Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

13:00 06-06-2023 | icon 1072 | Cəmiyyət
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Əhməd Rəhmanov: “Məşğulluqla bağlı vəziyyət də acınacaqlı haldadır”

 

Sosial Dövlət anlayışı vətəndaşın hərtərəfli yaşam təminatını hədəfləyir. Bu sistemdə qanunların daha işlək, nizamlı olması üçün bir sıra zəruri addımlar atılmaqla yanaşı, müəyyən səbəblər var ki, sosial-ictimai sferada gərginliyin yaranmasına şərait yaradır. Bir çox hallarda isə qanunla, icra subyektləri və mexanizmləri, eləcə də sosial idarəedici orqanlar arasında yaranan süni boşluqlar vətəndaşın  hüquqlarının tam təminatı ilə bağlı maneələr, əngəllər yaradır. Əhalinin, vətəndaşın hərtərəfli sosial təminatını özündə əks etdirən bu sahə qlobal yükü, məsuliyyəti daşımaqla yanaşı, eyni dərəcədə məsuliyyətli əmək, ciddi yanaşma tələb edir. Bu sistem düzgün işləmədiyi halda hansı problemlərin olduğunu hər gün sosial-ictimai sferanın ayrı-ayrı kəsimlərində meydana çıxan məsələlərlə bir daha müşahidə edirik.

 

Bu sistemdə vətəndaşlarla birbaşa təmaslar quran Müstəqil Həmkarlar Birliyi mövcud problemlərin aradan qaldırılması üçün hansı təhlilləri, müşahidələri aparmaqdadır?

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov tutarlı faktlar və arqumentlərlə diqqət çəkib.   

 

- Əhməd müəllim, Müstəqil Həmkarlar Birliyinin sədr müavini olaraq bu gün əhali arasında mövcud sosial problemlərin daha çox hansı sahələr üzrə qabardığını söyləmək olar?

 

- İstər müharibə əlilləri, istərsə də problemli sadə insanların sosial rifahını düzgün təmin etmək üçün birinci növbədə iş yerləri yaratmaq vacibdir. Özu də təminatlı iş yeri... Yəni əgər mən əkinlə məşğulamsa, bazara çıxaışım da azad olmalıdır. Bizdə isə iş “yol kənarı əkilən ağaclara bənzəyir. Dəm-dəsgahla əkirlər, video-sujet, şəkillərlə dolu hesabat paylaşırlar. Sonra bu ağacları sulayan olmur, ağac quruyur.

İctimai təşkilat olaraq bu gün hələ ki, bizim əl-qolumuz maddi cəhətdən bağlıdır. Xırda şikayətlər əsasında hazırladığımız sənədləri aidiyyatı yerlərə çatdırır, məsələnin həllinə çalışırıq.

Tutaq ki, vətəndaş şikayət edir ki, əlilliyə görə pensiya ala bilmir. Buna görə gedib həkimlərlə görüşür, danışır, problemin kökünü həll etməyə çalışırıq. Problemin kökündə də müxtəlif səbəblər olur. Məsələn, səhiyyə idarəsi xəstəliyi yazır, amma ağırlaşmanı tam göstərmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bunu əlində bayraq edir. Vətəndaş məcburdur ki, xəstəliyinin ağırlaşmasını təsdiq edən müayinlərdən keçsin, yenə də qapılar döysün...

 

- Əhali arasında iş qabiliyyəti olan insanlar dövlət tərəfindən işlə təminat, yaxud sosial yardım və müxtəlif adda  müavinətlərlə necə dəstəklənir. İş axtaran, işləməyən, yaxud sağlığı yerində olmayan vətəndaşın sosial həyat haqqı necə sığortalanır? MHB bu sahədə vətəndaşlara hansı dəstəyi verə bilər?

 

- Qeyd etdiyim kimi, məşğulluqla bağlı vəziyyət acınacaqlı haldadır. Məşğulluq idarəsi bir vəzifəyə iki adamı növbə ilə işə götürür.

Bildiyiniz kimi, keçən ilin noyabr ayında Şamaxıda “Dost” məşğulluq idarəsi 105 nəfəri işdən azad etmişdi. Adını da qoydular – “müqavilə başa çatdı”. Araşdırma apardıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti şəxsən mənə “yaxşı ki, bu adamlar guya fevral ayına kimi əmək haqqı alıb” -dedi. Vətəndaşın müqaviləsinə 2022 noyabrında xitam verilə-verilə, guya 2023 fevralına kimi əmək haqqı alıb. Sahil Babayeva bu barədə məktub yolladıq. Prokurorluğa müraciət verdik. Nə fayda, quyunun dibinə atılan daş kimi nə səsi gəldi, nə sorağı... Yaxud, Bakı DOST xidməti bir qrup insanı işdən azad etdi, eyni vəzifəyə başqa şəxsləri götürdü. Sual olunur: niyə?!

Bütün bunları sənədlərlə, vətəndaşın müraciətlərini göstərən ərizələrlə sübut edə bilərik.

Başqa bir çox ağrılı problem, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Nazirliyi ilə bağlıdır. Açıq-açığına 30 illik Qarabağ müharibəsini 2 yerə bölüb, döyüşçülərini də uz-üzə qoyurlar. Poliklinikalarda deyirlər ki, işlə bağlı tibbi arayış üçün tibbi komissiya ancaq son döyüşlərdə iştirak edənlər üçündür. Əvvəlki, 1991-94-də döyüşənlərə, 20 Yanvar əlillərinə bu imtiyaz şamil deyil. Yenə sual olunur: bu əmrləri kim verir, nə üçün vətəndaşlar arasında narazılıq yaradırlar? Bunlar hansı xarici hökumətin xeyrinə edilir...

İşə girmək üçün tibbi arayışın verilməsi prosesində qoyulan ayrıseçkiliklə bağlı araşdırma apardım. Məlum oldu ki, həqiqətən TƏBİB əmr verib ki, Qarabağ müharibəsi veteranları və əlilləri arasında ayrıseçkilik salınsın. 3 saylı poliklinikada və TƏBİB-in baş idarəsində oldum. Dedilər ki, belə əmr var, amma biz o barədə yazılı cavab verə bilmərik.

 

- Əlilliyin təyini, verilməsi, ləğvi ilə bağlı üzləşdiyiniz faktlar  hansı səbəbləri üzə çıxarır. MHB belə vəziyyətlərdə hansı addımları atır?

 

- Əlilliyin ləğvi tam başqa bir məsələdir. Qanuna görə, əgər mən saxta sənəddən istifadə edirəmsə, əvvəla bu sənədə imza qoyan cəzalanmalıdır. Bizdə isə əksinədir. Vətəndaşın pulunu əlindən alırlar. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əməlli başlı fırıldaqçılıqla məşğuldur. Vətəndaş həmin komissiyadan imtina alandan sonra əyani müayinəyə dəvət alır. Ən maraqlısı da budur ki, əyəni müayinə barədə vətəndaşa rəsmi bir sənəd verilmir. Ümumən heç portalda vətəndaşın əyani müayinədən keçməsi görünmür. Bu isə o deməkdir ki, işi məhkəməyə versən, iddia müddəti bitmiş hal kimi məhkəmə qəbul etməyəcək. Yəni vətəndaşı aldadırlar ki, məhkəməyə gedə bilməsin.

Biz yalnız vətəndaş üçün iddia ərizəsi yazıb, işi İqtisadi-inzibati  məhkəməyə verməklə köməklik edə bilirik. Sonra məsələ yenidən həkim ekspertizaya keçəndə vətəndaşla birlikdə həkimləri gəzirik. Məsələn, sığorta işçisi bəzən qanunları tam anlayanda İcbari Sığorta və ya TƏBİB baş idarəsi ilə əlaqə saxlayıb, qanunauyğun hərəkət etməyə çalışırıq.

Əsas problem Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aşağı isci təbəqənin heç bir səlahiyyətinin olmaması ilə bağlıdır. Adi bir müraciəti gərək nazir Sahil Babayevin adına yazasan, nazirliyin önundə səs-küy salasan ki, bəlkə işi görən tapıldı. Buna sübut Əmək Müfəttişliyinin otaqdan bayıra cıxmamasıdır. Vətəndaş şikayət edir ki, əmək hüququm pozulur, iş səraitim, təhlükəsizlik məsələsi bərbaddir, bunlar isə  Prezidentin -"...əlavə yoxlamalara icazə verilmir" əmrini bayraq edib, muəssisəyə məktub yazıb, onlardan aldıqları cavabla qane olurlar. Yənı problem yerində yoxlanmır. Sahil Babayevin daxili nəzarət şöbəsi elə bil yoxdur. Şikayətlərə nə baxır, nə də cavablandırmırlar ki, heç olmasa vətəndaş belə bir xidmətin olduğunu bilsin. Belə olan hallarda biz gedib yerində vəziyyətə baxırıq, bununla da iş bitir. Çünkü Əmək müfəttişliyi iflic vəziyyətdədir, nə qanun pozuntusuna görə cərimə edir, nə də tənbeh. Bir sözlə, qanunlar gözəldir, amma icra mexanizmi 0 dərəcədədir.

 

- Necə hesab edirsiz, Əlilliyin verilməsində yaranan problemlərin aradan qaldırılması üçün yerlərdə fiziki, maddi, hərəkətlilik imkanı olmayan insanların monitorinqi ilə bağlı hansı işlərin görülməsinə ehtiyac var?

 

- Əlilliyi olan insanların iş yerləri, yəni onlara uyğun iş yerlərinin monitorinqi vacibdir. Amma dediyim kimi, nə faydası. Buna görə heç bir müəssisə cəzalanmır. Çünki monitorinqi aparıb, müəyyən pozuntuları tapdınsa, onun aradan qaldırılması üçün də işlər görülməlidir. Amma qanunu pozanlara qarşı cəza yoxdursa, deməli anarxiyadir. Bu vəziyyət Məşğulluq idarlərində də eynidir. Məsələn, Bakı, Sumqayıt, Abşeron rayonlarından olan bir neçə vətəndaşın hər birinin sənədini şəxsən 10 ay bundan əvvəl məşğulluq xidmətinə vermişəm. Bu günə kimi nə iş tapıblar, nə də işsizlik müavinəti verirlər. Belə bir nəticə çıxır ki, ya dövlətin vəsaiti yoxdur vətəndasa versin, ya da vəsait var, lakin o vəsaiti vətəndaşa çatdırmalı olanlar onu yeyib dağıdır və ən əsası cəzasız qalırlar.

Sovetdən qalan Həmkarlar Konfederasiyası da eyni vəziyyətdədir. Bütün təşkilatların rəhbərləri ya Həmkarların sədri, idarə rəhbərinin qohumudur, ya da tanışı. Həmkarlar təşkilatı işçinin əmək hüququnu qorumaq, işçiləri üçün yaxşı iş şəraiti yaratmaq əvəzinə, istirahat mərkəzləri ilə sövdələşməyə gedib, vətəndaş üçün 10 manata təşkil elədiyi turdan, büdcədən 15 manat silməklə məşğuldur. Bu da mövcud problemləri doğuran səbəblərdən biridir.

Lakin “Əlillərin Sosial müdafiəsi haqqında” qanunun 25-ci maddəsinə görə mülkiyyətindən asılı olmayaraq bütün müəssəslərə dövlət tərəfindən kvota qoyulub ki, əlillər işlə təmin edilsin. Yəni müəssisələrin işə götürdüyü 25 nəfərdən biri əlil olmalıdır. Bu qanunu yerinə yetirməyən müəssisə cəzalanmalıdır. Lakin son 10 ildə bir dəfə də olsun Sahil Babayev çıxıb rəsmi açıqlama verməyib ki, hansısa müəssə əlilliyi olan insanları işə götürmədiynə görə cərimə olundu. Bu o deməkdir ki, Sosial Müdafiə Nazirliyi ümumən öz işini bacarmır. Buna görə də işsizlik, əlillərin vəziyyətinin ağırlaşması, əlillərin günbəgün artan narazılığını müşahidə edirik. Azərbaycan kimi bir ölkədə vətəndaşa iş verə bilmirlər.  Bunun üçün yaxşı qanunlarımız var, amma icra mexanizmi yoxdur.

Qeyd edim ki, bir neçə ay əvvəl nazirlikdə Sahil Babayevin müavini ilə görüşümüz oldu. Həmin şəxs dedi ki, biz o müəssisəni cərimə eləmək istəmirik. Çünki cərimə etsək müəssisə müflisləşər. Böyük bir müəssisəni fikirləşirlər, amma işsiz, sosial, həyat təminatı olmayan vətəndaşı düşünmürlər.

 

Müstəqil Həmkarlar Birliyi olaraq biz iki ay ərzində gələn şikayətləri aidiyyatı orqanlara göndəririk. Məsələ bundadır ki, göndərilən məktublara cavab verilmir. Üzümüzə dururlar ki, biz məktub alırıq, amma cavab vermirik. Açıqca özərini arsızlığa salırlar. Ona görə də əlilliyin verilməsi, təyinatı, məşğulluqla bağlı problem eynidi. İnsanlar komissiyadan keçə bilmir, sosial yardımla bağlı müraciətlərinə müəyyən əngəllərlə imtina gəlir. Artıq 4 nəfər şikayətçinin sənədlərini hazırlayıb məhkəməyə vermişik. Məhkəmələrin həmin şəxslərin haqlarını necə bərpa edəcəyini indidən təxmin edirik.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq