Cismi Cəbrayılda, köynəyi anasının sinəsində torpağa tapşırılmış VAHİD
Şəhidimizin doğum günü idi bu gün
Yurd sevgisi ilə doğulub, torpaq eşqi ilə böyüyənlərin yalnız bir amalı olur - Vətən. Bu amal uğrunda canlarını fəda verənlər onu əbədi yaşadanlardır. Yaşadığımız hər gün keçmiş olaraq tarixə dönür, yaddaşlara hopur. Bu tarixə çevrilmiş günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır Şəhidlər.
Bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Amma onlar əbədilik tarix olub , Vətənlə qoşalaşanlardır. Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir Şəhidlik. Tarix boyu qalibiyyətə inanan millətləri zəfərdən-zəfərə aparan səbəb də Vətənə xidmət etmək arzusu olmuşdur. Belə arzuyla yaşayanlardan biri də haqqında danışacağım qəhrəman Vahid Əliyevdir.
Vahid Əliyev 1970-ci ilin 16 aprelində Cəbrayıl şəhərində anadan olub. Orta təhsilini Cəmil Əhmədov adına orta məktəbdə alıb. Əsgəri xidmətini 1988-ci ildə Sovet Ordusunun tərkibində Arxangelsk şəhərində keçirib. Hərbi xidməti başa vurub, doğma torpağına - Cəbrayıla qayıdan Vahid mənfur qonşuların torpaqlarımıza göz dikməsini gördükdə, 1992-ci ilin fevral ayında könüllü olaraq, yeni yaranmaqda olan Milli Ordu sıralarına qoşularaq, doğma Cəbrayılın müdafiəsinə qalxır. Döyüşlərdə qəhrəmanlıqla iştirak edir. 1993-cü ildə Cəbrayıl rayonu Sirik və Göy-gədik kəndlərinin azad olunması uğrunda keçirilən "Ziyarət əməliyatında" xüsusi ilə fərqlənir və elə həmin döyüşdə də Şəhidliyə yüksəlir. Vahid canından artıq sevdiyi torpağına bütün cismi ilə hopur. Ailəsinə isə onun döyüşdə yaralanaraq əsir düşdüyü deyilir. Vahidin atasının və yaxınlarının onun öldü və ya qaldısını bilmək üçün döymədiyi qapı, soruşmadığı adam qalmır. Hətta, əsirlərin dəyişdirilməsi üçün təyin olunmuş xüsusi adamlarla görüşlərdə onun dirisini və ya ölüsünü qaytarmaq üçün nə qədər lazımsa pul da verəcəklərin vəd etsələr də heç bir cavab ala bilmirlər....
Övlad ağrısı ilə yaşayan ailənin taleyinə sonradan məcburi köçkün olmaq acısı da əlavə olur... Cəbrayıl əhalisinin uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmasına, işğala qədər rayon ərazisinin tam mühafizə olunmasına və hətta, işğalda olan qonşu Xocavənd rayonunun bir sıra kəndlərinin Azərbaycan Ordusu tərəfindən azad edilməsinə baxmayaraq, 18 avqust 1993-cü ildə ermənilər şəhəri mühasirəyə alır. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq, Cəbrayıl işğal olunur. Vahidin də taleyi yurdu kimi didərgin qalır. Doğma ocağını tərk etmək məcburiyyətində qalan Mina xanım özüylə yalnız Vahidin portfelini götürür və onun rəsmlərini ömrünün sonuna qədər göz bəbəyi kimi qoruyur. Ağrılı-acılı köçkünlük dövründə Vahid həsrətiylə yanan ana ürəyi hər əsgər görəndə Vahid soruşur, hər Şəhid deyiləndə Vahid axtarır...
Və elə belini bükmüş, köksünü paralamış Vahid həsrəti ilə də dünyasını dəyişir. Mina ana öz vəsiyyətinə uyğun olaraq Vahidin köynəyi sinəsində torpağa tapşırılır. Sonralar onunla birlikdə həmin döyüşdə iştirak edənləri min bir əziyyətlə axtarıb tapan ailə Vahidin məhz yuxarıda adı çəkilən döyüşdə qəhrəmanlıqla Şəhid olduğunu öyrənir.
Cismi doğma Cəbrayılda, köynəyi isə anasının sinəsində torpağa tapşırılmış Vahidin doğum günü idi bu gün... Vətən sevgisini canından əziz tutan bir igidin. Canıyla və qanıyla doğma Cəbrayıla qarışmış və düz 27 il Vətən göylərinə əbədi çəkilərək, narahat ruhu ilə torpaqların işğaldan azad olunmasını gözləyən bir qəhrəmanın. Yaşasaydı 51 yaşı tamam olacaqdı. Şəhidliyin yaşı olmaz - deyirlər. Onların hər yaşda yalnız bir adı var - Şəhid. Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır, Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır. Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar. Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar! Mövludun mübarək, doğma Cəbrayılın göylərində özünə əbədi məskən quranım. Əzəmətli Ordumuz qisasını aldı və qanınla və canınla hopduğun doğma Cəbrayılın işğaldan azad olundu.
Bu gün "Cəbrayıl işğaldan azad olunduğu üçün oğlumun da ruhu şaddır - deyən Balaca əminin başına Vahidin döyüş yoldaşları və qohumlar yığışmışdı. Onun qəhrəmanlığından danışır, rəşadətindən söz açırdılar. Vahid həsrətli gözlərində qurumuş nəmi xəfif sevinc hissləri əvəz edirdi. Doğma torpağı azad idi. Canının bir parçasının qarışdığı doğma torpağı...
Mehriban Sadıqova
/Filoloq/
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"