Bu xəstəliyə əsasən 20-50 yaşlı kişilərdə rast gəlinir

14:42 23-03-2021 | icon 992 | Sağlamlıq
Bu xəstəliyə əsasən 20-50 yaşlı kişilərdə rast gəlinir

Nərminə Abbasova: “Xəstə ümumi halsızlıq, tez yorulma, baş ağrılarından şikayət edir”

 

Miokardiodistrofiya – miokardın metabolik pozğunluqlar nəticəsində yaranan ikincili zədələnməsi olub, ürək əzələsinin distrofiya və disfunksiyasına gətirib çıxarır. Miokardiodistrofiya kardialgiya, ürək ritmində fasilələr, mülayim taxikardiya, tez yorulma, başgicəllənmə, təngnəfəsliklə müşahidə olunur.

 

Miokardiodistrofiya haqqında Versus.Az-a danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirdi ki, diaqnoz anamnestik məlumatlar, elektrokardioqrafiya, fonokardioqrafiya, rentgenoqrafiya, exokardioqrafiya, MRT, sintiqrafiya, qanın biokimyəvi analizinin nəticələrinə əsasən qoyulur.

 

Həkim-terapevtin sözlərinə görə, miokardiodistrofiyanın müalicəsi kardiotrofiklərlə patogenetik terapiya və antiaritmik, antihipertenziv preparatlar, ürək qlikozidləri və s. ilə simptomatik terapiyanın aparılmasından ibarətdir.

Miokardiodistrofiya barədə ümumi məlumat verən Nərminə xanım qeyd etdi ki, “Miokardiodistrofiya” ifadəli metabolik pozğunluqlar və miokardın yığılma qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunan ürək əzələsinin qeyri-iltihabi və qeyri-degenerativ zədələnmələrini özündə birləşdirir:

 

“Miokardiodistrofiya hər zaman ikincili proses olub, dismetabolik, elektrolit, fermentativ, neyrohumoral və vegetativ pozğunluqlarla səciyyələnir. Miokardiodistrofiya zamanı miositlərin və ürəyin ötürücü sisteminin distrofiyası ilə əlaqədar ürək əzələsinin əsas funksiyaları – yığılma, oyanma, avtomatizm və keçiricilik pozulur. Miokardiodistrofiya, xüsusən erkən mərhələlərdə geridönən xarakter daşıyır, bu da onu ürəyin hemoxromatozu və amiloidozu zamanı miokardın degenerativ dəyişikliklərindən fərqləndirir.

Qeyd edim ki, miokardiodistrofiyaya miokardda maddələr və enerji mübadiləsini pozan müxtəlif xarici və daxili amillər səbəb olur. Miokardiodistrofiya kəskin və xroniki ekzogen intoksikasiyalar, fiziki agentlərin - radiasiya, vibrasiya - təsirindən inkişaf edə bilər. Əksər hallarda miokardiodistrofiya endokrin və metabolik pozğunluqlar, sistem xəstəlikləri, infeksiyalar, həzm sistemi xəstəliklərinin gedişini müşayiət edə bilər”.

 

Həkim-terapevt deyir ki, yenidoğulmuşlar və az yaşlı uşaqlarda miokardiodistrofiya perinatal ensefalopatiya, bətndaxili infeksiyalar, hipoksiya fonunda ürək-damar sisteminin dezadaptasiya sindromu ilə əlaqədar yarana bilər. Onun sözlərinə görə, idmançılarda miokardiodistrofiya həddindən artıq fiziki gərginlik nəticəsində formalaşır:

 

“Müxtəlif qeyri-qənaətbəxş amillər kardiomiositlərdə elektrolit, zülal, enerji mübadiləsinin pozulmasına, patoloji metabolitlərin toplanmasına səbəb olur. Bu dəyişikliklər əzələ liflərinin yığılma funksiyasının, ritm və keçiriciliyin pozulmasına, ürək çatışmazlığına gətirib çıxarır. Etioloji amil aradan qaldırıldıqda miositlərdə trofik proseslər tamamən bərpa oluna bilir, lakin uzunmüddətli təsir nəticəsində kardiomiositlərin bir hissəsi məhv olur, onlar birləşdirici toxuma ilə əvəz olunur – kardioskleroz formalaşır.

Hemoqlobin səviyyəsi 90-80q/lqədər azaldıqda miokardda dəyişikliklər baş verir. Bu fonda ürək əzələsində enerji çatışmazlığı ilə müşayiət olunan hemik hipoksiya inkişaf edir. Anemik miokardiodistrofiya dəmirdefisitli və hemolitik anemiya, kəskin və xroniki qanitirmə, DDL-sindromu zamanı yarana bilər.

Anemiya ilə assosiasiyalı miokardiodistrofiyanın klinik əlamətlərinə dəri örtüklərinin avazıması, başgicəllənmə, təngnəfəslik, taxikardiya, yuxu arteriyalarının sürətli pulsasiyası aiddir. Perkussiyada ürək sərhədlərinin genişlənməsi aşkarlanır, bu əlamət miokardın hipertrofiyasına dəlalət edir. Auskultasiyada yüksək tembrli ürək tonları, ürək və damarlar üzərində sistolik küylər, boyun damarları proyeksiyasında venoz küy eşidilir. Uzunmüddətli anemiya və onun qeyri-adekvat müalicəsi zamanı ürək çatışmazlığı inkişaf edir”.

 

Tireotoksikoz fonunda miokardiodistrofiyadan da bəhs edən Nərminə xanım bildirdi ki, tireoid hormonların miqdarının çox olduğu hallarda ürək əzələsində adenozintrifosfor turşusu və kreatinfosfatın sintezi azalır, bu da enerji və zülal çatışmazlığı ilə müşayiət olunur. Həkimin sözlərinə görə, tireoid hormonlar simpatik sinir sisteminin aktivliyini stimulə etməklə, ÜYT, qanın dəqiqəlik həcmi, qan cərəyanının sürəti, sirkulyasiya edən qanın həcmini artırır. Bu zaman ürəkdaxili hemodinamika energetik cəhətdən təmin olunmadığından miokardiodistrofiya inkişaf edir:

 

 

Tireotoksikoz fonunda yaranan miokardiodistrofiyanın klinikasında aritmiyalar üstünlük təşkil edir. Uzun müddət davam edən tireotoksikoz ürək nahiyəsində ağrı, ödemlər, hepatomeqaliya ilə təzahür edən xroniki qan dövranı çatışmazlığına gətirib çıxarır. Bəzən tireotoksikoz zamanı miokardiodistrofiyanın əlamətləri ön plana keçir, bu səbəbdən pasiyentlər ilk növbədə kardioloqa, sonra isə endokrinoloqa müraciət edir. Hipotireozla assosiasiyalı miokardiodistrofiyanın patogenetik əsasında isə ürək əzələsində metabolizmin zəifləməsinə səbəb olan tireoid hormonların çatışmazlığı dayanır. Bununla yanaşı damar keçiriciliyinin yüksəlməsi nəticəsində miositlərdə mayenin ləngiməsi baş verir, bu proses dismetabolik və elektrolit dəyişikliklərlə müşayiət olunur.

Hipotireoz fonunda inkişaf edən miokardiodistrofiya ürək nahiyəsində daimi sızıltılı ağrı, aritmiya, blokadalarla səciyyələnir.

Alkoqol mənşəli və toksiki miokardiodistrofiya gəlincə, hesab olunur ki, 10 il müddətində 80-100ml etil spirtinin gündəlik qəbulu alkoqol miokardiodistrofiyasına gətirib çıxarır. Lakin etanolu parçalayan bir sıra fermentlərin irsi çatışmazlığı, stress, tez-tez təkrarlanan virus infeksiyaları ilə əlaqədar miokardiodistrofiya daha erkən – hətta alkoqoldan az miqdarda istifadə etdikdə belə, 2-3 il ərzində yarana bilər. Alkoqol mənşəli miokardiodistrofiya əsasən 20-50 yaşlı kişilərdə rast gəlinir.

Toksiki miokardiodistrofiya immunodepressantlar, QSİƏP, bəzi antibiotiklər, trankvilizatorların uzunmüddətli qəbulu, eləcə də xloroform, fosfor, dəm qazı və sair ilə zəhərlənmələr nəticəsində inkişaf edir. Miokardiodistrofiyanın bu variantları kardialgik, kəskin aritmik, qarışıq və durğun formalarda gedə bilər.

Miokardiodistrofiyanın kardial forması döş qəfəsində sıxıcı və ya sızıltılı ağrılar, müvəqqəti istilik hissi və ya ətrafların üşüməsi, tərləmə ilə xarakterizə olunur. Xəstələr ümumi halsızlıq, tez yorulma, fiziki yüklənmələrə qarşı rezistentliyin azalması, baş ağrılarından şikayət edir.

Miokardiodistrofiyanın aritmik forması taxikardiya, ürəyin ritm və ötürücülüyünün pozulması, bəzən qulaqcıqların titrəmə və fibrillyasiya paroksizmləri ilə müşayiət olunur. Miokardiodistrofiyanın qarışıq formasında aritmiya və kardialgiyalar qeydə alınır. Durğun miokardiodistrofiyanın təzahürləri ürək çatışmazlığı nəticəsində meydana çıxır, onlara öskürək, gərginlik zamanı təngnəfəslik, ürək astması tutmaları, ayaqlarda ödemlər, hidroperikard, hidrotoraks, hepatomeqaliya, assit aiddir.

 

Nərminə xanım deyir ki, tonzillitdən əziyyət çəkən pasiyentlərin 30-60%-də miokardın zədələnməsi müşahidə olunur. Onun sözlərinə görə, tonzillogen miokardiodistrofiya adətən tez-tez təkrarlanan, yüksək hərarət və intoksikasiya ilə gedən anginalar nəticəsində inkişaf edir:

 

“Onun klinikasında intensiv xarakterli kardial ağrılar, ifadəli halsızlıq, qeyri-ritmik nəbz, təngnəfəslik, ocaqlı və ya diffuz tərləmə, subfebrilitet, artralgiya üstünlük təşkil edir.

Fiziki gərginliklə assosiasiyalı miokardiodistrofiya isə individual imkanlardan artıq fiziki yüklənmələri yerinə yetirən idmançılarda aşkarlanır. Belə hallarda miokardın zədələnməsinə orqanizmdə gizli xroniki ocaqlar - sinusit, tonzillit, adneksit, məşqlər arasında adekvat istirahətin olmaması və sair səbəb ola bilər. Fiziki gərginliklə assosiasiyalı miokardiodistrofiya əsasən ümumi xarakterli əlamətlər: halsızlıq, əzginlik, tez yorulma, əhval-ruhiyyənin pozulması, idmana marağın itməsi ilə təzahür edir. Ürəkdöyünmə, ürək nahiyəsində sancma hissi yarana bilər.

45-50 yaşlı qadınlarda dishormonal proseslər nəticəsində inkişaf edir. Klimakterik miokardiodistrofiya ürək nahiyəsində sıxıcı, deşici və ya sızıltılı xarakterli ağrılarla özünü büruzə verir. Ağrı sol qola irradiasiya edir. Kardialgiya istilik hissi, taxikardiya, güclü tərləmə ilə müşayiət olunur. Ürək çatışmazlığı klimakterik miokardiodistrofiyanın arterial hipertenziya ilə müştərək rast gəlindiyi hallarda inkişaf edə bilər.

 

 

Həkim-terapevtin sözlərinə görə, miokardiodistrofiyalı pasiyentlərin anamnezində adətən toxuma hipoksiyası sindromu və metabolik proseslərin pozulması ilə müşayiət olunan xəstəliklər və ya patoloji vəziyyətlər aşkarlanır. Ürəyin obyektiv müayinəsində qeyri-müntəzəm nəbz vurğuları, ürək tonlarının karlaşması, zirvə nahiyəsində I tonun zəifləməsi, sistolik küy müəyyən edilir.

Həkim deyir ki, elektrokardioqrafiyada müxtəlif aritmiyalar, miokardın repolyarizasiya proseslərinin pozulması, ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi qeydə alınır:

 

“Yüklənmə və farmakoloji sınaqlar mənfi nəticələr göstərir. Fonokardioqrafiya elektrik və mexaniki sistola müddətinin nisbətinin dəyişməsi, ürəyin əsası və zirvə nahiyəsində sistolik küy və qalop ritminin əmələ gəlməsi, ürək tonlarının karlaşmasını aşkar edir. Exokardioqrafiyanın köməyilə ürək kameralarının genişlənməsi, miokardın quruluşunun dəyişməsi, o cümlədən üzvi patologiyalar təyin edilir.

Döş qəfəsinin rentgenoqrafiyasında müəyyən olunan ürəyin miopatik konfiqurasiyası miokardın dərin zədələnməsinə dəlalət edir. Sintiqrafiya ürək əzələsinin metabolizm və perfuziyasını qiymətləndirməyə, funksional kardiomiositlərin sayının azalmasından xəbər verən ocaqlı və diffuz xarakterli toplanma defektlərini aşkar etməyə imkan verir.

Şübhəli, eləcə də qeyri-invaziv müayinələrin qeyri-informativ olduğu hallarda ürək əzələsinin biopsiyasından istifadə edilir. Miokardiodistrofiyanın differensial diaqnozu ÜİX, miokardit, aterosklerotik kardioskleroz, ağciyər ürəyi, ürək qüsurları ilə aparılır.

 

 

Nərminə xanım miokardiodistrofiyanın müalicəsi ilə də bağlı məlumat verdi. Bildirdi ki, miokardiodistrofiyanın kompleks terapiyası əsas xəstəliyin müalicəsindən, patogenetik və simptomatik terapiyadan ibarətdir. Bununla əlaqədar miokardiodistrofiya zamanı müalicəvi taktika kardioloqla dar ixtisaslı mütəxəssislərin – hematoloq, otolarinqoloq, endokrinoloq, revmatoloq, ginekoloq-endokrinoloq, idman həkiminin - birgə iştirakı ilə tərtib olunur:

 

“Xəstələrə qoruyucu fiziki rejimə riayət, alkoqol və siqaretdən imtina, zərərli peşə təsirlərinin uzaqlaşdırılması məsləhət görülür. Miokardiodistrofiyanın metabolik terapiyası B qrup vitaminlər, kokarboksilaza, ATF, kalium və maqnezium preparatları, inozin, anabolik steroidlər, ürək əzələsinin trofikasını və metabolik prosesləri yaxşılaşdıran digər preparatlarla aparılır. Ürək çatışmazlığında diuretiklər, ürək qlikozidləri, aritmiyalarda aritmiya əleyhinə preparatlar göstəriş sayılır. Klimakterik miokardiodistrofiya zamanı ƏHT, sedativ və hipotenziv preparatlar təyin edilir. Tonzillogen miokardiodistrofiyanın etiotrop terapiyası tonzillitin intensiv müalicəsini tələb edir.

Miokardiodistrofiya zamanı ürək əzələsində gedən dəyişikliklərin reqressi əsas xəstəliyin müalicəsinin vaxtında və adekvat şəkildə aparılmasından asılıdır. Uzun müddət davam edən miokardiodistrofiya miokardioskleroz və ürək çatışmazlığı ilə nəticələnir.

 

Həkim-terapevt vurğuladı ki, miokardiodistrofiyanın profilaktikası əsas xəstəliyin aradan qaldırılması, idmanla məşğul olarkən yaş və fiziki hazırlığın nəzərə alınması, alkoqoldan imtina edilməsi, peşə zərərlərinin uzaqlaşdırılması, balanslaşdırılmış qidalanma prinsipinə riayət olunması, infeksiya ocaqlarının sanasiyasına əsaslanır. Həkim kardiotrop terapiya kurslarının ildə 2-3 dəfə aparılmasını məsləhət gördü.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova miokardiodistrofiya üzrə müalicə olunmaq istəyənləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR