“Hökumət pulun ucunu göstərən kimi müxalifətin 90 faizi qaçdı ora” – MÜSAHİBƏ

15:47 01-02-2018 | icon 573 | Siyasət
“Hökumət pulun ucunu göstərən kimi müxalifətin 90 faizi qaçdı ora” – MÜSAHİBƏ

“Əli Kərimli birləşməyə nifrət edirsə, necə birinci ola bilər

Azərbaycan Demokrat Partiyasının sədri Cərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi.

– Sərdar bəy, müşahidələrimizə əsasən söyləməliyik ki, bu gün cəmiyyətin, xüsusilə də ayrı-ayrı partiya üzvlərinin müxalifətə ünvanlanan “niyə birləşmirsiniz” mesajları intensivləşib. Siyasilərin bir-birinə olan münasibətini və paralel olaraq adi vətəndaşların siyasilərə qarşı münasibətini təhlil etsək, parçalayıcı əsas problemin nə ilə bağlı olduğunu ortaya çıxarmaq olar?

– Həmrəylik cəmiyyətə xas olan keyfiyyətdir. Bu gün bütövlükdə cəmiyyətdə həmrəylik yoxdursa, bu onun ayrı-ayrı hissələrində, eləcə də müxalifətdə də olmayacaq. Statistikaya nəzər salaq: təkcə 1 ildə minlərlə ailə dağılıb, hakimiyyətin özündə baş verən korrupsiya və dağılmalar… belə bir vəziyyətdə “müxalifətdə niyə həmrəylik yoxdur” sualı yersiz görünür. Bu onu göstərir ki, Azərbaycan cəmiyyətində inteqrasiyaya, birləşməyə meyl həddən artıq aşağıdır. Məhəmməd Əmin Rəsulzadənin gözəl bir sözü var: deyir, “həmrəylik o yerdə ola bilər ki, bütün qüvvələr eyni təhlükə qarşısında qalsın”.Biz bu gün eyni təhlükə qarşısında qalmışıq – Dağlıq Qarabağın işğalı faktı. Eyni zamanda korrupsiya, insan hüquq və azadlıqları problemləri də var. Amma cəmiyyətdə, eləcə də siyasi partiyalarda heç bir kəskin reaksiya yoxdur. Bundan belə nəticə çıxır ki, Azərbaycanda milli problemlər hamı üçün eyni dərəcədə problem olmadığına görə, Azərbaycan müxalifəti bir araya gəlmir. Təbii ki, burda subyektiv amillər də var. Tutaq ki, biz siyasi addımlar gözləyirik. Amma əgər insan özü tam siyasiləşməyibsə, o heç bir siyasi davranış nümayiş etdirə bilməz. Əgər bütün problemlərə rəğmən bir araya gəlmiriksə, deməli Azərbaycan müxalifətində siyasi keyfiyyət aşağı düşüb.

 

Həmrəylik – demokratik şüur, demokratik davranış olan yerdə yaranır. Bu gün həmrəylik yoxdursa, deməli, Azərbaycanda həm də demokratikləşmə istiqamətində çox-çox geriləmə var. Misal gətirim: 90-cı illərdə Azərbaycan müxalifəti ümumiyyətlə “blok”suz fəaliyyət göstərmirdi. Axırıncı birlik “Azadlıq bloku” oldu. O vaxt müxalifətdə 50-100 min üzvləri ola n nəhəng siyasi partiyalar var idi ki, liderləri Lalə Şövkət, İsa Qəmbər, Etibar Məmmədov, Rəsul Quliyev, İlyas İsmayılov idi. İndi həmin dövrün liderlərinə, partiyalarına və həmrəyliyinə baxın, görün o vaxt necə güclü idi. Yəni indiki dövrdə həmrəylik, həm də ona görə yoxdur ki, liderlər kifayət qədər “avtoritetni” deyil, təşkilatlar kifayət qədər güclü deyil və milli problemlər hamı üçün eyni maraq kəsb eləmir. Həmrəyliyin olmamasının səbəbi budur.

– Kifayət qədər problemləri olan ölkədə həmrəyliyin yaranması artıq tələbdir. Əgər siyasi müxalifət tərəfindən buna adekvat cavab verilmirsə, demək problem psixoloji geriləmə ilə bağlıdır.

– Əlbəttə. Bir çox adamlar belə düşünürlər ki, əgər insan nailiyyət əldə edib dayansa, onu əlində saxlaya bilər. Amma yanılırlar. Anlamalıdır ki, cəmiyyətdə həm irəli, həm də geriyə hərəkət var. Təbiətdə geriyə qayıtma yoxdur. Sosial həyatda isə ətalət olanda geriyə doğru hərəkət başlayır. Ona görə də, insanlar hansısa uğuru əldə edib dayanırsa, o uğuru saxlaya bimir. Dayanmaq lazım deyl. Çünki elm inkişaf edib qabağa gedir və sən artıq öz üzərində işləmirsənsə geridə qalırsan. Bu baxımdan bu gün Azərbaycanda siyasi fəallq yoxdursa, deməli geriyəgetmə var.

– O zaman niyə siyasilərdə aktivləşmə, siz deyən kimi öz üzərində işləmələr, irəli getmək istəkləri müşahidə olunmur?

– Bunun ən başlıca səbəbi iqtidarın müxalifətə qarşı apardığı iqtisadi blokada siyasətidir. Digər tərəfdən, hökumət müxalifətlə cəmiyyət arasında bir sədd çəkib, müxalifəti televiziyalara buraxmır, xalqla birbaşa əlaqə qurmasına imkan vermir. Üstəlik, bayaq dediyim kimi, müxalifətdə demokratik şüursuzluq, milli maraqlara öz problem kimi yanaşmama və ətalətdə çabalama problemi yaşanır. Yəni biz mövcuduq, amma siyasi fəaliyyət göstərə bilmirik.

“Beləcə, biz xalqın gözündən düşdük”

– Sərdar bəy, belə bir fikir var ki, heç kəs azadlıq və demokratiyanı gətirib hədiyyə vermir. Siyasətçinin mübarizə aparmayıb, onu istəməsi, kimisə qınaması nə dərəcədə doğrudur?

– Biz hər zaman mübarizəmizi aparmışıq. Bizim partiyada tutulmayan, həbs olunmayan adam yoxdur. Yəni bu prosesdə müxalifət deyil, əsas cəmiyyətin özüdür. Cəmiyyətin hər bir üzvü istənilən halda internet vasitəsilə iqtidarın fəaliyyəti ilə bağlı məlumat əldə edə bilər. Amma siz Azərbaycanda internet istifadəçilərinə baxın görün hansı məlumatlara daha çox baxırlar və yaxud feysbukda açdıqları müzakirələr hansı məsələlər ətrafındadır. Demək olar ki, cəmiyyətin özündə vətəndaşlarımız özlərinin insani haqları uğrunda mübarizə aparmırlar. Bu gün elə ağır social-iqtisadi vəziyyət yaranıb ki, bunu normal insanın yaşam vəziyyəti saymırıq. İnsanlar bu cür yaşamağa dözdüklərinə görə vəziyyət bu həddə çatıb.

Müxalifətin isə ən böyük səhvlərindən biri bu oldu ki, iqtidara qarşı siyasi platformada mübarizə apara bilməyəndə, sosial-iqtisadi müstəvidə baş verən problemləri qabartmaqla guya nüfuz qazanmaq istədilər. Məsələn, işsizlik, qiymətlərin artımı, insanların hüquqlarının müdafiəsi ilə bağlı  mitinqlər keçirdik. Beləliklə də faktiki olaraq siyasi institutların funksiyasına aid olmayan vəzifələri öz üzərimizə götürməklə yükləndik. Azərbaycan müxalifəti artıq yükləri o qədər öhdəsinə götürdü ki, nə öz vəzifəsini icra edə bildi, nə də həmin  məsələləri yerinə yetirə bilmədi. Həmin vəzifələri yerinə yetirə bilməyəndə vətəndaşlar bizi günahkar bildilər. Halbuki qaldırılan bu məsələlər həmkarların, QHT-lərin, vətəndaş cəmiyyətlərinin öhdəsində olan vəzifələr idi. Camaatda fikir yarandı ki, onun sosial-iqtisadi problemlərini müxalifət həll etməlidir. Beləliklə, camaatın diqqəti müxalifətin etiraz etdiyi məsələləri niyə həll etməməsinə yönəldi. Sonra da insanlar problem yaradanı yox, onu həll edə bilməyən müxalifəti günahlandırdılar. Beləcə, biz xalqın gözündən düşdük. Amma xalq bilsəydi ki, biz yalnız onların siyasi hüquqlarını təmsil edirik o, qiymətlərin qalxmasına, əməkhaqqlarının aşağı olmasına görə bizdən narazı qalmazdı. Mən bu barədə İsa bəyə və müxalifətdə olan digər dostlarıma həmişə deyirdim.

– Müsahibələrinizdə də bildirirsiniz ki, Avropa Azərbaycanda demokratiyanın qurulmasında maraqlı deyil. Belədirsə, nəyə görə müxalif siyasilər Avropaya üz tutub, Azərbaycanda hansısa hüquqların bərpasını ondan istəyirlər?

– Bəli, Avropa Azərbaycanda demokratiya istəmir. Avropa belə hesab edir ki, demokratiya xristian mədəniyyətinin məhsuludur və o dövlətlərdən kənarda demokratiya ola bilməz. Gəlin, 2000-ci ilə qədər ölkədə demokratik institutların vəziyyətinə, siyasi fəallığa baxaq və sonra yaranmış vəziyyətə baxaq. Hansı ki, biz 2000-ci ildə Avropa Şurasına inteqrasiya olduq və daha ciddi şəkildə Avropaya doğru getdik. Azərbaycan Avropaya doğru addım atdıqca ölkədə demokratiya pisləşdi. Gəldiyimiz nəticə budur ki, beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın inkişafına yox, boğulmasna xidmət elədi.

Digər tərəfdən, biz Avropaya üz tutmuruq, biz deyirik ki, Avropada tətbiq edilən model, Azərbaycanda da tətbiq olunmalıdır. Biz demirik ki, gəlin gedək Fransanın, Almaniyanın, İngiltərənin quyruğu olaq. Burda vesternzasiya ilə Qərbə xidmət eləməyin arasında bərabərlik işarəsi qoyurlar, elə bilirlər ki, kimsə vesternzasiya deyirsə, bu o deməkdr ki, Qərbin maraqlarını təmin emək istəyir. Azərbaycan beynəlxalq təşkilatlara üzv olanda üzərinə öhdəlik götürüb. Həmin təşkilatların da bizim dövlətin qabağında öhdəliyi var. Bu öhdəlikləri nə onlar yerinə yetirir, nə də Azərbaycan hökuməti.

“Bu nihilizm uzun müddət davam edə bilməz”

– Bütün hallarda problemlərin həlli insanın özündən başlamalıdır və birinci növbədə məsələyə “biz nə edə bilirik” deyə yanaşılmalıdır, elə deyilmi?

– Əlbəttə, hər şey insanın özündən başlayır. Şəxsiyyət cəmiyyətin hüceyrəsidir. Əgər bu gün hüceyrə ölüdürsə, bundan bədən əmələ gələ bilməz. İndi Azərbaycan vətəndaşı heç bir mənəvi dəyər daşımır. Milli dəyəri aşağıdır, əgər yüksək olsaydı, nəyin bahasına olursa olsun, torpaqlarının işğaldan azad edilməsinə çalışardı, cavanlar ön cəbhəyə getmək üçün yarışardılar. İkinci, bizim vətəndaşlar dini dəyərləri daşımır. Məscidə gedirsən, guya hamısı namaz qılır, amma heç biri Quranın tələblərinə düzgün əməl eləmir. Sadəcə formal olaraq əyilib-qalxırlar. Qurandan kənar kitablara inanırlar, Allahdan başqa insanların göstərdiyi yolla gedirlər. Üçüncüsü isə insani dəyərlərdir. İnsani dəyər odur ki, insan heyvandan fərqli olduğunu dərk eləsin. İnsan özünə qarşı heyvani bir hərəkət görürsə və yaxud özü heyvan kimi davranırsa, heç vaxt cəmiyyəti inkişaf etdirə bilməz. Bu gün bizim ən böyük zəifliyimiz insan faktorunun aşağı düşməsidir. Bu da onunla bağlıdır ki, cəmiyət nihilizm sferasına düşüb. Nitşe bir əsərində deyir ki, cəmiyyət bir dövrdən başqasına keçəndə nihilizm yaşayır. Nihilizm bütün mövcud dəyərlərdən imtinadır. Bizdə yaşanan bu nihilizm uzun müddət davam edə bilməzAzərbaycan vətəndaşları sovet, kəndli fəhlə sinfindən çıxsa da, özünə hörmət edən bir millətin dəyərlərinə yiyələnə bilməyib. Bunun bir günahı ucuz əyləncə, meyxananı təbliğ edən televiziyalarda və həqiqi dini təbliğ etməyən məscidlərimizdədir. Eləcə də  lazımı səviyyədə vətənpərvərliyi təbliğ etməyən məktəblərimizdədir. Hər yerdə rüşvət, çirkinlik varsa, uşaq harda tərbiyə olunacaq. Yəni ailə, məktəb, məscid kimi əsas tərbiyyə institutları var ki, bunlar bizdə bərbad vəziyyətdədir. Bircə ümid ona qalır ki, hər bir adam müstəqil şəkildə özü özünü tərbiyə eləsin. Bu da çox çətindir. Ona görə də Azərbaycanda çox az bir insan, siyasi, ictimai varlıqdır. Bizim də zəifliyimiz bundan gəlir.

Çiynində sosial, iqtisadi yükü olan insan özü başa düşməlidir ki, o insandır və özünə insan müamiləsi tələb eləməlidir. O tələb edə bilmirsə, bir ovuc düşüncəli adam 8 milyonun yükünü daşıya bilməz. Bu qədər öz hüququnu tanımayan cəmiyyət olmaz. Eyni zamanda bu gün elə bir vətəndaş yoxdur ki, onu vəzifəyə qoyasan korrupsiyaya qurşanmasın, rüşvət almasın. Deyəcəksiz onda niyə narazılıq edirlər, çünki o korrupsiyadan ona çatmır.

“Adamlar müxalifətçi görəndə papağını çıxarmalıdır”

– Bir çox siyasilər bu vəziyyətdən çıxmağı təmərküzləşmədə görür. Belə fikirlər səslənir ki, birləşməsələr müxalifət yenə “küçədə” qalacaq.

– Əvvəla, müxalifətin küçədə qalması pis bir hərəkət deyil. Birincisi, müxalifətçilik bir vicdanın göstəricisidir. Mən də hakimiyyətə gəlsəm, bizim də hakimiyyətin qüsurlarına qarşı müxalifətçilik edən olacaq. Ona görə də müxalifətdə qalmağı bir eyib, ayama kimi başa düşmək siyasətin nə olduğunu anlamamaq deməkdir. Əksinə, mən həmişə deyirəm ki, fransızlar hamilə qadını görəndə papaqlarını çıxarıb təzim etdikləri kimi, adamlar müxalifətçi görəndə papağını çıxarmalıdır. Biz müxalifətçiliyin nə olduğunu dərk etmədiyimizə görə, hökumət pulun ucunu göstərən kimi, müxalifətdəkilərin 90 faizi qaçdılar ora. Çünki bilmədilər ki, müxalifətçi olmaq ən böyük şərəfdir.

– İndi cəmiyyətin vaxtilə müxalifətdə olub, sonra  dediyiniz o pulun ucunu görüb qaçanlara münasibəti necədir?

– Axı cəmiyyətin özünə münasibəti necədir ki, mənə münasibəti də necə olsun. Əgər bir insan özü özünə qiymət verə bilmirsə, onun mənə qiymət verməsinin nə əhəmiyyəti var. Əvvəlcə sən özünü bir insan kimi dəyərləndir, sonra da de ki, Sərdar Cəlaloğlu  belə elədi. Müxalifəti qoydum qırağa, təsəvvür et ki, müxalifət yoxdur. Axı bu insanı acından öldürürlərsə, işsizdirsə, gedib müalicə oluna bilmirsə, dövlətin milli sərvətlərindən istifadə edə bilmirsə, niyə susur. Adi dovşan çöldə dovşanlığını qoruyur, sən niyə insanlığını qorumursan. Bizim cəmiyyətdə insan öz insanlığını qorumaq istəmir.

““Ölü”lərin birləşməsindən nə olacaq”

– Siyasi gücün yaranması üçün partiyaların bir araya gəlməsi nə yerdədir?

– Siyasi gücün formalaşmasında siyasi partiyaların birləşməsinin heç bir əhəmiyyəti yoxdur. Siyasi birlik, güclü partiyaların tələbidir. Gücü olan partiyalar olanda birləşmə real olur. Birləşməməyin bir əlaməti də siyasi partiyaların zəifləməsidr. Nə qədər çox zəifləyir, bir o qədər parçalanır, nə qədər güclənir, bir o qədər müttəfiq axtarır. Zəiflərin birləşməsindən nə olacaq, heç nə. Yoxsa “ölü”lər kiminlə birləşir və “ölü”lərin birləşməsindən nə olacaq.

– Bu gün elə bir partiya var ki, dediyiniz müstəvidə onunla birləşmək mümkün olsun?

– Elə bir partiya yoxdur. Az-çox Müsavat idi, o da İsa Qəmbər gedəndən sonra dağıldı. Milli Şura yaranandan sonra isə AXCP itib, yoxdur. Deyə bilərsiz ki, axı Milli Şura mitinqlər keçirir. Vaxtilə ADP-nin də mitinqlərinin sayı-hesabı yox idi. Nə olsun, mitinq fəaliyyətin nəticəsinin göstəricisi deyil. Siyasi fəaliyyətin göstəricisi odur ki, 3 nəfərlə küçəyə çıxıb qaldırdığın şüar icra olunsun. Yaxud deyirlər ki, filankəs aparıcı liderdir. Aparıcı lider odur ki, sən ictimai-siyasi hadisələrə təsir edə biləsən. Sən bunların heç birinə nail olmamısan. Nə vaxta kimi get naxıra, gəl axura?

– Sərdar bəy, sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin tərəfdarları ona əsas səs toplamaq üçün linklər paylayıb. Bu minvalla nəyə nail olmaq mümkündür?

“Əli Kərimli işarə elədi və məni fitə basdılar”

– Siz əsas müxalifət kimi məni cəmiyyətə göstərin. Əgər mənəvi dəyərlərim, qabiliyyətim, imkanım nə hakimiyyətə gəlməyə, nə də hakimiyyəti indikilərdən fərqli şəkildə idarə etməyə çatmırsa, məni gətirməyinizin nə mənası var. Bu gün rəqabət müstəvisi yoxdur deyə, bunlar keçiblər oyuna. Bilirik ki, bir adam internetə girib 50-60 səs verə bilir. Axı bu sənə nə qazandırır, heç nə…

Əli Kərimlidə siyasətçiyə yaraşmayan bir qısqanclıq var. Bir dəfə AXCP-nin yubileyi keçirilirdi, mən də orda iştirak elədim. Üç dəfə müavinini göndərib xahiş elədi ki, çıxış edim. Tədbirə xalq hərəkatında iştirak edənlərdən heç kəs gəlməmişdi. Əli Kərimli çıxışında dedi ki, biz tarixə, geriyə baxmamalıyıq, ancaq irəli baxmalıyıq və sair. Mən isə dedim ki, Əli bəy tamamilə yanlış deyir, tarixinə baxmayan bir adam gələcəyinə gedə bilməz. Çünki bizim götürə biləcəyimiz dərs tarixdədir. Qaliblərdən nümunə götürməliyik, məğlublardan ibrət. Burda Əli Kərimli işarə elədi və məni fitə basdılar. Sözümü bir neçə dəfə belə kəsdilər. Dedim ki, sənin mədəniyyətin budur, səhərdən yalvarırsan ki, gəl çıxış elə, indi də məni fitə basdırırsan…
Bu gün Əli Kərimli birləşməyə nifrət edirsə, necə birinci ola bilər. Mən bunu həmişə İsa bəyə də demişəm, birinci olmaq istəyirsənsə qapıları açıq qoyub mümkün qədər hamı ilə əlaqəyə girməyə çalışmalısan. Bütün siyasi partiyalara münasibətlərin eyni olmalıdır. Adamlar Əli Kərimlini ona görə sevirlər ki, o, onların əvəzindən də hökuməti söyür. Amma o dövr də keçib. Mən ötən seçkilərdə də iştirak edəndə demişdim ki, ora hökuməti söyməyə yox, alternativ fikir və ideyalar qoymağa çıxıram.

– Bu seçkidə hansı proqramla çıxış edəcəksiniz?

– Düzünü deyim ki, seçkidə iştirak etməyə heç həvəsim yoxdur. Çünki keçən seçkidə Naxçıvanda  2-ci yerə çıxmışam-protokollar əlimdədir. Əlavə olaraq Bakıda neçə rayondan protokol almışamsa, hamısında maksimum 2-3-cü yerdəyəm. Amma hökumət mənə ən axırıncı – 6-cı yeri verdi. Guya mən orda iştirak edən adamların arasında ən axırıncı adamam. Əgər bu xalq mənim çıxışlarıma görə məni axırıncı edibsə, Hafiz Hacıyevin çıxışlarına görə onu 2-3-cü edibsə, mən bu xalqın nəyinə rəhbərlik eləməliyəm. Məsələn, hamı deyirdi ki, görəsən hökumət Sərdar Cəlaloğlunu niyə seçkiyə buraxdı. Göstərmək istəyirdi ki, Sərdar Cəlaloğlu Hafiz Hacıyevdən də nüfuzsuz adamdır.

– Xalqdan küsməyin.

– Xalqdan küsmürəm. Sizin dediyiniz o feyisbuk istifadəçiləri həmin o göstəriciyə görə yazdılar ki, “6-cı yerə çıxdınız, utanmadınız”. Deməli, mənim çıxışlarım bu xalqa lazım deyilmiş. Təbii ki, küsmürəm, amma adama mənəvi-psixoloji təsir edir.
Amma yenə də müxalifət desə ki, gəlin bir namizədlə çıxış edək, o zaman seçkidə iştirak edəcəyik. Seçkidən sonra hökumət bizə koalisiya təklif eləsə, yenə də seçkidə iştirak edəcəyik. Seçkiyə adi qaydada da qatıla bilərik.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı