğru səfərbər olmalıdır. Müxalifət həmişə öndə ola bilməz. Çox vaxt biz özümüzü tənqid edirik ki, bacarmırıq.  Bacardığımız ancaq bir-birimizə qarşı çirkin kampaniya qurmaqdır. Bacardığımız özümüzə qənim kəsilməkdir. Amma xalq bunları gördüyünə görə qoy mənim ardımca gəlməsin. Özünün öz ideyasının arxasınca getsin, öz torpağını azad etməyə köklənsin.

 

- Amma bu xalqın da əlindən gələn meydana çıxıb “Qarabağa Azadlıq” istəməsidir. Ona da deyirlər ki, “Qarabağı meydanda azad etməyəcəksən”.

 

- Belə fikirlər deyilə bilər. Amma o, öz məqsədinin dalınca getməli, “Qarabağ!”- deyə hayqırmalıdır. Hökumətindən hesabat tələb etməlidir. Ruhu incidilən vətəndaş öz haqları uğrunda mübarizə aparmalıdır. Bütün bunlar hamısı Azərbaycanda siyasi mübarizənin bitməməyinin göstəricisidir. Torpaqların işğalda qalması əsgərimizin mübarizəsinin bitmədiyinin göstəricisidir. Problemin mühüm olması, təkcə baxış bucaqlarında həllini tapmır. Əlində gücü olan iqtidar bu problemi həll edəcək.

 

- Mirmahmud bəy, siyasi partiyaların iştirakı baxımından 24 noyabr mitinqində hər hansı dəyişikliyin olacağı gözləniləndirmi?

 

- Növbəti mitinq 1-ci mitinqdən fərqli olacaq. Hesab edirik ki, onun tərkib etibarı ilə əhatəsi də geniş olacaq. Birinci mitinqin nəticələrini müzakirə etdik. Əvvəl mitinqdə iştirak edən və etməyən adamların mitinqin müddətinin uzadılmasına etirazları vardı. Biz nəzərdə tuturduq ki, mitinq 17 noyabrda olsun. Amma həmin vaxtda bir neçə adamın mitinq keçirməklə bağlı təşəbbüsləri vardı və təşəbbüslərə mane olmasın deyə 24 noyabr tarixi nəzərdə tutuldu. 24 noyabra münasibət ictimai-siyasi vəziyyətdən asılı olacaq. Eyni zamanda burada iqtidarın fikrindən də çox şey asılıdır. İqtidar bu barədə qəti fikir bildirsə, mitinqdə iştirak edəcəklərini bəyanlayan sözçülər zamanı gələndə 180 dərəcə dəyişməyəcəklər. Təşkilat Komitəsinin işinin nəticəsinə uyğun olaraq söyləmək olar ki, bu işə rayonlar da dəstək verəcək.

 

- Mitinqə gəlməyən partiyaların arasında AXCP, Müsavat, Real və parlamentdə olan müxalif partiyalar var idi. Onların bu mitinqdə iştirakları mümkün görünürmü?

 

- 29 sentyabr mitinqi bir proses yaratdı və münasibətlər, danşıqlar istiqamətində yaxşı mənada buzu əritdi. Birinci mitinq bütün proqnozlarımızı dəyişdirdi. Amma bu gün kim ki, mitinqin əleyhinə danışır, yəqin çörəyi ordan çıxır. Qarabağla bağlı atılan istənilən addımın əleyhinə danışmaq doğru deyl. Azərbaycan siyasi hakimiyyəti onun təsirlik dərəcəsini artırmalıdır. Biz Qarabağ probleminin başqa ölkələrdə həll olunacağını deyənlərə qarşıyıq. Qaqabağ problemini biz etməliyik, Azərbaycan əsgəri həll etməlidir, demokratiyanı da Azərbaycan əsgəri gətirməlidir. Bu istiqamətdə biz Azərbaycan əsgərinin qələbəsini indidən qeyd eləmliyik.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB