Fuad Poladov - 73
Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR Xalq artisti Fuad Poladovun anadan olmasının 73-cü ildönümüdür.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Xalq artisti “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dolu”, “Qara “Volqa”, “Qayınana” filmlərdə (ümumilikdə 44 filmdə rol alıb), “Şah Qacar”, “Qılınc və qələm”, “Yağışdan sonra”, “Mirzə Şəfi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “İblis”, “Qara dəlik” və sair tamaşalarda rollar alıb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat edib. Fuad Poladov “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"